Erməni terrorizmi
bütün bəşəriyyətə
yönəlmiş təhlükədir
Böyük arzularla
kökləndiyimiz 2012-ci ili də deyəsən
Qarabağımızın düşmən tapdağından azad olduğunu görmədən
başa vuracağıq. Hər halda, danışıqlar prosesinin
hazırkı durumu bu
məsələdə hansısa dəyişikliyin
olmadığını söyləməyə əsas verir. Status-kvonu saxlamağa çalışan Ermənistan
hakimiyyəti ümid edir
ki, bununla nəyəsə
nail olacaq. Hələ
də o xülya ilə
yaşayır ki, kənar qüvvələrin
birbaşa və bilavasitə dəstəyi
ilə işğal etdiyi
Azərbaycan torpaqlarında yaratdığı qondarma
və separatçı rejim dünya birliyində legitimlik
qazanacaq. Amma
yanılır...
Ona görə yanılır ki, Qarabağ Azərbaycan üçün, ilk
növbədə, mənəviyyat məsələsidir. Biz isə mənəviyyatımızı itirə
bilmərik. Azərbaycan adlı şah əsərin
tacı da Qarabağdır. Tacı başda gəzdirərlər. Amma
indi bu tacın yeri başımız yox,
ürəyimizdir, qəlbimizdir. Qarabağımız
dardadır, bizi səsləyir, bizi gözləyir, bizdən kömək diləyir.
Bu torpaq yad əlləri, yad nəfəsləri,
yad dilləri qəbul edə bilmir. Bu torpaq
indi doğma dildən
çıxan bircə "Vətən" kəlməsinə
həsrətdir. Biz də bu
ulu torpağın həsrətindəyik, bu torpağı düşmən
tapdağı altında qoya bilmərik.
Düşmən
həm hə ona görə yanılır
ki, indi 100 il əvvəlki dövr deyil. Azərbaycan heç
20 il bundan əvvəlin
də Azərbaycanı deyil. Bugünkü Azərbaycan analoqu
olmayan, inkişaf
nümunəsi göstərən, inkişafın özünəməxsus
modelini yaradan, Qərbin
enerji təhlükəsizliyində
aparıcı rol oynayan
və nəticə etibarilə yerləşdiyi bölgənin
lider dövlətinə çevrilən bir dövlətdir. Üstəlik, Azərbaycanın
BMT Təhlükəsizlik Şurasının üzvü
kimi fəaliyyətə başlaması,
xüsusilə bu ilin may ayında həm bu quruma sədrlik etməsi, həm də "Eurovision" mahnı müsabiqəsini uğurla təşkil etməsi ölkəmizin
beynəlxalq nüfuzunun yüksəlməsinə
təsir edən mühüm amillər kimi qızıl hərflərlə müstəqillik
tariximizə yazıldı.
Ermənistan
üzərində ölkəmizin mənəvi-psixoloji üstünlüyünü təmin edən,
addım-addım bizi düşmən
üzərində Qələbəyə aparan
bu uğurların sıralanmasında hələlik
sonuncusu Azərbaycan ordusunun
zabiti Ramil Səfərovun
Macarıstandan Vətənə gətirilməsi və Prezident İlham Əliyevin
fərmanı ilə əfv edilməsidir. Zabitimizin
Vətənə dönməsi yalnız Azərbaycan vətəndaşlarının
hüquq və mənafelərinin
qorunmasında hər zaman prinsipiallıq nümayiş etdirən Prezident
İlham Əliyevin siyasi
iradəsi və beynəlxalq arenadakı şəxsi nüfuzu sayəsində mümkün
oldu. Bu fakt bir daha
göstərdi ki, cənab İlham
Əliyev hər bir azərbaycanlının
dayağı, hər bir azərbaycanlının
Prezidentidir. Bu hadisə
həm də düşmən qarşısında bütün Azərbaycan xalqının həmrəyliyi
üçün bir
çağırış idi.
