2012Azərbaycan Prezidenti İlham Əliyevin
sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin doqquz
ayının sosial-iqtisadi inkişafının yekunlarına və
qarşıda duran vəzifələrə həsr olunmuş
iclası keçirilmişdir
Oktyabrın 10-da Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə
Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunmuş iclası keçirilmişdir.
Dövlət
başçısı iclası giriş nitqi ilə
açdı.
Prezident İlham Əliyevin giriş
nitqi
- Ölkə iqtisadiyyatı uğurla
inkişaf edir və doqquz ayın yekunları bunu bir daha əyani
şəkildə göstərir. Bütün makroiqtisadi
göstəricilərimiz yüksək səviyyədədir,
iqtisadiyyatımız doqquz ayda 1,1 faiz
artmışdır. Ancaq qeyri-neft iqtisadiyyatımız 10,3 faiz artmışdır. Son
aylar və illər ərzində bu, ən vacib göstəricidir.
Çünki məqsədimiz məhz ondan ibarətdir
ki, ölkə iqtisadiyyatı çoxşaxəli şəkildə
inkişaf etsin. Əlbəttə, qeyri-neft
iqtisadiyyatının inkişafı imkan verəcəkdir ki, gələcəkdə
Azərbaycan neft-qaz amilindən
asılılığını böyük dərəcədə
aşağı endirə bilsin.
Bütün bölgələrdə
quruculuq-abadlıq işləri aparılır. Yeni sənaye müəssisələri
yaradılır. Əminəm ki, qeyri-neft
iqtisadiyyatımız ilin sonuna qədər yüksək səviyyədə
qalacaq, eyni zamanda, bu, bizə imkan verəcəkdir ki, gələn
il də iqtisadi sahədə şaxələndirmə
siyasətimiz uğurla davam etdirilsin.
Doqquz ay ərzində ölkə
iqtisadiyyatına 16 milyard dollar sərmayə qoyulmuşdur. Bu,
çox böyük rəqəmdir. Keçən ilə nisbətən
daha da böyük rəqəmdir. Nəzərə alsaq ki, hər
il təxminən bu səviyyədə investisiya qoyulur, görə
bilərik ki, Azərbaycan iqtisadiyyatına nə qədər
böyük sərmayə qoyulur. Sərmayələrin əsas
hissəsi daxili investisiyalardır, təqribən 70 faizə
yaxın. Qalan hissə isə xarici investorların vəsaitidir.
Hesab edirəm ki, bu balans da ən optimaldır. Həm
xarici investorlar üçün iqtisadiyyatımız cəlbedici
iqtisadiyyatdır, eyni zamanda, daxili investisiyalar, ilk növbədə,
onu göstərir ki, dövlətin investisiya siyasəti
çox uğurludur. Çünki daxili investisiyaların
böyük əksəriyyəti dövlət xətti ilə
qoyulan vəsaitdir. Eyni zamanda, özəl
sektor da bu investisiya layihələrində uğurla iştirak
edir. Özəl sektorun - həm yerli, həm xarici biznes cəmiyyətinin
Azərbaycan iqtisadiyyatına böyük inamı vardır. Əgər
bu inam olmasaydı, əlbəttə, bu qədər investisiya
qoyulmazdı.
Deyə bilərəm
ki, bütövlükdə özəl sektor ümumi daxili məhsulda
öz yüksək çəkisini saxlamaqdadır. Son məlumata
görə, ölkə iqtisadiyyatının 83 faizi özəl
sektorda formalaşıb. Bu da öz növbəsində
göstərir ki, Azərbaycanda bazar iqtisadiyyatı prinsipləri
tam şəkildə bərqərar olunubdur.
Kənd təsərrüfatı
6,3 faiz artmışdır. Bu da çox gözəl göstəricidir.
Bu barədə mən hələ fikirlərimi bildirəcəyəm.
Ancaq bəri başdan demək istəyirəm ki, bu sahə həmişəki
kimi, prioritet sahə olaraq qalır və gələcəkdə
bu sahəyə daha da böyük diqqət göstərilməlidir.
Mən çox şadam ki, bir müddət əvvəl
verdiyim tapşırıqlar yerinə yetirilir. Kənd təsərrüfatının
inkişafı bizə imkan verəcəkdir ki, idxaldan daha da az
asılı vəziyyətdə olaq. Eyni zamanda, iş yerlərinin
açılması, bölgələrdə sənaye müəssisələrinin
fəaliyyətə başlaması birbaşa kənd təsərrüfatının
inkişafı ilə bağlıdır. Ona görə hesab
edirəm ki, 6,3 faiz artım çox yaxşıdır.
Çalışmalıyıq ki, gələcəkdə bu
yüksək templəri saxlayaq.
Ölkəmizin
strateji valyuta ehtiyatları ilin əvvəlindən təxminən
5 milyard dollar artmışdır, hazırda 45 milyard dollar səviyyəsindədir.
Deyə bilərəm ki, bu, dünya
miqyasında çox böyük rəqəmdir və Azərbaycan
o ölkələrdəndir ki, böyük valyuta
ehtiyatlarına malikdir. Ölkənin ərazi
ölçülərinə və əhalinin sayına
görə, hesab edirəm ki, əgər valyuta
ehtiyatlarımızı adambaşına hesablasaq biz dünya
miqyasında ən qabaqcıl yerlərdən birindəyik.
Çox sevindirici hal ondan ibarətdir ki, böyük investisiya
layihələrinin dövlət xətti ilə həyata
keçirilməsinə baxmayaraq, strateji valyuta
ehtiyatlarımız azalmır, əksinə artır. Biz çalışmalıyıq ki, gələcək
illərdə müəyyən səviyyədən
aşağı düşməyək. Çünki bu, bizim
ehtiyat mənbəyimizdir, eyni zamanda, baxmayaraq ki, indi dünyada
hökm sürən maliyyə böhranı faiz dərəcələrini
aşağı salmışdır və bu vəsaitin
idarə edilməsi nəticəsində biz hələ ki, o qədər
də böyük mənfəət əldə edə
bilmirik, ancaq valyuta ehtiyatlarının idarə edilməsi
istiqamətində yeni istiqamətlər artıq
araşdırılır. Beləliklə, vəsaitimizin daha da
səmərəli şəkildə mənfəət gətirmə
əmsalı əminəm ki, daha da yüksək səviyyədə
olacaqdır.
Bütün bu
göstəricilər təsdiq edir ki, iqtisadi sahədə
inkişaf çox sürətlidir. Təbii ki, bu inkişaf
insanların yaşayış səviyyəsinə də təsirini
göstərir. Doqquz ayda əhalinin pul gəlirləri 12 faiz,
inflyasiya isə cəmi 1,5 faiz artmışdır.
Gördüyünüz kimi, inflyasiya ilə əhalinin pul gəlirləri
arasında 10 faiz fərq vardır və hesab edirəm ki, Azərbaycan
bu göstəricilərə görə dünya miqyasında ən
qabaqcıl yerlərdədir. Bizim bütün iqtisadi təşəbbüslərimiz
və ümumiyyətlə, iqtisadi strategiyamız Azərbaycan
xalqının rifah halının
yaxşılaşdırılmasına yönəldilmişdir.
Biz bu istiqamətdə böyük nailiyyətlərə
çatmışıq və bu göstəricilər
görülən işlərin məntiqi nəticəsidir.
Sənaye
istehsalında vəziyyət o qədər də ürəkaçan
deyildir. Mən istəyirəm bu barədə fikirlərimi bir
qədər ətraflı bildirim və yaranmış vəziyyətlə
bağlı Azərbaycan ictimaiyyəti də məlumatlı
olsun. Artıq birinci dəfə deyildir ki, biz Nazirlər
Kabinetinin toplantılarında sənaye istehsalı ilə
bağlı o qədər də xoşa gəlməyən rəqəmlər
səsləndiririk. Hər rübdən-rübə, ildən-ilə,
xüsusilə son bir neçə il ərzində Azərbaycanda
ümumi sənaye istehsalı azalır. Bu vaxta qədər biz
bunu, sadəcə olaraq, statistik göstərici kimi ifadə
edirdik. Daha bunun izahatı ilə biz, demək olar ki, məşğul
olmurduq. Hesab edirdik ki, bu, müvəqqəti bir prosesdir,
müvəqqəti məsələdir və bu məsələ
öz həllini tapacaqdır, sənaye istehsalı nəinki
azalacaq, artacaqdır. Doqquz ayın göstəriciləri də
onu göstərir ki, Azərbaycanda ümumi sənaye
istehsalı 3,5 faiz azalmışdır. Ancaq qeyri-neft sənayemiz
7,7 faiz artmışdır. Bir tərəfdən bu, yenə də
bizim iqtisadi və sənaye sahələrində
apardığımız islahatların məntiqi nəticəsidir.
