Modernləşmə estafeti neftdən İKT sektoruna keçir

 

"Mən növbəti illərdə prioritetlər arasında, ilk növbədə informasiya-kommunikasiya texnologiyalarını görürəm".

 

 İlham ƏLİYEV

 

 

 Dünya iqtisadiyyatının sürətlə qloballaşdığı və transmilli səciyyə daşıdığı hazırkı dövrdə informasiya və kommunikasiya texnologiyaları, mütərəqqi yenilikləri özündə ehtiva edən çoxşaxəli innovasiya sistemləri hər bir dövlətin ümumi inkişaf səviyyəsindən, potensialından xəbər verən, sosial-iqtisadi, mədəni-intellektual yüksəlişi təmin edən vacib meyarlardan birinə çevrilmişdir. İqtisadi tərəqqi, demokratikləşmə və insan hüquqlarının etibarlı təminatı baxımından özünün yüksək inkişaf mərhələsinə çatmış dövlətlərin bu nailiyyətləri, eyni zamanda, informasiya iqtisadiyyatına əsaslanan mütərəqqi biliklər nəticəsində əldə etdiyi danılmaz həqiqətdir. Təcrübə göstərir ki, iqtisadi inkişaf strategiyasını elmi-texniki əsaslar üzərində qurmaqla, innovasiya inkişafını dövlət quruculuğu prosesinin mühüm təminatı sayan, hər zaman proqressiv ənənələrə istinad edən dövlətlər milli tərəqqiyə nail olur, dünya arenasında özünəlayiq yer tuturlar.

 

İKT sahəsində ilk fundamental sənəd

 

 Avropanın böyük ictimai-siyasi xadimlərindən sayılan Uinston Çörçil demişdir ki, yalnız ağıllı insanların cəmiyyəti güclü dövlətin yaranmasını təmin edə bilər. Müasir dövrdə hər bir xalqın, dövlətin gələcək taleyini təkcə onun malik olduğu zəngin təbii sərvətlər deyil, həm də elmi-mədəni və intellektual potensialı, bütün bunların da fövqündə dayanan insan kapitalı müəyyənləşdirir. Əsasən elm və təhsilin səviyyəsinin yüksəldilməsi yolu ilə gerçəkləşdirilən bu əvəzsiz kapital hazırkı mərhələdə fərd və ictimai toplumların, geniş mənada, xalqların gələcək inkişafının, yaşayış səviyyəsinin, habelə qazandığı nailiyyətlərin mühüm rəhni kimi çıxış edir. Müstəqil Azərbaycan dövləti də qloballaşan dünyanın bərabərhüquqlu subyekti kimi, öz inkişafını, sadəcə, təbii sərvətlərin gətirdiyi dividendlərə bağlamır və mövcud resurslarını sırf insan amilinin prioritetə çevrilməsi yönümündə qurur.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev respublikaya rəhbərliyinin hər iki mərhələsində cəmiyyətin bütün sferalarında inkişafın məhz elmi əsaslara söykənməsinə çalışmış, sənayenin ayrı-ayrı sahələrində elmi-texniki tərəqqinin ən son nailiyyətlərindən istifadə olunması, intellektual resursların artırılması vacibliyini önə çəkmişdir. Ulu öndər bu sahənin ardıcıl və sistemli surətdə inkişafına xüsusi diqqət yetirmiş, ötən müddətdə rabitə və informasiya texnologiyalarının fəaliyyəti üçün zəruri hüquqi-normativ baza formalaşdırılmış, maddi-texniki təminat müasir tələblərə uyğunlaşdırılmışdır. Böyük öndərin 2003-cü il 17 fevral tarixdə təsdiq etdiyi "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)" Azərbaycanda bu istiqamətdə dövlətin siyasəti, məqsəd və vəzifələri, prioritetləri və fəaliyyət istiqamətlərini müəyyən edən əsas sənəd olmuşdur. Bununla, ölkəmiz 2000-ci ildə BMT-nin keçirdiyi Minilliyin Sammitinin qərarına müvafiq olaraq İKT sahəsi üzrə Milli Strategiya qəbul etmiş ilk ölkələr sırasında qərarlaşmış, Cənubi Qafqazda isə birinci olmuşdur. Bu sənəd Azərbaycan dövlətinin İKT sahəsinə diqqətini cəmiyyətə və bütün dünyaya bəyan etmişdir. İlk dəfə olaraq bu sənəddə dövlətin innovasiya inkişafında elmin rolu önə çəkilmiş, elmtutumlu yeni texnologiyaların inkişafı, biliklər iqtisadiyyatının formalaşdırılması zərurəti önə çəkilmişdir.

