Xurşudbanu Natəvan incə ruhlu şair olmaqla yanaşı,
dövrünün görkəmli
maarifçisi, ictimai xadimi
və xeyriyyəçisi
kimi tanınmışdır
Oktyabrın 11-də "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin, Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) və Şuşa Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə görkəmli şair Xurşudbanu Natəvanın 180 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.
Tanınmış elm və mədəniyyət xadimlərinin, incəsənət ustalarının və ədəbiyyatsevərlərin qatıldıqları tədbirdə şairin həyat və fəaliyyətindən söz açılmış, ona həsr olunmuş təqdimat nümayiş etdirilmişdir.
Tədbirdə "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycan İcması" İctimai Birliyinin rəhbəri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov çıxış edərək görkəmli poeziya ustası Xurşudbanu Natəvanın Azərbaycan tarixi və ədəbiyyatındakı əvəzsiz xidmətlərindən bəhs etmişdir.
AMİ-nin rektoru, Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı həssas qəlbli şairin həyat və yaradıcılığından bəhs etmişdir. Bildirmişdir ki, el arasında "Xan qızı" adı ilə məşhur olan Xurşudbanu Natəvan incə ruhlu şair olmaqla yanaşı, dövrün görkəmli maarifçisi, ictimai xadimi, xeyriyyəçisi kimi tanınmış və ümumxalq məhəbbəti qazanmışdır.
Azərbaycan ədəbiyyatının inkişafında qadın poeziya ustadımızın yaradıcılığının xüsusi əhəmiyyət daşıdığını vurğulayan A.Naxçıvanlı qeyd etmişdir ki, Xurşudbanu Natəvan zəmanəsinin görkəmli şəxsiyyətlərindən olmuş, təkcə Azərbaycanda deyil, bütün Qafqazda xeyirxahlığı ilə tanınmışdır.
Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Əliyeva, filologiya üzrə elmlər doktorları Ramil Əliyev və Əlizadə Ələsgərli şairin həyat və yaradıcılığından, onun Azərbaycan poeziyasının inkişafındakı xidmətlərindən, Natəvan şeirinin poetikasından, ölkəmizin, o cümlədən Şuşanın ictimai-siyasi və mədəni həyatındakı rolundan bəhs etmişlər.
Tədbir iştirakçıları görkəmli şairin yubileyinin ölkə miqyasında geniş qeyd olunması ilə bağlı dövlətimizin başçısı İlham Əliyevin 2012-ci il 3 aprel tarixli sərəncamının əhəmiyyətni yüksək qiymətləndirmişlər.
Sonda
şagirdlərin və tələbələrin ifasında Natəvan
poeziyasından şeirlər səsləndirilmiş, ədəbi-bədii
kompozisiya nümayiş etdirilmişdir.
AzərTAc
Azərbaycan.-2012.- 12 oktyabr.- S.8.