Çünki ölkəmizdə geniş sənayeləşmə
prosesi gedir. Bir neçə il bundan əvvəl
mənim tərəfimdən bu məsələ ilə
bağlı konkret tapşırıqlar verilmişdir və biz
bu tapşırıqların gözəl nəticələrini
görürük. 7,7 faiz artan qeyri-neft sənayemiz
böyük nailiyyətdir. Ancaq neft sənayesinin
böyük dərəcədə aşağı
düşməsi bizi, əlbəttə ki, narahat edir. Bu proses
- yəni azalma, bu sahədə yaşanan tənəzzül
bilavasitə neftin hasilatı ilə bağlıdır. Burada da biz məsələni iki yerə bölməliyik.
Çünki Azərbaycanda neftin hasilatı ilə Azərbaycan
Dövlət Neft Şirkəti məşğuldur və
1994-cü ildə "Azəri", "Çıraq"
yataqları üzrə bağlanmış kontrakt əsasında
beynəlxalq konsorsium - Azərbaycan
Beynəlxalq Əməliyyat Şirkəti
yaradılmışdır, operator məhz Azərbaycan
Beynəlxalq Əməliyyat Şirkəti idi. Ondan sonrakı mərhələlərdə
o konsorsiuma daxil olan şirkətlər arasında birləşmə
prosesi getdiyi üçün operator funksiyaları BP şirkətinə
həvalə edilmişdir.
O vaxtdan bugünə
qədər neft strategiyamızın icrası sahəsində
çox böyük uğurlar əldə edilmişdir.
Biz haqlı olaraq neft strategiyamızla
fəxr edirik. Çünki Azərbaycanın
uğurlu iqtisadi inkişafı, siyasi çəkisinin
artması və dünya proseslərində fəal
iştirakı ölkəmizin iqtisadi imkanları ilə
bilavasitə bağlı məsələdir. İqtisadi
imkanları bizə məhz neft strategiyamız yaratmışdır. O da həqiqətdir
ki, biz bu imkanlardan bəzi başqa ölkələrdən fərqli
olaraq səmərəli şəkildə istifadə etdik -
neft kapitalını qeyri-neft sektorunun inkişafına yönəltdik.
Beləliklə,
infrastruktur layihələrinin icrası və digər
iqtisadi islahatlar əslində imkan verdi ki, biz bugünkü
reallıqlar haqqında xalqa qürur hissi ilə danışa
bilək. Ancaq konsorsium tərəfindən
buraxılan kobud səhvlər ucbatından son illər ərzində
"Azəri", "Çıraq" yataqlarında neft
hasilatı kəskin şəkildə aşağı
düşməyə başlamışdır. Bu, birinci
il deyildir ki, neft hasilatı
aşağı düşür. Əlbəttə,
neft sənayesində çalışanlar, neft mütəxəssisləri
bilirlər ki, hər bir neft yatağının bir ömrü
vardır. Hasilat artır, pik zirvəsinə
çatır, sonra müəyyən illər ərzində
sabit qalır, ondan sonra tənəzzül başlayır.
Yəni, bu proses hər bir neft mütəxəssisi
üçün çox tanış olan
məsələdir. Ancaq söhbət ondan getmir
ki, biz pik səviyyəsinə çatdıq və ondan sonra təbii,
necə deyərlər, tənəzzül prosesləri
yaşanır. Söhbət ondan gedir ki,
verilən proqnozlar yerinə yetirilmir. Onu da deyə bilərəm
ki, "Azəri",
"Çıraq" neft yataqları üzrə kontrakt pay
bölgüsü əsasında imzalanmışdır. İlkin mərhələlərdə payların
bölgüsü bir qədər fərqli idi. İlkin mərhələlərdə ki,
böyük investisiyalar qoyulurdu, xarici investorların payı
daha da böyük idi - təxminən 75-25 faiz xaricilərin
xeyrinə, əgər belə demək mümkünsə.
Onlar öz investisiyalarını qaytardıqdan sonra pay
bölgüsü dəyişməyə
başlamışdır - əllinin-əlliyə səviyyəsində
bölünürdü. 2008-ci ilin ortalarında artıq
"Azəri", "Çıraq" neft
yataqlarının səmərəliliyini və kontrakt şərtlərini
nəzərə alaraq bu pay bölgüsü Azərbaycanın
xeyrinə dəyişmiş və hazırda - 2008-ci ilin
ortalarından bugünə qədər 75-25 faiz təşkil
edir. Yəni, hasil edilən mənfəət
neftinin 75 faizi Azərbaycanın payına düşür.
Bir daha demək istəyirəm ki, kontrakt şərtləri
əsasında bu pay bölgüsündə dəyişiklik
baş verdikdən sonra "Azəri",
"Çıraq" neft yataqlarında neftin hasilatı nədənsə
azalmağa başlamışdır.
Sözlərimə konkret rəqəmlər
əlavə etmək istəyirəm. Belə ki,
2009-cu ildə "Azəri", "Çıraq"
yataqlarında bizə verilən hasilat proqnozu 46,8
milyon ton idi. Faktiki isə 40,3 milyon ton səviyyəsində
neft hasil edilmişdir. 2010-cu ildə proqnoz 42,1
milyon ton idi, fakt 40,6 milyon ton olmuşdur. 2011-ci ildə proqnoz
40,2 milyon idi, real hasilat isə 36 milyon.
2012-ci ildə verilmiş proqnoz 35,6 milyon
tondur. İndiki hasilatı nəzərə
alaraq belə təxmin etmək olar ki, ilin sonuna qədər BP
"Azəri", "Çıraq" yataqlarından 33
milyon tondan artıq neft hasil edə bilməyəcəkdir.
Bütün bu rəqəmləri toplayaraq
və neftin qiymətini 100 dollar səviyyəsində
götürərək, - halbuki bu illər ərzində daha
da yüksək idi, - hesablasaq görərik ki, Azərbaycanın
bilavasitə əldə edilməmiş gəliri 8,1 milyard dollardır. Bu,
reallıqdır. Kiçik bir statistik rəqəmin
arxasında bu reallıq dayanır. Ona
görə ildən-ilə, aydan-aya, rübdən-rübə
neft sənayesində istehsalın düşməsi bu vəziyyətin
məntiqi nəticəsidir.
Onu da deyə bilərəm və mən
artıq bu barədə qeyd etdim ki, "Azəri",
"Çıraq" neft yataqlarına böyük
investisiyalar qoyulmuşdur. Biz buna görə
bütün investorlara minnətdarıq və yenə də
deyirəm, bu investisiyalar bizə imkan verdi
ki, bu gün Azərbaycan dünya miqyasında ən sürətlə
inkişaf edən ölkələrdən biridir. Ancaq istəyirəm ictimaiyyət onu da bilsin ki, bu
investisiyalar xeyriyyəçilik funksiyalarını
daşımırdı. Bu, sırf biznes
layihədir. Yenə də bir neçə
rəqəmi səsləndirmək istəyirəm. "Azəri",
"Çıraq" neft yataqlarına əvvəldən
bugünə qədər BP-nin rəhbərlik etdiyi konsorsium tərəfindən
28,7 milyard dollar investisiya qoyulmuşdur. Bugünə qədər konsorsium 73 milyard gəlir
götürmüşdür. Yəni,
böyük mənfəət əldə edilmişdir. Əlbəttə, bütün bu mənfəət
kontraktın şərtləri əsasında mümkün
olmuşdur. Azərbaycan tərəfi də
böyük mənfəət götürmüşdür.
Bu gün bizim 45 milyard səviyyəsində olan
valyuta ehtiyatlarımızın böyük hissəsi Neft
Fondunun vəsaitidir. Nə qədər vəsait də
son 12 il ərzində xərclənmişdir.
Dövlət Neft Fondu 1999-cu ilin sonunda - dekabr
ayında yaradılmışdır. O vaxtdan bugünə
qədər ölkə iqtisadiyyatına qoyulan vəsaitin,
infrastruktur layihələrinə, məktəblərin,
yolların tikintisinə, abadlıq işlərinə qoyulan
investisiyaların əsas mənbəyi bizim neft sənayemizdir.
Ona görə bu, sırf kommersiya layihəsidir.
