İqtisadi modernləşməyə
təkan verən mükəmməl konsepsiya
Müstəqil Azərbaycanın
ən yeni tarixinə əlamətdar hadisə kimi daxil
olmuş 2003-cü ilin 15 oktyabr seçkiləri nəticə
etibarilə cəmiyyətin mənafelərini özündə
ehtiva edən, ölkəni dinamik inkişaf yoluna
çıxaran Heydər Əliyev siyasi kursunun alternativsizliyini
tam sübuta yetirmişdir. Müdrik xalqımız bu
seçimi ilə təkamülə əsaslanan inkişaf tərəfdarı
olduğunu, ölkənin taleyini yalnız konkret planlara malik,
çevik, işlək və monolit komandaya etibar etdiyini təsdiqləmişdir.
Azərbaycanda mütləq əksəriyyətin
etimadını qazanan, sürətli sosial-iqtisadi
inkişafı təmin edən, ictimai-siyasi sabitliyi qoruyub
saxlayan, qlobal enerji layihələrinin təminatçısına
çevrilən, ölkənin beynəlxalq arenada nüfuz və
mövqelərini möhkəmləndirən siyasi kursun
prezident seçkilərindəki möhtəşəm qələbəsi
obyektiv reallıqla şərtlənmişdir.
9
il əvvəl cənab İlham Əliyevin prezident seçkilərində
iştirakı bir tərəfdən ölkəmizdə gedən
ictimai-siyasi proseslərin məntiqi, digər tərəfdən
Heydər Əliyev siyasi kursunun varisliyi axtarışında
olan Azərbaycan cəmiyyətinin sosial sifarişi, istəyi
kimi zərurətə çevrilmişdi. Cənab İlham Əliyev
bu seçkilərdə vətəndaşlarımız
qarşısına Heydər Əliyevin idarəçilik
sistemində formalaşan, ona rəhbərlik missiyasını
məharətlə davam etdirməyə qadir olan alternativsiz
lider, eyni zamanda, dövlətin tərəqqisinə
böyük töhfələr vermiş nüfuzlu siyasi xadim kimi çıxmışdı. Ötən illərdə
ölkəmizin əldə etdiyi böyük nailiyyətlər
2003-cü ilin 15 oktyabr seçkilərində İlham Əliyevin
şəxsində ulu öndər Heydər Əliyevin layiqli
varisinə, ümummilli liderin siyasi kursuna, sülhə, sabitliyə,
tərəqqiyə səs verən Azərbaycan xalqının
seçimində qətiyyən
yanılmadığını göstərdi. Azərbaycan
Prezidenti dövlətə rəhbərlik etdiyi müddətdə
ulu öndərin banisi olduğu milli dövlətçilik ənənələrinə
nəinki sadiq qaldı, böyük əzmlə davam etdirdiyi
bu kursun Azərbaycanın dövlət müstəqilliyi qədər
əbədiliyini, daimiliyini, dönməzliyini təmin
etdi.
Cənab
İlham Əliyev bütün sahələrdə Heydər Əliyev
ideyalarının layiqli davamçısı olduğunu hələ
prezident seçilməmişdən əvvəl ümummilli
liderin müəllifi olduğu yeni neft strategiyasının həyata
keçirilməsinə, Milli Məclisin deputatı və Azərbaycanın
Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin
rəhbəri kimi beynəlxalq təşkilatlarla münasibətlərimizin
inkişafına, idmanımızın yüksəlişinə
verdiyi töhfələrlə sübuta yetirmişdi. Dövlətə
rəhbərlik fəaliyyətinin ötən 9 ili isə cənab
İlham Əliyevin Azərbaycan xalqına, dövlətinə
qazandırdığı daha böyük uğurlarla əlamətdar
olmuşdur.