 

 Zamanın aktual çağırışları

 

 Azərbaycanın bütün strateji sahələr üzrə inkişaf təmayüllərini ilk gündən düzgün müəyyənləşdirərək respublikanın ötən 9 ildə həlledici uğurlar qazanmasını təmin etmiş Prezident İlham Əliyev İKT-nin cəmiyyət və dövlət üçün müstəsna əhəmiyyətli sahə olduğunu bəyan etmişdir. Dövlət başçısının müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf strategiyasının mahiyyətində dayanıqlı və sabit inkişaf edən iqtisadi sistemin formalaşdırılması məqsədi dayanır. Neftdən əldə olunan vəsaitlərin böyük qisminin insan kapitalına yönəldilməsi istiqamətində yürüdülən məqsədyönlü siyasət inkişaf etmiş bir sıra dövlətlərin təcrübəsində özünü tam doğrultmuşdur. Uzaq Şərqin zəngin təbii sərvətləri olmayan bir sıra dövlətlərinin, konkret desək, Yaponiyanın, Cənubi Koreyanın, Malayziyanın və s. timsalında demək olar ki, informasiya-kommunikasiya sektoru, o cümlədən nanotexnologiyalar davamlı sosial-iqtisadi, mədəni-intellektual yüksəlişin əsas təminatı qismində çıxış edir. İntellektual potensial əhəmiyyətinə və gətirdiyi dividendlərə görə bu gün hətta zəngin təbii sərvətləri də üstələyir. Məsələn, hazırda ABŞ-ın "Apple" və Finlandiyanın "Nokia" şirkətlərinin əldə etdiyi gəlirlər müsəlman dövlətlərinin qeyri-neft sektorundan əldə etdiyi gəlirlərdən çoxdur.

Müasir dünyada rəqabətə tab gətirmək üçün, ilk növbədə, innovativ biliklərə, informasiya texnologiyalarına, innovasiya iqtisadiyyatına arxalanmaq lazımdır. Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev "Azərbaycan 2003-2008: reallığa çevrilən qeyri-adi zaman" əsərində haqlı olaraq yazır ki, XXI əsrdə bəşəriyyəti ağuşuna almış qloballaşma dalğası xüsusən də, müstəqilliyini yenicə qazanmış dövlətlər qarşısında zamanla ayaqlaşmaq, onun tələblərinə uyğun siyasət yeritmək, müasir dünya siyasətinin reallıqlarını düzgün dəyərləndirmək kimi mühüm vəzifələr müəyyənləşdirmişdir. Tanınmış akademik amerikalı nəzəriyyəçi filosof T.Fridmanın bu fikrini də bölüşür ki, əgər ötən əsrdə böyük dövlətlər kiçikləri udurdularsa, XXI əsrdə "sürətli" dövlətlər "ləng", "astagəl" dövlətləri "həzm edəcəklər". Bəşər cəmiyyəti sosiomədəni inkişafının elə bir mərhələsinə çatmışdır ki, hər bir dövlətin gücü və qüdrəti onun informativ yeniliklərə, informasiya texnologiyalarına nə dərəcə yiyələnməsi, informasiya resurslarına nəzarət imkanlarının səviyyəsi ilə ölçülür. İnformasiya cəmiyyətinin tələbatına uyğun olaraq İKT iqtisadiyyatını formalaşdıran dövlətlər yeni dünya nizamının formalaşmasında əsas söz sahibi kimi çıxış edirlər.

Bu reallıqları nəzərə alan Prezident İlham Əliyev hələ 24 noyabr 2003-cü il tarixli "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" fərmanında, habelə 11 fevral 2004-cü il tarixli "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda bir sıra sahələrlə yanaşı, informasiya-kommunikasiya texnologiyalarının inkişafına da xüsusi diqqət ayırmışdır. Bu sənədlərdə önə çəkilən başlıca məqsədlərdən biri də məhz Azərbaycanda XXI əsrin tələblərinə cavab verə bilən müasir informasiya infrastrukturunun, habelə milli iqtisadiyyatda prioritet yer tutan informasiya və kommunikasiya məhsulları sektorunun yaradılması olmuşdur.