Lakin bu hadisədən
sonra Qərbin bir
sıra siyasi dairələrinin ermənipərəst
mövqe tutması bizi
üzləşdiyimiz faciələri, xüsusən erməni terrorizminin XIX əsrdən başlayaraq
yalnız xalqımıza deyil,
bütövlükdə insanlığa və bəşəriyyətə
qarşı törətdiyi qanlı cinayətləri
dünyanın diqqətinə bir daha dərindən çatdırmağa sövq etdi. Çünki pərt
vəziyyətə düşən və özünü
itirən Ermənistan rəhbərliyinin ölkəmizi təhdid
edən sərsəm fikirlər səsləndirməsindən sonra erməni terror təşkilatları
da Azərbaycanı hədələməyə
başladılar. İlk olaraq
ASALA terror təşkilatının Azərbaycanın
Macarıstandakı və digər ölkələrdəki diplomatik nümayəndəliklərinə hədə
dolu məktubu daxil olmuşdu. Təəssüf ki,
erməni məsələsində ikili standartlara üstünlük
verən Qərb ermənilərin terror
niyyətinə düşməsinə də biganə
qaldı. Baxmayaraq ki, terrorla mübarizə Qərb ölkələri
üçün prioritet
məsələdir. Nəticə etibarilə ermənilər
növbəti dəfə Azərbaycana qarşı terror təhdidi ilə çıxış
etdilər. Bu dəfə ermənilərin
Nor-ASALA terror
qruplaşması Azərbaycanın xaricdəki diplomatik
nümayəndəliklərinə terror hədələri
ilə dolu məktub göndərdi. Məktubda
Azərbaycanın diplomatik missiyasına, səfirlik
əməkdaşlarına qarşı birbaşa
təhdidlər yer aldı. Bundan başqa, Nor-ASALA xarici kütləvi
informasiya vasitələrini, o cümlədən "Guardian"ı da terrorla hədələdi.
Bu faktın özü
erməni terrorizminin bütün
dünya üçün
təhlükəli olmasından xəbər verir.
Araşdırmalar
beynəlxalq terrorizmin tərkib hissəsi olan erməni terrorunun təşkilatlanma
tarixinin XIX əsrdən
başladığını göstərir. Həmin dövrdən
başlayaraq kök atan erməni separatizminin Qafqazda və Türkiyə ərazisində
işğalçılıq niyyətlərini həyata
keçirmək, başqa xalqların tarixi torpaqları hesabına "böyük Ermənistan"
xülyasını reallaşdırmaq üçün
yararlandığı əsas vasitələrdən biri də terrordur. "Hnçak" və "Daşnaksütyun"
kimi erməni təşkilatları bu sərsəm xülyanı həyata
keçirmək terror aksiyalarından geniş istifadə edilməsini proqram sənədlərində başlıca
vasitə kimi nəzərdə tutublar. Azərbaycan torpaqları hesabına
dövlət qurmağa nail
olan ermənilər tarixin
bütün mərhələlərində
xalqımıza qarşı bəşəriyyətə və
insanlığa yaraşmayan qanlı əməlləri
ilə yadda qalıblar. Azərbaycanlılarla
yanaşı, türklər, o cümlədən
yəhudilər və gürcülər də erməni terrorunun qurbanı olsalar da, dünya ictimaiyyəti əsl
həqiqətləri, əslində, nəyin baş
verdiyini etiraf etməkdən
çox uzaq olub və "Məzlum erməni xalqı"
obrazını yaradan ermənilər guya soyqırımına məruz qalmaları
barədə dünyaya hay-həşir
salıblar.
Beynəlxalq
ictimaiyyətin təzyiqini və təpkisini görməyən
erməni terrorizmi nəticə etibarilə
XX əsr boyu daha da genişlənərək dünya
üçün qlobal
təhlükəyə çevrilmişdir.
Başda ASALA olmaqla,
erməni terror təşkilatları Azərbaycan
və Türkiyə ilə yanaşı, Avropa,
Amerika, Rusiya, İran və Livanda
müxtəlif terror aksiyaları həyata
keçiriblər.
