75 yaşlı qəzet
Azərbaycan mətbuatının ilk
qaranquşu hesab edilən "Əkinçi" qəzeti nəşrə
başlayarkən böyük maarifpərvər ziyalı Həsən
bəy Zərdabi yazırdı: "Olmaz ki, mənim
sözümü eşidənlərdən heç biri qanan
olmasın! Necə ki, bir bulağın suyunun altına nə qədər bərk daş qoyasan, su tökülməkdən o
bərk daş mürur
ilə əriyib deşilir. Habelə
söz də, ələlxüsus, doğru söz mürur ilə qanmazın başını deşib, onun beyninə əsər
edər". "Əkinçi" qarşısında duran tarixi vəzifələrini
bu cür xarakterizə
edirdi və maarifçi-realist
jurnalistikanın yeni məzmun kəsb etməsi
üçün var
qüvvəsini əsirgəmirdi.
Zaman ötdükcə həyat, ictimai-siyasi
mühit yeni ideyalar, yeni ideologiya və təfəkkür tərzi tələb
edirdi. Ötən əsrin 30-cu illərində
Sovet Azərbaycanında inzibati
rayonlar təşkil olunarkən yerli mətbuatın - rayon
qəzetlərinin nəşri zərurəti yarandı. Azərbaycan
K(b)P Zuvand Rayon
Komitəsinin Bürosu da 1937-ci il mart
ayının 30-da "Zuvand kolxozçusu" adlı qəzetin
buraxılması üçün MK-dan icazə verilməsini xahiş
etdi və həmin il may ayının 20-də qəzetin ilk nömrəsi işıq üzü
gördü. 1937-ci il
"Zuvand kolxozçusu"nun 17 nömrəsi
çıxmışdır. 1938-ci ildən 1964-cü ilə
kimi isə qəzet "Kolxoz
yolu" adı ilə nəşr olunmuşdur. Cəfər Cəfərov,
Muxtar Cavadov, Vəli Abbasov, Əlifağa Ağamalıyev qəzetin
ilk redaktorları olmuşlar.
İki səhifə həcmində nəşr
edilməsinə, poliqrafik bazasının
zəif, fəhlə-kəndli müxbirlərinin az olmasına baxmayaraq, qəzet
rayonun iqtisadi, siyasi və mədəni həyatında mühüm rol
oynamışdır.
Azərbaycan KP
MK Katibliyinin "Rayon
qəzetlərinin adları haqqında" 1965-ci il 19 iyun tarixli
qərarından sonra 1966-cı ilin yanvar ayından qəzetin
adı dəyişdirilərək "Bolluq
uğrunda" oldu. Lerik Rayon Partiya
Komitəsinin və Rayon İcraiyyə
Komitəsinin orqanı kimi bu
adla qəzetin birinci
nömrəsi 1966-cı il mart
ayının 12-də çıxdı və sonrakı illərdə
qəzetin maddi-texniki bazası xeyli möhkəmləndi.
Ötən
illər uğurlarımız çox olmuşdur. 1987-ci ildə qəzet səmərəli
işinə və ilk sayının çapdan çıxmasının 50 illiyi ilə əlaqədar Azərbaycan
SSRİ Ali Sovetinin Fəxri
fərmanı, bir il sonra isə 5 may - Mətbuat
Günündə SSRİ Jurnalistlər İttifaqının Fəxri fərmanı ilə
təltif edilmişdir. Redaksiyanın iki əməkdaşına Azərbaycanın əməkdar
jurnalisti fəxri adı verilmişdir.
Sevindirici haldır ki, mətbuatın
himayədarı və dostu Heydər Əliyevin
ideyalarını bu gün
Prezident İlham Əliyev
uğurla davam etdirir, mətbuatın inkişafını daim diqqət mərkəzində saxlayır. Mətbuata
dövlətin dəstəyini biz də hiss edirik. Azərbaycan
Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən müxtəlif
avadanlıqlarla təmin olunmuşuq. Lerik Rayon İcra
Hakimiyyəti də qəzetin inkişafına, üzləşdiyi
problemlərin həllinə diqqət və
qayğısını əsirgəmir.
Biz də öz növbəmizdə
ölkədə, o cümlədən rayonumuzda baş verən
ictimai-siyasi hadisələrə fəal münasibət
göstərir, həyata keçirilən tikinti-quruculuq
işlərini operativ işıqlandırırıq. 75
yaşını qeyd edən, 5500-cü sayı nəşr
olunan qəzetimizin kollektivi qarşıda duran vəzifələri
bundan sonra da uğurla yerinə yetirmək əzmindədir.
İdris ŞÜKÜRLÜ,
"Lerik" qəzetinin redaktoru,
əməkdar jurnalist
Azərbaycan.-2012.-
12 oktyabr.- S.7.