Postmodernist mədəniyyət dünya xalqlarının əlaqələrinin hərtərəfli
inkişafına böyük töhfələr verir
Bakıda Humanitar
Forumun keçirilməsi
təsadüfi deyildir. Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu
bir diyar olmuşdur. Əsrlər boyu müxtəlif
xalqların, dinlərin
nümayəndələri Azərbaycanda
bir ailə kimi, sülh, əmin-amanlıq, qarşılıqlı
anlaşma şəraitində
yaşamışlar. Bu
müsbət meyillər
bu gün də davam edir.
Mən əminəm ki, bu meyillər
gələcəkdə daha
da gücləndiriləcək
və Azərbaycan uğurla inkişafına davam edəcəkdir.
İlham ƏLİYEV
Son illər beynəlxalq tədbirlərin keçirilməsinə
ev sahibliyi
edən Azərbaycanda
İkinci Beynəlxalq
Humanitar Forum yüksək
səviyyədə başa
çatmışdır. İki
gün dünyanın
aparıcı kütləvi
informasiya vasitələrinin
diqqət mərkəzində
olan bu tədbirdə
70 ölkəni və
7 mötəbər beynəlxalq
təşkilatı təmsil
edən 694 nəfər
iştirak edirdi. Onlardan 10 nəfəri sabiq dövlət başçısı,
11 nəfəri Nobel mükafatı
laureatı, 5-i dünyanın
nüfuzlu fəxri professoru (Emeritus professor), 10-u mötəbər
beynəlxalq təşkilatları
təmsil edən rəhbər vəzifəli
şəxs, 55-i görkəmli
ictimai-siyasi xadim idi. Forumda Azərbaycandan sonra
(110 nəfər) ən
böyük heyətlə
- 78 nəfərlə iştirak
edən ölkə Rusiya idi. Qardaş Türkiyə 50 nəfərlə,
İtaliya 22, Bolqaqrıstan
20, ABŞ və Almaniya
isə hər biri 17 nəfərlə təmsil olunurdu.
Tədbirin açılış
mərasimində Azərbaycan
Prezidenti İlham Əliyevin məzmunlu çıxışı və
Rusiya Federasiyasının
Prezidenti Vladimir Putinin
forum iştirakçılarına ünvanladığı məktub
iştirakçıların fəaliyyətinə dəstək
və impuls verdi.
Forum ikincı iş gününü
"dəyirmi masa"larda
davam etdirdi. "Abşeron" hotelində
200 nəfərə yaxın
adamın iştirakı
ilə "Postmodernist mədəniyyətdə
ənənəvi dəyərlər"
mövzusunda keçirilən
"dəyirmi masa"
dəyərli çıxışlar,
maraqlı fikir mübadilələri ilə
yadda qaldı.
Azərbaycan Dillər
Universitetinin beynəlxalq
əlaqələr üzrə
prorektoru Jalə Qəribovanın, Rumıniyanın
Buxarest Yazıçılar
Assosiasiyasının prezidenti
Horia Qarbeanın və Rusiyanın Kazan Dövlət Mədəniyyət
və İncəsənət
Universitetinin nümayəndəsi
Ramil Qarifullinin həmsədrliyi ilə keçən "dəyirmi
masa"nın birinci bölmə iclasında müxtəlif mövzularda
çıxışlar oldu.
"Dəyirmi masa"nın aparıcısı, professor Jalə
Qəribova tədbiri açaraq "Postmodernizm
dövründə şəxsiyyətin
reinterpretasiyası"nın müasir dövrümüzdə
xüsusi aktuallıq kəsb etdiyini bildirdi. XXI əsrdə
yeni cərəyan kimi postmodernizmin həyatımızın bütün
sahələrinə təsir
göstərdiyini qeyd
edən Jalə Qəribova onun sərhədlərinin getdikcə
daha da genişləndiyini
vurğuladı.