Reallığı
düzgün qiymətləndirmək bacarığı,
praqmatikliyi, işgüzarlığı, sadəliyi, səmimiliyi,
təvazökarlığı, alicənablığı, qətiyyətliliyi,
məqsədə doğru inamla irəliləməsi cənab
İlham Əliyevə xalqın rəğbət hissini daha da
artıran ən mühüm mənəvi keyfiyyətlərdir. Ulu öndər Heydər
Əliyev canı, qanı qədər sevdiyi xalqının və
dövlətinin gələcək taleyini özünün
layiqli varisi və davamçısı cənab İlham Əliyevə
etibar edərkən, onun lider və şəxsiyyət kimi bu məsuliyyəti
çiyinlərinə götürməyə hazır
olduğunu yaxşı bilirdi. Azərbaycan xalqına 1
oktyabr 2003-cü il tarixli müraciətində ümummilli
lider Heydər Əliyev özünəməxsus əminliklə
deyirdi: "Sizi əmin
edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan
Partiyası bundan sonra da xalqımızın ən layiqli
övladlarını öz ətrafında sıx birləşdirərək,
Azərbaycan dövlətinin inkişafı və
xalqımızın firavanlığı yolunda çox
işlər görəcəklər. İnanıram ki, mənim
axıra çatdıra bilmədiyim taleyüklü məsələləri,
planları, işləri sizin köməyiniz və dəstəyinizlə
İlham Əliyev başa çatdıra biləcək. Mən
ona özüm qədər inanıram və gələcəyinə
böyük ümidlər bəsləyirəm".
Bu
fikirləri günümüzün reallıqları kontekstində
nəzərdən keçirən hər kəs Heydər Əliyev
müdrikliyi və uzaqgörənliyinin bir daha şahidi olur.
Ümummilli liderin respublikaya rəhbərliyinin bütün
dövrlərində ardıcıl və səmərəli
islahatlar hesabına formalaşdırdığı inkişaf
potensialının ötən 9 ildə tam reallığa
çevrilməsi, Azərbaycanın ideallardan gerçəkliyə,
nəzəriyyədən təcrübəyə qədəm
qoyaraq müasir tarixinin ən parlaq yüksəliş
dövrünü yaşaması danılmaz faktdır. 15
oktyabr 2003-cü il prezident seçkiləri dünya
birliyinə sürətlə inteqrasiya olunan, demokratik
inkişaf yolunda atdığı ardıcıl addımlarla
böyük nüfuz sahibinə çevrilən müstəqil
dövlətimizin həyatında yeni tarixi mərhələnin
əsasını qoymuşdur.
Prezident
İlham Əliyevin ötən 9 ildə yeritdiyi siyasət deməyə
əsas verir ki, respublikamız öz inkişafının Qərb
modelini müəyyənləşdirərək davamlı
iqtisadi inkişafa və demokratiyaya doğru kor-koranə deyil,
təkamül yolu ilə irəliləməyə
üstünlük vermişdir. Dövlət başçısının bəyan etdiyi kimi, ölkəmizin
sabit və tarazlı iqtisadi inkişafı yalnız demokratik
yeniliklərin geniş tətbiqindən keçir. Dövlət
başçısı bu iki təmayülü bir-birindən
ayırmadan Azərbaycanın milli strateji inkişaf yolu kimi
müəyyənləşdirmiş, iqtisadi tərəqqi və
demokratikləşmə prosesinin üzvi vəhdətinə
nail olmağın vacibliyini dəfələrlə önə
çəkmişdir.
Yeni
neft strategiyasının uğurla davam etdirilməsi, Azərbaycanın
xarici sərmayələr üçün cəlbediciliyinin
qorunması, milli iqtisadiyyatın müxtəlif sferalarına
yönələn investisiyaların qeyri-neft sektoruna,
regionların inkişafına doğru istiqamətləndirilməsi,
sahibkarlıq fəaliyyəti üçün münbit şəraitin
yaradılması, vətəndaşların sosial müdafiəsi cənab
İlham Əliyevin iqtisadi siyasətinin başlıca qayəsini
təşkil edir. Ötən illərdə
qazandığımız sosial-iqtisadi nailiyyətlərdən
söhbət gedərkən, Azərbaycan Prezidenti İlham Əliyevin
dövlətə rəhbərliyinin ilk aylarına təsadüf
edən 24 noyabr 2003-cü il tarixli "Azərbaycan
Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi
tədbirləri haqqında" fərmanının əhəmiyyətini
xüsusi qiymətləndirmək lazımdır.
Çünki keçid dövrünə xas bir sıra
köklü problemlərin həlli prosesinə məhz bu
fərmanla start verilmişdir. Konseptual əhəmiyyətli
bu sənəd sonrakı mərhələlərdə
imzalanaraq bu gün də uğurla icra edilən dövlət
proqramları üçün baza rolunu oynamış, qısa
zaman ərzində ölkə iqtisadiyyatında mütərəqqi
inkişaf meyillərinə təkan vermişdir. Bu çərçivədə atılan
ardıcıl addımlar Azərbaycanda işsizlik probleminin
aradan qaldırılması, regionların tarazlı
inkişafı, qeyri-neft sektoruna diqqətin
artırılması, sahibkarlığın inkişafı
yeni iş yerlərinin açılması istiqamətində
konkret nəticələrlə müşayiət
olunmuşdur.
