Prezident İlham Əliyev yeni dövr xarici siyasətin konseptual əsaslarını
müəyyənləşdirdi
Azərbaycan Respublikası müstəqilliyini
bərpa etdikdən sonra dövlət quruculuğunun bütün
sahələrində olduğu kimi, xarici siyasətdə
də çətin, lakin şərəfli
bir yol qət edilmişdir. Keçən dövr ərzində Azərbaycan beynəlxalq
aləmdən təcrid edilmiş, erməni
lobbisinin səyləri hesabına dünya informasiya məkanında
blokadaya alınmış bir
vəziyyətdən regional təşəbbüskar
və lider səviyyəsinə yüksəlməyə
nail olmuşdur.
Azərbaycanın xarici siyasətinin fundamental prinsiplərini böyük
uzaqgörənliklə ulu öndər
Heydər Əliyev formalaşdırmışdır.
Heydər
Əliyevin təməlini qoyduğu xarici siyasət strategiyası müstəqil Azərbaycanın
qurtuluşuna, gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsinə
yönəlmişdi. İlkin mərhələdə
Azərbaycanın beynəlxalq aləmdə təcrid vəziyyətindən
çıxarılması, tarazlaşdırılmış
xarici siyasət xətti, dünya
iqtisadiyyatına və Avratlantik məkana inteqrasiya, dünya azərbaycanlılarının
təşkilatlanıb mütəşəkkil fəaliyyət
göstərməsi, sonrakı mərhələdə isə regionun iqtisadi mərkəzlərindən
birinə, qlobal arenada
söz sahibinə çevrilməsi bu strategiyanın konseptual
əsaslarını təşkil edir.
Balanslaşdırılmış
xarici siyasət, çoxvektorlu
əməkdaşlıq, bərabərhüquqlu tərəfdaşlıq
və milli maraqlar əsasında
müstəqil siyasət prinsiplərinə söykənən
praqmatik siyasi kurs Heydər Əliyev dühasının
dövlətçiliyimizin xarici siyasət
konsepsiyasına gətirdiyi amillərdir. Bu gün də Prezident İlham Əliyev həmin ənənələri
uğurla davam etdirərək
Azərbaycanın mövqeyini beynəlxalq
müstəvidə daha da
möhkəmləndirmiş, yeni bir mərhələyə yüksəltmişdir.
Qısa müddətdə əldə etdiyi
mühüm layihələr,
qazandığı böyük imic, mövcud siyasi iradə Prezident İlham Əliyevin müstəqil siyasət
aparmasına imkan verir.
Artıq Azərbaycan qlobal siyasi
səhnədə adi iştirakçı
deyil, regional əhəmiyyətli
böyük layihələrin təşəbbüskarı
və tərəfdaşı, beynəlxalq aləmdə nüfuzu ilə seçilən ölkədir.
BMT Təhlükəsizlik Şurasına üzv
seçilməklə Azərbaycan xüsusi
çəkiyə malik dövlət olduğunu bir daha sübut etdi.
Azərbaycanın
coğrafi, geosiyasi mövqeyi, eləcə də mövcud
iqtisadi vəziyyəti və potensialı onun xarici siyasətinin
müəyyənləşdirilməsində başlıca rol oynayır. Tarixən müxtəlif
sivilizasiyaların, mədəniyyətlərin, dinlərin kəsişməsində
yerləşən Azərbaycan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən, Avrasiya məkanında yeni
kommunikasiyaların, nəqliyyat və enerji
dəhlizlərinin üzərində qovşaq
ölkə kimi regionda
böyük nüfuza
malikdir. Bu gün Azərbaycan müstəqil xarici siyasət yürüdür
və heç bir xarici dövlətin onun daxili işlərinə qarışmasına imkan vermir. Respublikamız
etibarlı tərəfdaşdır, bütün
ölkələrlə uğurla əməkdaşlıq
edir, öz müttəfiqləri
ilə bərabər regional təşəbbüslərlə
çıxış edir.
Azərbaycanın
beynəlxalq aləmdə artan nüfuzu 2012-ci ildə özünü
daha parlaq göstərməkdədir.