Hesab edirəm ki, bütün vədlər, verilən
proqnozlar yerinə yetirilməlidir. Qeyd etməliyəm ki, gözlənilməyən
bu tənəzzül sırf "Azəri",
"Çıraq" yataqları üzrə fəaliyyət
göstərən konsorsiuma rəhbərlik edən BP şirkətinin
kobud səhvləri nəticəsində mümkün
olmuşdur. Biz BP şirkəti ilə uzun illərdir
ki, əməkdaşlıq edirik. Onların fəaliyyətini
bütün dövrlərdə dəstəkləmişik. Onlar üçün ən ağır günlərdə
onları dəstəkləmişik. Biz
adekvat münasibət gözləyirik. Bizə
verilən səhv proqnozlar qəbuledilməzdir. Dövlət Neft Şirkətinə verilən yalan vədlər
qəbuledilməzdir. Dünya biznesində,
biznesin bu səviyyəsində belə münasibətlərə
yer yoxdur, mümkün deyildir. Biz həmişə bütün tərəfdaşlarla
- istər siyasətdə, istər iqtisadi sahədə ədalətli
olmuşuq. Həmişə dediyimiz sözlərə
əməl etmişik. Biz adekvat münasibət
gözləyirik. Mən hesab edirəm ki,
bu məsələ ilə bağlı çox ciddi dəyişikliklər
edilməlidir. Mən nə
üçün bu məsələ ilə bağlı məlumatı
məhz bu gün ictimaiyyət üçün
açıram? Ona görə ki, keçən
ay BP tərəfindən mənə rəsmi qaydada söz
verilmişdir ki, bütün bu xoşagəlməz halların
qarşısı qısa müddət ərzində
alınacaqdır. Bütün səhvlər
etiraf edildi. Etiraf edildi ki, vəziyyət
çox ürəkaçan deyildir.
Mənə verilən vədlər
ondan ibarət idi ki, qısa müddət ərzində
çox ciddi dəyişikliklər ediləcək,
işçi proqrama düzəlişlər olunacaq,
hasilatı sabit səviyyədə saxlamaq üçün əməli
tədbirlər görüləcək və ən önəmlisi,
bu kobud səhvləri buraxan insanlar dəyişdiriləcəkdir. Ancaq o gündən bu günə qədər, - təxminən
bir ay vaxt keçibdir və mən bu vədlərin yerinə
yetirilməsini görmürəm. Əksinə,
hesab edirəm ki, burada vaxt uzatma prosesi gedir. Ona görə hesab edirəm ki, bu, tamamilə
dözülməz bir haldır. Artıq
Dövlət Neft Şirkətinə tapşırıq
verilmişdir ki, bu məsələ rəsmi qaydada
qaldırılsın və lazımi tədbirlər
görülsün. Öz vəzifə
borcunu, kontrakt şərtlərini yerinə yetirə bilməyən
investorlar gərək, nəticə çıxarsınlar,
ciddi ölçülər, tədbirlər görülməlidir
və görüləcəkdir.
Beləliklə, əgər iqtisadi
sahədə bu xoşagəlməz hadisələri nəzərə
almasaq, vəziyyət, ümumiyyətlə, çox müsbətdir
və ölkəmizdə aparılan iqtisadi islahatlar beynəlxalq
maliyyə qurumları tərəfindən də yüksək
qiymətləndirilir. Keçən rübdə
dünyanın ən mötəbər iqtisadi qurumlarından
biri olan Davos İqtisadi Forumu ölkələrin rəqabət
qabiliyyətliliyi ilə bağlı yeni cədvəl dərc
etmişdir və Azərbaycan o siyahıda 46-cı yerdədir.
MDB məkanında birinci, dünya miqyasında
46-cı. Keçən ilə nisbətən
biz 9 pillə yuxarı qalxmışıq. Yəni, bu, onu göstərir ki, Azərbaycanın
iqtisadi inkişafı və uğurları iqtisadi islahatlarla
bağlıdır və bu hesabatda, eyni zamanda, makroiqtisadi vəziyyətlə
bağlı cədvəl dərc edilmişdir. Makroiqtisadi sabitliyə görə Azərbaycan
dünya miqyasında 18-ci yerdədir. Yəni,
dünya miqyasında bu sahədə 18-ci yerdə olmaq nə
deməkdir, hesab edirəm ki, bunu izah etməyə lüzum
yoxdur. Əsas reytinq agentlikləri ki,
hazırda Avropanın inkişaf etmiş ölkələrinin
kredit reytinqlərini endirirlər, aşağı salırlar,
Azərbaycanın kredit reytinqlərini artırırlar. "Fitch", "Standard & Poor's",
"Moody's" - yəni 3 əsas reytinq agentliyi bizim kredit reytinqlərimizi
artırıblar və bu da görülən işlər,
aparılan islahatlar nəticəsində mümkün
olmuşdur. Yəni, bu iqtisadi inkişaf
prosesi elədir ki, bu inkişafı, irəliləyişi həm
gözlə görmək mümkündür və həm də
statistik rəqəmlərdə öz əksini tapır.
Digər sahələrdə, yenə
də deyirəm, sosial məsələlərin həllində
də böyük nəticələr vardır. Bildiyiniz kimi, sovet vaxtından qalmış əmanətlərə
kompensasiya verilməsi prosesi başlanmışdır və
bütün MDB məkanında ən qısa müddət ərzində
və ən yüksək əmsalla bu vəsait məhz Azərbaycanda
veriləcəkdir. Bu da sosial siyasətimizin
nə qədər geniş olduğunu göstərir.
Orta aylıq əmək haqqı, orta
aylıq pensiya artıb və MDB məkanında bu göstərici
ən yüksək göstəricilər arasındadır. Müqayisə aparmaq üçün daha çox
dollarla hesablanır. Belə ki, Azərbaycanda orta maaş 500 dollara bərabərdir, orta pensiya 190
dollara bərabərdir. Artım sürətlidir,
ancaq bu, bizi qane edə bilməz. Baxmayaraq
ki, müqayisə aparmaq və uğurlarla öyünmək
üçün imkan var, hesab edirəm ki, gələcək
illərdə bu sahədə daha da böyük uğurlar əldə
ediləcəkdir. Bu, davamlı bir prosesdir,
pensiyalar, əmək haqları ildən-ilə
qaldırılır. Hazırda Azərbaycanda
pensiyalar əmək haqlarının 40 faizini təşkil edir
ki, bu da Avropanın inkişaf etmiş ölkələrinin
kriteriyaları səviyyəsindədir.
Regionlarda işlər çox
uğurla gedir. Regionlara səfərlərim mənə
imkan verir ki, həm vəziyyətlə yaxından tanış olum, həm əlavə göstərişlər
verilsin, əlavə vəsait ayrılsın. Bütün
bölgələrdə canlanma, inkişaf, infrastruktur layihələrinin
icrası, yeni iş yerlərinin açılması prosesi
gedir. Bu ilin əvvəlindən 94 min yeni iş yeri
açılmışdır ki, onlardan 73 mini daimi iş
yeridir. Regionların sosial-iqtisadi inkişafı
proqramının əvvəlindən - 2004-cü ildən bəri
bir milyon 100 min iş yeri açılmışdır ki,
onlardan 800 mini daimi iş yeridir.
Yenə də deyirəm, bütün
başqa sahələrdə, tikinti-quruculuq, sosial infrastrukturun
yaradılması istiqamətində böyük nailiyyətlər
vardır. İl ərzində 188 məktəb
və əlavə korpuslar tikilmiş, 103 məktəb əsaslı
təmir edilmişdir. Bu proses həm Bakıda geniş
vüsət almışdır, həm də bölgələrdə.
Bakı məktəblərinə gəldikdə,
gələn tədris ilinə qədər nəinki qəzalı
vəziyyətdə, heç bir dənə də olsun, təmirsiz
məktəb qalmayacaqdır. Bölgələrdə
də bu istiqamətdə böyük işlər gedir. Yəqin ki, bölgələrdə bütün məsələni
tam şəkildə həll etmək üçün bir qədər
çox vaxt lazım olacaqdır.
Keçən rübdə
idmançılarımız bizi sevindirdilər. Azərbaycan Olimpiya və Paralimpiya oyunlarında
çox böyük nəticələr göstərmişdir.