Təsadüfi deyildir ki, cənab İlham Əliyev prezident seçildikdən sonra ilk xarici səfərinə BMT-nin mandatı altında 2003-cü ilin dekabr ayında Cenevrədə təşkil edilmiş İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitində iştirakla başlamışdır. Azərbaycan Prezidenti həmin sammitdə bəyan etmişdir ki, XXI əsrdə informasiya və kommunikasiya texnologiyalarının inkişafı Azərbaycanın sosial-iqtisadi inkişafında prioritet sahələrdən biri kimi nəzərdən keçirilir. Cənab İlham Əliyevin həmin sammitdə qeyd etdiyi kimi, ölkəmizin Cənubi Qafqaz bölgəsində bu sahədə liderlik etməsi real zəminə əsaslanır. Azərbaycan neftdən əldə etdiyi gəlirlərin qeyri-neft sektoruna, o cümlədən yüksək texnologiyaların, informasiya və kommunikasiya texnologiyalarının tətbiqinə yönəltməyi davamlı və tarazlı inkişaf baxımından son dərəcə vacib sayır. Ölkə başçısının "Qara qızıl"ı insan qızılına, intellektual potensiala çevirək" tezisi Azərbaycan cəmiyyətində İKT-nin inkişafını stimullaşdıran başlıca amilə çevrilmişdir.

Prezident İlham Əliyevin 2004-cü il 20 fevral tarixdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yaradılması barədə fərman imzalaması, habelə bu sahədə peşəkar mütəxəssis, akademik Əli Abbasovu nazir vəzifəsinə təyin etməsi ölkədə İKT sektorunun dinamik inkişafında keyfiyyətcə yeni mərhələnin əsasını qoymuşdur. Əli Abbasovun təşəbbüsü ilə 2005-cü il noyabrın 16-18-də İnformasiya Cəmiyyəti üzrə Tunisdə keçirilmiş sammitin təşkilat komitəsinin üzvü və sponsorlarından biri də məhz respublikamız olmuşdur. Həmin sammitdə respublikamız XXI əsrin yeni çağırışı kimi "İnformasiya-kommunikasiya texnologiyalarının cəmiyyətin demokratikləşməsində və insan hüquqlarının qorunmasında rolu" prioritet tezis kimi önə çəkmişdir.

 

 İKT-nin inkişafını təmin edən mükəmməl qanunvericilik

 

 Ötən illərdə İKT sektorunun sürətlə inkişaf edərək ümumi daxili məhsulda xüsusi çəkiyə malik olması, ilk növbədə, bu sahədə mükəmməl qanunvericilik bazasının yaradılması ilə şərtlənmişdir. Bu məqsədlə ötən illərdə "Elektron imza və elektron sənəd haqqında", "Elektron ticarət haqqında", "Telekommunikasiya haqqında", "Poçt haqqında", "İnformasiya əldə etmək haqqında", "Biometrik informasiya haqqında", "Fərdi məlumatlar haqqında" və s. Azərbaycan Respublikasının qanunları qəbul olunmuş, habelə İKT-nin sürətli inkişafı ilə bağlı mühüm fərman və sərəncamlar imzalanmışdır.

Prezident İlham Əliyevin 22 oktyabr 2005-ci il tarixli fərmanı ilə "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı"nın (Elektron Azərbaycan) imzalanması rabitə və informasiya texnologiyalarını hökumətin fəaliyyətində geniş tətbiqinə imkan yaradan təkmil konsepsiya olmuşdur. Belə bir dövlət proqramının imzalanması, şübhəsiz, ölkənin ümumi sosial-iqtisadi inkişaf tepmi ilə şərtlənmişdir. Bütün sahələrdə inkişaf edən Azərbaycanda idarəetmənin müasir texnologiyalar əsasında qurulması, ilk növbədə, zamanın tələbindən irəli gəlmiş, "rəqəmsal uçurum"un, yəni, informasiya uçurumu təhlükəsinin aradan qaldırılmasına xidmət etmişdir.