Prezident
İlham Əliyevin 11 fevral 2004-cü il tarixdə təsdiqlədiyi
"Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi
inkişafı (2004-2008-ci illər) Dövlət
Proqramı" isə Azərbaycan regionlarının
tarazlı və davamlı inkişafı, sosial infrastrukturun
yenidən qurulması, milli iqtisadiyyatın neft amilindən
asılılığının qeyri-neft sektorunun
inkişafı hesabına aradan qaldırılması üçün kompleks tədbirlər
müəyyənləşdirmişdir. Dövlət
proqramı çərçivəsində atılmış
ardıcıl addımlar indiyə qədər regionların
sosial-iqtisadi tərəqqisinə mane olan köklü problemləri
nəzərəçarpacaq səviyyədə aradan
qaldırmış, yerlərdə infrastrukturun yeniləşdirilməsinə maddi
zəmin yaratmışdır. Dövlət
kənd təsərrüfatının inkişafına diqqəti
artırmış, hər regionun malik olduğu təbii
resurslardan məqsədyönlü istifadə, sərmayələrin
qeyri-neft sektoruna cəlb edilməsi, yeni emal müəssisələrinin
yaradılması, xidmət və digər infrastruktur obyektlərinin,
turizmin inkişafı yerlərdə yüz minlərlə
yeni iş yerlərinin açılmasına imkan vermişdir. Respublikamızın mərkəzində olduğu
kimi, əyalət şəhərlərimizdə, hətta ən
ucqar rayonlarımızda, kəndlərimizdə belə nəqliyyat-kommunikasiya
sisteminin bərpası, elektrik enerjisi, qaz, su, rabitə təminatı
kimi sosial problemlərin həlli, müasir informasiya
texnologiyalarının tətbiqi mədəni-intellektual
yüksəlişə yol açmışdır.
Prezident
İlham Əliyev ötən illərdə ölkədə
özəl sektorun dinamik inkişafına təkcə
sosial-iqtisadi yüksəliş xəttinin deyil, həm də
demokratikləşmə prosesinin
ardıcıllığını, vətəndaş hüquq
və azadlıqlarının etibarlı şəkildə
qorunmasını təmin edən başlıca vasitələrdən biri kimi
yanaşmışdır. Çünki özəl sektorun
inkişafı, halal yolla maddi imkanlarını artıran vətəndaşların
sayının artması dünyanın bütün demokratik
ölkələrində olduğu kimi, Azərbaycan cəmiyyətində
də sabitlik və tərəqqinin, demokratikləşmə
prosesinin hərəkətverici qüvvəsi sayılan
milli burjuaziyanın, orta təbəqənin əhatəsini
genişləndirir.
Prezident İlham
Əliyevin ötən müddətdə
sahibkarlığın inkişafı istiqamətində həyata
keçirdiyi tədbirlər ardıcıllığı, səmərəliliyi
və sistemliliyi ilə diqqəti cəlb etmişdir. Hələ 2004-cü il 1 fevral tarixində Bakı
Biznes Mərkəzində yerli sahibkarlarla görüşən
dövlət başçısı onları narahat edən məsələləri
diqqətlə dinləmiş, sahibkarları dəstəklədiyini,
iş adamlarına gələcəkdə də lazımi
köməyi göstərəcəyini bəyan
etmişdir. Dövlət rəhbəri
inhisarçılıq, sahibkarlara süni maneələrin
yaradılması, hüquq-mühafizə orqanlarının
iş adamlarının fəaliyyətinə müdaxiləsi
hallarını pisləmiş, bu münasibət konkret qərarlarla
müşayiət olunmuşdur. Antiinhisar fəaliyyətinin
gücləndirilməsi, inflyasiyanın
qarşısının alınması üçün əsaslı
tədbirlərin görülməsi, qeydiyyat sisteminin sadələşdirilməsi,
yerlərdə regional iqtisad məhkəmələrinin
yaradılması və s. kimi tədbirlər bunun əyani təcəssümüdür.
