Azərbaycanın sığorta-pensiya sistemi keçid dövrü ölkələri üçün örnək modeldir

 

 Oktyabrın 10-da Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun yaradılmasının 20 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib. Tədbirdən öncə DSMF rəhbərliyi Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb. Şəhidlər xiyabanında ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad edilib.

Daha sonra DSMF Aparatı üçün yeni inşa olunan inzibati binada ümummilli lider Heydər Əliyevin büstünün açılışı olub. Tədbir iştirakçıları fondun 20 illik tarixini əks etdirən muzeylə də tanış olublar.

Yubiley tədbiri fondun yeni inşa olunan iclas zalında davam etdirilib. Tədbirdə çıxış edən Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov vurğulayıb ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, son 9 ildə isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilmiş sığorta-pensiya siyasətinin gerçəkləşməsi nəticəsində Azərbaycanın tam özünəməxsus sığorta-pensiya sistemi formalaşıb. "Dövlət Sosial Müdafiə Fondunun 20 illik inkişaf tarixi, eyni zamanda sığorta-pensiya sisteminin inkişaf tarixi kimi xarakterizə edilə bilər" - deyən S.Müslümov bildirib ki, fondun 20 illik inkişaf tarixi əsasən dörd mərhələni əhatə edir. Bunlar 1992-1995-ci illər, 1996-2002-ci illər, 2003-2005-ci illər, 2006-cı ildən sonrakı dövrdür. S.Müslümov bu dövrlərdə sığorta-pensiya sistemində baş verən prosesləri diqqətə çatdıraraq bildirib ki, pensiya sisteminin yeni şəraitə uyğun qurulmasına zəruri dəyişikliklərə etibarlı iqtisadi baza yaradıldıqdan və demoqrafik baxımdan əlverişli vaxt seçildikdən sonra başlamaq, buna qədər isə əvvəlki həmrəylik və dövlət təminatı sistemlərinə əsaslanmaq əsas taktiki addımlar kimi seçilmişdi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük müdrikliklə müəyyənləşdirdiyi həmin istiqamətlər çərçivəsində əhalinin həyat səviyyəsinin yüksəldilməsi, habelə vətəndaşların pensiya təminatının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılmış, həm əhaliyə pensiya və müavinətlərin ödənilməsi, həm də digər sosial ödənişlər üzrə xərclərin artımı müşahidə olunmuş, bu sahədə köklü dəyişikliklər baş vermişdi.

S.Müslümov diqqətə çatdırıb ki, ölkəmizdə sosial müdafiə sisteminin yenidən qurulması məqsədilə islahatların aparılmasında beynəlxalq standartların və hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarının əsas götürülməsi nəticəsində 2006-cı ildən müasir tələblərə cavab verən sığorta-pensiya sisteminin fəaliyyəti təmin edilmişdir. Azərbaycanın sığorta-pensiya sistemində üçpilləli pensiya təminatı müəyyənləşdirilmiş, əvvəlki sistemlə pensiyaya çıxmış insanların da bu sistemlə əhatə olunması, onların pensiya hüquqlarının qorunmasında sosial ədalətin gözlənilməsi və heç bir məhdudiyyət qoyulmadan yeni şəraitə inteqrasiyası tamamlanmışdır. İşləyənlərə pensiyasosial sığorta müavinətlərinin yeni qaydalarla verilməsinə keçilmiş, bununla da işləyənlər üzrə pensiya və müavinətlərin ödənişinin yerlərindən aparılması səbəbindən yaranan problemlər, o cümlədən sosial ödənişlər üzrə borc yaranması halları aradan qaldırılmışdır. Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması və Azərbaycan Respublikası vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ müəyyənləşdirilmişdir.