Olimpiyaçılarımız dünya
miqyasında 30-cu yerə çata bilmişlər. Medalların sayına görə 24-cü, keyfiyyətinə
görə 30-cu yerdədirlər. Avropa ölkələri
arasında 15-ci, islam ölkələri
arasında 3-cü yerdədirlər. On medal
qazanmışıq, ikisi qızıl, ikisi gümüş,
altısı bürünc. Böyük
tarixi qələbədir. Paralimpiyaçılarımız
27-ci yerə çata bilmişlər. On
iki medal qazanmışlar ki, onlardan dördü
qızıldır. Yəni bu, yenə də
deyirəm, həm bizi sevindirir, həm fərəhləndirir,
həm də ki, ölkəmizin qüdrətini, gənclərimizin
potensialını göstərir. Çünki
idman hər bir ölkənin ayrılmaz bir hissəsidir,
çox mühüm bir amildir. İdmanın
inkişafı ölkənin ümumi inkişafını
göstərir. Adətən iqtisadi tərəfdən
güclü, siyasi sabitliyə malik olan ölkələrdə
idman da sürətlə inkişaf edir. İdmanın
inkişafı üçün dövlət vəsaiti,
dövlət dəstəyi lazımdır, təlim-məşq
prosesi yüksək səviyyədə keçirilməlidir,
infrastruktur layihələri lazımdır. Azərbaycanda
35 regional Olimpiya Mərkəzi fəaliyyət göstərir və
artıq 10-a yaxın yeni Olimpiya İdman Kompleksi tikilməkdədir.
Bir sözlə, keçən rüb
və bu ilin doqquz ayı bütün istiqamətlər üzrə
ölkə iqtisadiyyatı üçün uğurlu
olmuşdur. Beynəlxalq arenada
böyük uğurlar əldə edilmişdir. Biz BMT Təhlükəsizlik Şurasının
iclaslarında fəal iştirak edir, prinsipial mövqe
nümayiş etdiririk.
Keçən ilin oktyabr ayında, - artıq bir il keçir, - biz Təhlükəsizlik
Şurasına üzv olduqda, mən o vaxt xalqa müraciətimdə
demişdim ki, biz bu qurumda ədaləti və beynəlxalq
hüququ müdafiə edəcəyik və bu sözə həmişə
olduğu kimi, əməl edirik. Bizim
mövqeyimiz böyük rəğbətlə və
böyük hörmətlə qarşılanır. Çünki bir daha demək istəyirəm ki, biz ədaləti
və beynəlxalq hüququ müdafiə edirik. Eyni zamanda, seçkilər zamanı bizə göstərilən
dəstək artıq özünü digər formatlarda
büruzə verir. Bildiyiniz kimi, Azərbaycanın
namizədliyini 155 ölkə dəstəkləmişdir.
Bu yaxınlarda Qoşulmama Hərəkatının
zirvə görüşündə 120 ölkə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin yalnız və
yalnız ölkələrin ərazi bütövlüyü
çərçivəsində həll olunmasına dair qətnamə
qəbul etmişdir. Bu, bizim növbəti
böyük diplomatik uğurumuzdur, Ermənistanın növbəti
məğlubiyyətidir. Çünki 120
ölkə dünya ictimaiyyətinin əksəriyyətini təşkil
edir. Dünyada 200-dən bir qədər
çox ölkə vardır. Bunlardan
120-si ərazi bütövlüyümüzü dəstəkləyir,
münaqişənin həllini yalnız bu prinsiplər əsasında
görür. Əgər biz NATO-nun Çikaqo sammitinin qərarlarını,
bəyannamələrini nəzərə alsaq, - təbii ki,
NATO-ya üzv olan ölkələr Qoşulmama Hərəkatının
üzvü ola bilməz, - orada da Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin yalnız ölkələrin
ərazi bütövlüyü prinsipi əsasında həll
olunması açıq şəkildə
vurğulanmışdır. Bu da ermənilərin
növbəti məğlubiyyəti, bizim növbəti
uğurumuzdur. Yəni, dünya birliyinin
dörddə üç hissəsi məsələnin həllini
yalnız ərazi bütövlüyü prinsipi əsasında
görür. Əlbəttə, bu, çox ədalətli
mövqedir və məsələnin həlli üçün
başqa mövqe, başqa variant ola bilməz.
O ki qaldı xalqların müqəddəratını
təyinetmə prinsiplərinə, ermənilər
çalışırlar dünya birliyini
çaşdırsınlar, artıq dediyim qərarlar və bəyannamələr
bütün bu yalan təbliğatını alt-üst edir. Xalqların öz müqəddəratını təyinetmə
prinsipləri ölkələrin ərazi
bütövlüyü çərçivəsində həll
edilməlidir. Helsinki Yekun Aktının sənədlərində
məsələ məhz belə qoyulubdur. Ona
görə bütün bu növbəti diplomatik uğurlar,
siyasi qələbələr, Ermənistan üzrə mütləq
qələbəmiz bizi daha da ruhlandırır və məsələnin
həllinə yaxınlaşdırır.
Biz daha da güclü olmalıyıq
və oluruq. Beynəlxalq mövqelərimizi
möhkəmləndiririk, dünya miqyasında böyük dəstəyə
malikik. Mən bu yaxınlarda Azərbaycan Diplomatik
Akademiyasının açılışında və ölkəmizin
xaricdəki səfirləri
ilə görüşdə xarici siyasətlə bağlı
strateji baxışlarımı kifayət qədər
geniş ifadə etdim, təkrar etmək istəmirəm. Bir şeyi demək istəyirəm ki, biz indi
dünyada yeni tərəfdaşlar əldə edirik və
görürük ki, bizim üçün, əməkdaşlıq
üçün ənənəvi olmayan qitələrdən
də Azərbaycana böyük maraq vardır. Xüsusilə Latın Amerikasından. Biz də Latın Amerikası ölkələri ilə
çox sıx əlaqələr qururuq və
görürük ki, bu əlaqələr çox səmimidir,
qarşılıqlı hörmət, qarşılıqlı
maraqlar və dostluq əsasında qurulur. Münasibətlər
hər bir ölkə ilə məhz bu prinsiplər üzərində
qurulmalıdır. Biz bunu dəfələrlə
bəyan etmişik. Mən dəfələrlə
demişəm ki, Azərbaycan ancaq bərabərhüquqlu
münasibətləri qəbul edir. Əgər
kimsə fikirləşirsə ki, öz iradəsini bizə qəbul
etdirə bilər, səhv edir. Biz ancaq bərabərhüquqlu,
qarşılıqlı maraqlar, bir-birinin işinə
qarışmamaq prinsiplərini qəbul edirik. Biz Latın Amerikası ölkələri ilə
münasibətlərimizi məhz bu prinsiplər əsasında
sıx bağlayırıq və hesab edirəm ki, həm
xarici siyasət və həm də iqtisadi məsələlərin
həlli üçün bu istiqamət çox perspektivlidir.
Həm xarici siyasət sektoruna, həm iqtisadi məsələlərlə
bağlı olan qurumlara müvafiq tapşırıqlar
verilmişdir ki, biz Latın Amerikası ölkələri ilə
münasibətlərimizi daha da sürətlə
qurmalıyıq. Əlbəttə, ənənəvi
tərəfdaşlarla da bizim dostluq münasibətlərimiz
vardır. Təbii ki, bu əlaqələr
davam etdiriləcəkdir.
Mərkəzi Bankın idarə heyətinin
sədri Elman RÜSTƏMOV çıxışında
bildirdi ki, 2012-ci ilin doqquz ayında milli iqtisadiyyatımız
sabitlik, inkişaf və dayanıqlılıq nümayiş
etdirmişdir. Bu prosesin bank və maliyyə sektorundan da
yan keçmədiyini bildirən E.Rüstəmov dedi:
- Cari ilin 9 ayında qeyri-neft sektoru qeyd
etdiyimiz kimi, 10 faizdən artıq yüksəlmişdir. Nəticədə son 4 ildə qeyri-neft sektorunun
ÜDM-də payı 5 faiz bəndindən çox yüksəlmişdir.
Ölkəmiz orta gəlirli dövlətlər
qrupunda öz mövqeyini daha da möhkəmləndirmişdir. Manatın paritet qiymətlərdə
adambaşına düşən ÜDM həcmi 10 min ABŞ
dollarını ötür. Bu göstəriciyə
görə Azərbaycan dünyanın 100 ölkəsini geridə
qoyur.
Ölkənin ticarət və tədiyə
balansının strukturunda da şaxələnməni əks
etdirən xarakterik proseslər gedir. İxracın
həcmi idxalın həcmindən 3 dəfə
böyükdür. Qeyri-neft əmtəə
və xidmət ixracı da cari ilin sonuna təxminən 5
milyard ABŞ dolları həcmində gözlənilir. 2008-ci ildən bəri bu göstərici 2 dəfəyədək
artmışdır.
