«Yaşıl Azərbaycan naminə» layihəsi çərçivəsində növbəti tədbir Tərtərdə keçirilmişdir

 

 Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən ötən il iyulun 11-dən başlanmış Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün (İDEA) ölkə miqyaslı növbəti ekoloji maarifləndirmə layihəsi çərçivəsində həyata keçirilən "Yaşıl Azərbaycan naminə" layihəsinin iştirakçıları Tərtər rayonunda olmuşlar.

Tərtər şəhərindəki 1 və 2 nömrəli tam orta məktəblərdə təşkil olunan ekoloji maarifləndirmə seminarlarında V-VIII sinif şagirdləri iştirak etmişlər. Şagirdlərə ekoloji problemlər, ekoloji mühitin qorunmasının vacibliyi, flora və faunanın mühafizəsi, suyun çirkləndirilməməsi, tullantıların düzgün daşınaraq məhv edilməsi və digər vacib məsələlər barədə geniş məlumat verilmiş, dünyada baş verən ekoloji fəlakətlər, onların yaranma səbəbləri monitor vasitəsilə əyani olaraq göstərilmişdir.

Ətraf mühitlə bağlı şagirdlərə suallar verilərək onların biliyi yoxlanılmış, məktəbliləri maraqlandıran suallar cavablandırılmışdır.

Təlimlərdə IDEA Ətraf Mühit Kampaniyasının humanist məqsədlərindən, həyata keçirilən ekoloji layihələrdən ətraflı bəhs olunmuş, seminarlarda iştirak edərək təlimatlandırılan şagirdlərin gələcəkdə öz bilik və məlumatlarını artırmaqla başqalarına da öyrətmələrinin vacibliyi qeyd edilmişdir.

Tədbir iştirakçılarına maarifləndirici bukletlər paylanmışdır.

 

 

 AzərTAc

 

Azərbaycan.-2012.- 10 oktyabr.- S.7.