Artıq Azərbaycan nəinki region, hətta
qlobal əhəmiyyətli
çağırış və təhdidlərlə
bağlı dünya siyasi
arxitekturasında nəzərə alınan dövlətə çevrilmişdir. Prezident İlham
Əliyev bu ilin yanvar ayında ənənəvi olaraq keçirilən, dünyanın iqtisadi gələcəyinin müzakirə olunduğu Davos Dünya İqtisadi Forumunda və fevralda təhlükəsizlik
problemlərinə həsr olunan 48-ci Münhen Təhlükəsizlik Konfransında iştirak etmişdir.
Respublikamız fevral ayında Meksikada keçirilən Böyük
20-lik ölkələrinin tədbirində, mart
ayında Koreya Respublikasının
paytaxtı Seul şəhərində təşkil
olunan Nüvə təhlükəsizliyi
üzrə Zirvə Toplantısında uğurla
təmsil olunmuşdur. Bütün
bunlar dünyada Azərbaycanın
artan nüfuzunun
göstəricilərindəndir.
Azərbaycan son dövrlərdə bir
sıra beynəlxalq təşəbbüslərin müəllifi
olaraq çıxış edir. Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq, 2011-ci ildən
başlayaraq hər iki
ildən bir Bakıda "Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumu" keçirilir. Azərbaycan
"Beynəlxalq Humanitar Forum"
kimi mötəbər bir
platformanın təşəbbüskarıdır. Bakı
şəhəri islam mədəni irsinin daşıyıcısı olaraq 2009-cu ildə "İslam
mədəniyyətinin paytaxtı" olmuşdur.
2012-ci ildə "Eurovision" mahnı
müsabiqəsi özünün böyük möhtəşəmliyi ilə
Bakıda təqdim olunmuşdur. Bütün bunlar
dünyanın siyasi arxitekturasında Azərbaycanın
yeni mövqelərini müəyyənləşdirir.
BMT Təhlükəsizlik Şurasının üzvü olan Azərbaycan
Cənubi Qafqaz regionunda
lider dövlət kimi
beynəlxalq birliyin
çağırışlarına fəal qoşulur,
dünyada ədalətli münasibətlərin
tərəfdarıdır, beynəlxalq səviyyədə gedən
proseslərdə söz sahibidir.
Sentyabr ayının 21-də keçirilən Azərbaycan
Respublikasının diplomatik xidmət
orqanlarının rəhbərlərinin dördüncü
müşavirəsində Azərbaycanın yeni
geosiyasi şəraitdə xarici
siyasəti ilə bağlı Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev proqram-konsepsiya
xarakterli çıxış etmişdir. Dövlət başçısı nitqində, ilk növbədə, müəyyən edilmiş strateji siyasi kursun davam
etdirildiyini bildirmişdir:
"Strateji xəttimiz dəyişməz olaraq qalır. Azərbaycanın xarici siyasətinin istiqamətlərini ulu öndər Heydər Əliyev müəyyən
etmişdir. Bu gün bu sahədə və
bütün başqa
sahələrdə strateji xətt icra edilir".
Üçüncü minillikdə beynəlxalq münasibətlər
sistemində baş verən proseslərin öz intensivliyi və
gözlənilməzliyi ilə səciyyələndiyini nəzərə
alsaq, Azərbaycanın dövlət
başçısının xarici siyasətdəki
sabit mövqeyi onun uzaqgörənliyini bir
daha təsdiq edir.
Ümumiyyətlə,
Prezident İlham Əliyevin
xarici siyasət müşavirəsində
çıxışı xarici siyasətimizin
qarşısında duran vəzifələr,
dünyada və regionda
baş verən hadisələrin
işığında hazırkı tendensiyalar
və müvafiq
çağırışlar, strateji məqsədlər
və yeni hədəflərin müəyyənləşdirilməsi baxımından konseptual
əhəmiyyət kəsb edir.
Azərbaycan üçün əsas taleyüklü
vəzifə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir.
Ölkəmizin bütün diplomatik arsenalı da həmin
mühüm məsələnin həllinə
yönəlmişdir. Prezident İlham Əliyev
çıxışında bu məsələ
ilə bağlı Azərbaycanın mövqeyi,
diplomatiyamızın taktiki gedişləri,
eləcə də beynəlxalq müstəvidə yanaşma, qlobal məkanda
baş verən dəyişikliklərin təzahürü,
mövcud proses və tendensiyalar haqqında müfəssəl proqram ortaya qoymuş oldu. Bundan əlavə, münaqişənin həlli
yolu ilə bağlı da
Ermənistan rəhbərliyinə aydın mesajlar
göndərildi.