Bu sahədə islahatların davam etdirilməsi məqsədilə ölkə başçısının sərəncamı ilə Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan) təsdiq edilmişdir. Hazırda bu proqramla yanaşı, İKT-nin müxtəlif sahələrdə geniş tətbiqini nəzərdə tutan 20-yədək dövlət proqramı uğurla icra olunur. Bu proqramların qəbulunda başlıca məqsəd ölkənin informasiya cəmiyyətinə keçidini, İKT-nin geniş tətbiqini təmin etmək yolu ilə informasiya və biliklərə əsaslanan, rəqabətədavamlı iqtisadiyyatın qurulması, dövlət idarəetmə mexanizmlərinin səmərəliliyinin artırılması, qərarların qəbulu prosesində vətəndaşların, sosial institutların iştirakı imkanlarının genişləndirilməsi, cəmiyyətin informasiya məhsulu və xidmətlərinə olan tələbatının dolğun ödənilməsidir.

"İqtisadi inkişaf sürətinə görə Azərbaycan qabaqcıl ölkələr sırasındadır. Biz bu maddi dəyərləri, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik. Çünki insanın savadı, biliyi onun gələcək həyatını müəyyən edir, ölkənin hərtərəfli inkişafına xidmət edir və beləliklə, ölkənin intellektual potensialı da möhkəmlənir. Bu gün vaxt gəlibdir ki, biz məhz bu sahəyə sərmayələr qoyaq" - deyən Prezident İlham Əliyevin məktəblərin kompyuterləşdirilməsi, gənclərin virtual dünyaya çıxışının təmini, informasiya texnologiyaları ilə işləmək vərdişlərinə yiyələnməsi istiqamətində həyata keçirdiyi məqsədyönlü addımlar də xüsusi qeyd olunmalıdır. 2004-cü il 21 avqust tarixdə "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramının (2005-2007-ci illlər) təsdiq edilməsi haqqında" fərman imzalayan dövlət başçısı gənclərin müasir biliklərə və informasiya texnologiyalarını dərindən mənimsəməsinə yaxşı zəmin yaratmışdır. Bu proqramın 2005-2007-ci illərdə uğurla həyata keçirilməsinin nəticəsidir ki, orta ümumtəhsil məktəblərinin V-XI siniflərində hər 20 şagirdə 1 kompyuter düşür. Halbuki 2004-cü ildə bu göstərici hər 1062 nəfərə cəmi 1 kompyuter idi.

2008-ci il iyunun 10-da təsdiq edilmiş "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" Azərbaycan Respublikasında müasir informasiya və kommunikasiya texnologiyalarının geniş tətbiqi yolu ilə vahid ümummilli təhsil mühitinin yaradılması və əhalinin bütün təbəqələri üçün keyfiyyətli təhsil almaq imkanlarının təmin edilməsi məqsədinə xidmət etmişdir.

Prezident İlham Əliyevin 2012-ci il 15 mart tarixli "Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun yaradılması haqqında" sərəncamı informasiya-kommunikasiya texnologiyaları sektorunda fəaliyyətin stimullaşdırılmasına, bu sahədə innovasiyaların tətbiqinin, habelə tətbiqi elmi-tədqiqat işlərinin genişləndirilməsinə xidmət etmişdir. Fərmanla informasiya texnologiyaları sahəsində istehsal yönümlü fəaliyyətin dəstəklənməsi, bu sahəyə yerli və xarici investisiyaların cəlb olunması üzrə işlərə təkan vermək üçün Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu yaradılmışdır.

Ölkə başçısının "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" 23 may 2011-ci il tarixli fərmanı Azərbaycanda "Elektron hökumət"in formalaşdırılması prosesinə əlavə təkan vermişdir. Bu fərman İKT-nin ən yeni nailiyyətlərinin tətbiqi ilə vətəndaş-dövlət münasibətlərinin yeni müstəvidə qurulmasında, şəffaflığın təmin olunmasında, korrupsiya və bürokratik amillərin aradan qaldırılmasında mühüm rol oynayır.

