İnsanlıq və elm zirvəsini
fəth etmiş nəcib ziyalı
Yaradıcı
şəxsiyyətlər həyatın bütün sevincini
istedadın onları məhkum etdiyi ağır zəhmətdən
alırlar. Qarşıya qoyduqları amallara yetişmək
sözü və zəkası ilə ucalan bu insanlar
üçün dünyanın ən böyük xoşbəxtliyidir.
Yaradıcı adam həm də nəcib keyfiyyətləri
xarakterində yaşadan ziyalıdır - yazıb-yaratmaq,
hamıya xidmət etmək istəyi onun mənəvi
dünyasından qaynaqlanır. Bütün zaman və məkanlarda
xalqın döyünən qəlbi, düşünən
beyni olan belə ziyalılar həm də milli yaddaşın,
milli ruhun daşıyıcısı kimi zirvələr fəth edirlər.
Onların keçdikləri ömür yolu gələcək
nəsillər üçün örnəyə çevrilir,
özləri isə yaddaşlarda əbədi yaşamaq
hüququ qazanırlar. Bu ziyalılar yaşadıqları
dövrün, mühit və məkanın hüdudlarına
sığmayaraq mənəviyyat və kamillik zirvəsində
yer tuturlar. Onlar ucaldıqları zirvəyə qeyri-adi əməksevərlikləri,
intəhasız ürək genişliyi, təmənnasız
xeyirxahlıqları, səmimi duyğuları, fitri istedad,
nadir bilik və qabiliyyətləri sayəsində
qovuşurlar.
Mənsub olduğu
xalqın, millətin tarixi yaddaşını elmi-publisistik
yaradıcılığında yaşadaraq milli ruhun
daşıyıcısına çevrilən belə görkəmli
ziyalılar arasında Aida Nəsir qızı
İmanquliyevanın adı xüsusi xatırlanır. Bu nəcib
insan - şərqşünaslıq elminin görkəmli siması
ömrü boyu insanlığın zinəti sayılan saf və
münis dəyərləri parlaq xarakterində cəmləşdirmiş,
fani dünyadan yeganə umacağı isə elmdə
özünəməxsus məktəb yaratmaq, xalqının tərəqqisinə
töhfələr vermək olmuşdur. Filologiya elmləri
doktoru, professor Aida xanım İmanquliyevanın həyat və
tale kitabını vərəqlədikcə onun həm nəcib
insan, fədakar alim, həm də xalqını, elini, yurdunu
böyük məhəbbətlə sevən vətəndaş
olduğunu aydın görmək olur. Xalqımıza məxsus
xeyirxahlıq, mərhəmət kimi ali keyfiyyətləri, saf
mənəvi dəyərləri, müasirliyi və əməksevərliyi
şəxsiyyətində cəmləyən bu Azərbaycan
xanımının, elm xadiminin nurlu çöhrəsi
bütöv bir dövrün, zamanın obrazı kimi
qarşıda durur. Dünya şərqşünaslığı
tarixində xüsusi yeri olan professor Aida İmanquliyevanın həyatı,
elmi və yaradıcılıq fəaliyyəti ilə
yaxından tanış olduqca, haqqındakı xatirələri
oxuduqca göz önündə sadə, xeyirxah və mütəfəkkir
bir şəxsiyyət, mədəni, intellektual, kübar
qadın obrazı canlanır.
Geniş məlumat
dairəsinə, dərin biliyə, qibtə ediləcək təfəkkürə
sahib olmuş professor Aida İmanquliyeva mənalı həyat
yolu keçərək çoxsaylı elmi əsərlərinə
əbədi ömür bəxş etmiş, elm zirvələrinə
doğru məhz yuxusuz gecələrinin, gərgin zəhmətinin
sayəsində ucalmışdır. Aida xanım bütün
varlığı - canı, qanı, ruhu ilə milli kökə,
xalqa bağlı şəxsiyyət olmuşdur. Onun əsərlərində
xalqın maariflənməsi, milli yaddaşın qorunması, tərəqqiyə
doğru irəliləməsi kimi nəcib niyyətlər daim
özünü qabarıq göstərmişdir. Elmi tədqiqatlarını
əsl alim təəssübkeşliyi ilə aparan, ərəb
filologiyası sahəsində özünəməxsus məktəb
yaradan Aida İmanquliyeva ərəb ədəbiyyatının
bir sıra korifeylərinin yaradıcılığını
tamamilə yeni rakursdan tədqiq edərək onları Azərbaycan
ədəbi mühitinə
yaxınlaşdırmışdır. Bununla da Aida xanım ərəb
və Azərbaycan ədəbiyyatı arasında sağlam
körpü yaratmağa, ədəbi xəzinəmizi daha da zənginləşdirməyə
çalışmışdır.