Təkcə
1979-1984-cü illərdə ermənilər dünyanın
ayrı-ayrı ölkələrində 42 türk
diplomatını qətlə yetiriblər. Azərbaycanda isə
1984-cü ildə Bakı şəhərində 106 saylı marşrut avtobusu erməni
terrorçusu Vartanov tərəfindən
partladılıb, nəticədə 1 qadın həlak olub və 3 nəfər yaralanıb. 16 sentyabr 1989-cu ildə erməni
terrorçuları tərəfindən Tbilisi-Bakı marşrutu ilə hərəkət edən sərnişin
avtobusu partladılıb, 5 nəfər həlak
olub, 25 nəfər yaralanıb. 13 fevral 1990-cı ildə Yevlax-Laçın
avtomagistralının 105-ci kilometrində Şuşa-Bakı marşrutu ilə hərəkət edən avtobus partladılıb, 13 nəfər azərbaycanlı
yaralanıb. 10 avqust 1990-cı ildə Xanlar rayonunun (indiki Göygöl rayonu) Nadel kəndi
yaxınlığında "LAZ" markalı avtobus partladılıb, nəticədə 17 nəfər
həlak olub, 16 nəfər yaralanıb.
Ermənilərin hələ sovet hakimiyyəti
dövründə sərnişin avtobuslarında azərbaycanlılara
qarşı, o cümlədən
ayrı-ayrı mülki şəxslərə
və dövlət obyektlərinə qarşı həyata
keçirdikləri terror faktları
onlarladır.
Lakin erməni terrorizmi
təkcə azərbaycanlılara və türklərə
qarşı deyil. Bu mənada
erməni terrorizminin bütün
bəşəriyyət üçün
təhlükəli olması barədə deyilənlər
tamamilə doğrudur. Məsələn,
1977-ci il yanvarın 8-də Moskva metrosunun
"İzmayılov" və "1 May"
stansiyaları arasında partlayış olub.
Rəsmi məlumatlarda 7 nəfərin öldüyü,
40-dan artıq isə yaralının olduğu
bildirilib. Elə həmin gün
bir qədər sonra Moskva metrosunda daha 2 partlayış baş
verib. Sentyabrın 3-də
partlayışda təqsirli bilinən Stepan
Zatikyan, Akop Stepanyan və Zaven Baqdasaryan Yerevanda
saxlanılıblar. 1979-cu il dekabrın
23-də İtaliyada Fransa
aviakompaniyasının qarşısında partlayış
törədilib. Məsuliyyəti üzərinə
götürən ASALA bununla Fransada yaşayan ermənilərə
guya repressiv münasibətə
son qoyulmasına
çağırış etdiyini bildirib. 1980-ci il
fevralın 18-də İtaliyada daha bir partlayış olub. ASALA "Suis Eyr" və "Lüfthanza"
kompaniyalarının qarşısında törədilən
partlayışla İsveç və Almaniya hökumətlərinə erməniləri
həbsə aldıqlarına görə xəbərdarlıq
etdiyini açıqlayıb.
Göründüyü kimi,
"yazıq millət" pərdəsi arxasında ermənilər
nəinki Qafqazda və Azərbaycanda, həmçinin
dünyanın əksər ölkələrində ən
qanlı hadisələrə, terrora,
qırğınlara imza atıblar. Həyata
keçirilən terror siyasətinin
xronologiyasını xatırlayarkən törədilən vəhşilik
və cinayətlərin miqyası, metodologiyası qəzəb
doğurmaya bilmir. Lakin təəssüflə qeyd
etməliyik ki, bu hadisələrə
beynəlxalq səviyyədə lazımi qiymət verilməməsi
ucbatından erməni terrorizmi getdikcə daha geniş miqyas alıb. SSRİ dağıldıqdan sonra isə Ermənistan dövlət səviyyəsində
terroru dəstəkləyərək terrorçuluğu təcavüzkar siyasətinin
əsas vasitələrindən birinə çevirib.
Ötən əsrin 90-cı illərində Azərbaycanda sərnişin
və yük qatarlarında, hava nəqliyyatında, Bakı Metropolitenində
və sərnişin daşıyan dəniz bərəsində
törədilmiş terror aktlarına dair çoxsaylı faktlar,
məhkəmə materialları sübut edir ki, Azərbaycanın dinc əhalisinə qarşı həyata
keçirilən terror aktları Ermənistan
hökuməti tərəfindən maliyyələşdirilərək
bu ölkənin xüsusi
xidmət orqanları tərəfindən həyata keçirilib.
