Tərtər rayonunun
sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər
haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Son illərdə
Tərtər rayonunun sosial-iqtisadi həyatında köklü
dəyişikliklər baş vermiş, ümumi məhsul
buraxılışı 1,6 dəfə, sənaye məhsulunun
həcmi 1,4 dəfə artmış, bir sıra sosial yönümlü obyektlər,
istehsal müəssisələri tikilərək istifadəyə
verilmiş, mühüm infrastruktur layihələri yerinə
yetirilmiş, o cümlədən yeni yollar çəkilmiş,
əhalinin elektrik enerjisi və təbii qazla təminatı
yaxşılaşdırılmış, geniş
abadlıq-quruculuq işləri həyata keçirilmişdir.
Tərtər şəhərində
abadlıq-quruculuq işlərinin davam etdirilməsi, "Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda
rayon üzrə müəyyən olunmuş tədbirlərin
həyata keçirilməsinin sürətləndirilməsi məqsədi
ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara
alıram:
1. Tərtər rayonunun sosial-iqtisadi
inkişafının sürətləndirilməsi məqsədi
ilə Tərtər Rayon
İcra Hakimiyyətinə Azərbaycan Respublikasının
2012-ci il dövlət büdcəsində nəzərdə
tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan
2,0 (iki) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə
Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə
tutulan məbləğdə maliyyələşməni müəyyən
olunmuş qaydada təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
11 oktyabr 2012-ci il
Azərbaycan.-2012.-
12 oktyabr.- S. 1.