Layiqli töhfə

 

 Nizami Gəncəvinin 870 illik yubileyi ilə əlaqədar çox işlər görüldü. Bu baxımdan professor Mübariz Yusifovun "Nizamidə azərbaycançılıq" adlı monoqrafiyası da diqqəti cəlb edir (Bakı-2012). Elmi redaktoru Milli Elmlər Akademiyasının həqiq üzvü İsa Həbibbəylidir.

Adətən, dilçiliklə məşğul olan Mübariz Yusifov bu dəfə Nizami sənətinin çox dəyərli bir sahəsindən söz açır. Bu, təsadüfi deyil. Müəllif yazır ki, Nizaminin əsərlərində azərbaycançılıq aparıcı ideyadır. Dahi sənətkar müqəddəs ideyanı zahiri görünüşdə yox, batini nizamda canlandırır. Əbədiyaşar şair əsərlərinin ruhuna azərbaycanlı təfəkkürünün təcəssümünü qətrə-qətrə, damla-damla hopdurur, təsvir etdiyi hadisələrdə, bədii lövhələrdə bütün diqqətini milli obrazın yaradılmasına yönəldir.

M.Yusifov haqlı olaraq yazır ki, sovet dövründə sosializm prinsipini meyar tutan tədqiqatçılar oxucuların diqqətini Nizaminin azərbaycançılıq ideyalarından yayındıraraq onun məqsədinin sadəcə ədalətli hökmdar obrazı yaratmaqdan ibarət olduğunu sübut eləməyə çalışırdılar. Əslində, hökmdarların xalqla ədalətli rəftarı onun ideal arzusu deyildi. Bəzi tədqiqatçılar yanlış düşünərək Nizaminin "Xəyali xoşbəxtlər cəmiyyəti" yaratmasını onun son arzu və istəyi kimi qələmə verirlər. Lakin Nizaminin əsas məqsədi nə ədalətli hökmdar obrazı yaratmaq, nə də "utopik" bir cəmiyyəti təsvir etmək idi. Onun məqsədi azərbaycançılığı cəmiyyətin ruhuna hopdurmaqbu ruhu ideologiyaya çevirmək olmuşdur.

Kitab üç bölmədən ibarətdir. Dövlətçilik ideyaları; vətənpərvərlik ideyaları və birmillilik ideyaları. Bu bölmələrin hər biri dahi Nizaminin əsərlərinin məğzi, mahiyyəti ilə şərh olunur.

Azərbaycançılıq məfkurəsinin inamlı, etibarlı təməlini qoyan Nizami ölməz əsərləri ilə insanlara:

 

Çalış öz xalqının işinə yara,

Geysin əməlinlə dünya zərxara.

Səadət kamalla yetişər başa,

 

Xalqa hörmət elə ədəblə yaşa -kimi fikirləri təlqin edirdi.

Müəllif yazır ki, azərbaycançılıq milli Azərbaycan şüuru deməkdir. Milli şüur isə milli dövlətçilikdə formalaşıb onun ideoloji bazasını təşkil edir. Nizami dövründə milli dövlət yox idi. Deməli, milli şüurun formalaşmasından da söhbət gedə bilməzdi. Buna görə də dahi şair beynində, şüurunda, təsəvvüründə, təxəyyülündə milli dövlətçiliyin təcəssümünə çevirdiyi "ideal xoşbəxtlər cəmiyyəti" yaradır. Azərbaycançılıq ideyalarını bəşərilik libasına (humanizmə, ədalətə, cəmiyyət və şəxsiyyət azadlığına) bürüyüb yaratdığı "ideal xoşbəxtlər cəmiyyəti"ni həmin ideyaların təbliğinin, yayılmasının və gələcək nəsillərə çatdırılmasının təməlinə çevirmişdir. Beləliklə, Nizami ideal cəmiyyəti milli ideyalarının bərqərar olunduğu bir məkan kimi görmək istəyirdi. Bu, Nizaminin arzusu və idealı idi. Nizamidən 400 il sonra Füzuli demişrdir:

 

Ey Füzuli, nə gözəldir sözü azadəliyin

Hanı bir sərv bu aləmdə ki, vardır səməri.

 

 Yəni, azadlıq əvəzsiz bir nemətdir. Azadlıq arzusu o zaman bəhrə verər ki, onu vətənpərvər bir lider həyata keçirə bilsin, yoxsa sadəcə xəyali cəmiyyət arzusu ilə azadlığı, bəşəriliyi bərqərar etmək mümkün deyil.

Füzulidən 400 il sonra ulu öndər Heydər Əliyev əsrlərdən üzü bəri gələn bu müqəddəs arzunu reallaşdırdı. Azadlıq xəyaldan reallığa çevrildi. Azərbaycançılıq isə bu cəmiyyətdə ideologiyanın ana xətti səviyyəsinə ucaldı. Bu da müdrik Nizami arzusunun bariz təntənəsidir.

Ulu şairin bəşəri yaradıcılığının bir sıra mətləblərdən xəbər verən "Nizamidə Azərbaycançılıq" kitabı dahi şairin 870 illik yubileyinə dəyərli töhfə, gənc nəslə layiqli hədiyyədir.

 

 

Aytən İSAYEVA,

Gəncə Dövlət Universitetinin müəllimi

 

Azərbaycan.-2012.- 12 oktyabr.- S.7.