Beynəlxalq
münasibətlər sistemində baş
verən mövcud proseslər, eləcə
də beynəlxalq hüququn icra mexanizminin
yaratdığı ikili standartlar
qlobal məkanda isti
münaqişə ocaqlarının qalmasını şərtləndirir.
Reallıq onu göstərir
ki, istər sivilizasiya,
istər dini təəssübkeşlik və
ya müstəqil dövlətlə forpost dövlətə fərqli yanaşma ədalət prinsiplərini üstələdikcə
dünyada sülh və
təhlükəsizlik tam bərqərar ola bilməyəcəkdir. Hətta
günümüzdə qlobal trend olaraq görünən
müxtəlif "fobiya"ların da ayrı-ayrı
fundamentalistlərin təhlükəli
çağırışlarına rəvac verdiyini
bildirmək lazımdır. Bu gün dünyada mədəniyyətlərin,
sivilizasiyaların dialoquna mane
olan ən mühüm
amil ədalət anlayışının
gözlənilməməsi, ikili
standartlardır. Beynəlxalq hüquq
normaları yalnız qlobal güclərin
iradəsinə uyğun tətbiq olunur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin öz ədalətli həllini tapmamasında bu faktor böyük
rol oynayır. Dünyada
mövcud olan oxşar münaqişələrə böyük dövlətlərin geosiyasi maraqlarından asılı olaraq fərqli yanaşma böyük narazılıq doğuran
məqamlardır. Görünən odur ki, beynəlxalq hüququn
prinsipləri yalnız xüsusi maraqlara xidmət lazım olanda
tətbiq olunur. Beləliklə, beynəlxalq
münasibətlər sisteminin tənzimlənməsində
fərqli yanaşma artıq zamanın tələbidir.
Hazırda dünyada mövcud beynəlxalq
sistemin, o cümlədən
BMT-nin qərarlarının icra mexanizminin və
ümumilikdə fəaliyyətinin yeni
reallıqlara və ədalətli yanaşmaya
tam cavab verməməsi
ilə bağlı geniş müzakirələr
aparılır. Azərbaycan mövcud beynəlxalq
hüququn icra mexanizminin işlək olmamasının və bununla bağlı dünyada
ayrı-ayrı problemlərə ikili
yanaşmanın birbaşa nəticələri
ilə qarşı-qarşıyadır. Azərbaycan
Respublikası beynəlxalq münasibətlər sistemində ədalət
prinsipini imperativ norma olaraq görür.
BMT Təhlükəsizlik Şurasına qeyri-daimi
üzv seçilən Azərbaycan bu mötəbər tribunadan
"dünya nizamı və ədalət"
şüarı ilə çıxış edir.
Azərbaycan Prezidenti bu məqamı da xüsusi vurğulayaraq bildirdi ki, "Biz Təhlükəsizlik Şurasına üzv seçilən zaman
mən demişəm ki, ədaləti,
beynəlxalq hüququ müdafiə edəcəyik
və ilk günlərdən bu prinsiplərə sadiqik".
Prezident İlham Əliyev
münaqişə ilə əlaqədar regionda
son vəziyyət və mümkün
həll yolu ilə bağlı mövqeyini dünya
ictimaiyyətinə çatdırmış oldu.
Hazırda Azərbaycanın tarixi, hüquqi, iqtisadi, demoqrafik mövqeyi möhkəmdir.
Bütün bu amillər
Azərbaycana Ermənistanla mübarizədə böyük üstünlük
verir. Ermənilər isə
yeganə arqument olaraq
yalnız dünyada öz
lobbi qurumlarının yalanlarına
arxalanırlar. İldən-ilə güclənməkdə olan Azərbaycan isə ardıcıl olaraq bu yalan
və əfsanələri ifşa edərək
dünya ictimaiyyətin
çatdırır. Artıq Ermənistan üçün həlqə daralır. Dünyada baş verən
proseslər göstərir ki, nəticədə
heç bir dövlət
destruktiv siyasətlə nəyəsə nail ola bilməyəcəkdir.
Kimlərinsə maraqlarına xidmət etməklə əbədi
toxunulmazlıq statusu almaq
mümkün deyil. Prezident dünyada baş verən hadisələrin fonunda Ermənistana açıq mesaj göndərmiş oldu:
"Dünya dəyişir, bölgədə
gedən proseslər sizə bəllidir. İstisna
edilmir ki, vaxt gələcək və hər bir ölkə təkbaşına öz maraqlarını müdafiə etmək zorunda qalacaqdır. Azərbaycan buna hazırdır".
