Xarrat Qulu

 

 Xalq şairi Səməd Vurğun 1940-cı ildə "Pravda" qəzetində dərc edilmiş məqaləsində yazırdı: "Şuşanı əbəs yerə musiqi və poeziyanın beşiyi adlandırmırlar, demək olar ki, Azərbaycanın bütün məşhur oxuyan və çalanları... Şuşada doğulmuşdur..." Şuşanın musiqi mərkəzi kimi məşhurlaşması onun havası, bulaqları, səfalı meşələri, bir sözlə, füsunkar təbiəti ilə bağlıdır. Hətta belə bir ifadə də formalaşıb ki, Şuşanın uşaqları "Segah"da ağlayar, "Şahnaz" üstündə gülərlər.

Əbdürrəhim bəy Haqverdiyev qeydlərinin birində göstərib ki, XIX əsrin ikinci yarısı və XX əsrin əvvəllərində Qafqazın harasına getsəydin, orada musiqiçini - çalanı, oxuyanı Qarabağlıdan görərdin. Firidun Şuşinski isə belə yazırdı: "Şuşa Qafqazın konservatoriyası, həm də vokal məktəbi kimibütün Yaxın və Orta Şərqdə məşhur idi... İtaliya vokal məktəbi Avropada musiqi tarixində hansı mövqeyi tutursa, Şuşa vokal məktəbi də Şərq mədəniyyəti tarixində eyni zirvədə dayanır". "Kaspi" qəzeti də 1900-cü il 12 avqust sayında yazırdı: "Vaxtilə Şuşanı "Qafqazın İtaliyası" adlandırmışlar".

Aparılan arxiv materiallarından və tədqiqatlardan bəlli olur ki, Azərbaycanda ilk musiqi məktəbi XIX əsrin axırlarında Şuşada, sonralar isə Şamaxı və Bakıda açılıb. Şuşada musiqi məktəbinin yaradıcısı məşhur musiqişünas Xarrat Qulu Məhəmməd oğlu idi. O, 1823-cü ildə Şuşada doğulub. Mir Möhsün Nəvvab təzkirəsində yazırdı: "Qulunun atası Məhəmməd İbrahim xan Cavanşir dövlətinin nağara çalanı olub. Mən onu görmüşəm. Eyş məclislərində nağara çalardı, oyunbaz idi, bazarda car çəkərdi. Ancaq oğlu Kərbəlayı Qulu Yusifi (şeir yazdığına görə - Yusifi onun təxəllüsü idi - F.X.) xoş görünüşlü bir kişi idi. Farsca savadı var idi... Məşğuliyyəti dülgərlik idi. Axır vaxtlar şəbihgərdanlıq edirdi (dini dramlarda rejissorluq)".

Firidun bəy Köçərli isə "Azərbaycan ədəbiyyatı" kitabında yazırdı: "Kərbəlayı Qulunun sənəti xarratlıq idi. Çox dəqiq və əhli-zövq, şirinkəlam bir şəxs idi ki, cümlə Şuşa əhli onu əziz, mehriban tutardı. Öz sənətində artıq məharəti olduğu kimi, elmi musiqidən də xəbərdar idi". Beləliklə, Qulu həm bacarıqlı xarrat, həm gözəl səsli muğam ustası, həm də istedadlı şair idi. Bu sənətkar hər üç sahədə uğurlar qazanmışdı. Yusifi təxəllüsü ilə əsasən həm dini mövzuda, həm də lirik aşiqanə şeirlər, həcvlər, mərsiyələr, qəzəllər yazardı. Onun müasirləri ilə şeirləşməsi də məlumdur.

Xarrat Qulunun təşkil etdiyi məktəbdə 70-ə qədər sazəndə fəaliyyət göstərirdi. O, bir müəllim kimi öz məktəbinə gözəl səsi olan gəncləri cəlb edərək onlara muğamatı oxumaq qaydalarını öyrədərdi. O zaman bu məktəb əslində dinə xidmət məqsədilə yaradılsa da, Azərbaycanda vokal və çalğı musiqisinin inkişafında mühüm rol oynadı. Danılmaz faktdır ki, Xarrat Qulunun musiqi məktəbi bir sıra ustad sənətkarların yetişməsinə səbəb olub. Azərbaycanın görkəmli xanəndələri Hacı Hüsü, Məşədi İsi, Şahnaz Abbas, Dəli İsmayıl, Bülbülcan, Keçəçi oğlu Məhəmməd, Cabbar Qaryağdıoğlu və məşhur tarzən Sadıqcan Xarrat Qulunun yetirmələridir. Xanəndəlik sənətinin inkişafı ilə əlaqədar olaraq Şuşada musiqinin nəzəri məsələlərinə dair əsərlər də yaranırdı. Bu sırada məşhur alimşair Mir Möhsün Nəvvabın xidməti mütləq qeyd edilməlidir.

