Yefim Pivovar: Hazırda Rusiya ilə Azərbaycan arasında bir sıra prioritet istiqamətlər üzrə qarşılıqlı fəaliyyətin yüksək səviyyəsi əldə olunmuşdur

 

 "Dövlət başçılarının siyasi iradəsi, bir tərəfdən Azərbaycanın ümummilli lideri Heydər Əliyevin, digər tərəfdən  Rusiya liderlərinin nümayiş etdirdikləri uzaqgörənlik sayəsində ötən əsrin 1990-cı illərinin ortalarında vəziyyəti dəyişdirmək, əməkdaşlığın bütün istiqamətləri üzrə ikitərəfli əlaqələri möhkəmləndirmək mümkün oldu".

Bu sözləri  Rusiya Dövlət Humanitar Universitetinin rektoru, Rusiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Yefim Pivovar özünün bu yaxınlarda nəşr olunmuş "Rusiya-Azərbaycan münasibətləri" adlı fundamental monoqrafiyasında  yazmışdır.

Monoqrafiyada  Rusiya ilə Azərbaycan arasında  münasibətlərin təşəkkül tapmasının və inkişafının  iyirmiillik tarixi ilk dəfə xeyli sayda səhih mənbələr əsasında gözdən keçirilmişdir. Rusiya Elmlər Akademiyasının müxbir üzvü, tanınmış Rusiya tarixçisi Yefim Pivovar Rusiya-Azərbaycan münasibətlərini həm ikitərəfli formatda, həm də daha irimiqyaslı beynəlxalq əməkdaşlıq çərçivəsində təhlil etmişdir. Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlıq münasibətlərinin yaranması mexanizmləri müəllif tərəfindən sənədlər, iki ölkənin rəhbərlərinin rəsmi bəyanatları əsasında ardıcıl surətdə açılmışdır.

Y.Pivovar vurğulamışdır ki, dövlət başçılarının görüşləri Rusiya ilə Azərbaycan arasında strateji əməkdaşlığı genişləndirmək üçün daha güclü vasitə olmuşdur. Müəllifin sözlərinə görə, Rusiya tərəfi dəfələrlə bildirmişdir ki, Azərbaycan yaxın və uzunmüddətli perspektivdə Rusiyanın tərəfdaşıdır. Azərbaycan isə öz növbəsində iki ölkə arasındakı münasibətlərin strateji xarakter daşıdığını, həmin əlaqələrin regionda sabitliyin və inkişafın mühüm amili olduğunu vurğulamışdır.

Rusiya alimi qeyd edir ki, əsası Heydər Əliyev tərəfindən qoyulmuş  ikitərəfli münasibətlərin fundamental əsasları Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyi dövründə inkişaf etdirilmişdir.

Kitabda humanitar sahədə birgə layihələr də xüsusi vurğulanmışdır ki, həmin layihələrin də ən əhəmiyyətlisi Bakı Beynəlxalq Humanitar Forumudur. Azərbaycan və Rusiya prezidentlərinin təşəbbüsü ilə keçirilən Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumu qlobal siyasi, elmi və mədəni məsələlərin müzakirə edilməsi üçün beynəlxalq platformaya çevrilmişdir.

Bundan əlavə, kitabda Rusiya ilə Azərbaycanın MDB, BMT, QİƏT çərçivəsində, habelə Xəzər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ  münaqişəsinin  həlli məsələlərinə dair qarşılıqlı fəaliyyəti gözdən keçirilmişdir.

Y.Pivovar yazır: "Hazırda Rusiya ilə Azərbaycan arasında bir sıra prioritet istiqamətlər üzrə qarşılıqlı fəaliyyətin yüksək səviyyəsi əldə olunmuşdur". Alim hesab edir ki, Rusiya-Azərbaycan  münasibətlərindəki mövcud amillər iki ölkə arasında konstruktiv və qarşılıqlı faydalı əməkdaşlığın gələcəkdə dinamik inkişaf etdirilməsi üçün zəruri zəmin yaradır.

 

 

 AzərTAc

 

Azərbaycan.-2012.- 13 oktyabr.- S.5.