Görkəmli
alim Şərq filologiyasının müxtəlif aspektləri
üzrə apardığı tədqiqatlarla,
yaratdığı fundamental əsərlərlə müasir
elm tariximizə sanballı möhür vurmuş, müasir ərəb
ədəbiyyatının tədqiqində yeni səhifə,
uğurlu yol açmışdır. Aida xanım
İmanquliyeva təkcə Azərbaycan və keçmiş
sovet şərqşünaslığının deyil,
bütövlükdə dünya şərqşünaslığının
inkişafına misilsiz töhfələr vermişdir.
Geniş coğrafi arealda - Rusiyada, Ukraynada, Almaniyada, İngiltərədə,
Fransada, Özbəkistanda, Gürcüstanda, eləcə də
bir sıra ərəb ölkələrində yaxşı
tanınan, əsərlərinə tez-tez istinad edilən
görkəmli alim müasir ərəb
ədəbiyyatının sanballı tədqiqatçılarından
biri kimi şərqşünaslıq tarixinə əbədi
daxil olmuş elm xadimlərindəndir.
Mənəvi
keyfiyyətləri ilə fərqlənən kamil insan
dünyagörüşü, sözü, fikri,
düşüncəsi ilə, ilk növbədə
yetişdiyi mühiti, ailəni ifadə edir. Aida xanım
kimi nüfuzlu alimlərin
formalaşmasında, elmdə peşəkarlıq zirvəsinə
ucalmasında istedad, bilik və yaradıcı proseslə
yanaşı, onun formalaşdığı, yetişdiyi
mühit, ailə tərbiyəsi də öz sözünü
demişdir. Görkəmli yazıçı İlyas Əfəndiyev
haqlı olaraq yazırdı ki, "hər bir insanın tale
yolu, yaradıcılıq qabiliyyəti onu əhatə edən
mühitə, məkana və zamana bağlıdır".
Aida xanım
İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakıda ziyalı aliəsində
anadan olmuşdur. Atası - bütün həyatı
jurnalistika və Bakı Dövlət Universiteti ilə
bağlı olmuş filologiya elmləri doktoru, professor Nəsir
İmanquliyev hər zaman mətbuat işi və ali jurnalistika
təhsilinin görkəmli təşkilatçılarından,
habelə tanınmış ictimai xadimlərdən biri kimi
böyük ehtiramla xatırlanır. Ötən əsrin
40-50-ci illərində "Yeni yol", "Gənc
işçi", "Kommunist", "Bakı" kimi
nüfuzlu mətbu orqanlarda çalışmış Nəsir
müəllim milli mətbuatın klassik simalarının yolu
ilə getmiş, onların zəngin
yaradıcılığından, mütərəqqi ənənələrindən
bəhrələnmiş, özündən sonra böyük
irs qoyub getmişdir.
Anası Gövhər
İmanquliyeva (Sultanzadə) isə Şamaxıda əsilzadə
ailəsində anadan olmuşdur. Belə nəcib insanların
ailəsində yetkinləşən və həyata sağlam
baxışı formalaşan Aida xanım İmanquliyeva erkən
yaşlarından təhsilə, elmə,
yaradıcılığa böyük maraq göstərməsi
ilə müəllimlərinin diqqətini cəlb etmişdi.
Bakıdakı 132 saylı orta məktəbi 1957-ci ildə
qızıl medalla bitirdikdən sonra sənədlərini Azərbaycan
Dövlət Universitetinin Şərqşünslıq
fakültəsinin o vaxtlar yenicə açılmış ərəb
bölməsinə vermişdir. Tələbəlik həyatının
ilk günlərindən fitri istedadı, dərin zəkası,
geniş dünyagörüşü, iti məntiqi təfəkkürü,
alicənablığı, təvazökarlığı və
sadəliyi, zəhmətsevərliyi və
çalışqanlığı ilə seçilmiş,
müasir Azərbaycan ərəbşünaslığının
banisi, professor Ələsgər Məmmədovun peşəkar
müəllimliyi ilə ərəb dilini mükəmməl
öyrənmişdi.
