Görkəmli şərqşünas alim Aida İmanquliyevanın xatirəsi ehtiramla yad olunmuşdur

 

 Oktyabrın 10-u XX əsrdə Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri - şərqşünas alim, tərcüməçi, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın dünyaya göz açdığı gündür. 

Qədirbilən xalqımız hər il bu günü alimin xatirəsinə ehtiram və hörmət əlaməti olaraq silsilə tədbirlərlə qeyd edir.

AzərTAc xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)  akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun kollektivləri, respublikanın qadın ictimaiyyətinin nümayəndələri, Milli Məclisin deputatları, tanınmış elm xadimləri, ziyalılar  alimin doğum günündə İkinci Fəxri xiyabana gələrək onun xatirəsini dərin ehtiramla yad etmişlər.

Görkəmli şərqşünas alimin məzarı üzərinə əklillər və tər gül-çiçəklər düzülmüşdür.

Burada keçirilən mərasimdə AQUPDK-nın sədri Hicran Hüseynova şərqşünaslıq elminin inkişafında böyük xidmətləri olmuş alimin həm elmi, həm də ictimai fikir tariximizdəki rolundan, mənalı ömür yolundan və zəngin yaradıcılığından danışmışdır. Bildirmişdir ki, Aida xanım Azərbaycan şərqşünaslıq elminin korifeylərindən biri, yorulmaz tədqiqatçı, həssas, qayğıkeş, nəcib insan idi. Mühacir ərəb ədəbiyyatını dərindən tədqiq etməklə şərqşünaslıq elmində silinməz iz qoymuş Aida İmanquliyevanın tədqiqat əsərləri və tərcümələri ədəbiyyat və mədəniyyət xəzinəmizin əvəzolunmaz sərvəti, dünya şərqşünaslığı xəzinəsinə daxil olmuş çox dəyərli araşdırmalardır. İyirmidən artıq ölkəni təmsil edən yeni ərəb ədəbiyyatının ən ciddi tədqiqatçılarından biri olan A.İmanquliyeva tarixə ilk müsəlman qadın şərqşünas alim, ilk qadın ərəbşünas, ərəb mühacir ədəbiyyatının tədqiqatçısı, Azərbaycan ərəb ədəbiyyatşünasları məktəbinin yaradıcısı kimi düşmüşdür.

Bildirilmişdir ki, Aida İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakı şəhərində, ziyalı ailəsində anadan olmuş, 132 nömrəli orta məktəbi qızıl medalla bitirmişdir. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) şərqşünaslıq fakültəsini müvəffəqiyyətlə başa vuraraq 1966-cı ildə namizədlik, 1989-cu ildə doktorluq dissertasiyaları müdafiə etmişdir. O, ilk azərbaycanlı qadın şərqşünas elmlər doktoru idi. Aida xanım uzun illər Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun direktoru olmuşdur. O öz istedadı və əməksevərliyi sayəsində qısa müddətdə keçmiş Sovet İttifaqında yeni ərəb ədəbiyyatının ən tanınmış mütəxəssislərindən birinə çevrilmişdir.

AQUPDK-nın sədri bildirmişdir ki, komitənin "Ərəb filologiyası sahəsində tələbələrin və gənc alimlərin arasında ən yaxşı elmi-tədqiqat əsəri" mövzusunda artıq dördüncü dəfə keçirdiyi müsabiqə ölkəmizdə şərqşünaslıq elminin inkişafına əlavə təkan verəcəkdir. Bu il müsabiqənin münsiflər heyətinə xeyli təqdim edilmişdir. Onların arasından seçilmiş üç ən yaxşı işin müəllifi mükafatlandırılacaqdır. H.Hüseynova vurğulamışdır ki, belə bir müsabiqənin keçirilməsi qərarına gəlməyimiz Aida İmanquliyevanın xatirəsini onun adına və yerinə yetirdiyi şərəfli missiyaya layiq şəkildə qeyd etmək, bu gün də aktuallığını itirməyən zəngin ədəbi irsini qoruyub saxlamaq istəyindən yaranmışdır. Aida xanım o qədər qeyri-adi, təkrarsız şəxsiyyət olmuşdur ki, onun adı ilə bağlı hər hansı bir tədbir dərin məna və məzmunu ilə seçilməlidir.

 AMEA-nın  akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, professor Gövhər Baxşəliyeva vurğulamışdır ki, Aida İmanquliyeva nisbətən qısa ömür sürməsinə baxmayaraq, özündən sonra zəngin ədəbi irs qoyub getmiş, fundamental tədqiqatları ilə təkcə Azərbaycansovet şərqşünaslığını deyil, eyni zamanda, dünya şərqşünaslığını xeyli zənginləşdirmiş, inkişaf etdirmişdir. Onun ərəb məhcər ədəbiyyatının görkəmli nümayəndələrinin həyat və yaradıcılığına həsr etdiyi tədqiqatlar öz orijinallığını, zənginliyini, nəzəri dərinliyini, konseptuallığını daim qoruyub saxlayan, buna görə də mütəxəssislərin stolüstü kitablarına çevrilmiş əsərlərdir.

G.Baxşəliyeva qeyd etmişdir ki,  alimin bir çox xarici dillərə tərcümə olunmuş "Yeni ərəb ədəbiyyatı korifeyləri" kitabı onun çoxillik gərgin tədqiqatlarının yekunu, ərəb məhcər ədəbiyyatı barədə yazılmış ən sanballı tədqiqat əsəridir. Kitab ərəb dilinə tərcümə edildikdən sonra ərəb alimləri arasında da geniş maraq doğurmuş, görkəmli mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir.

Tədbirdə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili Elmira Süleymanova Aida İmanquliyevanın yüksək insani keyfiyyətlərindən, şərqşünaslıq elminin inkişafına verdiyi töhfələrdən danışmışdır.

Bildirilmişdir ki, Aida İmanquliyeva keçmiş Sovet İttifaqında və Azərbaycanda yeni ərəb ədəbiyyatı kursunun əsas yaradıcılarından biridir. Fədakar alim bu sahədə böyük əmək sərf etmiş, nəticədə belə bir çətin kursun yaradılmasına nail olmuşdur. Onun bu barədə yazdığı məqalələr, beynəlxalq konfranssimpoziumlarda etdiyi çıxışlar, uzun illər ərzində   Bakı Dövlət Universitetinin (BDU)  şərqşünaslıq fakültəsində oxuduğu yüksək səviyyəli mühazirələr yeni ərəb ədəbiyyatının çağdaş dövrdə daha dərindən öyrənilməsi üçün ən gözəl mənbələrdən, mötəbər elmi vəsaitlərdəndir. Professor Aida İmanquliyeva çox az adama nəsib olan elmi istedadı, təşkilatçılıq qabiliyyəti və pedaqoji fəaliyyəti özündə birləşdirən bir alim olmuşdur.

Tədbir BDU-da davam etdirilmişdir.

 

 

Azərbaycan.-2012.- 11 oktyabr.- S.9.