Azərbaycanda yaşayan milli
azlıqlar və dini icmalar arasında qarşılıqlı hörmət və etimad
vardır
Azərbaycanda səfərdə olan
ATƏT-in fəaliyyətdə olan sədrinin
dözümlülüyün təbliği üzrə şəxsi
nümayəndələri xanım Ketrin MakGinnes, Endryu Beyker və
Adil Axmetov oktyabrın 9-da ədliyyə nazirinin müavini
Toğrul Musayevlə görüşmüşlər.
Ədliyyə
nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər
ki, ölkəmizdə yüksək tolerantlığın və
dözümlülüyün olduğunu qeyd edən nazir
müavini mədəniyyətlər və dinlərarası dialoqun
gücləndirilməsi baxımından bu günlərdə
Bakıda keçirilmiş II Beynəlxalq Humanitar Forumun əhəmiyyətini,
bu mötəbər tədbirin açılışında
dövlət başçısı İlham Əliyevin
müxtəlif dinlərin və xalqların nümayəndələrinin
vətəni olan Azərbaycanda əsrlər boyu heç bir
ayrı-seçkilik olmadan bir ailə kimi, sülh, əmin-amanlıq,
qarşılıqlı anlaşma şəraitində
yaşadıqları barədə söylədiklərini
xüsusi vurğulamış, milliyyətindən və dinindən
asılı olmayaraq, bütün vətəndaşların
hüquq və azadlıqlarının bərabərliyinə təminat
verən mütərəqqi
hüquqi bazanın və müvafiq təsisatların
mövcud olduğunu bildirmiş, bu sahədə həyata
keçirilən praktiki tədbirlərdən
danışmışdır.
Qonaqlar öz
missiyaları barədə məlumat verərək
bildirmişlər ki, səfərin məqsədi
ayrı-seçkiliyə yol verilməməsi, müxtəlif
dinlər arasında münasibətlər və s. məsələlərə
dair vəziyyəti öyrənməkdir. ATƏT-in nümayəndələri
ölkəmizdə olduqları zaman apardıqları
müşahidələrin Azərbaycanda millətlərin dinc
və sabitlik şəraitində yaşadıqlarını,
milli azlıqlar və dini icmalar arasında
qarşılıqlı hörmət və etimadın
olduğunu söyləməyə əsas verdiyini
vurğulamışlar.
Görüşdə
həmçinin BMT-nin İrqi ayrı-seçkiliyin ləğv
edilməsi üzrə Komitəsinə mütəmadi təqdim
olunan BMT-nin eyni adlı Konvensiyası üzrə ölkəmizin
dövri məruzələri, habelə insan
hüquqlarının etibarlı müdafiəsinə xidmət
edən müasir məhkəmə sistemi barədə məlumatlar
da qonaqların diqqətinə çatdırılmış,
məhkəmə, ədliyyə və digər
hüquq-mühafizə orqanlarında müxtəlif millətlərin
təmsil olunduğu qeyd edilmiş, maraq kəsb edən suallara
aydınlıq gətirilmişdir.
Tədbirdə ATƏT-in Demokratik Təsisatlar
və İnsan Hüquqları Bürosunun əməkdaşları
iştirak etmişlər. Qonaqlar nazirlikdə Ədliyyə
tarixi muzeyi ilə tanış olmuşlar.
Azərbaycan.-2012.-
11 oktyabr.- S.7.