Azərbaycanın hakim partiyasının
2013-cü il president seçkisində namizədi İlham Əliyev olacaq
"Reallıq
ondan ibarətdir ki, Azərbaycan cəmiyyəti qarşıdan
gələn prezident seçkilərində özünün
namizədi kimi İlham Əliyevi görür". Bunu
"Trend"ə açıqlamasında hakim Yeni Azərbaycan
Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov
deyib.
"Partiyamız Azərbaycan
xalqının iradəsini ifadə edərək
qarşıdan gələn qurultayda YAP namizədi kimi Prezident
İlham Əliyevin namizədliyini irəli sürəcək.
Başqa bir fikir mahiyyət etibarilə mövcud ola bilməz.
Çünki İlham Əliyevin Azərbaycana rəhbərlik
etdiyi bu illər ərzində ölkəmiz çox sürətlə
inkişaf edib, iqtisadiyyatı yüksəlib, beynəlxalq aləmdə
öz mövqelərini əhəmiyyətli dərəcədə
gücləndirib, dünyada nüfuzlu bir dövlət kimi qəbul
olunur. Bu, həyatımızda baş verən keyfiyyət dəyişikliyi
kimi qiymətləndirilir", - deyə Əli Əhmədov
bildirib.
YAP rəsmisi deyib ki, Azərbaycanın
müasirləşməsinə yönələn bütün
dəyişikliklər Prezident İlham Əliyevin ölkəmizə
rəhbərlik etdiyi illər ərzində gerçəkləşib:
"Ona görə də Azərbaycan vətəndaşları
bu sürətli inkişaf tempini saxlamağın həlledici
şərtinin növbəti beş ildə İlham Əliyevin
prezident seçilməsindən ibarət olduğunu
görür. Növbəti beş ildə İlham Əliyevin
Azərbaycanın Prezidenti seçilməsi bizim
insanlarımızın gələcəklə bağlı
ümidləri ilə üst-üstə düşür. Azərbaycan
ictimaiyyəti hesab edir ki, cənab İlham Əliyev növbəti
beş ildə də Azərbaycan Prezidenti olsa,
bütövlükdə ölkənin iqtisadiyyatı
inkişaf edəcək, insanların rifahı daha da
yaxşılaşacaq".
YAP-ın 2013-cü il prezident
seçkisi zamanı aparacağı seçki kampaniyasına
toxunan Əli Əhmədov bildirib ki, hakim partiya hər
seçki kampaniyası çərçivəsində həmin
seçkidə qələbə qazanmağı təmin edən
texnologiyalardan istifadə edir və 2013-cü ilin seçkiləri
də istisna olmayacaq: "Hələ seçkilərin
keçirilməsinə bir il qalır və o vaxta qədər
ictimai-siyasi həyatımızı daha dərindən təhlil
edərək seçəcəyimiz siyasi fəaliyyət
texnologiyalarını və strategiyalarını müəyyənləşdirəcəyik.
Həyat dəyişib, siyasi prosesləri idarə etməklə
bağlı yeni texnologiyalar yaranıb və bu da siyasi
partiyanın siyasi kampaniyalar həyata keçirməsinin forma
və metodlarını əhəmiyyətli dərəcədə
təkmilləşdirib. YAP da bu prosesdən kənarda deyil, biz
həmişə yenilikçi olmağa
çalışmışıq, bu istəyimizi və məsələlərə
yanaşmada öz mövqeyimizi saxlayırıq. Sizi əmin
etmək istəyirəm ki, belə yeniliklərin şahidi
olacaqsınız".
Azərbaycan.-2012.-
12 oktyabr.- S. 1.