Dövlət başçısı
iqtisadiyyatın liberallaşdırılması, bazarın
inhisardan, haqsız rəqabətdən azad olunması, özəl
sektorun dəstəklənməsi, sahibkarlara güzəştli
kreditlərin verilməsi sahəsində ciddi addımlar
atmış, verdiyi bütün vədlərə sadiqlik
nümayiş etdirmişdir.
Cənab
İlham Əliyevin 14 aprel 2009-cu il tarixli "Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı",
"Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət
Proqramı (2004-2006-cı illər)",
"Sahibkarlığa dövlət maliyyə dəstəyinin
göstərilməsi sahəsində əlavə tədbirlər
haqqında", "Azərbaycan Respublikası Sahibkarlığa Kömək
Milli Fondunun vəsaitinin istifadəsi qaydalarının təkmilləşdirilməsi
haqqında", "Hüquqi şəxslərin dövlət
qeydiyyatı və dövlət reyestri haqqında", "Azərbaycan
Respublikasında azad iqtisadi zonaların yaradılması
haqqında", "Azərbaycan Respublikasında
sahibkarlığın inkişafı ilə bağlı bəzi
tədbirlər haqqında" və s. fərman və sərəncamlar,
qanunlar, dövlət proqramları sahibkarlığın
inkişafına təkan vermiş, qeyri-neft sektorunun
inkişafını stimullaşdırmışdır.
Respublikamızda
sahibkarlığın inkişafına mane olan süni maneələrin
aradan qaldırılması istiqamətindəki fəaliyyətinin
ardıcıl və davamlı səciyyə
daşıdığını Prezident İlham Əliyevin 30
aprel 2007-ci il tarixdə imzaladığı "Azərbaycan
Respublikasında sahibkarlığın inkişafı ilə
bağlı bəzi tədbirlər haqqında" fərman bir daha təsdiqləmişdir.
Bu fərmanla indiyə qədər çoxpilləli biznesə
başlamaq sahəsində mövcud problemlər həllini
tapmış, o cümlədən süründürməçilik
halları, bürokratik əngəllər aradan
qaldırılmışdır. Sərəncam əsasında
vahid kodlaşdırmanın aparılması, biznes
strukturlarının "bir pəncərə" - vahid qeydiyyat orqanı tərəfindən
qeydə alınması məsələləri uğurla tətbiq
edilmişdir. Elektron hökumətin əsas elementlərindən
olan "bir pəncərə" sistemi məlumatların bir
mərkəzdə cəmləşdirilməsini, vergi
qeydiyyatı da daxil olmaqla, bütün inzibati qeydiyyatların
tamamilə sinxronlaşdırılmasını nəzərdə
tutur. İş adamlarının mərkəzi sistemlə
avtomatik, onlayn və davamlı əlaqəsi yaranır.
Faktiki olaraq, bu, lisenziyaların mərkəzləşdirilmiş
qaydada və elektron şəkildə təqdim edilməsi deməkdir.
Qeydiyyatın "bir pəncərə" prinsipi üzrə
aparılması sahibkarlıq sektoruna marağın güclənməsinə
və biznesin inkişafına təkan vermişdir. Digər tərəfdən, "bir pəncərə"
sisteminin tətbiqi investisiya mühitinin daha da
yaxşılaşdırılmasına, sahibkarların dövlət
qurumlarından asılılığının azalmasına,
uzunmüddətli qeydiyyat prosedurlarının ləğv
olunmasına və sadələşdirilməsinə təkan
verən mühüm amillərdən biridir.
Mərkəzdə
və regionlarda infrastrukturun yeniləşdirilməsinin,
respublikanın ən müxtəlif bölgələrində
modul tipli elektrik stansiyaların qurulmasının, əyalətlərin
mavi yanacaqla təchizatının özü də dövlətin
özəl sektora dəstəyinin tərkib hissəsidir. Sahibkarlığa
Kömək Milli Fonduna dövlət büdcəsindən
ayrılan vəsaitlərin həcminin ildən-ilə daha
böyük rəqəmlərlə ifadə olunması,
fermerlərin zəruri texnika ilə təchizatı
üçün "Aqrolizinq" Səhmdar Cəmiyyətinin
yaradılması və bu quruma böyük həcmdə maliyyə
vəsaitinin ayrılması da hökumətin sahibkarlara
münasibətinin əsas göstəricilərindən
sayıla bilər. Son illər iş adamlarına güzəştli
kreditlərin verilməsi sahəsində mövcud olan problemlər
də əsaslı şəkildə aradan
qaldırılmışdır.
