Qafqaz Müsəlmanları
İdarəsinin Bəyanatı
Azərbaycan
Respublikası Konstitusiyasının hər bir
vətəndaşımıza dini etiqad azadlığı hüquqları təmin
etdiyi, milli-mənəvi dəyərlərə,
tarixi-dini abidələrə böyük dövlət qayğısı mövcud olduğu,
din-dövlət münasibətlərinin yüksək səviyyədə
inkişaf etdiyi bir dövrdə özünü
din təəssübkeşi kimi qələmə verən bir
qrup şəxsin Təhsil Nazirliyi
qarşısında keçirdiyi aksiya ilə bağlı
narahatlığımızı bildirərək bəyan edirik:
Azərbaycanda hicab qadağası olmadığı halda bu məsələnin
süni şəkildə
qabardılması dini mərkəz olaraq bizi narahat
etməyə bilməz. Orta məktəblərdə
vahid şagird geyimində
baş örtüyünün
nəzərə alınması ilə bağlı müvafiq tövsiyəmizi də zamanında bildirmişik.
Hesab edirik ki, "hicaba azadlıq" şüarı altında
aksiyanın keçirilməsi xalqımıza və dövlətçiliyimizə
qarşı yönəlmiş təxribatdır və bunda məqsəd ölkəmizdəki sabitliyə
xələl gətirmək, cəmiyyət daxilində
qarşıdurma yaratmaqdır. Bu, təhlükəli təzahürdür
və biz çox təəssüf
edirik ki, bu hal bəzi qüvvələr
tərəfindən islam adından
sui-istifadə etmək yolu ilə həyata
keçirilir. Hicab məsələsinin
gündəmə gətirilməsi belələri üçün bir bəhanə,
Azərbaycan dövlətinin nüfuzuna
kölgə salmaq vasitəsidir.
Dünya şahiddir ki, bu gün
dövlətimizin başçısının səyləri
sayəsində Azərbaycan uğurlu inkişaf yolu ilə irəliləyir,
həyatın bütün sahələrində
böyük nailiyyətlər qazanır.
Görünən odur ki,
bu uğurlar, ölkəmizin
gündən-günə yüksələn nüfuzu
bəzi daxili və xarici
qüvvələri qane etmir,
qıcıqlandırır. Etiraz
aksiyalarının ölkəmizdə əhəmiyyətli
beynəlxalq tədbirlər ərəfəsində və ya zamanında keçirilməsinə cəhdlərin
edilməsi də qərəzdən xəbər verir.
Cəmiyyətdə
qarşıdurma yaratmaq və bununla, özlərinin mənfur məqsədlərinə
yetmək niyyətində olanlar
unutmamalıdırlar ki, demokratiya
insan hüquqlarının qorunmasına
xidmət edir və cəmiyyətin mövcud sabitliyini pozmaq cəhdlərinə qətiyyən haqq qazandırmır.
Biz Azərbaycan dindarlarını,
ziyalıları və ictimaiyyət nümayəndələrini
bu məsələlərə diqqətli yanaşmağa,
ictimai qınaq mövqeyində durmağa
çağırırıq. Müstəqillik dönəmində
dövlətimizin dindarlar üçün yaratdığı
mövcud şəraiti, milli-mənəvi dəyərlərə,
dini abidələrə yüksək qayğını nəzərə
alaraq, dövlətin qanunlarına hörmətsizlik
nümayişi kimi hallara yol verilməməsi üçün
hamımız səfərbər olmalıyıq. Din xadimlərinin
moizə və xütbələrində bu həqiqətləri
insanlara çatdırmalarını vacib sayırıq.
İslamın müqəddəs dəyərlərini
uca tutan şəxs heç bir zaman zorakılıq
çağırışlarına yol verməz, Vətənin
mənafelərinə zərər gətirməz. Vətəni
sevmək, onun təəssübünü çəkmək
imanın göstəricisidir. Heç bir məram öz
ölkəsinin nüfuzuna xələl gətirmək niyyətinə
haqq qazandıra bilməz. Qarabağ kimi problemi olan bir
xalqın 20 faiz torpağının işğalının
davam etdiyi, dini-mənəvi abidələri məhv edildiyi bir
dövrdə bu cür təxribat xarakterli aksiyalar yalnız
düşmənlərimizin işinə yaraya bilər.
Qafqaz Müsəlmanları İdarəsi
vətəndaş qarşıdurmasına rəvac verən
halları qətiyyətlə pisləyir, bütün məsələlərin
yalnız sivil yolla - həm dinimizin buyurduqlarına, həm də
dövlətimizin qanunlarına ehtiramlı yanaşma ruhunda həllinin
tərəfdarı kimi çıxış edir. Əminik ki,
Azərbaycan dindarları, inşallah, dövlətçiliyimizin
qorunması yolunda bütün maneələri və təxribatları
layiqli şəkildə dəf edəcəklər.
Qafqaz Müsəlmanları
İdarəsi
Bakı şəhəri,
9 oktyabr 2012-ci il
Azərbaycan.-2012.-
10 oktyabr.- S. 8.