Sosial problemlərin həlli
dövlət üçün böyük önəm kəsb edir
Nazirlər
Kabinetinin doqquz ayın yekunlarına həsr olunmuş iclasında
infrastruktur layihələrinin bu məqsədə xidmət etdiyi
vurğulanıb
Bu ilin əvvəlindən
bəri qazanılan nailiyyətlər Azərbaycan
iqtisadiyyatının uğurlu inkişafının davam
etdiyini aydın göstərir. Prezident İlham Əliyev Nazirlər
Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi
yekunlarına həsr olunmuş iclasında bu barədə belə
demişdir: "Bütün makroiqtisadi göstəricilərimiz
yüksək səviyyədədir, iqtisadiyyatımız doqquz
ayda 1,1 faiz artmışdır. Ancaq qeyri-neft
iqtisadiyyatımız 10,3 faiz artmışdır. Son aylar və
illər ərzində bu, ən vacib göstəricidir.
Çünki məqsədimiz məhz ondan ibarətdir ki,
ölkə iqtisadiyyatı çoxşaxəli şəkildə
inkişaf etsin. Əlbəttə, qeyri-neft
iqtisadiyyatının inkişafı imkan verəcəkdir ki, gələcəkdə
Azərbaycan neft-qaz amilindən
asılılığını böyük dərəcədə
aşağı endirə bilsin".
Qarşıda duran bu prioritet vəzifənin
yerinə yetirilməsində bölgələrin fəal
iştirakı ürəkaçandır. Ölkənin, demək
olar ki, bütün rayonlarında tikinti, quruculuq, abadlıq
işləri geniş vüsət alıb. İnfrastruktur layihələri
müvəffəqiyyətlə icra olunur. Yeni iş yerləri
açılır. İlin əvvəlindən 73 mini daimi
olmaqla 94 min yeni iş yeri yaradılıb. 2004-cü ildən bəri
açılmış iş yerlərinin sayı isə 1
milyon 100 mindir. Onların 800 mini daimidir.
Tikinti-quruculuq işləri həm
ölkənin paytaxtını, həm də bölgələrini
əhatə edib. Sosial infrastruktur getdikcə yeniləşir və
böyüyür. Bu il də onlarca məktəb binası və
məktəblərdə əlavə korpuslar tikilib. Bir
çox məktəblər təmir olunub. Məqsəd odur
ki, istər kənddə, istərsə də şəhərdə
bir dənə də təmirsiz, yaxud qəzalı vəziyyətdə
olan məktəb qalmasın. Bu istiqamətdə işlər
davam etdirilir.
Dövlət başçısı infrastruktur
layihələri sırasında qazlaşdırmaya, kənd
yollarının vəziyyətinə, içməli su məsələsinə
xüsusi önəm verir. Elektrik çəkilişi də
prioritet hesab edilir. Sözügedən tədbirdə Prezident
İlham Əliyev bu sahədə böyük güclər
yaradıldığını, elektrik stansiyalarının
tikildiyini qeyd etməklə yanaşı, paylayıcı xətlərin
hələ lazımi səviyyədə
olmadığını deyib. Xüsusilə, bölgələrdə
paylayıcı xətlərə diqqətlə yanaşmaq
lazımdır. Hətta hökumətə
tapşırılmışdır ki, investisiya proqramında
bölgələrin paylayıcı xətlərinin bərpası
və yenidən qurulması ayrıca maddə ilə öz əksini
tapsın.
Ümumiyyətlə, Azərbaycanda həyata
keçirilən bütün infrastruktur layihələri
insanların rahatlığına, məişətinin, sosial vəziyyətinin,
yaşayışının daha da
yaxşılaşdırılmasına xidmət edir. İstər
təbii fəlakətlərdən zərər çəkən
vətəndaşlar olsun, istər məcburi
köçkünlər, istərsə də ölkənin
balaca sakinləri - uşaq bağçalarında tərbiyə
alan oğlan və qızlar.
İndi paytaxtdakı bütün
uşaq bağçaları təmir edilir. Çünki bu
sahədə mövcud olan imkanlar tələbatın yalnız
kiçik bir hissəsini ödəyir. Həmin
bağçalar hələ sovet dönəmində tikilib.
Ölkədə əhalinin sayı isə ildən-ilə
artır və paralel olaraq uşaq bağçalarına tələbat
da çoxalır. Lakin unutmaq olmaz ki, valideynlər
balalarını ancaq yaxşı bağçaya vermək istəyirlər.
Ona görə də dövlət bu məsələyə
önəm verərək geniş ərazilərdə gözəl,
rahat, hər cür şəraiti olan bağçaların
tikintisinə başlayıb. Gələn ilin investisiya
proqramında bu məsələyə də baxılması nəzərdə
tutulur.
