Azərbaycan və Ukrayna xarici işlər nazirliklərinin başçıları Kiyevdə ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivlərini müzakirə etmişlər

 

 Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilatın - GUAM-ın 15 illiyi münasibətilə təşkilatın Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclasında iştirak etmək üçün bu gün Ukraynanın paytaxtına gəlmiş Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov başda olmaqla respublikanın nümayəndə heyəti Kiyev aeroportundan şəhərin tarixi mərkəzində yerləşən ümummilli lider Heydər Əliyev adına parka yollanmışdır.

E.Məmmədyarov ulu öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzmüşlər. Sonra Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətlinin müşayiəti ilə nazir tamamilə yenidən qurulmuş Heydər Əliyev adına parkla tanış olmuşdur. Parkda tamamlama işləri başa çatmaq üzrədir.

Daha sonra Elmar Məmmədyarov öz ukraynalı həmkarı Konstantin Qrişşenko ilə görüşmüşdür. İki dost ölkənin xarici siyasət idarələrinin başçıları ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivlərini, habelə GUAM XİNŞ-in yubiley çərçivəsində Kiyevdə keçiriləcək iclasının proqramını müzakirə etmişlər.

 

 

 Zeynal AĞAZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

Kiyev

 

Azərbaycan.-2012.- 11 oktyabr.- S.4.