Bakıda yeni qalereya - Azərbaycanda ilk Müasir İncəsənət «YAY!»
qalereyası açılmışdır
Oktyabrın 9-da İçərişəhərdə
tikintisi yenicə qurtarmış və bundan sonra rəssamların
incəsənət eksperimentlərinin daimi səhnəsi olacaq
"YAY!" qalereyasının açılış mərasimi
keçirilmişdir.
AzərTAc xəbər verir ki, qədim
İçərişəhərin mərkəzində fəaliyyətə
başlayacaq "YAY!" qalereyası üç gənc rəssamın
- Faiq Əhmədin, Fərid Rəsulovun və Elşən
İbrahimovun əsərləri nümayiş olunacaq sərgi
ilə birgə açılmışdır.
Paytaxtın mədəni həyatında
öz parlaq izini qoymuş "YARAT!" Müasir İncəsənət
Məkanının həyata keçirdiyi layihələr
artıq Bakı sakinlərinə tanışdır.
"YARAT!" Müasir İncəsənət
Məkanı kimi Aidə Mahmudovanın təşəbbüsü
ilə yaradılan "YAY!" qalereyası da
qarşısına müasir Azərbaycan incəsənətini
tam və maraqlı şəkildə təqdim, habelə
bakılıları dünya incəsənətində peyda
olan yeni cərəyanlar və adlarla tanış etmək məqsədini
qoymuşdur.
Əminliklə demək olar ki,
"YAY!" qalereyası və "YARAT!" Müasir
İncəsənət Məkanı bir-birinin fəaliyyətini
tamamlamaq və gücləndirməklə səmərəli fəaliyyət
göstərən tandem yaradacaqlar. Məsələn,
"YAY!" qalereyası "YARAT!" Müasir İncəsənət
Məkanının reallaşdırdığı təşəbbüsləri
maliyyə və texniki cəhətdən dəstəkləyəcək,
"YARAT!" Müasir İncəsənət Məkanı
isə əvvəlki kimi, gələcək sərgilərin də
konsepsiyasının təməlini təşkil edəcək
ideyaların və istedadların mənbəyi kimi
çıxış edəcəkdir.
"YAY!" qalereyasının təşkil
edəcəyi birinci sərginin mövzusu "Azərbaycan
xalçası"dır: ənənəvi və qeyri-adi,
yenidən dərk edilmiş, yeniləşdirilmiş və
çağdaş zamanın çərçivələrinə
sığan xalçalar. Müasir rəqəmsal dünyada
xalça artıq sadəcə məişətin,
rahatlığın və sabitliyin ayrılmaz elementi kimi qəbul
edilmir. Bəzi insanların imtina etdiyi, digərləri tərəfindən
isə göz bəbəyi kimi qorunan xalça yenə də
rəssamlar üçün ilham mənbəyi rolunu oynaya və
tamamilə gözlənilməz sınaqların təməlini
təşkil edə bilər. Piksellərə
bölünmüş və divardan "süzülən"
xalça S.Dalinin məşhur "Maye saat" əsərinə
bənzəyir. Üçölçülü xalça
sanki bir çox elementlərdən "pazzl" şəklində
yığılıb və tanınmış "tetris"
oyununun sürətlə hərəkət edən
fiqurlarını təqlid edir. Sərgiyə təşrif buyuran hər kəsin öz
"pazzl"ı vardır.
Konkret vəziyyətdə
iştirakçıların sayı üçdür... Azərbaycan
Dövlət Rəssamlıq Akademiyasının məzunu,
52-ci Venesiya Biennalesinin iştirakçısı Faiq Əhməd
Azərbaycan xalçasının formasını və qədimi
naxışlarını dəyişikliklərə məruz
qoyaraq, vərdiş etdiyimiz xalça quruluşundan kənara
çıxır. Onun yaratdığı əsərlərdə
canlı, yumşaq və elastik struktur olan yun solğun plastiklə
bir yerdə mövcuddur. Faiq Əhmədin əsərləri
artıq bu il "Art Dubay" müasir incəsənət
yarmarkasında nümayiş etdirilərək tənqidçilər
və mütəxəssislər tərəfindən yüksək
qiymətləndirilmişdir.
Azərbaycanı Venesiya Biennalesində təmsil
edən rəssam Fərid Rəsulov nəfis qərbsayağı
interyerləri Şərq xalçalarını
çulğayan özünəməxsus fotoprintlər
yaradır. Bu cah-cəlalın içində alüminiumdan və
orqanik şüşədən yaradılmış heyvan
obrazları peyda olur. Bu obrazlar Şərq mədəniyyətinin
də Qərb mədəniyyəti kimi köklərindən
ayrıldığını və ana təbiətlə
bütün bağlarını qopardığını
sübut edir.
Elşən
İbrahimov isə xalça şəklinin əsasında
yaradılan kompyuter oyununu tamaşaçılara təqdim
edir. Onun "Xalça oyunları" yekrəng və
möhtəşəm ünsürlərin vəhdətidir,
habelə XXI əsrdə yaşayan yeniyetmənin rəqəmsal
təfəkkürünü və xalqın qədim ənənələrini
əks etdirir. Rəssamın təfsirlərinə əsasən,
artıq evimizin divarlarını bəzəməyən
xalça tam yeni bir keyfiyyətdə mənzilimizə
qayıtmağa layiqdir.
Sərgidə iştirak edən
bütün müəllifləri Azərbaycan
xalçasına yeni ömür bəxş etmək istəyi
və zamanın çağırışına cavab olaraq mədəniyyətin
dəyişmək və təkamül qabiliyyətini isbat etmək
arzusu birləşdirir. Müəlliflər tərəfindən
göstərilən bu səylər, xüsusilə,
naxışların, demək olar ki, ən mühafizəkar və
çətinliklə dəyişən elementi olan xalça
naxışlarının fonunda daha da canlı və
maraqlı görünür.
Sərgi noyabrın 11-dək davam edəcəkdir.
Azərbaycan.-2012.-
10 oktyabr.- S. 10.