Xidmətlər ixracı da
böyüyür və cəmi qeyri-neft ixracının 60
faizini təşkil edir.
Tədiyə balansında ilin sonuna
biz 16-17 milyard ABŞ dolları həcmində profisit gözləyirik. İlin
sonuna strateji valyuta ehtiyatlarının 50 milyard dolları ötəcəyi
proqnozlaşdırılır. Strateji ehtiyatlar
ÜDM-in 70 faizinə çatır ki, bu göstərici
üzrə ölkə dünyada ilk onbeşlikdədir.
Ötən dövrdə ehtiyatlardan əldə olunan gəlirlər
yarım milyard dollardan çox olmuşdur və artıq Siz
qeyd etdiniz ki, cənab Prezident, dünyada faiz dərəcələri
bu gün çox aşağıdır, lakin Sizin
tapşırığınıza uyğun olaraq ölkənin
qızıl valyuta ehtiyatlarının alət, valyuta və
coğrafi şaxələndirilməsi artıq həyata
keçirilməyə başlanmışdır. Burada əsas məqsəd təbii ki,
etibarlılıq, valyuta ehtiyatlarının idarə
olunmasının səmərəliliyinin daha da
artırılmasıdır.
Ölkədə investisiya aktivliyi də
yüksəkdir. Cari ilin 9 ayında
investisiyalar 27 faiz, o cümlədən qeyri-neft sektorunda 31 faiz
artmışdır. Qeyri-neft sektoruna birbaşa xarici
investisiyalar da artır ki, onun həcmi bu il
1 milyard dollar həcmində gözlənilir. Cari
ildə təkcə regionlarda 284 yeni müəssisə
yaradılıb, daha 444 müəssisə isə yaradılmaqdadır.
Azərbaycan stabil və dinamik büdcə sisteminə
malikdir. Ötən 9 ayda büdcə xərcləri
27 faiz, o cümlədən investisiya xərcləri 20 faiz
artmışdır. Qeyri-neft vergi
daxilolmaları 14 faiz artmışdır. Büdcə
proqnozları tam yerinə yetirilir və o profisitə malikdir.
SSRİ dövründən
qalmış əmanətlərin qaytarılmasına
başlanılıb. 871 min əmanətçiyə
nəzərdə tutulan vəsaitin artıq 30 faizi, təxminən
366 milyon manat ödənilmişdir.
Qeyri-neft sektorunun davamı və
dinamik inkişafı ölkədə işsizlik probleminin həllinə
imkan vermişdir. Ölkədə məşğulluq
səviyyəsi 95 faiz təşkil edir. 2008-ci ilin əvvəlindən
430 mindən çox yeni iş yeri yaradılmışdır.
Təkcə cari ilin 9 ayında 94 min yeni iş yeri
açılmışdır.
Əhalinin real pul gəlirləri
ötən 9 ayda 12 faiz artmış, 2008-ci ildən bəri isə
bu artım 2 dəfə olmuşdur. Dünya
Bankının məlumatına görə, milli gəlirin ədalətli
bölgüsünə görə Azərbaycan 110 inkişaf
edən ölkəni geridə qoyur. Yəni
davamlı inkişafdan dar bir təbəqə yox, daha geniş
əhali kütləsi yararlanır. Başqa
sözlə, iqtisadi inkişafın "inklyuzivliyi"
artır. Yenə də Dünya
Bankının hesabatına görə, Azərbaycan
dünyanın 153 ölkəsi arasında ən
aşağı yoxsulluğa malik 20 ölkədən biridir.
Belə bir inkişaf fonunda ölkənin
beynəlxalq reytinqləri daha da yaxşılaşır. Siz artıq bunları qeyd etdiniz. Sadəcə,
mən ölkənin investisiya-kredit reytinqi haqqında demək
istəyirəm. Artıq biz top-reytinqin, yəni A zonasının cəmi 2
addımlığındayıq.
Cənab Prezident, ölkə
iqtisadiyyatının sürətli inkişafı dünyada
iqtisadi gərginliyin davam etdiyi son 4 ildə baş verir. Qlobal güc mərkəzləri arasında yenidən
tarazlaşma prosesi çox ağrılı gedir. Aparıcı ölkələrin irimiqyaslı
iqtisadi stimul paketləri yalnız vəziyyətin kəskin
pisləşməsinin qarşısını ala bilir.
3-cü rübdə qlobal artım tempi əvvəlki rüblərə
nisbətən orta hesabla 1,5 faiz bəndi
aşağı olmuşdur.
Sizin ölkənin sosial-iqtisadi
inkişafının 6 ayının yekunlarına həsr
edilmiş toplantıda qeyd etdiyiniz kimi, bunun əsas səbəbi
bir sıra inkişaf etmiş ölkələrdə dövlət
borcunun həddindən artıq yüksək səviyyəsidir. Bəzi ölkələrdə büdcə kəsiri
ümumi daxili məhsulun 10 faizi, dövlət borcu isə onun
100 faizindən yuxarıdır. Tarixi təcrübə
göstərir ki, yığılmış belə
borcları azaltmaq üçün 10 illərlə vaxt tələb
olunur. Zəruri və ağrılı
büdcə konsolidasiyası tədbirləri radikal struktur
standartları dərin siyasi restabilləşməyə və
kəskin sosial etirazlara səbəb olur. Hazırda
beynəlxalq təşkilatlarda ekspertlər cəmiyyətində
yeni qlobal böhranın yeni dalğasının və onun nəticələri,
riskləri geniş müzakirə olunur.
Azərbaycanda isə hökm sürən
sabitlik və dayanıqlığın əsas səbəbi
ölkədə uzun müddət həyata keçirilən
diqqətli və məsuliyyətli makroiqtisadi strategiya və
siyasətdir. Azərbaycan qlobal riskləri
qarşılamaq üçün kifayət qədər manevr
imkanlarına malikdir. Ölkənin uğurlu
böhran qarşılaması təcrübəsi və
böyük maliyyə ehtiyatları vardır. Təkcə onu demək kifayətdir ki, Azərbaycanda
dövlət borcu ümumi daxili məhsulun cəmi 8 faizini təşkil
edir, valyuta ehtiyatlarımız isə xarici dövlət borcunu
9 dəfə üstələyir.
Makroiqtisadi sabitlik institutu olaraq Mərkəzi
Bank cari ildə öz mandatına uyğun olaraq fəaliyyətini
qiymətlərin sabitliyi, milli valyutanın və bank sisteminin
sabitliyinin təmin edilməsində cəmləşdirmişdir. İnflyasiya artıq qeyd olunduğu kimi təkrəqəmlidir.
Orta illik inflyasiya isə cəmi 1,5 faiz təşkil
edir. Əmək haqqının artım tempi
inflyasiya tempini 7 faiz üstələyir.
İyun-sentyabr aylarında dünya ərzaq
qiymətləri 8 faiz artsa da, ərzağın yerli
istehsalın artması hesabına qiymət sabitliyinə
müsbət təsir göstərmişdir. Məzənnə sabitliyi makroiqtisadi sabitliyinin
mühüm dayağıdır. Ötən
9 ayda manatın sabitliyi qorunmuşdur. Artıq
uzunmüddətli 15 illik bir dövr üçün milli
valyutamızın sabitliyindən danışa bilərik.
Manat nəinki ölkə daxilində, hətta
regionda etibarlı valyuta kimi tanınmışdır. Biz
görürük ki, bəzi ölkələrdə qeyri-sabit
məzənnə necə ciddi sosial-iqtisadi gərginliklərə
səbəb ola bilir.
2012-ci ildə bank sektorunda da maliyyə
sabitliyi davam etmişdir. Bankların
kapitalizasiya səviyyəsi yüksəkdir, risklərə qarşı
kifayət qədər ehtiyatlar mövcuddur. Cari ildə bankların kapitalı 18 faiz, son 4 ildə
49 faiz artmışdır. Bank aktivləri
də artıb. Cari ildə 11 faiz, son 4 ildə
isə 51 faiz artmışdır. Bank aktivlərinin
qeyri-neft daxili məhsuluna nisbəti 65 faiz təşkil edir.
Kreditlər artır, cari ildə 12 faiz, son 4 ildə
isə 55 faiz artmışdır. Kreditlərin
təxminən 72 faizi uzunmüddətlidir, yəni
investisiyayönümlüdür.