S.Müslümov vurğulayıb ki, aparılan islahatlar əmək pensiyalarının sürətli artımını təmin etmişdir: "Əgər 2003-cü ildə Azərbaycanda sığorta-pensiya sistemində əvəzetmə əmsalı 23-25 faizlə ifadə olunurdusa, bu gün sözügedən göstərici artıq 40 faiz təşkil edir. 2003-cü ilin əvvəlinə Azərbaycanda orta aylıq pensiyanın məbləği yeni manatla 20 manat idi. Hazırda ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləği 151,3 manat, o cümlədən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 167 manat təşkil edir. Azərbaycanda ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbəti 40 faizə, yaşa görə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbəti isə 45 faizə çatmışdır. Bununla da son illər ərzində sığorta-pensiya sistemində həyata keçirilən islahatlar nəticəsində Azərbaycanda qeyd olunan sahədə beynəlxalq aləmdə qəbul edilmiş mühüm göstəricilərə nail olunmuşdur. Təbiidir ki, bu, sistemdə aparılan islahatların nə dərəcədə səmərəli olduğunu ortaya qoyan əsas göstərici kimi çıxış edir".

S.Müslümov Azərbaycanın sığorta-pensiya sisteminin beynəlxalq aləmdə qazandığı uğurlara da toxunub. O bildirib ki, hazırda Azərbaycanın sığorta-pensiya modeli nüfuzlu beynəlxalq təşkilatlar və maliyyə institutları tərəfindən yüksək qiymətləndirilir, keçid dövrü ölkələri üçün bir örnək kimi tövsiyə olunur. Azərbaycan 2004-cü ildə Beynəlxalq Sosial Təminat Assosiasiyasının büro üzvü, 2007-ci ildə Assosiasiyanın Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin üzvü seçilmişdir. Komitənin ilk iclasının 2008-ci ilin 2 iyul tarixində Bakı şəhərində keçirilməsi Azərbaycanın Avropaya inteqrasiyası istiqamətində gerçəkləşdirilən mühüm tədbirlərdəndir. Beynəlxalq Sosial Təminat Assosiasiyasının və Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun birgə təkilatçılığı ilə Bakıda qısa müddətdə 4 beynəlxalq tədbirin keçirildiyini xatırladan S.Müslümov əlavə edib ki, 2011-ci ilin iyun ayında Bakı şəhərində Beynəlxalq Sosial Təminat Assosiasiyasının Avrasiya regionu üzrə Əlaqələndirmə Mərkəzi açılmışdır. 2010-cu ilin martında Polşa Respublikasının Varşava şəhərində keçirilən Avropa Sosial Təminat Forumunda Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu "Avropanın uğurlu təcrübəsi" müsabiqəsinin "İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə effektiv idarəetmə" nominasiyası üzrə Avropa qalibi elan edilmişdir. 2010-cu ilin dekabr ayında BMT İnkişaf Proqramının Avropa və MDB üzrə regional bürosu Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin islahatları üzrə layihənin, həmin büronun xəttilə gerçəkləşdirilən layihələr arasında birinci yerə layiq görüldüyünü açıqlamışdır: "2012-ci ilin yanvarında DSMF 2011-ci ilin nəticələri üzrə BMT İP-nin illik dərgisində "Yaxşı və səmərəli idarəetmə" nominasiyasının qalibi elan edilmişdir".

DSMF sədri Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təsdiq etdiyi "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı" çərçivəsində sığorta-pensiya sistemində islahatların davam etdirildiyini vurğulayıb. Onun sözlərinə görə, hazırda sığorta-pensiya sisteminin 2020-ci və 2040-cı illər üçün perspektiv inkişafı istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə aktuar tədqiqatlar aparılır. Həmin tədqiqatların nəticələrinə uyğun olaraq maliyyə dayanıqlığının təmin edilməsi üçün tədbirlər işlənilir. Pensiya təyinatının avtomatlaşdırılması və elektron xidmətlərin tətbiqinin genişləndirilməsi, sığorta-pensiya sistemində yığım komponentinin tətbiqi, qeyri-dövlət pensiya institutlarının inkişafı, sistemdaxili normaların sərtləşdirilməsi istiqamətlərində islahatlar həyata keçirilməsi üçün müvafiq addımlar atılmaqdadır.

 

 

Elçin CƏFƏROV

 

Azərbaycan.-2012.- 11 oktyabr.- S.5.