Prezident İlham
Əliyev Nazirlər Kabinetinin 2012-ci ilin 9 ayının
sosial-iqtisadi inkişafının yekunlarına və
qarşıda duran vəzifələrin müzakirəsinə
həsr olunmuş iclasında sahibkarlığın maliyyələşmə
mexanizmlərinin təkmilləşdiyini xüsusi qeyd
etmişdir: "Bu il Sahibkarlığa Kömək Milli
Fondunun xətti ilə 200 milyon manat güzəştli kreditlər
nəzərdə tutulur, onların böyük əksəriyyəti
artıq verilmişdir. Mən göstəriş
verdim ki, gələn il biz bu məbləği artıraq və
gələn il bu fond vasitəsilə üç yüz milyon
manat məbləğində güzəştli kreditlər
verilməlidir. Çünki bu, çox vacib sahədir, bu,
real iqtisadiyyata qoyulan investisiyalardır, dövlət nəzarəti
altında qoyulan investisiyalardır. Ancaq özəl sektor
da bu investisiyaları qoyur. Biz bu proqramı icra edərkən həm
özəl sektoru stimullaşdırırıq, ucuz kreditlər
verməklə onların fəaliyyətini genişləndiririk,
eyni zamanda, daxili istehsalı da
stimullaşdırırıq".
Dinamik
inkişaf potensialı ilə Cənubi Qafqaz
iqtisadiyyatının 80 faizinə sahiblik edən Azərbaycan
dünyanın nüfuzlu iqtisadi-maliyyə qurumlarının
reytinq cədvəllərində də sürətlə irəliləyərək
mövqelərini möhkəmləndirir. 2012-ci ilin əvvəlindən
dünyanın bir sıra nüfuzlu maliyyə qurumlarının, habelə BMT
İnkişaf və Ticarət Təşkilatının
ardınca Dünya İqtisadi Forumu da respublikamızda gedən
inkişaf proseslərini müsbət dəyərləndirmişdir.
Qurumun ənənəvi "Qlobal Rəqabət Qabiliyyəti
İndeksi"nə görə Azərbaycan dünyanın 140
ölkəsi arasında 46-cı yerdə qərarlaşmışdır.
Hesabata əsasən, Azərbaycan ötən il tutduğu
mövqeyini (55-ci yer) yaxşılaşdıraraq 9 pillə irəliləmişdir.
Siyahıya ötənilki kimi İsveçrə və Sinqapur
başçılıq edir, ilk üçlüyü
Finlandiya tamamlayır. Qonşu ölkələrdən
Gürcüstan 77-ci, Türkiyə 43-cü, Rusiya isə 67-ci
yeri tutmuşdur.
Ölkə
başçısının Nazirlər Kabinetinin bu günlərdə
keçirilən iclasında vurğuladığı kimi, Azərbaycanın
Dünya İqtisadi Forumunun reytinq cədvəlində 9 pillə
irəliləməsi həm də aparılan davamlı
islahatlar nəticəsində ölkənin iqtisadi qüdrətinin
əhəmiyyətli dərəcədə güclənməsini,
dinamik sosial-iqtisadi inkişafı və insanların sosial rifah
halının yaxşılaşmasını əks etdirir. Xüsusən
də 2012-ci ilin birinci yarısında respublikanın qeyri-neft
sektorunda gedən sürətli inkişaf iqtisadiyyatın rəqabətə
davamlılığının artımına etibarlı zəmin
yaratmışdır. Ötən illərdə vergi yükünün
azaldılması və vergi prosedurlarının
asanlaşdırılması, eyni zamanda, fiziki və hüquqi
şəxslərin cəmi bir neçə dəqiqə ərzində
elektron qaydada dövlət qeydiyyatına alınması, vergi və
rüsumların elektron formada ödənilməsi,
sahibkarlıq subyektlərində yoxlamaların vahid dövlət
reyestrinin yaradılması dünyanın aparıcı maliyyə-iqtisadi
qurumları tərəfindən razılıqla
qarşılanır.