1962-ci ildə
ADU-nu fərqlənmə diplomu ilə bitirən Aida xanım
filoloq-ərəbşünas ixtisasına yiyələnmişdir.
Elə həmin il doğma universitetin Yaxın Şərq
xalqları ədəbiyyatı tarixi kafedrasının
aspiranturasına daxil olmuş, az sonra Moskvaya ezam olunaraq təhsilini
SSRİ Elmlər Akademiyasının Asiya xalqları
İnstitutunun aspiranturasında davam etdirmişdir. Aida xanım
aspiranturada tədqiqat obyekti kimi ərəb məhcər
(mühacirət) ədəbiyyatını seçmişdir. Gərgin
zəhmətin bəhrəsi kimi 1966-cı ildə dissertasiya
işini uğurla müdafiə edərək filologiya elmləri
namizədi alimlik dərəcəsi almışdır.
Elmi titulla
Bakıya qayıdan Aida İmanquliyeva Azərbaycan Elmlər
Akademiyasının Şərqşünaslıq
İnstitutunda işə düzəlmiş, zəhməti,
istedadı, zəkası, qabiliyyəti sayəsində
enişli-yoxuşlu elm yolunda pillə-pillə irəliləmişdir.
Kiçik elmi işçi və böyük elmi
işçi vəzifələrində
çalışmış, 1976-cı ildə isə institutda
ərəb filologiyası şöbəsinə müdir təyin
olunmuşdur. 1988-1991-ci illərdə həmin institutda elmi
işlər üzrə direktor müavini işləmiş
Aida İmanquliyeva 1991-1992-ci illərdə direktor vəzifəsində
çalışmışdır. 1989-cu ildə Tbilisi şəhərində
doktorluq dissertasiyası müdafiə etmiş, tezliklə bu
ixtisas üzrə professor dərəcəsi almış, elmin
ən uca pilləsinə yüksəlmişdir.
Professor Aida
xanım İmanquliyevanın Azərbaycan tarixində ilk
qadın ərəbşünas alim olması da onun şərəfli
və zəngin həyat salnaməsində diqqəti cəlb edən
maraqlı məqamlardandır. Tanınmış alim elmi fəaliyyətlə
yanaşı, Bakı Dövlət Universitetinin Şərqşünaslıq
fakültəsində ərəbşünas mütəxəssislərin
hazırlanması ilə yaxından məşğul
olmuşdur. Vaxtilə onun dərslərində iştirak
etmiş, mühazirələrini dinləmiş tələbələri
Aida xanımı - təcrübəli pedaqoqu bu gün
böyük ehtiramla xatırlayırlar. Görkəmli alim
sağlığında bir çox tələbələrində
elmi tədqiqata həvəs oyatmağa nail olmuş, onların
dissertasiya müdafiəsi prosesinə elmi rəhbərlik
etmişdir. Onun bilavasitə rəhbərliyi altında ərəb
filologiyası şöbəsində güclü kadrlar
hazırlanmış, 10-dan çox namizədlik
dissertasiyası müdafiə edilmiş, ərəb ədəbiyyatının,
ərəb-Azərbaycan ədəbi əlaqələrinin
müxtəlif sahələrini araşdıran monoqrafiyalar,
kitablar hazırlanıb dərc olunmuşdur.
Görkəmli
elm fədaisi Şərqşünaslıq İnstitutunda fəaliyyət
göstərən "Asiya və Afrika ölkələri
xalqları ədəbiyyatı" ixtisası üzrə
müdafiə şurasının üzvü, sədr
müavini və sədri
olmuşdur. Bununla yanaşı, Azərbaycan şərqşünaslıq
elminin beynəlxalq səviyyədə tanınmasına, məşhurlaşmasına
vətənpərvərliklə, ziyalı təəssübkeşliyi
ilə səy göstərən Aida xanım İmanquliyeva
Moskva, Küveyt, Poltava, Sankt-Peterburq, Düşənbə,
Tbilisi, Hamburq və digər şəhərlərdə
keçirilən elmi konfranslarda məzmunlu məruzələrlə
çıxış etmişdir.