Bütün qonşularına qarşı ərazi
iddiaları Ermənistanı özünütəcrid vəziyyətinə
gətirib çıxarmışdır. Dənizdən-dənizə
"böyük Ermənistan"
yaradılması xəstəliyinə tutulan
Ermənistan respublikasının rəsmi xarici
siyasət doktrinasında bu, ən böyük məqsəddir. Tarixi
Azərbaycan torpaqlarında qurulmuş Ermənistanın
öz qonşularına - Türkiyə, Gürcüstan və Azərbaycana
qarşı ərazi iddialarının əsasında da həmin ideya dayanır.
Beləliklə, qeyd olunan
bu amil Qafqazın geosiyasi mühitini şərtləndirən
əsas faktordur. Regionun
sabitliyi, gələcəyi, regional əməkdaşlıq, perspektiv inteqrasiya prosesləri
ermənilərin əsassız xülyaları ilə tərs-mütənasibdir.
Ermənistanın
regionda sabitliyi pozan fəaliyyətinin müqabilində Azərbaycanın
növbəti taktiki gedişlərinin necə
olacağı da xarici
siyasət müşavirəsində səsləndirildi. Azərbaycan, ilk növbədə,
münaqişənin dondurulmuş vəziyyətdə
saxlanılması ilə razılaşmır! İkincisi,
münaqişənin sülh yolu ilə həll olunmasına tərəfdar olsaq belə, nəyin bahasına olsa da, sülh
olsun yanaşması da
qəbuledilməzdir! Bu prizmadan çıxış edərək
iqtisadiyyatı gündən-günə güclənən,
beynəlxalq aləmdə çəkisi artan
Azərbaycan öz üstün
mövqelərindən münaqişənin həlli üçün siyasi təzyiq
vasitəsi kimi istifadə etməkdə davam edəcəkdir. Regionda
nəhəng layihələrin təşəbbüskarı olan Azərbaycan Ermənistanı regional məsələlərdən uzaq tutmağa nail olmuşdur. Müəyyən
olunmuş strateji kurs bundan ibarətdir ki, təcridetmə siyasəti davam
etdirilməlidir.
Prezident Azərbaycanın yeritdiyi
xarici siyasətin əsas prinsiplərini bəyan
etdi. Beynəlxalq arenada,
istər ikitərəfli, istər çoxtərəfli formatda əməkdaşlıq bərabərhüquqlu
münasibətlər üzərində qurulmalıdır. Azərbaycan
beynəlxalq münasibətlər sistemində bütün
dövlətlərlə münasibətlərində
qarşılıqlı hörmət, qarşılıqlı
maraqlar və bir-birinin
daxili işlərinə qarışmamaq
prinsiplərinə sadiqdir.
Bu gün dünya miqyasında bir çox beynəlxalq təşkilatların öz funksiyalarına aid olmayan məsələlərlə
bağlı dövlətlərə müxtəlif formalarda təzyiq göstərmələri
müşahidə olunur. Məhz buna görədir ki, hətta
iqtisadi, humanitar, mədəni
və digər istiqamətli təşkilatlar belə siyasiləşmişdir.
Bu trend beynəlxalq
münasibətlərdə arzuolunmaz
presedentlər yaradır. Hətta bəzən elə beynəlxalq
təşkilatlara rast gəlirik ki, üzvü olmayan ölkələrə qarşı da müxtəlif tələblərlə
çıxış edirlər. Bütün
bunlar isə beynəlxalq hüququn
əsas norması olan ədalət prinsipinin pozulmasına gətirib
çıxarır. Prezident İlham Əliyev çıxışında
bu məqama xüsusi toxunmuşdur: "Biz üzv olduğumuz bütün təşkilatlarda fəal iştirak edirik,
maraqlarımızı qoruyuruq və götürdüyümüz öhdəlikləri
yerinə yetiririk. Üzv
olmadığımız təşkilatlar qarşısında
bizim heç bir öhdəliyimiz ola
bilməz".
Prezident diplomatik korpus qarşısında qısa dövr və uzunmüddətli perspektiv üçün konkret vəzifələr qoydu.