19 iyun 2012-ci il tarixli "Azərbaycan Respublikası dövlət orqanlarının internet informasiya ehtiyatlarının və elektron poçt ünvanlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bəzi tədbirlər haqqında", habelə 26 sentyabr 2012-ci il tarixli "İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında" fərmanlar da bu baxımdan müstəsna əhəmiyyətə malikdir. Sonuncu fərmanda ölkədə informasiya dövriyyəsinin mühafizəsi, sabitliyi və fasiləsizliyi, dövlət orqanlarının informasiya ehtiyatlarının qorunması, bu sahədə təhdidlərin qarşısının alınması, kibertəhlükəsizlik sahəsində risklərin qiymətləndirilməsi və idarə olunması, həmçinin digər tədbirlərin gücləndirilməsi ilə bağlı mühüm müddəalar əksini tapmışdır. Fərmanla respublikada informasiya təhlükəsizliyi siyasətinin təmin olunması və bu sahədə dövlət siyasətinin həyata keçirilməsi məqsədilə yeni qurum - Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi yaradılmışdır. Agentlik xüsusi təyinatlı informasiya-telekommunikasiya sistemlərinin və şəbəkələrinin, idarələrarası elektron sənəd dövriyyəsinin, dövlət orqanlarının internet şəbəkəsi ilə əlaqəsinin, onların internet informasiya resurslarının məlumat və resurs mərkəzində yerləşdirilməsinin təşkilini, təhlükəsizliyini və inkişafını təmin edəcək, dövlət mühafizəsi obyektlərinin təhlükəsizliyini təmin etmək məqsədi ilə xüsusi texniki tədbirləri həyata keçirəcəkdir.

 

 İxrac potensialı artır

 

 Ötən illərdə İKT sahəsində tətbiq olunan yeniliklərin son məqsədi, ilk növbədə, respublikamızı regionda rabitə və informasiya texnologiyaları sahəsində tranzit və mərkəzi ölkəyə çevirməkdir. Azərbaycanın yaxın illərdə informasiya ixrac edən ölkələrdən birinə çevrilməsi də aparılan islahatların başlıca qayəsini təşkil edir. Rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasovun qeyd etdiyi kimi, Azərbaycanın fibro-optik kanalların keçdiyi əlverişli coğrafi məkanda yerləşməsi respublikanın Şərqlə-Qərb arasında informasiya tranziti məkanına çevrilməsi imkanlarını genişləndirir. Məhz buna görə də son zamanlar dünyanın ən böyük kommunikasiya şirkətləri Azərbaycana böyük maraq göstərirlər. Hər ilin yanvar ayında İsveçrənin Davos şəhərində təşkil olunan iqtisadi forumlar çərçivəsində dünyanın aparıcı informasiya-kommunikasiya texnologiyaları şirkətlərinin ("Microsoft", "Cisco" və "İntel" və s.) rəhbərlərinin Prezident İlham Əliyevlə görüşləri bir daha göstərir ki, Azərbaycanın İKT sektoru üzrə yüksək potensialı əcnəbi sərmayədarların da diqqətini cəlb edir.

Həyata keçirilən tədbirlərin nəticəsi olaraq 2004-2011-ci illərdə bu sahədə orta illik artım tempi təqribən 25-32 faiz təşkil etmişdir. Rabitə və informasiya naziri cənab Əli Abbasovun Nazirlər Kabinetinin 2012-ci ilin I rübündə bəyan etdiyi kimi, 2011-ci ildə sektor üzrə əldə olunan gəlirlərin həcmi 2010-cu ilə nisbətən təxminən 12 faiz artmış, bu uyğun ümumdünya orta göstəricisinin gözlənilən rəqəmindən təxminən 2 dəfə çoxdur. Ötən il sektora təxminən 400 milyon manat həcmində investisiya qoyulmuşdur. Ümumilikdə, ötən 20 ildə Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları sektoruna 1,8 milyard dollar sərmayə yatırılmışdır. 1993-2011-ci illər ərzində İKT sektorunun dəstəklənməsi sayəsində bazarda yeni stasionar və mobil operatorlar, İKT məhsulları istehsalçıları meydana gəlmiş, sağlam rəqabət mühitinin yaradılması üçün lazımi tədbirlər həyata keçirilmişdir. Bu müddətdə İKT üzrə özəl sektorun həcmi 80 faizə çatmışdır.