Azərbaycanın
Dağlıq Qarabağ bölgəsi və
onun ətrafındakı 7 rayonun
işğalı zamanı soyqırımı törətmək,
kütləvi vahimə yaratmaq, çoxlu insan tələfatına
nail olmaq məqsədilə
Ermənistan hakimiyyət orqanlarının göstərişi
ilə dinc azərbaycanlılara
qarşı terror aktları təşkil edilib, nəticədə minlərlə
günahsız insan həlak olub. 1992-ci ilin
fevralında Qaradağlı və Xocalıda yüzlərlə
azərbaycanlının soyqırımına məruz
qalması erməni terrorizminin insanğıla
qarşı törətdiyi bəşəri cinayətlərdir.
Bu terror
aktlarının təşkilatçıları və
icraçıları da vaxtilə
dünyanın bir sıra ölkələrində
qanlı cinayətlər törədən, həbs olunan, lakin müəmmalı
şəkildə hətta ömürlük
həbsdən azadlığa buraxılan və Ermənistanda milli qəhrəman səviyyəsinə
yüksəldilmiş erməni terrorçulardır.
Həmin terrorçulardan biri olan V.Karapetyan 1983-cü ilin iyul ayında Parisin Orli aeroportunda
törətdiyi və 8 nəfərin ölümü,
60 nəfərin yaralanması ilə nəticələnən terror aktına görə həbs cəzasına
məhkum edilmişdi. Ötən əsrin
sonlarında V.Karapetyanın azad
olunması üçün Ermənistanda
dövlət səviyyəsində imzatoplama
kampaniyası keçirildi. Qəribədir
ki, Fransanın hakimiyyət orqanları hüququn aliliyini kənara
qoyaraq və imza
kampaniyasını nəzərə alaraq,
4 fransızın, 1 isveçlinin, 1
amerikalının qətlinə səbəb olan
bu terrorçunu
2001-ci ildə azadlığa buraxdılar və o, Ermənistanda rəsmi sığınacaq
tapdı. 2001-ci ilin mayında Karapetyanla görüşən Ermənistanın
ozamankı baş naziri
Andranik Markaryan terrorçunun azad
olunması ilə əlagədar öz sevincini gizlətməyərək onu təbrik edib və terrorçu Ermənistanda qəhrəman səviyyəsinə
yüksəldilib.
ASALA-nın fəallarından
biri olmuş və
1985-ci ildə 6 il müddətinə həbs
edilmiş Monte Melkonyan 1990-cı ildə Fransa
həbsxanasından buraxılaraq Ermənistana gəlib. O, Azərbaycanın
Xocavənd rayonunun işğalı
zamanı erməni terror dəstəsinin komandiri kimi
Qaradağlıda və digər kəndlərdə azərbaycanlılara
qarşı həyata keçirilən terror
əməliyyatlarına birbaşa rəhbərlik
edib. Qaradağlı faciəsini ikinci Xocalı da
adlandırırlar. Kəndin hər 10 sakinindən biri şəhid olmuşdur.
1992-ci ildə Xocalı faciəsindən bir
neçə gün əvvəl
Qaradağlıda törədilən soyqırımında 104
kənd sakini əsir götürülüb,
onlardan 67 nəfəri erməni cinayətkarları
tərəfindən qətlə yetirilib.
Öldürülənlərdən 21 nəfəri ahıl və
qocalar, 10 nəfəri qadın, 8 nəfəri
məktəbli olub. Ermənilərlə
qeyri-bərabər mübarizədə 4 ay
mühasirədə qalan kənd
ümumilikdə 77 nəfər şəhid verib.
Bu, kənd əhalisinin hər 10 nəfərindən
biri deməkdir.
Qəhrəman
Azərbaycan döyüşçüsu,
"Azərbaycan bayrağı" ordenli
İbad Hüseynov
1993-cü ilin iyununda
təkbətək döyüşdə erməni terrorçuya layiq olduğu cəzanı verib.
Başı bədənindən ayrı düşən terrorçunun Yerevanda dəfn
mərasimində rəsmi şəxslər, o
cümlədən Ermənistan prezidenti iştirak edib, ona Ermənistanın milli
qəhrəmanı adı verilib.
1981-ci ildə
Parisdə Türkiyə səfirliyinə basqının təşkilatçısı
Vazqen Sislyan 1992-ci ildə
Yerevandan Xankəndiyə göndərilib.
O, azərbaycanlılara qarşı terror
aktlarının keçirilməsində fəal
iştirakına görə prezident Robert Koçaryan tərəfindən
"Qarabağ müharibəsinin qəhrəmanı"
adına layiq görülüb.