Professor Aida
xanım İmanquliyeva yüksək elmi yaradıcılıq
potensialı ilə yanaşı, həm də təşkilatçılıq
qabiliyyəti ilə seçilmiş, işlədiyi vəzifələrdə
daim fərqlənmişdir. AMEA-nın Şərqşünaslıq
İnstitutunun əldə etdiyi böyük uğurlar məhz
Aida xanımın adı ilə bağlıdır. Onun
yüksək təşkilatçılığı və təşəbbüskarlığı
sayəsində institutun maddi-texniki bazası möhkəmlənmiş,
aparılan elmi tədqiqat işlərinin miqyası genişlənmiş, onların nəzəri səviyyəsi
yüksəlmiş, elm ocağının beynəlxalq əlaqələri
dərinləşmişdir. Dünyanın bir sıra
aparıcı şərqşünaslıq mərkəzləri
ilə əlaqələrin inkişafında maraqlı olan Aida
xanım Ümumittifaq Şərqşünaslar Cəmiyyəti
Rəyasət Heyətinin, habelə Şərq Ədəbiyyatlarının
Tədqiqi üzrə Ümumittifaq Koordinasiya
Şurasının üzvü olmuşdur.
Professorun elmi-fəlsəfi
düşüncələri, hadisələrə orijinal
baxışı, onlara yeni məzmun və xarakter verməsi,
elmi tələbkarlığı və bir o qədər də
qayğıkeşliyi onun ziyalı portretinin ayrılmaz cizgiləridir.
Görkəmli alimin müxtəlif illərdə dərc
olunmuş əsərləri bugünün özündə də
təkcə gənc şərqşünaslar
üçün deyil, ümumilikdə bu sahənin peşəkar
tədqiqatçıları üçün sanballı mənbə rolunu oynayır.
Aida xanım Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq
İnstitutunun ötən əsrin 80-ci illərində nəşr
etdirdiyi "Ərəb filologiyası məsələləri"
məcmuəsinin tərtibçisi və redaktoru olmuşdur.
"Xarici Şərqin problemləri: tarix və
müasirlik", "Yaxın Şərq xalqları ədəbiyyatı
imperializmə qarşı mübarizədə", "Sovet
Azərbaycanı və xarici Şərq", "Yaxın
Şərq xalqlarının müasir ədəbiyyatında tərəqqi
və ictimai ədalət uğrunda mübarizə
problemi", "Yaxın və Orta Şərqdə milli
azadlıq hərəkatı məsələləri",
"Şərq filologiyası məsələləri",
"Şərq ədəbiyyatında ənənə və
novatorluq" kimi məcmuə və
topluların redaksiya heyətinin üzvü, müəllifi və
redaktorlarından biri olmuşdur.
Aida xanım
İmanquliyevanın Şərq-Qərb
qarşılıqlı ədəbi əlaqə və təsiri
problemini sistemli şəkildə araşdıran ilk azərbaycanlı
alim olduğunu da xüsusi vurğulamaq lazımdır.
Böyük intuisiyası, uzaqgörənliyi sayəsində hələ
ötən əsrin 70-ci illərində bu gün
üçün aktual olan sivilizasiyalararası dialoq probleminə
özünəməxsus tərzdə yanaşmış, onun
fəlsəfi mahiyyətini açıqlamağa
çalışmışdır. Alim Şərq və Qərb
mədəniyyətlərinin qarşılıqlı təsir
və əlaqələrini öyrənərkən hər iki ədəbiyyatın
ümumbəşəri dəyərlərini əsas
götürmüş, mədəni tərəqqini şərtləndirən
amillərə istinad etmişdir. Qərb və Şərq mədəni
ənənələrinin sintezi, yaradıcı üslubun
inkişafı və yeni bədii cərəyanların təşəkkülü
kimi məsələləri tədqiq edən fədakar alim
elmi araşdırmaları ilə təkcə Azərbaycanda
deyil, ölkə hüdudlarından kənarda da böyük
şöhrət qazanmışdır. Təsadüfi deyil ki,
Azərbaycan hələ keçmiş İttifaq məkanında
ərəb filologiyasının əsas tədqiqat mərkəzlərindən
biri kimi tanınmışdır. Aida xanımın
araşdırmaları da ərəb ədəbiyyatının
yeni mərhələyə qədəm qoymasında
böyük xidmətləri olmuş Əmin ər-Reyhaninin,
Cübran Xəlil Cübranın, Mixail Nüaymənin
yaradıcılığına həsr edilmişdir. O,
adıçəkilən mütəfəkkirlərin
yaradıcılığı barədə keçmiş
İttifaq məkanında ilk tədqiqat aparan alimlərdən
biri olmuşdur. Aida xanımın 1975-ci ildə Moskvada nəşr
olunmuş ilk monoqrafiyası da Mixail Nüaymənin
yaradıcılığına həsr olunmuşdur. Müəllif
kifayət qədər ciddi elmi əsaslarla bu qənaəti
diqqətə çəkir ki, "Qələmlər
Birliyi"nin yaranması yeni ərəb ədəbiyyatının,
mədəniyyətinin inkişafında müstəsna əhəmiyyəti
olan yeni ədəbi məktəbin formalaşması kimi qiymətləndirilməlidir.