Azərbaycanın bu sahədəki uğurları müxtəlif beynəlxalq təşkilatların hesabatlarında da dolğun əksini tapır. Ümumdünya İqtisadi Forumunun (ÜİF) informasiya texnologiyalarının inkişafına dair 2012-ci il hesabatında (Global Information Technology Report 2012) dünyanın 142 ölkəsi üzrə şəbəkə hazırlığı indeksi əksini tapmışdır. Azərbaycan həmin reytinq cədvəlində 3,9 balla 61-ci yerdə qərarlaşaraq ötən ilki mövqeyini 9 pillə yaxşılaşdırmışdır. ÜİF mütəxəssisləri ölkəmizə respublikanın informasiya-kommunikasiya texnologiyalarının inkişafından və maksimum fayda əldə etmək üçün göstərdiyi səylərdən bəhs edən "Azərbaycan: sürətlə dəyişən dünyada böyük iddialar" başlığı ilə ayrıca bölmə həsr etmişlər. Hesabatda respublikamız MDB məkanında, Qazaxıstan və Rusiya ilə yanaşı, informasiya texnologiyalarının inkişafı baxımından ən inkişaf etmiş ölkə kimi göstərilmişdir. ÜİF ekspertləri sektorun hökumət üçün prioritet təşkil etdiyini, innovasiyalara hazırlıq, iqtisadi təsir, əhalinin savadlılığı, elektron xidmətlərdən istifadənin Azərbaycanda İKT-nin inkişafı üçün güclü amillər olduğunu bildirirlər.

Ümumilikdə, İKT-nin inkişafında başlıca məqsədlərdən biri də neft gəlirlərini iqtisadiyyatın qeyri-neft sektoruna yönətlmək, tarazlı və davamlı inkişafı stimullaşdırmaq, "Holland sindromu"na yol verməməkdir. Prezident İlham Əliyev 2012-ci ilin sentyabr ayında diplomatlarla keçirdiyi görüşdə demişdir: "Hələ mən Dövlət Neft Şirkətində çalışdığım dövrdə, təzə-təzə xarici şirkətlərlə kontraktlarımız bağlananda bəzi təhlilçilər deyirdilər ki, Azərbaycanı "Holland sindromu" gözləyir, iqtisadiyyat birtərəfli olacaqdır, batacaqdır, neft qurtarandan sonra çökəcəkdir. Nə oldu? İndi yoxsulluq 49 faizdən səkkiz ildə 7 faizə düşübdür. Əgər bu, doğrudan belə idi isə heç vaxt belə olmazdı, iqtisadiyyat üç dəfə artmazdı. Mən bunları sadalamaqla, sadəcə, demək istəyirəm ki, biz müstəqil siyasət aparmağa qadirik, bunu edirik. Hətta ən çətin dövrdə, iqtisadiyyatımız ağır vəziyyətdə olan dövrdə biz yolumuzdan dönməmişik, qaldı ki, indi. Azərbaycan regionda lider ölkədir. Cənubi Qafqaz iqtisadiyyatının təxminən 80 faizi Azərbaycan iqtisadiyyatıdır".

 

 Davamlı uğurlara etibarlı zəmin

 

 Respublikanın uzunmüddətli inkişafını təmin edəcək strateji əhəmiyyətli sənəd - "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının layihəsində qeyd olunduğu kimi, qarşıdakı illərdə başlıca hədəflərdən biri də məhz yeni informasiyalı cəmiyyətin qurulması üçün informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqinin genişləndirilməsi olmalıdır. Konsepsiyada qarşıdakı 10 ildə İKT və rabitə xidmətlərindən istifadə imkanlarının genişləndirilməsi, informasiya-kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi istiqamətində etibarlı təhlükəsizlik sisteminin yaradılması, milli standartların formalaşdırılması, ölkə üzrə tam rəqəmsal yayımın tətbiq olunması və analoq yayımın dayandırılması, eləcə də "e-dövlət" xidmətlərinin 100 faiz tətbiqi nəzərdə tutulur.

Konsepsiyaya əsasən, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin qarşısında 2020-ci ilə qədər İKT sektoru üzrə gəlirlərin həcmini 8-9 milyard dollaradək artırmaq vəzifəsi dayanır. BMT-nin bir müddət əvvəl açıqladığı "E-idarəçilik 2012" adlı hesabatında dövlət xidmətlərinin göstərilməsində İKT-dən istifadə üzrə dövlət orqanlarının hazırlığı və mövcud imkanları qiymətləndirilmişdir. Respublikamız MDB-də Rusiya və Ukraynadan sonra "e-idarəçilik" imkanlarına görə ən yaxşı mövqeyə malik ölkə kimi dəyərləndirilmişdir.

