Bakıda IV Beynəlxalq uşaq muğam festivalının final mərhələsi başa çatmışdır

 

 Oktyabrın 12-də Beynəlxalq Muğam Mərkəzində IV Beynəlxalq uşaq muğam festivalının final mərhələsi keçirilmişdir.

AzərTAc xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə çıxış edən "Kainat" Gənclik Mərkəzinin direktoru Rahib Rəsulzadə rəhbərlik etdiyi qurumun Gənclər və İdman Nazirliyinin dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə reallaşdırdığı layihənin məqsədinin muğam ənənələrini yaşatmaq və milli dəyərlərimizi bu orijinal musiqi forması vasitəsilə dünya miqyasında tanıtmaqdan ibarət olduğunu bildirmişdir.

Nəzərə çatdırılmışdır ki, festivalın ölkəmiz üzrə bu ilin mayından başlanan seçim turları sentyabr ayında yekunlaşmışdır.

Bildirilmişdir ki, ilk dəfə 17 il bundan əvvəl yalnız respublika miqyasında təşkil olunan uşaq muğam festivalı artıq dördüncü ildir ki, beynəlxalq səviyyədə reallaşmaqdadır. 2009-cu ildə start götürən I Beynəlxalq uşaq muğam festivalında yalnız 1 ölkə (Özbəkistan) iştirak etdiyi halda, hazırda bu musiqi bayramında təmsil olunan ölkələrin sayı Azərbaycan da daxil olmaqla 8-ə çatmışdır.

Azərbaycanı festivalda 6 gənc istedad təmsil etmişdir.

Beynəlxalq Muğam Mərkəzinin ecazkar səhnəsi müsabiqənin final mərhələsində iştirak edən uşaqlar üçün həm bir sınaq meydanı olmuşdur. On altı gənc ifaçı tələbkar muğam bilicilərinə Azərbaycan muğamı, türk uzun havası, özbək-türkmən şaşmakomu, qırğız-tacik dastançılığı s. forma janrlarda ifalar təqdim etmişdir. Onları Azərbaycan Televiziyası Radiosunun Baba Salahov adına "Araz" xalq çalğı alətləri orkestri müşayiət etmişdir.

Sonda beynəlmiləl tərkibli münsiflər heyətinin sədri, xalq artisti Ağasəlim Abdullayev festivalın "Qran-pri", birinci, ikinci, üçüncü yerləri həvəsləndirmə nominasiyaları üzrə qaliblərin adını elan etmişdir.

Münsiflər heyətinin seçiminə əsasən, festivalın "Qran-pri" mükafatına Prezidentin müvafiq sərəncamı ilə adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitab"ına salınmış Mirpaşa Şükürov layiq görülmüşdür. I yer nominasiyası üzrə Azərbaycan, Tacikistan, II yer nominasiyası üzrə Özbəkistan, Türkiyə, III yer nominasiyası üzrə Azərbaycan, Qırğızıstan, İraq təmsilçiləri qalib adına layiq görülmüşlər. Müsabiqənin 8 iştirakçısı isə həvəsləndirici nominasiya üzrə mükafatlandırılmışdır.

Bundan əlavə, finala vəsiqə qazanmış bütün iştirakçılar Gənclər və İdman Nazirliyinin diplomları ilə təltif olunmuşlar. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən isə iki iştirakçıya xüsusi diplom və hədiyyə təqdim edilmişdir.

 

 

Azərbaycan.-2012.- 13 oktyabr.- S.5.