Monoqrafiyada vurğulanır ki, M.Nüaymə, C.X.Cübran,
İ.Abu Madi, R.Əyyub, H.Arida, A.M.Həddad kimi görkəmli
ədibləri öz sıralarında birləşdirən bu
birlik ərəb ədəbiyyatının inkişafında
bütöv mərhələ təşkil etmiş, xeyli dərəcədə
onun sonrakı inkişafını müəyyənləşdirmişdir.
Aida xanım
İmanquliyeva məhcər ədəbiyyatının görkəmli
nümayəndələrinin - Cübran Xəlil
Cübranın və Əmin ər-Reyhaninin daha çox Qərb
romantizminin, Mixail Nüaymənin isə rus tənqidi realizminin
təsirinə məruz qaldığını göstərmiş,
bunun əsas səbəbini onların
dünyagörüşü, düşdükləri
mühitin ədəbi-bədii qayəsi və
yaradıcılıq istiqamətləri ilə
bağlamışdır. Müəllif doğru olaraq belə
bir nəticəyə gəlmişdir ki, Cübran və ər-Reyhanidə
R.U.Emersonun, U.Uitmenin, N.Toronun, Şellinin, Bayronun, Hüqonun təsiri
daha çox hiss edildiyi halda Poltavada təhsil almış
Mixail Nüaymənin bədii yaradıcılığında
L.Tolstoyun, İ.Turgenevin, A.Çexovun, ədəbi-tənqidi
məqalələrində isə V.Belinskinin təsiri
müşahidə olunur. Aida xanım haqlı olaraq göstərmişdir
ki, C.X.Cübran, Ə.ər-Reyhani, M.Nüaymə özlərinin
çoxcəhətli bədii yaradıcılıqlarında
Avropa və Amerika ədəbiyyatlarının nailiyyətlərini
mənimsəmiş, onları ən yaxşı milli bədii
ənənələrlə üzvi surətdə sintezləşdirmişlər.
Aida xanım
romantik poeziyanı onun Qərbdə C.Bayron, U.Bleyk, R.Emerson,
U.Uitmen, Şərqdə isə C.Cübran, Ə.ər-Reyhani,
M.Nüaymə kimi məşhur nümayəndələrinin
timsalında araşdırmış, bir tərəfdən,
hiss və əqlin, digər tərəfdən isə Şərq
ilə Qərb düşüncə tərzlərinin vəhdət
məqamlarını üzə çıxararaq bəşəriyyətin
məhz bu vəhdətə doğru inkişaf etmək əzmini
təsbit etmişdir. Öz tədqiqatlarında da poetik ruhla fəlsəfi
düşüncənin, romantizmlə realizmin ittifaqından
çıxış edən Aida xanım Azərbaycan ədəbi
və fəlsəfi fikrində ilk dəfə olaraq Şərq
və Qərb romantiklərinin müqayisəli təhlilini
aparmışdır.
Şərq
ruhunu Qərb düşüncəsi, Qərb analitizmi ilə
birləşdirmiş Cübran Xəlil Cübran, Əmin ər-Reyhani,
Mixail Nüaymə, İlya Əbu Madi kimi görkəmli sənətkarlar
Şərq-Qərb ədəbi sintezi prosesində
mühüm rol oynamışlar. Bütün bu ümdə məsələlərin
kompleks tədqiqi isə Aida xanımın elmi
yaradıcılığında əksini tapmışdır.