O dövrdə Şuşada məhərrəmlik təziyəsinin keçirilməsi xüsusi hazırlıqla qeyd edilirdi. Bu mərasimə demək olar ki, Şuşada çox ciddi hazırlaşardılar. Dini mərasim on gün davam edərdi. Bütün sənətkarlar, tacirlər öz emalatxana və dükanlarını bağlayaraq bu işə cəlb olunardı. Dini tamaşaların hazırlanmasında Xarrat Qulunun özü və şəyirdləri iştirak edərdi. Xüsusilə də o dövrdə Molla Pənah Vaqifin dini şeirləri oxunardı. Bu təziyə ilə əlaqədar bir çox maraqlı hadisə və rəvayətlər də bugünümüzə qədər gəlib çatıb. Əslində şəbihgərdanlığın xanəndəliyin inkişafına müəyyən təsiri olub. O səhnələri həm də ilk teatr tamaşaları da adlandırmaq olar. Xarrat Qulu adətən şəbih rollarını öz adamları arasında bölərdi. Bu barədə Firidun Şuşinski yazırdı: "Şümür rolunu oynamağa heç kəs razı olmazdı. Çünki Şuşada kim Yezid, HarisŞümür rolunu oynasa, şəhər əhli həmin adamları bu adla çağırarmış. Təsadüfi deyildir ki, Şuşada Qurdlar məhəlləsində yaşayan Cavad kişiyə Yezid Cavad, Köçərli məhəlləsində yaşayan Sarı Bəşirə Haris Bəşir deyərdilər".

Bu səbəbdən də Xarrat Qulu əlacsız qalaraq bazarda kartof satan bir erməni kişisinə on manat qızıl pul verərək Şümürün rolunu oynamasına razılıq alıb. Xarrat Qulu onunla məşq edib və tapşırıb ki, səndən kim su istəsə verməyəcəksən. Erməni öz "rejissoru"nun tapşırığını yerinə yetirəcəyinə söz verib. Su istəyənlərə isə sonda belə deyib: "Mən sizə su verə bilmərəm. Xarrat Qulu pulumu kəsər". Tamaşaçılar da gülüşüb, şəbih də pozulub.

Kərbəlayı Xarrat Qulu 1883-cü ildə 60 yaşında Şuşada vəfat etmişorada da dəfn olunmuşdur. Onun ölümündən sonra Kor Xəlifə adlı bir musiqişünas onun yolunu davam etdirərək Şuşada musiqi məktəbi açıb. Kor Xəlifədən sonra isə məktəb öz fəaliyyətini dayandırıb. Buna baxmayaraq Azərbaycanın bir sıra şəhərlərində musiqi məclisləri, dərnəklər yaranmağa başlamışdır. Xarrat Qulunun musiqi məktəbindən Mir Möhsün Nəvvabın, Xurşudbanu Natəvanın məclislərindən sonra təkcə Şuşada deyil, Qarabağda, bütün Azərbaycanda silsilə şəklində məktəblər çoxaldı, mədəni həyatın inkişafı öz axarı ilə getməyə başladı. Bütün bunlara rəğmən Azərbaycan musiqi dünyasının ilk təməli məhz Şuşada qoyulub. Onun əsas yaradıcılarından biri də haqqında danışdığımız Xarrat Qulu olub.

...Üç sənətin bilicisi adlandırılan Xarrat Qulu ağacdan gözəl əşyalar, fiqurlar, qəlyanlar, müxtəlif milli musiqi alətlərinin əsas hissələrini düzəldərdi. Gözəl səsi vardı. Ona muğam ustası da deyərdilər. Neçə-neçə xanəndənin müəllimi olub. O, həm də istedadlı şair idi. Mir Möhsün Nəvvabın təzkirələrində rübailəri, qəzəlləri bizə yadigar qalıb. Eləcə də müasirləri olan şairlərlə apardığı deyişmənin də poetik mətni günümüzə gəlib çatıb. O, rübailərinin birində deyirdi:

 

Hər nakəsə veribdi xuda pulun ağını,

Ancaq rəva görübdü bizə qəm qalağını.

Küfr olmasa, bu qismətə mən bəhs eylərəm,

Çün bilməyibdi xəlqə qismət səyağını.

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.-2012.- 12 oktyabr.- S.7.