Görkəmli şərqşünas
alim Aida
İmanquliyevanın zəngin
ədəbi irsi öyrənilir, tədqiq olunur
Oktyabrın
10-da Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət Komitəsi
(AQUPDK) Bakı Dövlət Universiteti ilə birlikdə
görkəmli şərqşünas alim Aida xanım
İmanquliyevanın anadan olmasının 73-cü
ildönümü ilə əlaqədar ərəb
filologiyası sahəsində məqalə müsabiqəsinin
yekunlarına həsr edilmiş tədbir keçirmişdir.
AzərTAc xəbər verir ki, tədbiri
giriş sözü ilə açan BDU-nun rektoru, akademik Abel Məhərrəmov
Aida İmanquliyevanın zəngin elmi fəaliyyətindən,
şərqşünaslığın inkişafındakı
müstəsna xidmətlərindən
danışmışdır.
Bildirmişdir ki, alimin əsərləri dünya şərqşünaslığı
xəzinəsinə daxil olan çox dəyərli
araşdırmalardır.
Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin sədri Hicran
Hüseynova 20 il bundan əvvəl
dünyasını dəyişmiş böyük alimin
keçdiyi 53 illik həyat yolundan, zəngin və dəyərli
elmi fəaliyyətindən bəhs etmişdir.
H.Hüseynova bildirmişdir ki, bu gün
Aida xanımın ədəbi irsi onun məktəbinin
davamçıları tərəfindən layiqincə tədqiq
olunur. Artıq bir neçə ildir ki, AQUPDK böyük alimin
doğum günü ərəfəsində ərəb
filologiyası sahəsində məqalə müsabiqəsi təşkil
edir. Builki müsabiqə də olduqca məhsuldar
keçmişdir. Aydındır ki, hər müsabiqə
yeni-yeni istedadlı mütəxəssisləri üzə
çıxarır. Tədbirimizin əsas məqsədi Aida
xanımın zəngin ədəbi irsinin dərindən
öyrənilməsi və qorunmasıdır. Aida xanım bir
alim kimi ömrünü elmi axtarışlara sərf etsə
də, onun həyatda əsas amalı gənc alimlərə
yol göstərmək, onlara dəstək olmaq idi. Bu gün
yeni şərqşünaslar nəsli yetişdikcə onun
qoyduğu ənənələr də davam edir, arzuları həyata
keçir.
Bakı Dövlət Universitetinin şərqşünaslıq
fakültəsinin dekanı Elxan Əzizov professor Aida
İmanquliyevanın özündən sonra Azərbaycan şərqşünaslığını
zənginləşdirən qiymətli elmi irs qoyduğunu
xatırlatmışdır. O demişdir ki, Aida İmanquliyeva
yeni və müasir ərəb ədəbiyyatının ən
nüfuzlu, ən fundamental tədqiqatçılarından biri
kimi şərqşünaslıq tarixinə əbədi daxil
olan azsaylı mütəxəssislərdəndir. Onun ərəb-məhcər
ədəbiyyatının görkəmli nümayəndələrinin
həyat və yaradıcılığına həsr etdiyi tədqiqatlar
öz orijinallığını, zənginliyini, nəzəri
dərinliyini, konseptuallığını daim qoruyub saxlayan,
buna görə də mütəxəssislərin
stolüstü kitablarına çevrilən əsərlərdir.
M.V.Lomonosov adına Moskva Dövlət
Universitetinin Bakı filialının rektoru, professor Nərgiz
Paşayeva Aida İmanquliyevanın elmi fəaliyyətindən
danışmışdır. N.Paşayeva bildirmişdir ki, ərəb
ədəbiyyatı sovetlər
dövründə heç də ənənəvi olmayan
mövzulardan biri idi. Çünki ərəb-məhcər ədəbiyyatı
sosializm-realizm prinsiplərindən uzaq və eyni zamanda, bir
çox mətləbləri açan böyük bir ədəbiyyat
idi. A.İmanquliyeva tərəfindən müvəffəqiyyətlə
işlənən bu mövzu
elmi dərəcəyə malik əsərlər ərsəyə
gətirə bilmişdir. Bu mənada Aida xanım uğurlu və
xoşbəxt alim sayıla bilər. Etiraf edək ki, Aida
xanımın boya-başa çatdığı mötəbər
ziyalı mühitinin təsiri onun ədəbi-elmi
yaradıcılıqla dərindən
məşğul olması üçün mənəvi
zəmin yaratmışdır. Aida xanım əhatəsində
olan hər bir insanın problemləri ilə maraqlanır, nəvaziş
və qayğısını əsirgəmirdi. Azərbaycan
Elmlər Akademiyasının Şərqşünaslıq
İnstitutunda kiçik elmi işçilikdən bu elm
ocağının direktoru vəzifəsinədək yüksələn
A.İmanquliyeva əməkdaşlara qarşı analıq
qayğısı göstərmiş, heç kəsə
biganə qalmamışdır.
N.Paşayeva qeyd etmişdir ki, müasir
tələbələr A.İmanquliyevanı görməsələr
də, onun yazdığı elmi kitabları, əsərləri
oxumaqla Azərbaycanın elm, mədəniyyət, təfəkkür
tarixində yeri olan belə əvəzsiz alim haqqında
geniş məlumat əldə edə biləcəklər. Gələcək
nəsillər, xüsusilə də şərqşünaslıq
elmi ilə məşğul olan hər bir tədqiqatçı
A.İmanquliyevanın zəngin elmi irsindən istifadə edəcək
və onun əsl alim kimi keçdiyi şərəfli
ömür yolunu yenidən öyrənəcəklər.
Professor Nərgiz Paşayeva bu cür
müsabiqənin keçirilməsinin gənc alimlərə müsbət
təsir göstərdiyini, Aida xanım İmanquliyevanın həyat
və fəaliyyətinin onlar üçün yaxşı
nümunə olduğunu bildirmişdir.
Tədbirdə görkəmli alimin həyatına həsr olunmuş film nümayiş
etdirilmişdir.
Sonda Aida İmanquliyevanın anadan
olmasının 73-cü
ildönümünə həsr edilmiş ərəb
filologiyası sahəsində məqalə müsabiqəsinin
qalibləri mükafatlandırılmışlar.
Azərbaycan.-2012.-
11 oktyabr.- S.9.