«İdman» qəzetinin 80 illik yubileyi münasibətilə konfrans keçirilmişdir

 

 Oktyabrın 10-da "Hilton Bakı" mehmanxanasında "İdman ili" çərçivəsində "İdman" qəzetinin 80 illik yubileyi münasibətilə konfrans keçirilmişdir.

AzərTAc xəbər verir ki, konfransı açan gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışmış, idmançılarımızın beynəlxalq yarışlarda qazandığı nailiyyətlər barədə məlumat vermişidman jurnalistikasının ölkəmizdə inkişaf etdiyini vurğulamışdır.

Bildirmişdir ki, "İdman ili" çərçivəsində ölkəmizdə bir neçə mötəbər idman yarışları təşkil olunmuşdur. Yerli jurnalistlərlə yanaşı, əcnəbi KİV nümayəndələri də bu yarışları işıqlandırmışlar. Yerli media mənsublarının əcnəbi həmkarları ilə əməkdaşlıq etməsinin vacibliyini vurğulayan nazir müavini  Beynəlxalq İdman Jurnalistləri Assosiasiyası, Gənclər və İdman Nazirliyi və Azərbaycan Milli Olimpiya Komitəsinin ölkəmizdə təşkil etdiyi "Gənc jurnalistlər proqramı" layihəsini yüksək qiymətləndirmişdir.

"İdman" qəzetinin baş redaktoru Qabil Mehdiyev idman jurnalistikasının ölkəmizdə həmişə inkişafda olduğunu, qəzetin yubileyi münasibətilə elmi-praktik konfransların və seminarların təşkil olunacağını diqqətə çatdırmışdır.

Vurğulamışdır ki, inkişafla yanaşı, idman jurnalistikasında müəyyən problemlər də vardır. Bunlardan ən əsası yerli KİV nümayəndələrinin əcnəbi dil biliklərinin aşağı səviyyədə olmasıdır. Jurnalistikanın ən əsas vasitəsi ünsiyyətdir. Beynəlxalq idman yarışlarında olarkən müxbirin əcnəbi dil bilməsi mütləqdir.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov ölkəmizdə yazılı və elektron idman mətbuatı haqda məlumat vermişidman qəzetləri oxucularının sayının Azərbaycanın bölgələrində artdığını diqqətə çatdırmışdır.

Beynəlxalq İdman Jurnalistləri Assosiasiyasının Futbol Komitəsinin rəhbəri Keri Radnadge Azərbaycanın beynəlxalq idman yarışlarına yüksək səviyyədə ev sahibliyi etdiyini diqqətə çatdırmış və dövlətin idmana göstərdiyi qayğını yüksək qiymətləndirmişdir.

Bildirmişdir ki, Azərbaycanda keçirilən 23 günlük "Gənc jurnalistlər proqramı" layihəsinə Beynəlxalq İdman Jurnalistləri Assosiasiyasının 5 qitədən 19-25 yaşlar arasında gənc jurnalistlərdən seçdiyi 20 nəfər cəlb olunmuşdur. Xarici jurnalistlər Bakıda 17 yaşadək qızlar arasında futbol üzrə dünya çempionatının keçirildiyi 23 gün ərzində qarşılaşmaları birlikdə izləyir və hər biri öz ölkəsində təmsil etdiyi media qurumu üçün məqalələr hazırlayır. Onlar Bakıda Yerli Təşkilat Komitəsinin seçdiyi azərbaycanlı həmkarları ilə birgə çalışırlar.

Sonra əcnəbi jurnalistlərdən olan layihə iştirakçıları Azərbaycanda FİFA U-17 qadınlararası dünya çempionatının yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırmış, Azərbaycanı çox müasirinkişafda olan ölkə kimi qiymətləndirmiş, xalqımızın isə çox qonaqpərvər olduğunu diqqətə çatdırmışlar.

Daha sonra konfransda "İdman jurnalistikasında termin problemləri", "İdman mətbuatında dil üslubu" və "İdman mətbuatında kadr hazırlığının səviyyəsi" mövzusunda fikir mübadiləsi aparılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.-2012.- 11 oktyabr.- S.7.