Birinci
istiqaməti, ikitərəfli əlaqələrdə Yeni Qitələrə Çıxış
strategiyası adlandırmaq olar. Çünki Azərbaycanın əməkdaşlıq
etdiyi ölkələrin əhatə dairəsinin
genişləndirilməsi üçün
indiyə qədər çox da intensiv əlaqələrimizin
olmadığı ölkələr hədəf götürülmüşdür. Xüsusilə də BMT Təhlükəsizlik
Şurasındakı səsvermədə bizi
dəstəkləyən 155 ölkə ilə daha
fəal əlaqələr qurmaq nəzərdə
tutulur. Bu isə ilk növbədə, Latın Amerikası, Okeaniya, Mərkəzi və Cənubi Afrika ölkələri ola
bilər. Qeyd etməliyik ki,
son ildə Argentina, Braziliya, Uruqvay, Çili, Peru kimi Latın Amerikası ölkələri ilə
intensiv əlaqələr
yaradılmışdır. Artıq bu regionun 3 ölkəsində Azərbaycanın
səfirliyi fəaliyyət göstərir. Meksika
və Kolumbiya parlamentlərində isə
hətta Xocalı soyqırımının
tanıdılması ilə bağlı qətnamə qəbul
edilməsinə nail olmuşuq.
CAR-da fəaliyyətə başlayan,
Avstraliyada isə yenicə təsis olunan səfirliklər də Yeni
Qitələrə Çıxış strategiyasının
yerinə yetirilməsinə hesablanmışdır.
Növbəti
istiqamət Okeaniya olmalıdır. Bu regionda yerləşən
kiçik dövlətlərin bəzən
siyasi oyunlara cəlb olunduğunu nəzərə alaraq
qabaqlayıcı tədbirlər görülməsi
lazımdır. Xüsusən də Nauru
dövlətinin Abxaziya və Cənubi
Osetiyanı müstəqil dövlət kimi
tanıması presedenti yaxşı heç nə vəd etmir.
Nauru
nümunəsi ilə bağlı demək olar
ki, beynəlxalq müstəvidə heç bir xüsusi çəkisi olmayan,
lakin BMT üzvü kimi müstəqil dövlət olaraq bu kimi
kiçik ölkələr hər
hansı maraq müqabilində müstəqilliyi
tanıma praktikasına yer verə bilərlər.
Buna görə də növbəti illərdə
Azərbaycan öz xarici
siyasətində həmin regiona diqqəti
artırmalıdır. Regionda ikitərəfli
əlaqələrlə yanaşı, çoxtərəfli formatda da əməkdaşlıq
müsbət nəticə verə bilər. Mənzil-qərargahı
Ficidə yerləşən Sakit Okean Adaları Forumunun region ölkələrinin mövqeyinə təsir
etmək imkanları nəzərə alınmalıdır.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin müşavirədə dərin
məzmunlu çıxışı göstərir ki, ölkəmiz yaxın perspektivdə diplomatik münasibətlərinin
olmadığı ölkələrə diqqət
ayırmalıdır. BMT Təhlükəsizlik Şurasına
üzv olan Azərbaycanın
bu mötəbər tribunadan
qeyd olunan məqsədlə
də istifadə etməsi üçün
real imkanları vardır. Hələlik
diplomatik münasibətlərimizin
olmadığı Karib dənizi hövzəsi
ölkələrindən Barbados, Okeaniya ölkələrindən Kiribati, Mikroneziya, Palau, Papua Yeni
Qvineya, Samoa, Tonqa, Vanuatu, Afrika ölkələrindən Botsvana,
Namibiya, Tanzaniya ilə
münasibətlərin qurulması Yeni Qitələrə
Çıxış strategiyasının tərkib hissəsi
ola bilər.
Diplomatik korpusun
qarşısına qoyulan vəzifələr
arasında ikinci istiqamət Azərbaycan
şirkətlərinin xaricdəki fəaliyyətini
stimullaşdırmaqdır. İnkişaf etmiş ölkələr daim
öz şirkətlərinə başqa ölkələrdə yaxşı vəziyyətin
yaradılması üçün səylər
göstərirlər.
