YENİ BEYNƏLXALQ HUMANİTAR KÖRPÜ

 

 Bu, mədəniyyətlər, sivilizasiyalar, konfessiyalar arasında barış və əməkdaşlıq qurmağı bacaran Azərbaycandır

 

 BAŞ REDAKTORDAN

 

 Azərbaycan daha bir beynəlxalq məclisə ev sahibliyi etdi. Artıq Bakı Beynəlxalq Humanitar Forumu adı altında keçirilən bu tədbir Azərbaycan və Rusiya prezidentlərinin təşəbbüsü ilə həyata vəsiqə qazanmışdı. İndi isə Azərbaycan forumun hazırlanması, qonaqların dəvəti və tədbirin keçirilməsi məsələlərini təkbaşına həll edir.

Budəfəki məclisə dünyanın 70 ölkəsini və 7 mötəbər beynəlxalq təşkilatı təmsil edən 694 nümayəndə qatılmışdı. Onların sırasında 10 sabiq dövlət başçısı, 11 Nobel mükafatı laureatı, 5 dünyanın nüfuzlu fəxri professoru, 10 nüfuzlu beynəlxalq təşkilatları təmsil edən rəhbər vəzifəli şəxs, 55 görkəmli ictimai və siyasi xadim var idi.

Bəşəriyyəti düşündürən və narahat edən məsələlərin müzakirə edildiyi belə bir forumun Bakıda keçirilməsinin səbəbi nədir və Azərbaycan müzakirələrə hansı töhfələrini verir?

Bir neçə səbəb sadalayaq.

Azərbaycanın coğrafi mövqeyi?

Ölkəmiz həmişə indiki coğrafi mövqedə yerləşib. Amma Azərbaycanın belə bir tədbirə imza atması üçün mütləq dövlət müstəqilliyi olmalı idi. Elə buradaca qeyd edək ki, MDB məkanında yerləşən müstəqil dövlətlərin də heç biri bu mövzuda və belə tədbir keçirmir!

Azərbaycanın sürətli iqtisadi inkişafı?

Təbii ki, son dövrdə iqtisadi sahədə qazanılan böyük nailiyyətlər Azərbaycanın beynəlxalq aləmdə daha yaxından tanınmasında, dünya birliyinə inteqrasiyasında az rol oynamayıb. Amma yeganə və həlledici şərt də sayıla bilməz. Çünki inkişaf edən və təbii sərvətlərə malik dövlətlərin heç də hamısı beynəlxalq nüfuz sahibi ola bilmir.

Azərbaycanın dünyada qazandığı siyasi dividendləri?

Şübhəsiz, bu amilin də əhəmiyyəti böyükdür. Demokratiya və yeniləşmə yolu tutan Azərbaycan tarixən çox qısa müddətdə iqtisadi, siyasi, hüquqi islahatları başa çatdırmış, müasir və modern dövlətə çevrilmişdir. Bütün bunların təsdiqi olaraq dünyanın 155 dövlətinin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir.

Əlbəttə, sadalanan bu səbəblərin hər biri özlüyündə həqiqətdir və ölkəmizin bugünkü səviyyəyə çatmasında müəyyən rol oynamışdır. Lakin əsas amil Azərbaycanın Heydər Əliyev siyasi kursuna söykənən, qloballaşma dövrünün tələblərinə cavab verən tarazlaşdırılmış və balanslaşdırılmış, müstəqil xarici siyasət yeritməsi, dövrün çağırışlarına vaxtında cavab verməsidir. Prezident İlham Əliyevin rəhbərliyi dövründə geosiyasi mövqeyindən, təbii resurslarından, siyasi, iqtisadi və demokratik islahatların yaratdığı imkanlardan, mədəni, mənəvi və intellektual potensialından bacarıqla istifadə edən Azərbaycan Cənubi Qafqazın lider dövlətinə, dünyada nüfuz sahibinə çevrilmişdir.

Artıq ölkəmizdə keçirilən tədbirlərdə təkcə özümüzün yox, dünyanın problemləri, bəşəriyyəti düşündürən məsələlər müzakirə mövzusuna çevrilir.

Əslində mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan bu formatda tədbirlərin keçirilməsi üçün ideal məkandır.

Deyilən fikir özünü həm ölkəmizin iqtisadi, həm də mədəni-mənəvi inkişafı baxımından doğruldur və cənab İlham Əliyevin böyük səylərinin məntiqi nəticəsidir. Tədbirdə iştirak edən qonaqların respublikamız barədə söylədikləri fikirləri iki qrupa bölmək mümkündür.

Qonaqların bir qismi Azərbaycanı ilk dəfə görənlərdir. Onlar Bakının gözəlliyinə və ölkəmizin füsunkar təbiətinə heyran qaldıqlarını gizlətmirdilər.

İkinci qisim insanlar isə ölkəmizə təkrar gələnlərdir. Onlar dəyişikliklərin vüsətindən və əzəmətindən təəccübləndiklərini bildirirdilər.

Hər iki mövqeni bölüşən qonaqlar bir məsələdə həmrəydilər: Azərbaycan sürətlə inkişaf edən modern dövlətdir. Burada yaşayan insanlar mehriban və gülərüz, qonaqpərvər, eyni zamanda tolerantdırlar.

