İki
ölkənin bir «Petkim»i
Bir zamanlar Azərbaycan Respublikası Dövlət
Neft Şirkəti (ARDNŞ) yerli neft-qaz sənayesinə
xarici sərmayələr cəlb etməyə
səy göstərirdi. Bu gün
isə onun özü
xarici ölkələrdə sərmayələrini
yatırır.
İndi ARDNŞ dünyanın ən böyük neft şirkətləri
sırasında özünə önəmli yer
almaqdadır. Beynəlxalq aləmdə onu
SOCAR (State Oil Company of Azerbaijan Republik) kimi tanıyırlar.
Son illərdə
şirkət Türkiyədə,
Gürcüstanda, Ukraynada,
Moldovada, Rumıniyada,
Böyük Britaniyada,
Avstriyada, Qazaxıstanda
və bir sıra digər ölkələrdə öz
nümayəndəliklərini açıb. SOCAR-ın fəaliyyətinin ilbəil genişləndiyi
ölkələrdən biri
də qonşu Gürcüstandır. Bu gün Gürcüstanın
enerji bazarının
60 faizdən çoxunu
o, təmin edir. Paytaxt Tbilisi şəhəri istisna olmaqla qonşu respublikanın bütün
regionlarının qaz
təchizatını məhz
ARDNŞ həyata keçirir.
2009-2012-ci illərdə burada 2100 kilometrə yaxın qaz xətləri çəkilib.
ARDNŞ-nin törəmə şirkəti
olan "SOCAR Georgiya
Petroleum" isə 2007-ci ildən
fəaliyyət göstərir. Həmin vaxtdan indiyədək şirkət 2 milyon tona qədər neft məhsulları ixrac edib və
ümumi ixracda 50 faiz paya sahib olub.
Ölkədə "SOCAR" brendi ilə
100-ə yaxın yanacaqdoldurma məntəqəsi fəaliyyət
göstərir.
ARDNŞ qardaş
Türkiyənin neft-kimya
sənayesinin inkişafında
da mühüm rol oynayır. Bu ölkənin ən böyük neft-kimya holdinqi olan "Petkim"in səhmlərinin
61,32 faizi ARDNŞ-yə məxsusdur.
Holdinqin buraxdığı
jurnalda onun missiyası barədə belə deyilir: "Petkim" inteqrasiya olunmuş və müasir texnologiyalara sahib
müəssisələrində beynəlxalq standartlara cavab verən məhsullarını istehsal
və idxal edər. Ölkə daxilində və
fürsət olduqca ölkə xaricindəki bazarlarda məhsullarının
satışını müştəri
fokslu bir yanaşma ilə həyata keçirər.
Yenilənməni çox
mühüm dəyər
bilər, keyfiyyəti
yaşam fəlsəfəsi
olaraq mənimsəyər,
iş birlikləri ilə bərabər şirkətin dəyərini
artıraraq, mənfəət
əldə edərək
böyüyər. Yenilikçi insan ehtiyatlarından istifadə etməklə çalışanların yetkinliyini,
səadətini və
şirkətə bağlılığını
yüksək tutar, onların uzun müddətli olmasına çalışar. Davamlı
inkişaf şüuru
ilə ətraf mühiti qoruyar, hərtərəfli dəyərlərə
əməl edər, iş sağlığını
və təhlükəsizliyini
təmin edər, cəmiyyətə dəstək
və qiymət verər".
Son dövrlərdə
holdinq məhsul istehsalı, gəlir, mənfəət və ixrac sahəsində yüksək nəticələrə
nail olub. İndi bütün
səylər "Petkim"in
istehsal gücünün
artırılmasına, təkcə
Türkiyədə deyil,
bütün Avropada aparıcı komplekslərdən
birinə çevrilməsinə
yönəldilib.
Bir il
bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı
ilə İzmirdə,
holdinqin Əliağa kompleksi ərazisində
"STAR" neft emalı
zavodunun təməlqoyma
mərasimi keçirildi.
Bu müəssisənin tikilməsində məqsəd
"Petkim"in xammala
olan tələbatının
ödənilməsi, idxaldan
asılılığının aradan qaldırılmasıdır.
Ən qabaqcıl texnologiyalar əsasında qurulacaq zavodda 11 çeşiddə
məhsul istehsal ediləcək.
"Petkim" limanı da genişləndiriləcək. Burada böyük həcmli konteyner terminalı inşa ediləcək.
Kompleksin
enerji tələbatını
tam şəkildə təmin
edən yeni sistem tikilib quraşdırılacaq. Bununla da
Türkiyədə limançılıq
işi yeni bir mərhələyə
qədəm qoyacaq.
Bir sözlə, "Petkim"
öz inkişafı ilə Azərbaycan-Türkiyə
iqtisadi əlaqələrinin
inkişafına da sanballı töhfə verir.
Flora SADIQOVA
Azərbaycan.-2012.-
12 oktyabr.- S.5.