Əhalinin müddətli əmanətlərində
cari ildə 8 faizdən çox artım olmuşdur və
dünya iqtisadi böhranının başlandığı
dövrdən bəri əhalinin əmanətləri 2,3 dəfə yüksəlmişdir. Bank aktivlərinin maliyyələşməsində
xarici borcun payı son 4 ildə 20 faizdən 13 faizədək
azalmışdır. Sektorun likvid aktivləri
xarici borcun öhdəliklərini 100 faizdən çox
ötür.
Cənab Prezident!
Yeni strateji dövr bank sektoru
üçün mühüm çağırışlar
müəyyən edir. Sektorun sabitliyi və
inkişaf prioritetləri bankların kapitalına tələbin
5 dəfə artırılaraq 50 milyon manata
çatdırılmasını zəruri etmişdir. Bu, bankların risklərə
dözümlülüyünü, maliyyə vasitəçiliyi
dərinliyini və effektivliyini artıracaqdır. Bank sektorunun iqtisadiyyatın artan miqyasına
uyğunlaşması təmin ediləcəkdir. Kiçik və sağlam bankların isə maliyyə,
texnoloji, institusional konsolidasiyasına şərait yaranacaq,
onların rəqabət qabiliyyəti güclənəcəkdir.
Cari ildə ödəniş sistemlərinin
də sabit və etibarlı fəaliyyəti təmin
edilmişdir. Milli ödəniş
sisteminin infrastrukturu vasitəsilə 2012-ci ilin 9 ayında həyata
keçirilən ödənişlərin həcmi 16 faiz
artaraq 85 milyard manata çatmışdır.
Cari ildə ölkədə qiymətli
kağızlar bazarının inkişafının şahidi
oluruq, onun həcmi 34 faiz artmışdır. Təkcə
səhm bazarı 3,3 dəfə
böyümüşdür.
Cənab Prezident, ölkə
iqtisadiyyatı 2012-ci ili uğurla başa
vurur və biz əminik ki, bu, bizim iqtisadi inkişaf tariximizdə
ən uğurlu illərdən biri olacaqdır. Eyni
zamanda, iqtisadi inkişaf sahəsində yeni vəzifələr,
yeni məqsədlər və yeni
çağırışlar qarşıda durub. Sizi əmin edirik ki, rəhbərliyiniz altında
ölkənin Mərkəzi Bankı və ölkənin digər
iqtisadi orqanları bu vəzifələrin öhdəsindən
layiqincə gəlmək üçün öz səylərini
əsirgəməyəcəkdir. Diqqətinizə
görə təşəkkür edirəm.
Respublikada gedən iqtisadi inkişafın nəqliyyat sektorunda da
müşahidə olunduğunu, son illərdə bu sahənin
inkişafı ilə bağlı zəruri tədbirlərin
görüldüyünü və bunun cari ilin doqquz ayında
da davam etdirildiyini bildirən nəqliyyat naziri Ziya MƏMMƏDOV
dedi:
- 2012-ci ilin 9 ayı ərzində nəqliyyat-yol
kompleksi üzrə əsas iqtisadi göstəricilər yerinə
yetirilmiş, 114 milyon ton yük, 1,2 milyard
nəfər sərnişin daşınmışdır.
Yüklərin 16,7 milyon tonu dəmir yolu,
9,3 milyon tonu su, 87,9 milyon tonu avtomobil nəqliyyatı ilə
daşınmışdır. Limanlarda 9,1
milyon ton həcmində yükləmə-boşaltma əməliyyatları
yerinə yetirilmişdir. Bu dövr ərzində nəqliyyat
sektoruna yönəldilmiş investisiyaların ümumi həcmi
1,7 milyard manat təşkil etmişdir.
Ölkəmiz üçün dəmir
yollarının strateji əhəmiyyətini, ulu öndər
Heydər Əliyevin təşəbbüsü ilə bərpa
olunan "Tarixi İpək Yolu" marşrutu üzərində
dəmir yolunun xüsusi yerini nəzərə alaraq,
magistralın dayanıqlı fəaliyyətinin təmin edilməsi
üçün irihəcmli yenidənqurma və tikinti işləri
aparılmaqdadır. Sizin, cənab Prezident, təsdiq etdiyiniz dəmir
yolu nəqliyyatı sisteminin 2010-2014-cü illərdə
inkişafına dair Dövlət Proqramında müəyyən
olunmuş tədbirlərin icrası olaraq Şərq-Qərb
istiqamətində yol təsərrüfatının yenidən
qurulması, enerji, rabitə-işarəvermə sisteminin tam dəyişdirilməsi,
yeni lokomotiv və vaqonların alınması, mərkəzi
dispetçer idarəetmə sisteminin yaradılması işləri
hazırda 4 komponent üzrə mərhələlərlə
davam etdirilir.
Layihə üzrə bu istiqamətdə
sürət həddi saatda 140 kilometr olacaq yolun artıq 85
kilometr hissəsi yenidən qurulmuş, bağlanmış
müqavilələr əsasında tələb olunan
avadanlıq və materialların müəyyən hissələri
alınmışdır.
Ölkəmizin tranzit
imkanlarının artırılması, regional əməkdaşlığın
inkişaf etdirilməsi istiqamətində mühüm əhəmiyyət
kəsb edən və cənab Prezident, Sizin
tapşırığınızla həyata keçirilən
Bakı-Tbilisi-Qars layihəsi xüsusi yer tutur. Burada tikinti işləri sürətlə davam
etdirilir. Hazırda Axalkalaki-Türkiyə sərhədi
hissəsində 5,2 kilometr uzunluğunda yeni yolun üst
quruluşu inşa edilmiş və bu hissədə süni
qurğuların və torpaq yatağının tikintisi, o
cümlədən Axalkalaki və Kartsaxi stansiyalarında
vağzal binalarının, yolun 101-103 kilometrlik ərazisində
yerləşən uzunluğu 150 metr olan körpünün,
Türkiyə-Gürcüstan sərhədində 4,2 kilometrlik
tunelin tikintisi və uzunluğu 153 kilometr olan Marabda-Axalkalaki
sahəsində reabilitasiya-rekonstruksiya işləri davam
etdirilir.
Su nəqliyyatı sahəsində Xəzər
Dəniz Gəmiçiliyinə məxsus gəmilərin və
bərələrin müasir gəmilərlə əvəz
edilməsi işləri davam etdirilmişdir.
Hazırda dövlət büdcəsi
hesabına Xorvatiyada sifariş olunmuş 2 ədəd 54 vaqon
tutumlu bərə ölkəyə gətirilir və yaxın
günlərdə istismara veriləcəkdir.
Yeni Bakı Beynəlxalq Dəniz Ticarət
Limanının tikintisi layihəsi çərçivəsində
ərazinin tikintiyə hazırlanması və liman kompleksini
birləşdirən yol infrastrukturunun tikintisi işləri
davam etdirilir. Liman akvatoriyasında
aparılan dib dərinləşdirmə işləri
yekunlaşmaq üzrədir.
Hava nəqliyyatı infrastrukturunun
müasirləşdirilməsi, hava gəmiləri
parkının yeniləşdirilməsi məqsədi ilə
2012-ci ildə "Azərbaycan Hava Yolları" QSC tərəfindən
2 ədəd "Boeing-767" tipli sərnişin təyyarəsi
alınmış və "Boeing" şirkəti ilə
yeni sifarişlərlə bağlı müqavilələr
imzalanmışdır.
Heydər Əliyev Beynəlxalq
Aeroportunda yeni aerovağzal kompleksinin tikintisi davam
etdirilmişdir.
Ölkəmizdə
daşımaların böyük hissəsi avtomobil nəqliyyatı
vasitəsilə həyata keçirilir və bu dinamika ilbəil
artmaqdadır. Bu daşımaların təhlükəsiz
həyata keçirilməsinin təmin edilməsi ilə
bağlı, cənab Prezident, Sizin verdiyiniz
tapşırıqların icrası məqsədilə avtonəqliyyat
parkının yeniləşdirilməsi və xidmət səviyyəsinin
yüksəldilməsi istiqamətində bir sıra
mühüm tədbirlər həyata keçirilmişdir.
2012-ci ilin 9 ayı ərzində paytaxtda
400 ədəd yeni iri və orta tutumlu avtobus və 1000 ədəd
"London taksi"ləri olmaqla, 1085 ədəd yeni taksi minik
avtomobilləri gətirilərək istismara verilmişdir.
