Qarabağ savaşının qanlı səhifələri

 

 Tarix unutqanlığı, biganəliyi bağışlamır: keçmişini unudanlar bunun fəsadlarını talelərində yaşamalı olurlar. Odur ki, mahiyyətindən, baş vermə səbəblərindən asılı olmayaraq, xalqla bağlı tarixin hər bir səhifəsi xatırlanır, yaddaşlara həkk olunur. Elə hadisələr də var ki, onların hər zaman xatırlanması, unudulmaması bütövlükdə xalq və dövlət üçün taleyüklü məsələyə çevrilir. Keçmişin qanlı-qadalı, faciəli hadisələri bütöv bir toplumun, xalqın səhvlərdən düzgün nəticə çıxarması, nəhayət, özünü tanıyaraq mübarizə ovqatında köklənməsi baxımından zəruri olur.

Bütövlükdə hansısa bir xalqın, millətin, cəmiyyətin unutqanlıq mərəzinə tutulmasının fəsadları isə daha ağır olur. Bu unutqanlıq bəzən tarixin təkərinin geriyə fırlanmasına, deməli, həm də müəyyən faciələrin, vəhşətlərin təkrarlanmasına şərait yaradır.

Nə yazıqlar ki, Azərbaycan xalqı da bəzən tarixi unutqanlığın dəhşətli nəticələrini taleyində yaşamalı olub. Zaman-zaman məkrli qonşularımız olan ermənilərin türklərə və azərbaycanlılara qarşı ərazi ilhaqı, terror və soyqırımı siyasətini unutmağımız bizlərə baha başa gəlib. Məhz bu tarixi unutqanlıq üzündən də son iki əsrdə üzləşdiyimiz faciələri 90-cı illərin əvvəlində yenidən yaşamalı olduq. 70 il zorən tərkibində yaşamalı olduğumuz imperiya bədnam qonşularımızın 1905-1906 və 1918-1920-ci illərdə azərbaycanlılara qarşı törətdikləri dəhşətli qətliamları, soyqırımları unutdura bildi. 1948-1953-cü illərdə 200 minədək azərbaycanlının Ermənistandan müxtəlif bəhanələrlə deportasiya edilməsi, fiziki-mənəvi məhrumiyyətlərə məruz qalması, yurd-yuvasını itirməsi kimi acı həyat reallıqları da yaddaşımıza əbədi həkk olunmadı. Saxta "beynəlmiləlçilik" ideologiyasının diktə etdiyi unutqanlıq mərəzi 80-ci illərin ortalarında Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının yenidən baş qaldırmasına gətirib çıxardı.

Ötən əsrin 80-ci illərinin sonuna doğru vətənpərvər və milli ideallara bağlı bir şəxsiyyətin - ulu öndər Heydər Əliyevin SSRİ rəhbərliyindən uzaqlaşdırılmasından dərhal sonra erməni separatizmi ilk hücumuna - informasiya savaşına başladı. Akademik A.Aqanbekyan 1987-ci ilin noyabr ayının 18-də Fransanın "Humanite" qəzetinə verdiyi müsahibəsində vurğulayırdı ki, "Mən iqtisadçı kimi əmin edirəm ki, DQMV-nin coğrafi cəhətdən daha çox bağlı olduğu Ermənistana birləşdirilməsi düzgün olardı. Bu barədə mənim xüsusi təklifim varonu artıq təqdim etmişəm. İnanıram ki, yenidənqurma və demokratiya şəraitində bu problem öz həllini tapacaq".