2007-ci il 28 iyul tarixli "Şəffaflığın
artırılması və korrupsiyaya qarşı mübarizə
üzrə Milli Strategiya" çərçivəsində
normativ hüquqi bazanın, institusional mexanizmlərin təkmilləşdirilməsi,
dövlət və yerli özünüidarə
orqanlarının fəaliyyətinin açıq hökumət
prinsiplərinə uyğunlaşdırılması, qərarların
qəbulu prosesində ictimaiyyətin iştirakının
genişləndirilməsi, şəffaflığın
artırılması, beynəlxalq öhdəliklərin
icrasının təmin edilməsi məqsədilə ölkə
başçısı 2012-ci il 5 sentyabr tarixdə
"Açıq Hökumətin təşviqinə dair
2012-2015-ci illər üçün Milli Fəaliyyət
Planı"nın və "Korrupsiyaya qarşı
mübarizəyə dair 2012-2015-ci illər üçün
Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi
haqqında" sərəncam imzalamışdır.
"Korrupsiyaya qarşı mübarizəyə
dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət
Planı"nın konkret olaraq 12-ci maddəsində
sahibkarlıq sahəsində mühitin
liberallaşdırılmasına xidmət edən tədbirlər
əksini tapmışdır. Həmin maddədə
sahibkarların dövlət orqanları ilə münasibətlərində
qarşılaşdıqları problemlərin öyrənilməsi
və onların həlli üçün tədbirlərin
müəyyənləşdirilməsi; sahibkarlıq sahəsində
aparılan yoxlamaların vahid məlumat reyestrinin inkişaf
etdirilməsi, o cümlədən reyestrə informasiya
ötürülməsinin avtomatlaşdırılması;
sahibkarlıq sahəsində qanunsuz yoxlamalar barədə məlumatların
qəbul edilməsi üçün elektron portalın və
telefon xidmətinin təkmilləşdirilməsi; qanunsuz
yoxlama keçirilməsi, yoxlamaların təyin edilməsi,
keçirilməsi və nəticələrinə əsasən
tədbirlər görülməsi sahəsində
yoxlayıcıların və yoxlayıcı orqanların məsuliyyətinin
müəyyənləşdirilməsi üzrə təkliflərin
hazırlanması və s. nəzərdə tutulmuşdur.
Prezident İlham Əliyevin 13 iyul 2012-ci
il tarixli fərmanı ilə Azərbaycan Respublikası
Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyi
yaradılmışdır. Agentlik "ASAN xidmət" mərkəzlərini
yaratmaqla, onların vahid şəkildə idarə edilməsini,
xidmət mərkəzlərində fəaliyyət göstərən
dövlət orqanlarının əməkdaşlarının
fəaliyyətinin əlaqələndirilməsini, informasiya
bazalarının qarşılıqlı inteqrasiyasını,
bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsini
təmin edən dövlət orqanı kimi fəaliyyət
göstərməlidir. İdeyanın maraqlı cəhətlərindən
biri odur ki, həmin xidmətlər "bir qapı" prinsipi
üzrə təqdim ediləcəkdir. Belə ki, vətəndaş
yalnız bir qapıdan daxil olmaqla bir mərkəzdən (bir
inzibati binadan) ayrı-ayrı dövlət qurumlarının
müxtəlif xidmətlərindən eyni məkanda və eyni
vaxtda yararlana biləcəkdir. "ASAN xidmət" mərkəzlərində
çalışacaq vergi, ədliyyə, gömrük, əmlak,
sosial müdafiə, daxili işlər, miqrasiya və s.
dövlət orqanlarının əməkdaşları vətəndaşlara
müasir və keyfiyyətli xidmətlər göstərəcəklər.
Adından göründüyü kimi, yeni mərkəzlər
insanların, eləcə də sahibkarların işini
asanlaşdıracaq, onların neqativ hallarla üzləşməsinin
qarşısını alacaqdır.
Ümumiyyətlə, Azərbaycan
iqtisadi sahədə islahatların əsas qismini uğurla
başa çatdırmaqla, MDB məkanında keçid
dövrünü başa vurmuş öncül dövlətlər
sırasındadır. Bundan sonrakı dövrü isə daha
çox bazar münasibətlərinin möhkəmləndirilməsi
və inkişaf etdirilməsi, modernləşmə
strategiyasının reallaşdırılması mərhələsi
kimi səciyyələndirmək olar. Dövlət
başçısı İlham Əliyev praqmatik siyasətçi
kimi bu mərhələdə də qarşıda duran strateji
vəzifələri düzgün qiymətləndirir,
xalqın mənafeyi baxımından bir sıra strateji məqsədləri
önə çəkir. Dövlət
başçısının 29 noyabr 2011-ci il tarixli "Azərbaycan
2020: gələcəyə baxış" İnkişaf
Konsepsiyasının hazırlanması barədə" sərəncamı
da ölkənin uzunmüddətli inkişaf
strategigasının müəyyənləşdirilməsi
baxımından vacib əhəmiyyətə malikdir.