Azərbaycan iqtisadiyyatı artıq yeni səviyyəyə qalxmışdır. Əgər
müstəqilliyin ilk illərində
respublikamız xaricdən investisiyalar və
yardımlar hesabına iqtisadiyyatını dirçəltməyə
çalışırdısa, bu gün Azərbaycanda daxili
investisiyaların həcmi xarici
investisiyaları üstələyir, ölkə
iqtisadiyyatının bütün sahələrində
müasirləşmə kursu və ixrac təyinatı iqtisadi
inkişafa təkan verir,
Azərbaycanın dövlət və özəl sektor sərmayəsi xarici
ölkə bazarlarında mühüm mövqe qazanmaqdadır. Bu
gün Gürcüstanda,
Türkiyədə, Ukraynada, Rumıniyada
Azərbaycan şirkətləri ən fəal və
aparıcı iqtisadi subyektlərdir. Bir sözlə, Azərbaycan artıq resipiyent ölkədən donor
ölkəyə çevrilmişdir. Dünyada Azərbaycanın bu
imicini qəbul edir və
nəzərə alırlar. Xarici siyasətimizdə
də iqtisadi diplomatiya
mühüm rol
oynamalıdır.
Dövlət səviyyəsində
irəli sürülən müddəalar göstərir ki, üçüncü
istiqamət olaraq səfirliklərin
qeyri-hökumət təşkilatları və media
qurumları ilə daha fəal əlaqələr
qurmasıdır. Burada başlıca məqsəd
hazırda Azərbaycanın cəlb olunduğu
informasiya müharibəsində ölkəmizin
mövqelərinin gücləndirilməsidir. Bu
informasiya müharibəsini Azərbaycana
qarşı dünya erməniləri və
onların havadarları aparırlar. Azərbaycan
haqqında yanlış təəssürat oyatmaq,
beynəlxalq arenada ölkəmizin imicini korlamaq üçün erməni lobbisi
və dünya erməniliyi müxtəlif
vasitələrlə beynəlxalq qeyri-hökumət təşkilatları
və media qurumlarını ələ almağa çalışırlar və bəzən
buna nail də olurlar. Lakin
aparılan müşahidələr bu kampaniya və müşahidələr
arxasında nələrin dayandığını dərhal
görməyə imkan verir.
Misal üçün,
"Eurovision" mahnı müsabiqəsi
ərəfəsində Azərbaycana qarşı kampaniya əslində bir-biri
ilə əlaqəsi olan bir
qrupun, erməni lobbisinin
təşviqi ilə hərəkət edən yalançı
demokratiya tərəfdarlarının süni hay-küyü idi. Maraqlıdır ki, hər
ölkədə bu missiyanı fərqli adla həyata keçirsələr də,
kölgədə dayanan qüvvələr
eyni idi. Açıq Cəmiyyət İnstitutu,
Karnegi Korporasiyası, "Amnesty
International", "Human
Rights Watch", "Free Press", Beynəlxalq
Böhran Qrupu, "Freedom House", "Sərhədsiz
Reportyorlar" eyni mənbədən
maliyyələşən qüvvələrdir və bütün bu mətbuat
qarayaxmasında erməni lobbisinin izləri
var. Buna görə
də diplomatik korpus, media orqanları və qeyri-hökumət təşkilatları
vahid sistem olaraq informasiya mübarizəsində
səylərini birləşdirməlidir.
Beləliklə, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizin
diplomatik xidmət orqanları rəhbərlərinin
müşavirəsindəki dərin məzmunlu, proqram
xarakterli çıxışı ölkəmizin yeni dövr
xarici siyasətinin konseptual əsaslarını özündə
əks etdirir. Hadisələri qabaqlamağa yönəlmiş
bu yanaşma Azərbaycan diplomatiyasının
qarşısında yeni vəzifələr qoyur və beynəlxalq
arenada Azərbaycan üçün böyük perspektivlər
açmağa yönəlmişdir. İnkişafın növbəti
yüksəliş mərhələsində olan Azərbaycan
bu prinsiplərə söykənərək beynəlxalq birlikdə
mövqelərini möhkəmləndirmək, dünya erməniliyi
ilə informasiya mübarizəsində üstün mövqeyə
yiyələnmək, dünyada və regionda baş verən
hadisələrə çevik reaksiya vermək, qlobal proses və
tendensiyaları əvvəlcədən proqnozlaşdıraraq
qabaqlaya bilmək üçün uğurla addımlayır.
Azərbaycanın xarici siyasəti dünyanın gedişinə
özünün təsirini göstərə bilir.
Ərəstü
HƏBİBBƏYLİ,
Azərbaycan
Respublikası Prezidentinin
Administrasiyasının
Xarici əlaqələr şöbəsinin
Analitik
informasiya sektorunun müdiri,
iqtisad elmləri
üzrə fəlsəfə doktoru
Azərbaycan.-2012.-
11 oktyabr.- S.6.