Azərbaycana qarşı əsassız ərazi iddialarını irəli sürməsi və qondarma Dağlıq Qarabağ probleminin ortaya atılması azərbaycanlıların növbəti dəfə kütləvi qırğını və əsrlər boyu yaşadığı tarixi ərazilərdən deportasiyası ilə nəticələndi. Ermənistan SSR Ali Soveti sessiyasının məxfi göstərişinə əsasən, 1988-ci il noyabrın 22-dən 28-dək 22 rayonda sırf soydaşlarımızın yaşadığı 170, habelə 94 ermənilərlə qarışıq yaşayış məntəqələri azərbaycanlılardan tam təmizləndi. Nəticədə 200 mindən çox azərbaycanlı, 18 min müsəlman kürdü, min nəfərdən çox rusdilli əhali Azərbaycana pənah gətirdi. 1991-ci il avqustun 8-də (18 fevral 1929-cu ildə Ermənistanın tərkibinə verilib) sonuncu Azərbaycan kəndi Nüvədidən əhalinin çıxarılmasından sonra Ermənistan faktiki olaraq monomillətçi dövlətə çevrildi. Deportasiya zamanı 216 azərbaycanlı vəhşicəsinə qətlə yetirildi, minlərlə qadın, uşaqqoca müxtəlif dərəcəli bədən xəsarəti aldı, on minlərlə ailənin əmlakı qarət olundu.

İşğalçılığı ali ideyaya çevirən erməni şovinizminin böyük vandalizm aktlarından biri 1992-ci il fevralın 17-də Xocavənd rayonunun Qaradağlı kəndində törədildi. Qaradağlı Xankəndi və Xocavənd şəhərlərini birləşdirən asfalt yolun üstündə, 14 erməni kəndinin əhatəsində yerləşmiş və 800 evdən ibarət olan böyük azərbaycanlı kəndi idi. Ermənistan silahlı qüvvələri və Rusiyanın 366-cı alayı tərəfindən qaradağlılara qarşı törədilən soyqırımı aktı tarixin görünməmiş faciələrindən biri idi. Erməni silahlı birləşmələri dörd gün çəkən qeyri-bərabər, ağır döyüşdən sonra kəndə daxil olaraq bu qədim yurdu viran etdilər, tamamilə yandırdılar. Xocavəndin mərd oğulları doğma torpaqları uğrunda sona qədər mübarizə aparmış, son nəfəsə qədər döyüşmüşdülər. Düşmənin hərbi qüvvələri ilə qeyri-bərabər döyüşlərdə mərdlik, şücaət göstərmiş yerli əhali, təklənməsinə, köməksiz qalmasına baxmayaraq düşmənə müqavimət göstərmişdilər.

Etiraf etməliyik ki, 2012-ci ildə 20-ci ildönümü ilə bağlı anım tədbirləri keçirdiyimiz Xocalı soyqırımı da, müəyyən mənada, tarixi unutqanlığımız nəticəsində baş verdi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilmiş amansız qətliam isə nəinki türk dünyasına, bütövlükdə bəşəriyyətin mütərəqqi dəyərlərinə, insanlığa və beynəlxalq hüquq normalarına qarşı yönəlmiş dəhşətli genosid aktı idi. Erməni vandallarının insanlığa və bəşəriyyətə qarşı yönəlmiş bu dəhşətli cinayətindən sonra yaddaşımızı bir daha silkələdik və unutqanlığa "yox" dedik. Bir çox tarixi faciələrimiz kimi, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində sistemli və ardıcıl məhz ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mümkün oldu. Məhz ulu öndərin təşəbbüsü ilə Xocalı soyqırımına ilk dəfə olaraq düzgün siyasi-hüquqi qiymət verildi. Milli Məclis 1994-cü il fevralın 24-də "Xocalı soyqırımı günü haqqında" qərar qəbul etdi, sənəddə hadisənin baş vermə səbəbləri, günahkarlar təfsilatı ilə açıqlandı.

1918-ci ilin məlum mart hadisələrinin 80-ci ildönümündə - 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" fərman erməni millətçilərinin hərəkətlərinə verilən ilk dolğun və hərtərəfli hüquqi-siyasi qiymət oldu. Bu fərman Azərbaycanın indiki və gələcək nəsillərinin milli yaddaşının qorunması baxımından da bir növ proqram sənədi idi. Fərmanda deyilirdi ki, "Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif olunmuş hadisələr özünün əsl qiymətini alır. Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir".