"Azərbaycan 2020: gələcəyə
baxış" İnkişaf Konsepsiyasının ictimai
müzakirəyə çıxarılmış layihəsində
2020-ci ilədək respublika iqtisadiyyatının
inkişafının başlıca təmayülləri öz
əksini tapmış, ümumi daxili məhsulun sürətli
artımına hansı resurslar hesabına nail olunması
dolğun şəkildə göstərilmişdir. 2020-ci ilə
qədərki dövrü əhatə edən milli inkişaf
konsepsiyasının hazırlanması zərurəti həm də
mövcud iqtisadi uğurların davamlığını təmin
etmək, istifadəsi zəruri resursları fəal dövriyyəyə
cəlb etmək niyyətindən irəli gəlir. Eyni zamanda
iqtisadi sahədə qazanılan uğurların miqyası
hökumətə inkişafın perspektivləri barədə
qlobal düşünməyə və irimiqyaslı layihələr
hazırlamağa imkan verir.
Kifayət qədər dərin elmi
araşdırmaya, zəngin faktoloji bazaya və reallığa
adekvat makroiqtisadi proqnozlara əsaslanan "Azərbaycan - 2020:
gələcəyə baxış" İnkişaf Konsepsiyası
layihəsinin səmərəli ictimai müzakirələr nəticəsində
daha da təkmilləşdirilməsi nəzərdə tutulur.
Layihədə son 10 ildəki inkişaf parametrləri əsasında
ölkə iqtisadiyyatının mövcud durumu, qlobal və
yerli çağırışlar təhlil edilmiş, yüksək
rəqabət qabiliyyətli iqtisadi sistemin
formalaşdırılması ilə bağlı prioritetlər
göstərilmişdir.
Layihənin ayrı-ayrı bölmələrində
səmərəli dövlət tənzimləməsinə və
yetkin bazar münasibətlərinə əsaslanan iqtisadi
modelin formalaşması; iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi,
qeyri-neft sektorunun inkişafı; elmi potensialın və
innovasiya fəaliyyətinin dəstəklənməsi; nəqliyyat,
tranzit və logistika infrastrukturunun təkmilləşdirilməsi;
bölgələrin tarazlı inkişafı;
informasiya-kommunikasiya texnologiyalarının inkişafı və
informasiya cəmiyyətinə keçidin təmini; insan
kapitalının inkişafı və səmərəli sosial
müdafiə sisteminin qurulması; səhiyyə sahəsində
qarşıda duran başlıca vəzifələrin həlli;
müasir təhsil sisteminin formalaşdırılması;
sosial müdafiə sisteminin təkmilləşdirilməsi;
qanunvericiliyin təkmilləşdirilməsi və institusional
potensialın gücləndirilməsi; vətəndaş cəmiyyətinin
inkişaf etdirilməsi; ətraf mühitin qorunması və
ekoloji problemlərin həlli məsələləri ilə
bağlı yer almış təklif, rəy və proqnozlar
konseptual mahiyyəti ilə diqqət çəkir.
2020-ci ilədək ölkədə
ümumi daxili məhsulun 2 dəfəyədək
artımına nail olmaq baxımından sənayenin
inkişafı istiqamətində tədbirlər daha da
genişləndiriləcəkdir. Son bir il ərzində cənab
İlham Əliyev 3 dəfə Sumqayıta səfər
etmiş, Sumqayıt Texnologiyalar Parkında (STP) bir sıra
istehsal zavodlarının açılışında
iştirak etmişdir. Müəssisədə müasir
texnologiyalar əsasında respublika üçün
mühüm əhəmiyyəti olan və ixrac potensialına
malik elektroenergetika və maşınqayırma sənayesi məhsulları
istehsal edilir. 17 zavoddan ibarət olan STP-də o cümlədən,
müxtəlif tip kabellər, transformatorlar, yüksək gərginlikli
avadanlıqlar, hidroturbinlər, su nasosları, elektrik mühərrikləri,
borular, texniki qazlar (arqon, oksigen, azot və s.) istehsal edilir. Həmin
sənaye müəssisələrinin fəaliyyətə
başlaması həm də çoxlu sayda yuxarı məvacibli
iş yerləri açılmasına imkan
yaratmışdır. Perspektivdə Yüksək Texnologiyalar
Parkının da istifadəyə verilməsi nəzərdə
tutulur. İnanırıq ki, ölkə
başçısının xüsusi diqqət və
qayğısı ilə Sumqayıtın digər sənaye
müəssisələri də böhranlı vəziyyətdən
çıxacaq, o cümlədən də strateji əhəmiyyətli
şüşə sənayesinin inkişafına nail
olunacaqdır.