Lakin bəzən elə də olur ki, həyat
ortaya əvvəlcədən planlaşdırılmayan məsələlər
atır. Son illərdə Azərbaycanda baş verən təbii
fəlakətlər buna aydın misaldır. İki il əvvəl
ölkənin bir sıra rayonlarında daşqınlar
olmuşdu. Bu il isə zəlzələ baş verdi. Zəlzələ
bölgəsində qısa müddətdə məktəblər
tikildi. Evlərin inşası və bərpası yenə də
davam edir. Bu məqsədlə Prezidentin Ehtiyat Fondundan və
dövlət büdcəsindən kifayət qədər vəsait
ayrılıb.
Artıq beş ildir "çadır
şəhərciyi" anlayışı yaddaşlardan silinsə
də, məcburi köçkünlərin yaşayış
şəraitinin yaxşılaşdırılması istiqamətində
işlər davam edir. Təkcə bu il həmin məqsədlə
Neft Fondundan 300 milyon manat ayrılması nəzərdə
tutulub ki, bu da rekord miqdarda vəsait deməkdir. İndi bu vəsaitə
yeni qəsəbələr inşa edilir. Elə gələn
il də bu məqsəd üçün eyni məbləğin
ayrılması nəzərdə tutulub. Bu isə
yurd-yuvalarından didərgin salınmış vətəndaşların
vəziyyətinin dövlət tərəfindən bir an belə
unudulmadığını göstərən faktdır.
Bu il kənd yollarının
yaxşılaşdırılmasına da rekord miqdarda vəsait
qoyulub. Bu barədə ölkə başçısı
demişdir: "Bu il kənd yollarına müasir Azərbaycan
tarixində ən böyük vəsait qoyulmuşdur. Hər
bir bölgədə kənd yolları tikilir və onlarca kənd,
şəhərlər, rayon mərkəzləri bir-biri ilə
birləşir. Bunun çox böyük mənası
vardır. Bu, həm sosial məsələdir, biz bunu
insanların rahatlığı üçün edirik. Eyni
zamanda, bu, iqtisadi məsələdir. Çünki bir
neçə bölgədə mənə müraciət
olunarkən qeyd edilirdi ki, əgər kənd yolu çəkilərsə,
o zaman bu bölgənin turizm imkanları
açılacaqdır. Çünki turizmin inkişafı
üçün kənd yolları əsas şərtdir. Nəzərə
almalıyıq ki, bizdə turizm yerləri dağlıq ərazilərdədir,
bəzi hallarda o gözəl mənzərəli yerlərə
çatmaq üçün insanların imkanı olmur. Ona
görə biz bu məsələyə fərdi qaydada
baxırıq".
Bu ilin 9 ayı ərzində eyni zamanda 362,8
kilometr, o cümlədən 77,5 kilometr respublika və 285,3
kilometr yerli əhəmiyyətli yol təmir olunub. Avtomobil
yollarında 11 körpü salınıb. Daxili sərmayələr
hesabına Bakı-Ələt yolunun bir hissəsinin tikintisi həyata
keçirilib. Gəndob-Rusiya Federasiyası ilə dövlət
sərhədi yeni avtomobil yolu salınıb, Qəbələ-Ağdaş,
Ağstafa-Poylu-Gürcüstan sərhədi avtomobil yolları
yenidən qurulub. Ələt-Hacıqabul, Qəbələ-Oğuz,
Goran-Naftalan və bir sıra digər istiqamətlərdə
avtomobil yolları əsaslı bərpa edilib. Beynəlxalq
kreditlər hesabına Yenikənd-Salyan, Salyan-Şorsulu,
Kür çayı üzərində körpu keçidinin
tikintisi, bir sıra avtomobil yollarının yenidən
qurulması, bəzilərinin isə genişləndirilməsi
işləri davam edir.
Dəmir yollarının bərpası
üzrə də işlər gedir. Ölkə Prezidenti bunun
çox vacib bir iş olduğunu vurğulayaraq demişdir:
"Biz sürətli dəmir yollarının fəaliyyətinə
nail olmalıyıq. Yeni dəmir yolu xətləri o məqsədlə
tikilir ki, qatarlar yüksək sürətlə hərəkət
edə bilsin. Nəzərə alsaq ki, Azərbaycan yaxın
zamanlarda nəqliyyat sahəsində böyük tranzit ölkəsinə
çevriləcəkdir, Bakı-Tbilisi-Qars dəmir yolunun
tikintisi yekunlaşmaq üzrədir, Azərbaycanın dəmir
yolları da yüksək dünya standartlarına cavab verməlidir".
Ölkədə digər infrastruktur
layihələri də həyata keçirilir. Hamısı da
bir məqsədə yönəldilib. Onlar insanların
rahatlığının, yaşayışının daha da
yaxşılaşdırılmasının dövlət
üçün böyük önəm
daşıdığını təsdiqləyir.
Flora SADIQLI
Azərbaycan.-2012.-
12 oktyabr.- S. 2.