Yunanıstanın Beynəlxalq Olimpiya Akademiyasının prezidenti
İsidoros Kuvelos
"Olimpizm əbədi
ənənəvi dəyərlər
sistemi kimi" mövzusunda çıxış
edərək bildirdi ki, dostluq, həmrəylik
və sülh rəmzinə çevrilmiş
beynelxalq olimpiadaların
keçirilməsi ildən-ilə
daha geniş vüsət alır. Olimpiada irqindən, dilindən, dinindən asılı olmayaraq fərqli mədəniyyətləri təmsil
edən xalqların nümayəndələrini birləşdirir.
Təkcə idmanla məhdudlaşmayan
və bütün bəşəriyyəti əhatə
edən Olimpiya hərəkatı ayrı-seçkiliyə,
düşmənçiliyə qarşı çıxır,
beləliklə də
mədəniyyətlərarası dialoqun gücləndirilməsində
mühüm rol oynayır.
Bakı Forumunun bütün
"dəyirmi masa"larının
müasir dövrümüzün
həlli vacib məsələlərinə həsr
olunduğunu bildirən
Bolqarıstanın sabiq
Prezidenti Jelyu Jelev mövzunun əhəmiyyəti haqqında
ətraflı bəhs
etdi. Humanitar forumun və onun bölmə iclaslarının yüksək
səviyyədə təşkilinə
görə Azərbaycan
Prezidentinə iştirakçılar
adından minnətdarlığını
bildirən Jelyu Jelev dedi ki,
inkişaf etmiş ölkələrdə olduğu
kimi, son illər Azərbaycanda mədəniyyətlərin,
mədəni irsin qorunması və inkişafı sahəsində
bir sıra mühüm addımlar atılmışdır. Sabiq Prezident
Azərbaycanda mədəniyyət
sahəsində əldə
edilmiş uğurlara diqqəti cəlb edərək bildirdi ki, ölkələrimiz arasında humanitar və mədəni əməkdaşlıq yüksək
səviyyədədir. Bu yaxınlarda dahi sənətkar Müslüm
Maqomayevin, dünya şöhrətli Mistislav
Rastropoviçin yubileyləri
keçirilərkən biz bir
daha gördük ki, onların yaradıcılığı təkcə
azərbaycanlılar tərəfindən
deyil, bolqarlar, ruslar, rumınlar, eləcə də digər xalqlar tərəfindən də
çox sevilir.
Rusiyanın Kazan Dövlət Mədəniyyət
və İncəsənət
Universitetinin nümayəndəsi
Ramil Qarifullin "Nanopsixologiya və
postmodern psixologiya insanlığın
qlobal problemlərinin yeni komponenti kimi", Ukraynanın Taras Şevçenko adına Kiyev Milli Universitetinin
"Avrasiya dialoqu"
platformasının sədri
Vladimir Sergiyçuk "Cəmiyyətlər,
mədəniyyətlər və
icmaların dialoqu",
Azərbaycan Dillər
Universitetinin (ADU) nümayəndələri
Samir Həmidov "Müasir proseslər reallığın
simulyasiyası kimi: obrazlar və biz", Qorxmaz Mustafayev "Postmodernizm və onun cəmiyyətin
həyatında rolu"
mövzularında çıxış
edərək
bildirdilər ki,
postmodernist situasiya özünün
və başqalarının
mədəni dəyərlərini
görmək və onlara malik olmağın
yeni təcrübəsini
irəli sürür,
müxtəlif
mədəniyyətlərin inteqrasiyasını stimullaşdırır,
dünyaya bütöv
bir baxışın yaradılmasına kömək
edir, ümumbəşəri
mədəniyyətin formalaşmasına
imkan yaradır. Natiqlər Azərbaycan mədəniyyətinin
inkişaf meyillərindən,
dünya mədəni
irsinə verdiyi töhfələrdən də
söhbət açdılar.