Ölkə iqtisadiyyatının prioritet sahələrindən biri olan İKT sektorunun ümumi inkişafa töhfə verməsi üçün qarşıdakı 10 ildə bu sahənin həcmini 4,5-5 dəfə artırmaq, orta illik artım tempini təqribən 16-18 faiz civarında saxlamaq nəzərdə tutulur. Özəl sektorun Azərbaycanın İKT sahəsinə yatırdığı investisiyalar (yerli və xarici) növbəti 10 ildə 3-4 milyard dollar təşkil etməlidir.

Konsepsiyada həmçinin vurğulanır ki, Azərbaycanın regionda artan nüfuzu və nəhəng layihələrin təşəbbüskarı kimi liderliyini davam etdirməsi yeni nəqliyyat, infrastruktur, enerji, telekommunikasiya layihələrinin reallaşmasına zəmin yaratmaqdadır. Respublikamızın son illər informasiya texnologiyaları sayəsində yüksək inkişaf mərhələsinə qədəm qoyması regionda trans-informasiya dəhlizlərinin reallaşmasında maraqlı olduğunu təsdiqləyir. Azərbaycan hazırda region ölkələrinin və beynəlxalq təşkilatların diqqətini cəlb edən nəhəng layihənin - fiber optik informasiya dəhlizinin müəllifi kimi diqqəti cəlb etməkdədir. Trans-Avropa-Asiya dəhlizi adlanan bu layihə Xəzər dənizinin dibi ilə geniş zolaqla rabitə şəbəkəsinin yaradılmasını nəzərdə tutur. Layihə Qərblə Şərq arasında super informasiya magistralının yaradılmasını nəzərdə tutur. Kabel magistralı İran və Fars körfəzi regionunu şərq marşrutu vasitəsilə Hindistan və Uzaq Şərq ilə, Qərb marşrutu vasitəsilə Avropa ilə birləşdirəcəkdir. Azərbaycanın koordinatoru olduğu layihə çərçivəsində Avropa və Asiya regionunun bir çox dövlətləri İKT-nin imkanlarından birgə faydalanacaqdır. Azərbaycan, Gürcüstan və Qazaxıstanın dəstəklədiyi transmilli magistrala Türkiyənin də marağı böyükdür. Türkiyə Trans-Avropa-Asiya magistralının informasiya resurslarının perspektivlərini yüksək dəyərləndirir və layihənin başa çatdırılması üçün konsorsium yaradılmasını təklif edir.

 

 Kosmik sənayenin inkişafına töhfə

 

Azərbaycan bu ilin sonunadək ilk telekommunikasiya peyki "Azərspace"nin orbitə çıxarılması yönündə hazırlıq tədbirlərini davam etdirir. Yaxın perspektivdə orbital mövqeyə yiyələnəcək respublikamız informasiya-kommunikasiya sahəsində bir sıra layihələri də gerçəkləşdirmək imkanı qazanacaqdır. Bu yenilik Azərbaycanın etibarlı informasiya təhlükəsizliyi sisteminin formalaşmasını təmin etməklə yanaşı, ümumən telekommunikasiya sisteminin inkişafına ciddi təkan verəcəkdir.

Hazırda fəzada orbital mövqeyə malik 30-a qədər dövlət informasiyaların ötürülməsi və yayımına nəzarət etməklə yanaşı, peyk icarəsindən külli miqdarda gəlir götürür. Respublikamız obyektiv səciyyə daşıyan bu asılılığı aradan qaldırmaq, informasiya-kommunikasiya resurslarına tələbatını tam ödəmək üçün telekommunikasiya peyklərinin hazırlanmasına və orbitə çıxarılmasına çalışır. Əlverişli coğrafi mövqedə yerləşən Azərbaycan informasiyanın ötürülməsi və yayımı sahəsində regional liderlik iddiasını da açıq ortaya qoyur.