Ümumilikdə, Konsepsiyanın məqsədi
mövcud imkanları və resursları nəzərə almaqla,
Azərbaycanda davamlı iqtisadi artımı, yüksək
sosial rifahı və səmərəli dövlət idarəçiliyini
təmin etməkdir. Layihədə qeyd olunur ki, qarşıya
qoyulmuş məqsədlərin həyata keçirilməsi nəticəsində
Azərbaycan 2020-ci ildə iqtisadi və siyasi cəhətdən
inkişaf etmiş, bütün sahələrdə rəqabət
qabiliyyətli ölkə olacaqdır.
Konsepsiyada nəzərdə tutulmuş tədbirlərin
icrası nəticəsində 2020-ci ilədək ölkədə
adambaşına düşən ÜDM-in həcminin iki dəfədən
çox artaraq 13 min ABŞ dollarına
çatdırılacağı gözlənilir. Həmin
dövrədək Azərbaycanın Dünya Bankının
adambaşına düşən ümumi milli gəlir təsnifatına
görə "yuxarı orta gəlirli ölkələr",
habelə BMT İnkişaf Proqramının insan
inkişafı ilə bağlı təsnifatına görə
"yüksək insan inkişafı ölkələri"
qrupunda üstün mövqelərə yüksəlməsi hədəflənir.
Respublikanın beynəlxalq iqtisadi münasibətlər
sistemində yüksək rəqabət qabiliyyətinə
malik ölkəyə çevrilməsi də qarşıya
qoyulmuş əsas vəzifələrdən biridir. Bu məqsədlə
respublikanın regionun ticarət mərkəzinə
çevrilməsi, qeyri-neft sektoru üzrə adambaşına
düşən ixrac həcminin 1000 ABŞ dollarına
çatdırılması proqnozlaşdırılır.
2020-ci ilədək inflyasiyanın məqbul
səviyyədə saxlanılması, daha çevik məzənnə
rejiminə keçidin təmin olunması, iqtisadiyyatın
strukturunun təkmilləşdirilməsi tədbirlərinin həyata
keçirilməsi nəzərdə tutulur. Neft-qaz sektorunun,
neft-kimya sənayesinin modernləşdirilməsi, qeyri-neft sənayesinin
şaxələndirilməsi, alternativ və bərpa olunan
enerji mənbələrindən istifadə imkanlarının
genişləndirilməsi, aqrar sektorun inkişafı, ərzaq
təhlükəsizliyinin təmini, ticarət və xidmət
növlərinin genişləndirilməsi, xarici ticarətin,
investisiyaların strukturunun təkmilləşdirilməsi
prioritet istiqamətlər olacaqdır. Konsepsiyanın əhatə
etdiyi dövr ərzində qeyri-neft sektoru üzrə ÜDM-in
orta illik artım tempinin 7 faizdən yüksək olması hədəflənir.
Ümummilli lider Heydər Əliyev əgər
Azərbaycanı xaos və anarxiyadan, dövlətçiliyin
itirilməsi təhlükəsindən xilas edib dinamik islahatlar
yoluna çıxarmışdısa, onun layiqli
davamçısı Prezident İlham Əliyev keyfiyyətcə
yeni mərhələdə dünyanın ən sürətlə
inkişaf edən, yeniləşən, müasirləşən,
demokratikləşən dövlətinə çevirməyə
nail olmuşdur. Azərbaycan Prezidentinin bu gün də inamla
davam etdirdiyi sosial-iqtisadi inkişaf strategiyası, həyata
keçirdiyi islahatlar həm də onun yüksək idarəçilik
qabiliyyətinin, mükəmməl iş təcrübəsinin
əyani təzahürü kimi dəyərləndirilə bilər.
Elmi əsaslara söykənən iqtisadi islahatların
uğurlu nəticələri isə getdikcə hər bir vətəndaşın
maddi rifah halında özünü daha qabarıq göstərir.
Qüdrət KƏRİMOV,
"Xəzər"
ASC-nin sədri,
iqtisad elmləri
doktoru
Azərbaycan.-2012.-
13 oktyabr.- S.4.