Dövlət İdarəçilik
Akademiyasında ABŞ-da fəaliyyət
göstərən Qarabağ Fondunun icraçı direktoru ilə
görüş olmuşdur
Oktyabrın
10-da Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasında (DİA)
İkinci Bakı Beynəlxalq Humanitar Forumunun
iştirakçısı, ABŞ-da fəaliyyət göstərən
Qarabağ Fondunun icraçı direktoru xanım Diana Altman
Kohen ilə görüş olmuşdur.
AzərTAc xəbər verir ki, professor və
müəllimlərin, tələbələrin iştirak
etdikləri görüşdə DİA-nın rektoru, akademik
Urxan Ələkbərov xalqımızın ümummilli lideri,
müstəqil dövlətimizin memarı və qurucusu Heydər
Əliyev siyasətinin əhəmiyyətindən
danışmış, ulu öndərin siyasi xəttinin Azərbaycan
Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata
keçirildiyini bildirmişdir.
Rektor müdrik şəxsiyyət Heydər
Əliyevin Azərbaycan, o cümlədən Qarabağ həqiqətlərinin
dünya ictimaiyyətinə çatdırılmasına daim
böyük önəm verdiyini xatırlatmışdır.
Azərbaycan Prezidenti İlham Əliyevin
apardığı siyasətin uğurlu nəticələrindən
bəhs edən akademik U.Ələkbərov ölkəmizin
dinamik inkişaf etdiyini, onun beynəlxalq aləmdə
nüfuzunun daha da artdığını söyləmişdir.
ABŞ-da fəaliyyət göstərən
Qarabağ Fondu barədə fikirlərini bölüşən
rektor bildirmişdir ki, bu təşkilat Azərbaycanı,
xüsusilə onun Qarabağ bölgəsini amerikalılara
tanıtmaq, xalqımızın mədəniyyətini və
incəsənətini həmin ölkədə təbliğ
etmək məqsədinə xidmət edir. Bunun
üçün qurum müxtəlif səmərəli tədbirlər,
layihələr həyata keçirir.
Görüşdən məmnun
qaldığını deyən ABŞ-da fəaliyyət
göstərən Qarabağ Fondunun icraçı direktoru
xanım Diana Altman Kohen Birləşmiş Ştatlar ilə Azərbaycan
əlaqələrinin və bu münasibətlərin
inkişafının əhəmiyyətindən
danışmışdır.
Qarabağ Fondu barədə məlumat
verən D.A.Kohen bildirmişdir ki, təşkilatın
missiyası ABŞ ilə Azərbaycan arasında mədəni
körpünün yaradılmasından ibarətdir.
Qonaq Qarabağ Fondunun Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin ədalətli
şəkildə həlli üçün daim
amerikalıların maarifləndirilməsi sahəsində səmərəli
tədbirlər reallaşdırdığını söyləmişdir.
Qeyd etmişdir ki, təşkilat fəaliyyətində Azərbaycanın,
o cümlədən Qarabağın mədəni irsini və
adət-ənənələrini təbliğ etməyə
xüsusi önəm verir və bu istiqamətdə müxtəlif
layihələr həyata keçirir.
Sonra D.A.Kohen sualları
cavablandırmışdır.
Digər çıxış edənlər
Qarabağ Fondunun fəaliyyətinin əhəmiyyətindən
danışmışlar.
Azərbaycan.-2012.-
11 oktyabr.- S.9.