Ümumilikdə, alimin Şərq müdrikliyi ilə Qərb
həssaslığını özündə cəmləşdirən
ərəb məhcər ədəbiyyatının
yaranması, inkişafı, sənətkarlıq xüsusiyyətləri,
onun başqa ədəbi məktəblərdən fərqli cəhətləri
barədə mülahizə və fikirləri bu gün də
görkəmli şərqşünaslar tərəfindən bəyənilir
və qəbul edilir.
Alimin fikrincə,
yeni ərəb ədədiyyatının təşəkkülündə
əhəmiyyətli rol oynamış "Suriya-Amerika məktəbi"nin
nümayəndələri öz yaradıcılıqları
ilə yalnız ərəb ədəbiyyatında deyil, həm
də Şərq ölkələrinin milli ədəbiyyatlarında
öz davamçıları üçün yol
açmışlar. Bu, əsasən, onların əksər əsərlərini
ingilis dilində yazması ilə əlaqədar olmuşdur.
Ona görə də "Suriya-Amerika məktəbi"ni təmsil
edən yazıçıların
yaradıcılığı öz milli ədəbiyyatları
çərçivəsindən kənara çıxaraq
dünya ədəbiyyatında layiqli yer tutmuşdur.
Onların ədəbi fəaliyyəti sanki Qərb və
Şərq ədəbiyyatlarının mənəvi nailiyyətlərini
mübadilə etdikləri informasiya kanalı rolunu
oynamışdır.
Şərqşünas
alimin qələmə aldığı əsərlər
özünün orijinallığı, mövzu müxtəlifliyi,
ensiklopedik səciyyə daşıyaraq bir sıra mətləblərə
elmi işıq salması, bir sözlə, yüksək
sanbalı ilə diqqəti çəkir. Onun "Qələmlər
Birliyi" və Mixail Nüaymə", "Cübran Xəlil
Cübran", "Yeni ərəb ədəbiyyatı korifeyləri" kitablarına bu gün də azərbaycanlı,
əcnəbi tədqiqatçılar tez-tez istinad edirlər.
Eyni zamanda Aida xanım İmanquliyevanın elmi tədqiqatlarının
nəzəri və praktik əhəmiyyəti yüksək dəyərləndirilir.
Alimin bir çox xarici dillərə tərcümə
edilmiş "Yeni ərəb ədəbiyyatı korifeyləri"
kitabı onun çoxillik gərgin
araşdırmalarının yekunu olmaqla ərəb məhcər
ədəbiyyatı haqda yazılmış ən sanballı tədqiqat
əsəridir. Kitab ərəb dilinə tərcümə
edildikdən sonra ərəb alimləri arasında da geniş
maraq doğurmuş, mütəxəssislər tərəfindən
yüksək qiymətləndirilmişdir.
Ümumiyyətlə,
professorun 3 monoqrafiya, habelə 70-dən çox elmi məqaləsində
Qərb və Şərq mədəni ənənələrinin
sintezi, yaradıcı üslubun inkişafı və yeni bədii
cərəyanların təşəkkülü geniş surətdə
tədqiq edilmişdir. Aida xanım İmanquliyeva təkcə
şərqşünaslıq sahəsində deyil, həmçinin
Şərq və Qərb arasında elmi və mədəni əlaqələrin,
ortaq mənəvi dəyərlərin aşkar edilməsində
də səmərəli fəaliyyət göstərmişdir.
Hər bir
filoloq-alimi tanıdan, məşhurlaşdıran əsas
keyfiyyətlərdən biri də onun publisistik qələmi,
kəsərli sözüdür. Açıq demək
lazımdır ki, tərcüməçilik qabiliyyəti
heç də bütün tədqiqatçılarda olmur. Aida
xanım İmanquliyeva isə istedadlı qələm sahibi
kimi özünü həm də tərcümə sahəsində
sınamış, ərəb ədəbiyyatının bir
sıra nümunələrini dilimizə məharətlə
çevirmişdir. "İnsan və quş" (hekayələr),
"Ağ günlərin sorağında (İraq ədəbiyyatından
nümunələr)" kitablarını məharətlə
təcrümə etməsi deməyə əsas verir ki, Aida
xanım İmanquliyeva tərcümə işinin incəliklərinə
dərindən bələd olmuş, tərcümələrində
yüksək poetik ruhu, orijinal dəst-xətti, məna və
məzmunu qoruyub saxlaya bilmişdir.