Cari ilin əvvəlindən Daşkəsən,
Gəncə və Horadiz avtovağzallarının tikintisinə
başlanılmış, Yevlax avtovağzal kompleksinin tikintisi
isə başa çatdırılaraq istifadəyə
verilmişdir.
Çin Xalq Respublikası ilə Azərbaycan
Respublikası hökumətləri arasında imzalanmış
texniki-iqtisadi əməkdaşlıq Sazişi çərçivəsində
Çin tərəfindən ayrılmış texniki
yardımlar hesabına ölkəmizə kommunal xidmət təyinatlı
163 nəqliyyat vasitəsinin gətirilməsi təmin
edilmişdir.
Hesabat dövründə, yol hərəkəti
təhlükəsizliyinin təmin edilməsi diqqət mərkəzində
saxlanılmış, yollarda təhlükəsizlik tədbirləri
gücləndirilmiş, yolların texniki təchizatı,
işarələnməsi və zəruri nişanların yerləşdirilməsi
təmin olunmuşdur.
Möhtərəm cənab Prezident!
Avtomobil daşımalarında vacib amillərdən
biri də müasir tələblərə cavab verən
avtomobil yolları infrastrukturunun mövcudluğudur. Bu sahədə Sizin xüsusi
tapşırıqlarınız əsasında ölkəmizdə
müasir yol şəbəkəsinin yaradılması məqsədilə
irimiqyaslı yol layihələri həyata keçirilir, yeni
yollar çəkilir, körpülər tikilir.
2012-ci ilin 9 ayı ərzində 362,8 kilometr, o cümlədən 77,5 kilometr
respublika əhəmiyyətli, 285,3 kilometr yerli əhəmiyyətli
yol təmir olunmuş, avtomobil yollarında 11 körpü
tikilmişdir. Daxili investisiyalar hesabına Bakı-Ələt
avtomobil yolunun 2-4 kilometrlik hissəsi istismara verilmiş, bu
yolun 50-69 kilometr hissəsinin tikintisi, Gəndob-Rusiya
Federasiyası ilə dövlət sərhədi yeni avtomobil
yolunun tikintisi, Qəbələ-Ağdaş,
Ağstafa-Poylu-Gürcüstan sərhədi avtomobil
yollarının yenidən qurulması, Ələt-Hacıqabul,
Qəbələ-Oğuz, Goran-Naftalan, M2 Gəncə, Kürdəmir-İmişli,
Bəhramtəpə-Biləsuvar avtomobil yollarının əsaslı
bərpa işləri həyata keçirilmişdir.
Həmçinin Cəlilabad-Yardımlı,
İsmayıllı-Lahıc, Quba-Qəçrəş, Şəki-Qax
və digər yerli əhəmiyyətli avtomobil
yollarının yenidən qurulması və əsaslı təmiri
işləri aparılmışdır.
Beynəlxalq kreditlər hesabına Yenikənd-Salyan,
Salyan-Şorsulu, Kür çayı üzərində
körpü keçidinin tikintisi, Muğanlı-Yevlax,
Tağıyev-Sahil, Yevlax-Gəncə, Hacıqabul-Bəhramtəpə
avtomobil yollarının yenidən qurulması,
Hacıqabul-Kürdəmir və
Bakı-Şamaxı-Muğanlı avtomobil yollarının 4
zolağa genişləndirilməsi işləri davam etdirilmişdir.
Möhtərəm cənab Prezident!
"Bakı şəhərində nəqliyyat
sisteminin təkmilləşdirilməsi üzrə
2008-2013-cü illər üçün əlavə Tədbirlər
Planı"na uyğun olaraq Heydər Əliyev Beynəlxalq
Aeroportu-Mərdəkan-Bilgəh-Novxanı-Sumqayıt M1-M2
magistralına çıxış avtomobil yolunun 8 cərgəli
hərəkət üçün yenidən qurulması, Ziya
Bünyadov prospektinin əsaslı təmiri və prospekt boyu 4
yerdə və Qələbə meydanında yol
qovşaqlarının tikintisi davam etdirilmişdir.
Böyük Şor yol
qovşağının üçüncü mərhələsi
və Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun birinci hissəsinin
layihəsi çərçivəsində uzunluğu 566 metr
olan tunel istismara verilmişdir.
Buzovna-Mərdəkan-Qala, Zığ
dairəsi-Beynəlxalq Aeroport avtomobil yolundan Qala istiqamətində
avtomobil yollarının tikintisi davam etdirilməkdədir.
Bakı şəhərində 75
kilometr yol əsaslı təmir olunmuş və 5 yeraltı
piyada keçidi istismara verilmişdir.
"Dövlət orqanlarının elektron
xidmətlər göstərməsinin təşkili sahəsində
bəzi tədbirlər haqqında" Sizin 2011-ci il 23 may tarixli fərmanınızın
icrası olaraq Nəqliyyat Nazirliyinin elektron xidmət
portalı yaradılmış və istifadəyə
verilmişdir.
Möhtərəm cənab Prezident!
İcazə verin, nəqliyyat sektorunun
işinə göstərdiyiniz daimi diqqət və
qayğıya, istifadəyə verilən yeni nəqliyyat
obyektlərinin açılışlarında vaxt tapıb
şəxsən iştirak etdiyinizə görə Sizə dərin
minnətdarlığımızı bildirim və Sizi əmin
edim ki, nəqliyyatçılar bundan sonra da Zati-alilərinizin
tapşırıq və tövsiyələrini böyük məsuliyyət
hissi ilə yerinə yetirəcəklər.
Diqqətinizə görə minnətdaram!
İlin doqquz ayında sosial proqramların
icrası sahəsində mühüm tədbirlərin həyata
keçirdiyini, əhalinin sosial müdafiəsinin yüksək
səviyyədə təşkilinin diqqət mərkəzində
saxlanıldığını vurğulayan əmək və əhalinin
sosial müdafiəsi naziri Füzuli ƏLƏKBƏROV dedi:
- Sizin, cənab Prezident, sosial sahəyə
xüsusi diqqətinizin daha bir nəticəsi kimi, ölkəmizdə
icra olunan ünvanlı yardım proqramı hazırda 127 minə
yaxın ailəni əhatə edir. Hər ailəyə
isə ayda orta hesabla 112 manat vəsait ödənilir.
Təyinat zamanı subyektiv amillərin
minimuma endirilməsi məqsədilə hazırda 27 rayonda tətbiq
olunan poçt və elektron qaydada alternativ müraciət
mexanizmlərinin bütün ölkədə icrası
üçün iş aparılır.
Araşdırmalar göstərir ki,
ünvanlı yardım alan ailələrin
təxminən 40 faizinin ailə tərkibində və əmlak
vəziyyətində yaxın illərdə onların bu
növ dəstək almaq hüququna təsir edəcək dəyişikliklər
gözlənilmir. Ona görə də belə
ailələrə təyinat müddətinin iki, yaxud
üç ilədək uzadılması barədə aidiyyəti
orqanlara təkliflər göndərilmişdir.
Bu dəyişiklik təkrarən
ünvanlı yardım almaq üçün vətəndaşları
hər il yenidən sənəd toplayıb
təqdim etmək çətinliklərindən qurtarmaqla məmur-vətəndaş
təmaslarının daha da azalmasına səbəb
olacaqdır.
Möhtərəm cənab Prezident!
Qeyd etdiyiniz kimi, ünvanlı
yardım aztəminatlı vətəndaşın minimum
ehtiyaclarını ödəmək üçündür. Yoxsulluqdan çıxış, maddi rifahın
yaxşılaşması isə yalnız səmərəli məşğulluq
vasitəsilə mümkündür.
Mütərəqqi dünya təcrübəsi
əsasında icra olunan "Özünədəstək"
proqramı məhz müvafiq potensialı olan aztəminatlı
ailənin məşğulluğuna imkan yaratmaqla onun
yoxsulluqdan çıxmasına şərait yaradır.
İndiyədək pilot olaraq 13
rayonda vətəndaşlar tərəfindən böyük
maraq göstərilən proqrama 281ailə cəlb
edilmişdir.
Proqramın davamı kimi, ölkəmizdə
ilk dəfə olaraq Sosial Dəstək Fondunun
yaradılmasına, aztəminatlı ailələrə güzəştli
mikrokreditlərin verilməsi mexanizminin tətbiqinə
hazırlıq işləri aparılır. Bununla da müəyyən potensiala malik yoxsul ailələr
şəxsi təsərrüfatlarını inkişaf etdirmək
imkanı əldə edəcəklər.