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 17 avqust tarixli "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı" bu sahənin inkişafına geniş imkanlar açmışdır. Dövlət proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üçün 2010-cu il 3 may tarixdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində səhmləri dövlətə məxsus "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Qurum ötən iki ildə telekommunikasiya peykinin, o cümlədən məsafədən distansion zondlama peyklərinin orbitə çıxarılması, idarə edilməsi və istismarı işlərinin həyata keçirilməsi sahəsində tədbirlər həyata keçirmişdir.

Azərbaycanın ilk telekommunikasiya peyki 2012-ci ilin sonunda Fransının "Ariane Space" şirkətinə məxsus "Ariane-5" raket daşıyıcısı ilə Fransız Qvineyasının "Kuru" kosmodromundan geostasionar orbitə qaldırılacaqdır. Telekommunikasiya peykinin fəzaya buraxılmasından sonra ölkənin bütün ərazisində internet, beynəlxalq telefon danışıqları, televiziya yayımı və peyk xidmətlərinin keyfiyyəti yüksələcək, müvafiq olaraq qiymətlər aşağı düşəcəkdir. Bundan başqa, distansion zondlama peyki vasitəsilə xəritəçəkmə, hidrometeorologiya, yerin təkinin öyrənilməsi, geodeziya işlərinin yüksək səviyyədə aparılması mümkün olacaqdır. Neft-qaz ölkəsi olan Azərbaycan milli telekommunikasiya peyki vasitəsilə kəşfiyyat işləri apara biləcəkdir.

Milli telekommunikasiya peykinin orbitə qaldırılması zərurəti həm də onunla şərtlənir ki, hazırda respublikamız informasiya-kommunikasiya sahəsində müxtəlif layihələri gerçəkləşdirmək üçün beynəlxalq və regional peyk təşkilatlarının, o cümlədən "İntelsat", "Yutelsat", "Ekspress", "Türksat" və digər peyklərin tutumlarını icarəyə götürmüşdür. Hazırda orbital mövqeyə malik dövlətlər ən müxtəlif informasiyaların öz peykləri ilə ötürülməsi və yayımına birbaşa nəzarəti həyata keçirməklə yanaşı, xidmət rüsumlarını da istədikləri kimi diktə edirlər. Bu da obyektiv səbəblərdən müəyyən dövlətlərdən asılılıq vəziyyəti yaratmaqla, respublikamızın informasiya-kommunikasiya resurslarına olan tələbatının tam ödənilməsinə imkan vermir. Avropa və Asiya qitələri arasında informasiya magistrallarının kəsişdiyi əlverişli geoiqtisadi-coğrafi məkanda yerləşən Azərbaycan məhz bu səbəblərlə bağlı informasiya təhlükəsizliyinin əsas komponentlərindən olan telekommunikasiya peyklərinin hazırlanmasına və orbitə çıxarılmasına çalışır. Bu həm də Azərbaycanın regionda informasiyanın ötürülməsi sahəsində lider ölkəyə çevrilməsi baxımından böyük əhəmiyyətə malikdir. Ümumiyyətlə, respublikamız qarşıdakı illərdə Şərqi Avropa, Şimali Afrika, MDB, Mərkəzi Asiya və Şərqi Asiya ölkələrini əhatə edəcək iki telekommunikasiya peyki buraxmağı planlaşdırır.

Bütün bunlar bir daha təsdiqləyir ki, İKT-nin cəmiyyətə, sosial-iqtisadi, siyasi, mədəni və mənəvi inkişafa təsiri XXI əsrin yeni insanını, insanlar arasında münasibətləri və yeni istehsal vasitələrini formalaşdırır. Prezident İlham Əliyev də məhz bu reallıqdan çıxış edərək bildirir ki, respublikamızda İKT sahəsinin neftdən gələn gəlirləri əvəzləməsi üçün geniş potensial mövcuddur. İnanmaq olar ki, yaxın perspektivdə qarşıya qoyulan məqsəd realllaşacaq, Azərbaycan neftdən sonra inkişaf sahəsində İKT estafetini qəbul edəcəkdir.

 

 

Əlican BABAYEV,

Azərbaycan Dövlət İqtisad Universitetinin

"İqtisadi nəzəriyyə-1" kafedrasının müdiri,

 iqtisad elmləri doktoru, professor,

 Azərbaycandan Kənarda Təhsil Almış

Mütəxəssislər Təşkilatının Ali Məclisinin sədri

 

Azərbaycan.-2012.- 12 oktyabr.- S. 3.