Bundan başqa, o, Mixail Nüaymənin "Buz əriyəcək",
"Qu-qu" saatı", Mahmud Zahirin "Üsyan", Məhəmməd
Dibin "Hasın Dermək", Sahib Camalın "Yusif",
Süheyl İdrisin "Azadlıq" və Qənəma Məcid
Zeyyibin "Növbəyə dayanmaq" hekayələrini
dilimizə peşəkarcasına tərcümə
etmişdir.
Aida xanım
İmanquliyevanın alimliyini onun Tanrının yalnız
sevdiklərinə bəxş edə biləcəyi gözəl,
bənzərsiz keyfiyyətləri tamamlayırdı. Yüksək
vəzifələr, elmi titullar, ictimai həyatda fəallıq
onu bu ümdə insani keyfiyyətlərdən əsla məhrum
edə bilməmişdi. Zahiri və daxili gözəllik, sadəlik,
mehribanlıq, həssaslıq, humanizm, insansevərlik onun
müsbət aurasını daha da zənginləşdirirdi.
Görkəmli alim alicənablığı,
xeyirxahlığı, başqalarına diqqət və
qayğısı ilə ondan dərs alan gənclərə təkcə
ərəbşünaslıq elminin incəliklərini öyrətmirdi.
Şəxsiyyət olaraq da Aida xanım ətrafındakılar
üçün əsl insanlıq mücəssəməsi,
canlı örnək idi. Onun daxili və zahiri gözəlliyini
yüksək qiymətləndirənlər Aida xanımı
ideal qadın obrazı kimi qəbul edir, ona daim ehtiram göstərirdilər.
Bütün bunlar isə həddən artıq təvazökar
insan olan görkəmli alimin özünəməxsus təmkinini
qətiyyən pozmurdu.
Elmi və
pedaqoji fəaliyyəti, hər kəsə nümunə
sayılacaq şəxsi keyfiyyətləri, xeyirxah məqsədlərə
köklənmiş nəcib xarakteri, ziyalılığı və
sadəliyi ilə Aida xanım İmanquliyeva həm də ailəsini
sağlam təməl üzərində qurmağa
çalışırdı. Mir Cəlal Paşayev
ocağının gəlini olan Aida xanım əsl azərbaycanlı
qadın kimi ailəsinə bağlı olmuş, onun müqəddəsliyini
daim qorumuşdur. Cəmiyyətdə tutduğu yüksək
mövqeyə baxmayaraq birinci növbədə ailəsinin
qayğıları ilə yaşamışdır. Bu mənada
nüfuzlu şəcərənin layiqli davamçıları
olan Paşayevlərin mənəvi təmələ, pak niyyət
və arzulara tapınmış milli ailə modeli bu gün də
cəmiyyətdə böyük rəğbət hissi
doğurur.
Taleyin sərt üzündən Aida
xanım İmanquliyeva həyatdan tez köçmüş,
yaradıcılığının qol-budaq açan bir
dönəmində - 1992-ci il sentyabrın 19-da əbədiyyətə
qovuşmuşdur. Bu gün elmi ictimaiyyət onu daim ehtiramla
xatırlayır. Aida xanımın adı dillərdən
düşmür, xatirəsi ürəklərdən silinmir,
ruhu aramızda dolaşır, əsərlərində
yaşayır, yolumuzu işıqlandırır, bizi sabaha səsləyir.
Kitabları dönə-dönə oxunur, təhlil və tədqiq
edilir, tərcümə olunur, yenidən işıq
üzü görür. Nə qədər ki, onun alim qələmi
ilə uğrunda mübarizə apardığı ideya və
amallar aktuallığını itirməyib, nə qədər
ki, Şərq-Qərb münasibətlərində tam
anlaşma bərqərar olmayıb, insanlar dönə-dönə
professor Aida İmanquliyevanın əsərlərinə
müraciət edəcək, gələcək nəsillər
onu daim minnətdarlıqla xatırlayacaq.
İradə ƏLİYEVA
Azərbaycan.-2012.-
10 oktyabr.- S. 10.