Bu isə nəticə etibarilə yeni
iş yerlərinin yaranmasına və aztəminatlı vətəndaşların
tədricən yoxsulluqdan sahibkarlığa doğru irəliləyişinə
şərait yaradacaqdır.
Beləliklə, qeyd olunan aktiv proqram
nəticəsində ünvanlı yardım alanların
sayının 30 faizə qədər azalacağı gözlənilir.
Möhtərəm cənab Prezident!
Növbədə dayanan bütün
müharibə əlilləri və şəhid ailələrinin
yaxın bir neçə ildə yeni mənzillə təmin
olunmaları barədə verdiyiniz tapşırığa əsasən,
mənzil tikintisi getdikcə sürətlənir.
Artıq 5 minə yaxın mənzil
tikilərək istifadəyə verilmişdir. Cari ilin sonunadək ölkənin müxtəlif
bölgələrində ümumilikdə 411 mənzil əlil
və şəhid ailələrinə təqdim olunacaqdır.
Yaxın aylarda ayrı-ayrı
bölgələrdə 510 mənzildən ibarət
binaların inşasına başlanacaqdır.
Sizin, cənab Prezident, təsdiq etdiyiniz "2011-2013-cü illərdə
Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"
həmin yaşayış məntəqələrində yeni
sosial müdafiə əhəmiyyətli müəssisələrin
də inşasına şərait yaratmışdır.
Hazırda Zabrat qəsəbəsində
Gözdən əlillər üçün Tədris Bərpa
Mərkəzi, yetkinlik yaşına çatmayanlar
üçün Sosial Reabilitasiya Mərkəzi və Sosial
Sığınacaq, Bilgəhdə Qocalar evi üçün
ikinci korpus inşa olunur. Saray, Şağan,
Buzovna internat evlərində olduğu kimi, digər sosial xidmət
müəssisələrində də müasir standartlara
uyğun şəraitin yaradılması işləri
aparılır.
Eyni zamanda, cari ildən etibarən, pilot layihə
kimi ixtisaslaşdırılmış vətəndaş cəmiyyəti
institutları ilk dəfə olaraq dövlət sifarişləri
əsasında reabilitasiya xidmətlərinə cəlb
edilmişdirlər. İlkin mərhələdə
sağlamlıq imkanları məhdud uşaqlara və sosial cəhətdən
risk vəziyyətində olan yetkinlik yaşına
çatmayanlara bu xidmətlər göstəriləcəkdir.
Ölkəmizin davamlı
sosial-iqtisadi inkişafı demoqrafik vəziyyətə də
müsbət təsir göstərmişdir.
1990-1995-ci illərdə əhalinin orta ömür uzunluğu
göstəricisi 71 yaşdan 69 yaşadək
azaldığı halda, 2012-ci ildə doğulanlar
üçün gözlənilən ömür uzunluğu
73,8 yaş təşkil etmişdir. Hesablamalar
göstərir ki, növbəti onilliklərdə bütün
dünyada, o cümlədən ölkəmizdə
yaşlaşma prosesinin güclənəcəyi gözlənilir.
Proqnoz göstəricilərə əsasən, 2050-ci il
üçün Azərbaycanda orta ömür uzunluğu 77,3 yaş olacaqdır.
Buna görə də yaşlı
insanların sosial vəziyyətinin daha da
yaxşılaşdırılması və onlara
dövlət qayğısının artırılması məqsədilə
növbəti Dövlət Proqramının hazırlanması
üçün müvafiq tədbirlər görülməkdədir.
Möhtərəm cənab Prezident!
Respublika hökumətinin 2012-ci ilin
birinci yarım ilinin yekunlarına dair iclasında Sizin əmək
bazarına daha güclü nəzarət olunması, qeyri-leqal
məşğulluq hallarının aradan
qaldırılması barədə verdiyiniz
tapşırığın icrası daim diqqət mərkəzindədir.
Bununla əlaqədar, aidiyyəti
dövlət qurumları və sosial tərəfdaşlarla
birgə qeyri-leqal məşğulluğun aradan
qaldırılması üzrə birgə komissiya
yaradılmışdır. Konkret
fəaliyyət istiqamətləri müəyyənləşdirilərək
tədbirlər görülməkdədir.
Dövlət Əmək Müfəttişliyi
Xidməti təkcə son üç ayda 31 mindən çox
işçi ilə əmək münasibətlərinin əmək
müqaviləsi əsasında rəsmiləşdirilməsini
təmin etmişdir.
İnzibati tədbirlərlə
yanaşı, vətəndaş maarifləndirilməsi işləri
görülmüş, müvafiq mövzuda videoçarxlar
nümayiş etdirilmiş, təşviqat xarakterli müxtəlif
çap məhsulları hazırlanaraq ictimaiyyət
arasında yayılmışdır.
Qeyd edim ki, son illərdə iş yerlərində
sağlam və təhlükəsiz əmək şəraitinin
yaradılmasına nəzarət gücləndirilmişdir.
Bu sahədə müsbət nəticə
kimi, istehsalatla əlaqəli bədbəxt hadisələrin
sayı ötən ilin müvafiq dövrü ilə
müqayisədə 2003-dən 153-ə, belə hadisələr
nəticəsində dünyasını dəyişənlərin
sayı 80-dən 57 nəfərə enmişdir.
Sizin
tapşırığınıza uyğun olaraq, əmək
hüquqlarının təmin edilməsinə dövlət nəzarəti
müasir tələblər səviyyəsində
qurulmaqdadır.
Bu sahədə tədbirlərdən biri
kimi, Dünya Bankı və Avropa İttifaqı ilə birgə
layihələr çərçivəsində iş yerlərində
təhlükəsiz əmək şəraiti normalarına
uyğunluğun ölçülməsi sahəsində əmək
müfəttişləri üçün müasir mobil
laborator avadanlıqlar alınmışdır. Hazırda
müfəttişlərin peşəkarlığının
artırılması üzrə təlim strategiyası icra
olunur.
Əmək bazarının keyfiyyətinin
yüksəldilməsi üçün beynəlxalq standartlara
uyğun səriştəli əmək qüvvəsinin
yaradılması məqsədi ilə Əmək
Ehtiyatlarının İnkişafı Agentliyinin
yaradılması işləri aparılır.
Bakı və Göyçay Peşə
Tədrisi Mərkəzləri müasir tələblər səviyyəsində
yenidən qurulmaqla Gəncə şəhərində də belə
bir mərkəzin yaradılması nəzərdə tutulur.
5 sentyabr 2012-ci il
tarixində təsdiqlənən "Açıq Hökumətin
təşviqinə dair 2012-2015-ci illər üzrə Dövlət
Proqramı"nda dövlət orqanlarının fəaliyyətində
ictimaiyyətin iştirakının gücləndirilməsi nəzərdə
tutulmuşdur.
Diqqətinizə çatdırım ki,
bütün sosial müdafiə tədbirlərinin təşkilində,
habelə vətəndaş qəbullarında müxtəlif ictimai birliklərin
iştirakı təmin olunur. Hələ ötən il nazirlikdə vətəndaş cəmiyyəti
institutlarının təmsil olunduğu İctimai Şura
yaradılmışdır.
Bununla yanaşı, nazirliyin artıq
əksər fəaliyyət sahələri üzrə elektron
xidmətlərin göstərilməsi təmin edilmişdir.
Qeyd edim ki, son illərdə əmək
və sosial müdafiə sahəsində beynəlxalq əməkdaşlıq
xeyli güclənmiş, layiqli əməyin təminatı
mövzusunda Bakıda bir sıra beynəlxalq səviyyəli tədbirlər
təşkil edilmişdir.
Cari ilin dekabrında isə ölkəmizdə
MDB-nin əmək və sosial məsələlər üzrə
Məsləhət Şurasının yubiley iclası
keçiriləcəkdir.
Eyni zamanda, 2013-cü ilin aprelində
İslam Konfransı Təşkilatına üzv ölkələrin
nazirlərinin, 2015-ci ildə isə Avropa Şurasının
sosial birlik məsələlərinə məsul nazirlərinin
konfranslarının Azərbaycanda keçirilməsi gözlənilir.
Möhtərəm cənab Prezident!
Çıxışımın sonunda əmin
edirəm ki, ölkəmizdə sosial rifahın yüksəldilməsi
istiqamətində aktiv proqramlar və effektli iş mexanizmləri
əsasında bundan sonra da səylə
çalışacağıq.
Diqqətinizə görə təşəkkür
edirəm.
Azərbaycan.-2012.-
11 oktyabr.- S. 1.