Göründüyü kimi, Avropa ölkələri və ABŞ vətəndaşlarına
qarşı qətliamlar törədən erməni
terrorçuların Ermənistan hakimiyyət
orqanlarının göstərişi ilə Dağlıq Qarabağda azərbaycanlılara qarşı terror hadisələri törətmələri
və qəhrəman səviyyəsinə yüksəldilmələri
də bu dövlətin terror
mahiyyətini açıq göstərir. Ermənistanda beynəlxalq
səviyyədə terrorçulara bu cür münasibət
göstərilsə də, beynəlxalq ictimaiyyət bunu heç vaxt pisləməyib. Əksinə,
terrorçuları vaxtından əvvəl, hətta ömürlük həbsdə olanları belə
hədsdən azad etməklə onların
fəaliyyətinə rəvac verib,
törətdikləri cinayət əməllərinə məqsədyönlu
şəkildə göz yumublar.
Bu isə erməni terrorçularının
sonrakı dövrdə terror
aktlarını həyata keçirmək üçün
stimullaşdırıb.
Erməni terrorizmi təkcə insanları deyil, həm də Azərbaycan xalqının maddi və mənəvi irsini
hədəf götürüb. Bu gün Dağlıq Qarabağda işğal
altında qalan maddi-mədəniyyət
nümunələrimiz erməniləşdirilərək mənimsənilir.
Əslində, bu proses
də XIX əsrdən başlayıb və XX əsrdə
vüsət alıb. Tarixi Azərbaycan əraziləri
olan indiki Ermənistanda
xalqımıza aid tarixi
maddi-mənəvi abidələrə qarşı səlib yürüşü elə sovet
hakimiyyəti illərində də həyata keçirildi.
Sürətlə addəyişmə başladı, azərbaycanlılara
məxsus toponimlər dəyişdirildi. Yüzlərlə
şəhər, kənd, qəsəbə, dağ,
çay, dərə, bulaq
və tarixi abidələrin adları erməniləşdirildi.
Toponimin özü də
millətin mənəvi abidəsidir.
Ermənilər
özününküləşdirə bilmədikləri abidələrimizi
isə dağıdır, izini itirməyə
çalışırlar. Hərbi təcavüz nəticəsində
işğal olunmuş
ərazilərdə ilk insan
məskənlərindən olmuş məşhur
Azıx və Tağlar mağaraları,
Qaraköpək, Üzərliktəpə kurqanları ermənilər
tərəfindən hərbi məqsədlərlə istifadə
edilərək qəsdən dağıdılıb. Ağdam, Xocavənd, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı, işğal
olunmuş Şuşa,
Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki
qəbiristanlıqlar, türbələr, məzarüstü
abidələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və
digər milli abidələrimiz məhv edilib.
İşğal zonalarında maddi mədəniyyət
yadigarlarımızın dağıdılması prosesi indi də
davam edir. İşğalçılar genişmiqyaslı,
qeyri-peşəkar arxeoloji qazıntı işləri aparır,
kurqanları dağıdır, qarət etdikləri
tapıntıları Ermənistana daşıyırlar.
Bütün bunlar ermənilərin
çirkin niyyətlərinə çatmaq üçün
azərbaycanlılara və xalqımızın mədəni-mənəvi
irsinə qarşı terror, soyqırımı yolu
seçdiklərini aydın şəkildə ortaya qoyur. Həm
də aydın olur ki, ermənilərin əsas metodlarından
olan terrorçuluq Ermənistanın dövlət siyasətinin
tərkib hissəsidir. Təbii ki, bu gün Azərbaycan Ermənistanın
istənilən alçaq məqsədinin
qarşısını almaq üçün kifayət qədər
imkanlara və önləyici tədbirlərə malikdir. Bu mənada,
Azərbaycanı terrorla hədələməyin əhəmiyyəti
yoxdur. O ki qaldı maddi-mənəvi irsimizin
soyqırımına, daşlara yazılmış tarixi,
yaddaşı pozmaq və ya dəyişmək tarix boyu
heç kimə nəsib olmayıb.
Rəşad CƏFƏRLİ
Azərbaycan.-2012.-
10 oktyabr.- S. 9.