2003-cü ilin oktyabrından ulu öndərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev ilk gündən "Biz müdafiədə deyil, hücumda olmalıyıq" - deyərək bədnam erməni lobbisinə qarşı effektiv əks-hücumun təşkilini mühüm vəzifələrdən biri kimi müəyyənləşdirib. Dövlət başçısının Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı sərəncamında deyildiyi kimi, "Azərbaycanlılara qarşı erməni şovinist dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılmalı, Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almalıdır".

Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə dolğunluğu ilə çatdırılması zərurəti həm də onunla şərtlənir ki, bədnam qonşularımız son illərə qədər bizi bu sahədə üstələyiblər. Təəssüflə vurğulamaq lazımdır ki, uydurduqları yalanlara sanki özləri də inanmış kimi görünən ermənilər bu günkompakt yaşadıqları bütün dövlətlərdə "soyqırımına məruz qalmış millət" olduqlarını iddia edir, saxta təbliğatlarının real nəticələr verməsi üçün dəridən-qabıqdan çıxırlar. Halbuki, ötən əsrin əvvəllərində havadarlarının himayəsinə sığınaraq onlardan hər cür dəstək alan ermənilər özləri qonşu xalqların tarixi əraziləri hesabına dövlət qurmaq üçün azərbaycanlılara və türklərə qarşı misli görünməmiş soyqırımı və terror aktları törədiblər. Hazırda dünyanın bir çox ölkələrinin arxivlərində qorunub saxlanan tarixi sənədlərdə ermənilərin hələ o zamandan qonşu xalqlara qarşı aşkar ərazi iddiaları ilə çıxış etmələri, onları kütləvi qırğınlara məruz qoymaları tam təsdiqini tapıbdır. Həmin tarixi sənədlər 1915-ci ilin aprelində Şərqi Anadoluda 1 milyon 500 min erməninin guya türklər tərəfindən qətlə yetirilməsi iddiasının cəfəngiyyat olduğuna hansısa şübhə yeri qoymur. Lakin həyasızlıqla əsassız təbliğat aparan erməni ideoloqları qondarma "soyqırımı iddialarını" son 60 il ərzində 20-dən artıq dövlətə qəbul etdirə biliblər.

Uzağa getməyək, Fransanın qanunverici orqanı ötən il erməni soyqırımını tanımayanların 1 il müddətində azadlıqdan məhrum edilməsi və ya 45 min avro cəzalandırılması ilə bağlı qondarma, insan hüquq və azadlıqlarına zidd qanun qəbul etməsi erməni fitnəkarlığının stimullaşdırılmasına yönəlmiş daha bir absurd addım idi. Faktiki olaraq Avropanın aparıcı dövlətlərindən biri öz ərazisində insan hüquq və azadlıqlarını kobud şəkildə pozan bir qanun qəbul etməklə, demokratik ideallara, beynəlxalq hüquq normalarına aşkar hörmətsizlik göstərmişdi.

Bu gün Avropanın bir sıra dövlətləri "demokratiya", "insan hüquqları" pərdəsi altında manipulyasiya etdikləri halda, onların Qarabağ faciəsinə, Xocalı soyqırımına göz yummaları onların "ikili standartlara" yol verdiyini tamamilə təsdiqləyir. Halbuki, 1915-ci ildən fərqli olaraq bu hadisələr müasir dünyanın gözü qarşısında baş verib, fotoaudio vasitələrlə sənədləşdirilib, bütün ölkələrə yayılıb.

Dünyada gedən qloballaşma prosesinin sivilizasiyalararası dialoqu zərurətə çevirdiyi bir vaxtda Ermənistan beynəlxalq hüququn əsas norma və prinsiplərinə etinasızlıq göstərməklə özünü ifşa edir, strateji layihələrdən kənarda saxlayır. Beynəlxalq hüquq normaları, o cümlədən bir sıra mötəbər təşkilatların münaqişə ilə bağlı prinsipial mövqeyi Ermənistanın cəfəng iddialarının həm hüquqi, həm də siyasi baxımdan əsassızlığını tamamilə sübuta yetirir. Azərbaycan ərazilərinin etnik separatizm zəminində işğalı faktının ilk hüquqi təsdiqi kimi dünyada sülh və təhlükəsizliyin təminatçısı qismində çıxış edən Birləşmiş Millətlər Təşkilatının (BMT) qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrin əhəmiyyətini xüsusi vurğulamaq lazım gəlir. 2008-ci il martın 14-də BMT Baş Məclisinin geniş iclasında "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət" adlı qətnamənin qəbulu da rəsmi Bakının mühüm diplomatik nailiyyəti sayıla bilər.

Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev ölkəmizin maraqlarını uca tutmaqla yanaşı, hər bir Azərbaycan vətəndaşının mənafeyinin qorunması naminə yüksək prinsipiallıq, qətiyyət nümayiş etdirir. Azərbaycan zabiti Ramil Səfərovun Macarıstandan beynəlxalq hüquq normalarına uyğun şəkildə ekstradisiya olunması və əfvi cənab İlham Əliyevin milli məsələlərə necə böyük həssaslıqla, qətiyyətlə yanaşdığını əminliklə söyləməyə ciddi əsaslar yaradır.

2012-ci ilin sentyabrında Qəbələ rayonunda ATƏT sədrlərini qəbul edən Prezident İlham Əliyev bu məsələ ilə bağlı prinsipial, qətiyyətli mövqeyini bir daha bəyan etdi. Ölkə başçısı həmin görüşdə bir daha vurğuladı ki, Ramil Səfərovun əfvi beynəlxalq təcrübəyə, Avropa Konvensiyasına uyğun olub: "Mən paralellik aparmadan sadəcə bir tarixi məqamı xatırlatmaq istərdim. 2001-ci ildə Ermənistan prezidenti Fransanın Orli hava limanında Türk Hava Yollarına məxsus zolaqda bir neçə nəfərin, səhv etmirəmsə 1 amerikalı, 4 fransız, digərləri türk olmaqla 8 nəfərin ölümü, 50 nəfərin yaralanması ilə nəticələnən terror aktı törədən Karapetyan adlı terrorçunu əfv edib. Karapetyan Ermənistan vətəndaşı deyildi, lakin bir neçə il həbs cəzası çəkdikdən sonra o Ermənistana ekstradisiya olundu və Sarkisyanın xələfi və yaxın tərəfdaşı Koçaryan onu dərhal əfv etdi. Həmin vaxt biz beynəlxalq təşkilatlardan, siyasətçilərdən bu məsələ ilə bağlı heç bir açıqlamanın şahidi olmadıq. Mən 8 nəfərin qatili, 50 nəfərin yaralanmasına səbəb olan terrorçu ilə zabitimiz arasında paralellik aparmıram. Lakin bu, bir həqiqətdir. İndi ermənilərin özlərini təhqir olunmuş kimi qələmə verməyə haqları yoxdur".

Bu gün Ramil Səfərovin əfvi məsələsində manipulyasiya edən qüvvələrin, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bilavasitə tənzimlənməsi prosesi ilə məşğul olan ATƏT-in Minsk qrupunun təcavüzkara təsir göstərmək istiqamətində heç bir təsirli addım atmaması, Yerevanın vaxt udmaq, mövcud "status-kvo"nu qoruyub saxlamaq istiqamətindəki cəhdlərini dolayısı ilə şirnikləndirməsi acı təəssüf hissi doğurur.

Fəqət, danışıqları imitasiya xatirinə davam etdirmək niyyətində olmadığını dəfələrlə bəyan etmiş Azərbaycan iqtidarı hələlik prosesləri təmkinlə izləyir və sülh prosesinin dalana dirənmədiyi qənaətindədir. Ermənistan onun üçün yaranmış fürsəti düzgün dəyərləndirib konstruktivlik nümayiş etdirməyəcəyi təqdirdə, münaqişənin güc tətbiqi ilə həlli Azərbaycan üçün qaçılmaz varianta çevriləcəkdir. Ölkə rəhbərliyinin bu qətiyyətli mövqeyi həm də xalqın milli maraqlarını sonadək müdafiə etmək əzmindən qaynaqlanır.

 

 

 Elçin CƏFƏROV

 

Azərbaycan.-2012.- 10 oktyabr.- S. 9.