Dözümlülüyün Azərbaycan modelinin təcrübəsi bir çox ölkələrdə təbliğ olunmalıdır

 

 Dünən Milli Məclis Sədrinin müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova və nümayəndə heyətinin digər üzvləri ilə Azərbaycanda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədrinin dözümlülüyün təbliği üzrə şəxsi nümayəndələri Adil Axmetov, Endryu Beyker və xanım Ketrin Makginnes arasında görüş keçirildi.

Azərbaycanda dözümlülüyün yüksək səviyyədə olduğunu qeyd edən B.Muradova bildirdi ki, bu günlərdə ATƏT PA-nın Tiranada keçirilən payız sessiyasında multikulturalizm, dini dözümlülük, mədəniyyətlər və dinlərarası dialoqun gücləndirilməsi və s. vacib məsələlər müzakirə olunub. Azərbaycan nümayəndə heyəti ATƏT dəyərlərinin müzakirəsində və dünyada yayılmasında fəal iştirak edir. Bu isə Azərbaycanla ATƏT arasındakı əməkdaşlığın bariz nümunəsidir.

Bahar Muradova eyni zamanda diqqətə çatdırdı ki, Bakıda keçirilən humanitar forumda iştirak edən beynəlxalq təşkilatların nümayəndələri, siyasətçilər Azərbaycandakı dözümlülüyü, bütün dini təriqətlərin, icmaların nümayəndələrinə yaradılmış şəraiti yüksək qiymətləndirirlər. Azərbaycandakı müxtəlif dinlərin və xalqların nümayəndələri əsrlər boyu heç bir ayrı-seçkilik olmadan bir ailə kimi, sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma şəraitində yaşamış və bu gün də yaşayırlar. Əhalisinin 95 faizini müsəlmanlar, 4 faizini xristianlar və qalan hissəsini digər dinlərin nümayəndələrinin təşkil etdiyi Azərbaycanda milliyyətindən və dinindən asılı olmayaraq bütün vətəndaşların hüquq və azadlıqlarının bərabərliyinə təminat verən mütərəqqi hüquqi baza və müvafiq təsisatlar var. Azərbaycan parlamenti bu mühüm ənənənin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi üçün çalışır.

B.Muradova vurğuladı ki, Azərbaycanda heç zaman dini zəmində münaqişə olmayıb: "Əfsuslar olsun ki, bu gün bəzi dairələr və siyasətçilər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dini don geydirmək istəyirlər. Əslində isə bu, dini, etnik münaqişə deyildir. Bu münaqişə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası əsasında başlayıb və tarixən də belə olub".

Görüşdə iştirak edən Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, rus icmasının sədri, xristian dininin nümayəndəsi Mixail Zabelin, yəhudi xalqının nümayəndəsi Yevda Abramov, ləzgilər adından Azər Badamov çıxış edərək Azərbaycanda ayrı-ayrı xalqlara, dini icmalara yaradılan yüksək şərait barədə qonaqlara ətraflı məlumat verdilər. Qeyd olundu ki, dünyanın heç bir ölkəsində dini icmalar üçün dövlət tərəfindən məscid, kilsə, sinaqoq və s. ibadətgah tikilmədiyi halda Azərbaycanda dövlət vəsaiti hesabına Avropa yəhudiləri və dağ yəhudiləri üçün sinaqoqlar tilkilib istifadəyə verilib, kilsə bərpa olunub və yenidən qurulub.

ATƏT sədrinin şəxsi nümayəndəsi Adil Axmetov missiyaları barədə məlumat verərək bildirdi ki, səfərin məqsədi ayrı-seçkiliyə yol verilməməsi, müxtəlif dinlər arasında münasibətlər və s. məsələlərə dair vəziyyəti öyrənməkdir. Nümayəndə heyəti Bakıdan Ermənistana gedəcək və səfərin yekunlarına dair hazırlayacağı hesabatı ATƏT-in Daimi Şurasına təqdim edəcəkdir.

ATƏT-in nümayəndələri Endryu Beyker və Ketrin Makginnes ölkəmizdə olduqları zaman apardıqları müşahidələrin, keçirdikləri görüşlərin Azərbaycanda millətlərin dinc və sabitlik şəraitində yaşadıqlarını, milli azlıqlar və dini icmalar arasında qarşılıqlı hörmət və etimadın olduğunu söyləməyə əsas verdiyini vurğuladılar.

Qonaqlar Azərbaycanda dövlət orqanlarında müxtəlif millətlərin təmsil olunduğunu yüksək qiymətləndirdilər. Qeyd olundu ki, dözümlülüyün Azərbaycan modeli dünya ölkələri üçün nümunədir və bu təcrübə hər yerdə təbliğ olunmalıdır.

 

 

 Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.-2012.- 12 oktyabr.- S. 2.