Dünyada məşhur olan qonaqlar bu inkişafın və yüksəlişin müəllifini də göstərirdilər: "Azərbaycan xalqının bəxti onda gətirib ki, onun İlham Əliyev kimi lideri var!"

Dövlət başçısı cənab İlham Əliyev II Bakı Beynəlxalq Humanitar Forumunda dərin məzmunlu çıxış etdi, müasir dünyada gedən ciddi proseslərdən danışdı, hadisələrə yanaşmasını və münasibətini açıqladı.

Möhtərəm İlham Əliyevin beynəlxalq tədbirdə söylədikləri nəzəriyyə yox, Azərbaycanın 20 illik müstəqillik dövründə başına gələnlər və gətirilənlərdən, görülən işlərdən toplanan təcrübənin elmi yanaşma əsasında ümumiləşdirilməsi idi. Dövlət başçısının hadisələrə verdiyi qiymət iştirakçılar tərəfindən maraqla qarşılanaraq yüksək dəyərləndirildi.

Dövlət başçısının nitqindəki bəzi məqamlara bir daha diqqət çəkirik:

"Bakıda Humanitar Forumun keçirilməsi təsadüfi deyildir. Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu bir diyar olmuşdur. Əsrlər boyu müxtəlif xalqların, dinlərin nümayəndələri Azərbaycanda bir ailə kimi, sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma şəraitində yaşamışlar. Bu müsbət meyillər bu gün də davam edir. Mən əminəm ki, bu meyillər gələcəkdə daha da gücləndiriləcək və Azərbaycan uğurla inkişafına davam edəcəkdir".

"Biz çalışmalıyıq ki, bütün dünya xalqları bir-biri ilə əməkdaşlıq etsinlər, qarşılıqlı anlaşma güclənsin, qarşıdurmaya yol verilməsin!".

"Multikulturalizm gələcək inkişaf üçün ən məqbul variantdır. Çünki multikulturalizmin alternativi özünütəcriddir. XXI əsrdə qloballaşan dünyada hesab etmirəm ki, hər hansı bir dövlət öz gələcəyini özünütəcrid prinsipləri əsasında qurmağa cəhd etsin".

"Həm siyasətçilərin, həm ictimai xadimlərin, vətəndaş cəmiyyəti və media nümayəndələrinin məsuliyyəti ondan ibarətdir ki, müsbət meyilləri, müsbət təcrübəni işıqlandırmaq lazımdır. Biz fəaliyyətimizi bu müsbət təcrübə əsasında qurmalıyıq".

Azərbaycanın ikili standartlarla üzləşməsinin, beynəlxalq qurumların qeyri-obyektiv və laqeyd münasibətlərinin acı nəticələrindən də danışıldı. Nədir o acılıqlar!

Bir yandan dünyada qloballaşma prosesi gedir, sərhədlər açılır, ölkələrə gediş-gəliş prosesi asanlaşır.

Digər tərəfdən müstəqil dövlətlərin əraziləri zəbt olunur, uzun müddət işğal altında saxlanılır.

Bir yandan insanların ərzaq təhlükəsizliyinin təmini, müxtəlif xəstəliklərin müalicəsinin tapılması istiqamətində baş sındırılır.

Digər tərəfdən doğma yurd-yuvasından qaçqın düşənlərin öz torpaqlarına qaytarılması məsələləri qətiyyətlə həll olunmur, insanlar əzab və əziyyət çəkirlər.

Bir yandan terrorizmə qarşı mübarizə gücləndirilir, insanların və dövlətlərin səyləri bu istiqamətə yönəldilir.

Digər tərəfdən sivilizasiyalararası qarşıdurmaya rəvac verən əməllər törədilir.

Bütün bunları xatırladan cənab İlham Əliyev 20 ildir Azərbaycanın humanitar fəlakətlə üzbəüz olduğunu, hazırda dünyada adambaşına düşən qaçqınların ən yüksək sayının məhz Azərbaycanda olduğunu göstərdi.

Səbəb isə bəllidir: "Düzdür, beynəlxalq təşkilatlar və dünyanın aparıcı beynəlxalq təşkilatları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kifayət qədər çox qərarlar, qətnamələr qəbul etmişlər. Ancaq əfsuslar olsun ki, bu qərarların, qətnamələrin icra mexanizmi yoxdur. Belə olan halda beynəlxalq təşkilatların qərarlarına həm hörmət azalır, həm inam itir".

II Bakı Beynəlxalq Humanitar Forumu bu tədbiri keçirməkdə dünyanı nəyə çağırırdı? Öz ölkəsinin timsalında cənab İlham Əliyev bu məsələyə də aydınlıq gətirdi: "Əlbəttə, bizim bütün işlərimizin təməlində və mərkəzində insan amili dayanır. Hesab edirəm ki, bu, hər bir dövlət üçün ən vacib yanaşmadır. Çünki hər şey insan üçün edilir. Onun azadlığı, təhlükəsizliyi, sağlamlığı, işlə təmin edilməsi, rahat yaşaması dövlətin başlıca qayğısıdır".

Artıq Azərbaycan həm də iki qitə - Avropa ilə Asiya arasında humanitar körpüyə çevrilir. Bu körpünün memarı isə Azərbaycan Prezidenti cənab İlham Əliyevdir!

 

 

Azərbaycan.-2012.- 11 oktyabr.- S.6.