Birinci Bakı Beynəlxalq idman filmləri festivalı Azərbaycanın mədəniyyət və idman həyatında əlamətdar hadisədir

 

 Oktyabrın 9-da Nizami Kino Mərkəzində Birinci Bakı Beynəlxalq idman filmləri festivalının təntənəli açılışı olmuşdur. AzərTAc xəbər verir ki, tanınmış kino və incəsənət xadimlərinin, ictimaiyyətin nümayəndələrinin iştirak etdikləri tədbir Azərbaycanın idman uğurlarına həsr olunmuş filmin nümayişi ilə başlanmışdır.

Açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək Birinci Bakı Beynəlxalq idman filmləri festivalının Azərbaycanın mədəniyyət və idman həyatında əlamətdar hadisə olduğunu vurğulamışdır. Nazir demişdir ki, 18  ölkədən 50-dən çox bədii və sənədli filmin qatıldığı festivalın münsiflər heyətində bir neçə ölkənin tanınmış kino xadimlərinin təmsil olunması və Serbiya Kinematoqrafçılar İttifaqı sədrinin  münsiflər heyətinə rəhbərlik etməsi ölkəmizdə ilk dəfə keçirilən bu tədbirin əhəmiyyətini daha da artırır.

Ölkəmizdə mədəniyyətin və idmanın inkişafına göstərilən dövlət qayğısından danışan Ə.Qarayev bu günlərdə Prezident İlham Əliyevin Azərbaycan Milli Olimpiya Komitəsinin yaradılmasının 20 illiyinin qeyd edilməsi ilə bağlı imzaladığı sərəncamı xatırlatmışdır. İdman və mədəniyyətin bir-birindən ayrılmaz olduğunu vurğulayan nazir, festivalın işinə uğurlar arzulamışdır.

Tədbirdə gənclər və idman naziri Azad Rəhimov idmanın,   sağlam həyat tərzinin, ölkəmizin uğurlarının və gələcək nəsillərin sağlamlığının təbliği baxımından festivalın əhəmiyyətini qeyd etmişdir. Nazir demişdir ki, Azərbaycan idmançılarının London Yay Olimpiya Oyunlarında əldə etdikləri nailiyyət böyük göstəricidir. Bu uğurların qazanılmasında dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin xidmətlərini yüksək qiymətləndirmək lazımdır.

Ölkəmizdə idmanın inkişafının yüksək səviyyədə olduğunu qeyd edən A.Rəhimov  bildirmişdir ki, son illər Bakıda və regionlarda yeni və müasir idman kompleksləri idmançıların istifadəsinə verilmişdir.

Festivalın münsiflər heyətinin sədri, Serbiya Kinematoqrafçılar İttifaqının sədri, kinorejissor  Yovan Markoviç və  münsiflər heyətinin  üzvləri festivalın keçirilməsinə yaradılan şəraitə görə Azərbaycan dövlətinin başçısına minnətdarlıqlarını bildirmişlər.

Tədbirdə bədii gimnastika üzrə Azərbaycan yığma komandasının və Azərbaycan Karate Federasiyası üzvlərinin, dövlət rəqs ansamblının çıxışları maraqla qarşılanmışdır.

Sonda rejissor Rafiq Quliyevin "Salnamə" kinostudiyasında istehsal olunmuş "Çövkən" və rusiyalı kinorejissor Yevgeni Yaşinin "Qələbə bizim olacaq" qısametrajlı filmləri nümayiş etdirilmişdir.

 

 

Azərbaycan.-2012.- 10 oktyabr.- S. 11.