Aida Mahmudova: Qalereyanı yaratmaq haqqında çoxdan fikirləşirdik

 

 "Qalereyanı yaratmaq haqqında çoxdan fikirləşirdik. Bu, bizim ilkin planlarımızdan biri idi".

AzərTAc xəbər verir ki, bu sözləri "YAY!" Müasir İncəsənət Qalereyasının açılış mərasimində jurnalistlərə müsahibəsində "YARAT" qeyri-kommersiya təşkilatının rəhbəri Aida Mahmudova demişdir. O, tikinti, məkanın təmiri və sərgidə nümayiş olunacaq əsərlərin toplanmasına müəyyən vaxt getdiyini qeyd edərək, qalereya ilə bağlı məqsədin artıq reallaşdığını diqqətə çatdırmışdır.

"YARAT!" qeyri-kommersiya təşkilatı vasitəsilə rəssamlara maliyyə dəstəyinin göstərilmə imkanı olmadığını deyən Aida Mahmudova, "YAY!" Müasir İncəsənət Qalereyası və məkanın hesabına rəssamlara maliyyə dəstəyi göstərməyin mümkünlüyünü bildirmişdir. Qeyd etmişdir ki, eyni zamanda, burada daha çox rəssamın əsərləri nümayiş etdiriləcək, müxtəlif tədbirlər, sərgilər keçiriləcəkdir.

Aida Mahmudova vurğulamışdır ki, dünya standartlarına əsasən, bəzi sərgilərdə yalnız qalereyalar vasitəsilə iştirak etmək mümkündür. "YAY!" Müasir İncəsənət Qalereyası bizə bu imkanı yaradacaqdır. Ümumiyyətlə, qalereyanın çox müsbət cəhətləri vardır. Bir-birini tamamlayan "YARAT!" qeyri-kommersiya təşkilatının və "YAY!" Müasir İncəsənət Qalereyasının son məqsədi Azərbaycanın müasir incəsənətinin təbliği və rəssamlara kömək etməkdir.

 

 

Azərbaycan.-2012.- 10 oktyabr.- S. 10.