İkinci bölmə
iclasında Avstriya Ali
Məhkəməsinin keçmiş
sədri Yohan Reşutun, Roma İncəsənət
Universitetinin direktoru
Fabio Moncellinin və
"Helikon Opera" Moskva
Musiqi Teatrının bədii rəhbəri
Dmitri Bertmanın həmsədrliyi
ilə keçirilən
"İntermediallıq mədəniyyətlərarası
diffuziyanın mexanizmi
kimi" adlı mövzuya həsr olunan müzakirələr
maraqla qarşılandı.
Bu bölmə iclasında Alfio Moncellinin "İncəsənət
bu gün: emosiya və rasionallıq", ADU-nun nümayəndələri
Svetlana Cəbrayılovanın "Əbədi caz narrativi Amerika postmodern romanının mühüm
komponenti kimi", Ədalət Abdıyevanın
"Mədəniyyətlərarası diffuziya mədəniyyət
dialoqunun spesifik mexanizmi kimi", Həmidə Əliyevanın
"Arxetip bədii mətndə intersemiotikliyin
əsası kimi" mövzularında
məruzələri maraqla
dinlənildi.
Məruzələrdə qloballaşan dünyada
çoxmədəniyyətlilik, mədəniyyətdə modernləşmənin
təzahürlərindən bəhs edildi. Bildirildi ki, postmodernist mədəniyyət
dünyada hələ
də tam təşəkkül
tapmamışdır. Bu
məsələ ilə
əlaqədar alimlərin,
filosofların fikirlərini
dinləmək isə
çox maraqlıdır.
"Dəyirmi masa"nın "Müasir
dünya gerçəkliyində
humanitar və mədəni transformasiyalar"
mövzusunda sonuncu bölmə iclası Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə
xüsusi nümayəndəsi
Mixail Şvıdkoyun,
London Diplomatiya Akademiyasının
mədəniyyətlərarası kommunikasiya proqramının
direktoru Debor Svallounun və Ankara Universitetinin kafedra müdiri Ertan Gökmenin həmsədrliyi
ilə keçirildi.
Bölmə iclasında
Keniyanın UNESCO yanında
daimi nümayəndəsi
Meri Mbrio Ximulu "Postmodernist mədəniyyətin
ənənəvi dəyərlər
sistemi", ADU-nun nümayəndələri
Sevdagül Əliyeva
"Müstəqillik dövründə
Azərbaycanın milli
mədəniyyəti və
mədəniyyət siyasətinin
transformasiyası", Fəridə
Səfiyeva "Azərbaycan
ədəbiyyatında postmodernizm"
mövzularında məruzələrlə
çıxış etdilər.
Natiqlər bildirdilər ki,
hər bir dövlətin gələcəyi
gənclərin elmə,
təhsilə fəal
cəlb olunması ilə sıx bağlıdır. Azərbaycan
Prezidentinin fərman və sərəncamlarına
əsasən ölkəmizdə bu istiqamətdə mühüm
işlər görülmüşdür.
Bölmə iclaslarında çıxış
edənlər sivilizasiyalararası
münaqişələrin səbəbləri,
mövcud regional münaqişələrin
acı nəticələri,
mədəniyyətlərarası dialoqun mahiyyəti, çoxmədəniyyətliliyin əleyhinə çıxan
siyasi meyillərin mənfi təzahürləri
barədə fikirlər
səsləndirdilər.
Müzakirələrə yekun vuran Rusiya
Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq
üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy
qeyd etdi ki, sürətlə inkişaf edən,
tolerantlığı, zəngin mədəni irsi ilə
örnək olan Azərbaycanda bu cür tədbirlərin
keçirilməsi ənənə halını
almışdır. Uğurla başa çatan "dəyirmi
masa"da Bakının humanitariyanın paytaxtı kimi
tanındığını bildirən Mixail Şvıdkoy elm
və mədəniyyət xadimlərinin, tanınmış
ekspertlərin iştirakı ilə keçirilən
müzakirələrin bəhrə verəcəyinə əminliyini
bildirdi.
Rəhman SALMANLI
Azərbaycan.-2012.- 12 oktyabr.- S.5.