İslamabadda Azərbaycan-Pakistan diplomatik münasibətlərinin 20 illiyi qeyd olunmuşdur

 

 İslamabadda Azərbaycan-Pakistan diplomatik münasibətlərinin qurulmasının 20 illiyinə və Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 21-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilmişdir.

Tədbirdə Pakistan Senatının sədri Səid Nayyar Buxari, onun müavini Sabir Bəluç, Milli Assambleyanın sədr müavini Fayisal Karim Kundi, Baş nazirin müşaviri Tarik Malik, nazirlər, komitə sədrləri, senatorlar, bir sıra dövlət və hökumət rəsmiləri, müxtəlif qurumların rəhbərləri, eləcə də Pakistanda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, bu ölkədə yaşayan soydaşlarımız, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

Azərbaycanın Pakistandakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, tədbirin keçirildiyi salon Azərbaycanın və Pakistanın dövlət bayraqları, ümummilli lider Heydər Əliyevin və Pakistan dövlətinin banisi Məhəmməd Əli Cinnahın, habelə prezidentlər İlham Əliyevin və Asif Əli Zərdarinin portretləri ilə bəzədilmişdi. Foyedə respublikamızın füsunkar təbiətinə və ölkələrimiz arasında qarşılıqlı səfərlərə həsr olunmuş fotostendlər quraşdırılmış, müstəqil Azərbaycan dövlətinin yaranması və inkişafı haqqında, həmçinin Heydər Əliyev Fondu tərəfindən Pakistanda həyata keçirilən layihələrlə bağlı videoçarx nümayiş etdirilmişdir.

Tədbiri açan səfir Daşqın Şikarov xalqlarımız və dövlətlərimiz  arasında səmimiyyət üzərində qurulmuş əlaqələrdən - siyasi, iqtisadi, humanitar, hərbi və mədəni sahələrdə səmərəli əməkdaşlıqdan danışmış, ölkələrimizin taleyüklü məsələlərdə eyni mövqedən çıxış etdiklərini vurğulamışdır. Diplomat Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinin həllində ölkəmizi birmənalı şəkildə dəstəklədiyi və Ermənistanın apardığı işğalçılıq siyasətinə görə onu bir ölkə kimi tanımadığı üçün Pakistan hökumətinə və xalqına minnətdarlığını bildirmişdir. Cari ilin fevralında Pakistan Senatının Xocalı soyqırımını tanıyan və ölkəmizin ərazi bütövlüyünü dəstəkləyən qətnaməni qəbul etdiyini xatırladan səfir demişdir ki, bunu Azərbaycan hökuməti və xalqı yüksək  qiymətləndirmişdir. D.Şikarov həmçinin respublikamızda aparılan islahatlar, daxilixarici siyasətdə əldə olunan nailiyyətlər, Azərbaycanın uğurlu neft strategiyası və xarici ölkələrdə reallaşdırdığı investisiya layihələri haqqında da tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.

Tədbirdə ali qonaq qismində iştirak edən Pakistan Senatının sədri Səyid Nayyar Buxari ölkələrimiz və xalqlarımız arasında qədim tarixə söykənən dostluq və qardaşlıq münasibətlərindən danışmış, bu əlaqələrin Azərbaycanın müstəqilliyinin bərpa edilməsindən sonra yeni mərhələyə daxil olduğunu vurğulamışdır. Qeyd olunmuşdur ki, 20 il ərzində ölkələrimiz arasında münasibətlər bütün istiqamətlərdə dinamik inkişaf etmiş, bu dövrdə ölkə rəhbərlərinin və digər dövlət rəsmilərinin qarşılıqlı səfərləri sayəsində əlaqələrin hüquqi-normativ bazasını təşkil edən çoxsaylı sazişlər imzalanmışdır.

Qardaş xalqlarımız arasında mədəni, sosial, humanitar sahələrdə əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayan natiq Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini tam dəstəklədiklərini, fevralın

1-də Senat tərəfindən Xocalı soyqırımının tanınması haqqında qətnamənin qəbul edildiyini vurğulayaraq Ermənistanın işğalçı siyasətini qəti pisləmişdir.

Senatın sədri Pakistanda 2005-ci, 2010-cu və 2011-ci illərdə baş vermiş təbii fəlakətlər zamanı Azərbaycanın ölkəsinə yardım əli uzadan ilk dövlətlərdən olduğunu diqqətə çatdıraraq birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun burada həyata keçirdiyi irimiqyaslı layihələri qeyd etmişdir.

Mərasim iştirakçılarına urdu dilində nəşr edilmiş "Azərbaycan - Odlar Yurdu", "Heydər Əliyev - müstəqil Azərbaycanın qurucusu" kitabları, "The Diplomatic İnsight" və "Diplomatic Star" jurnallarının xüsusi buraxılışlarının nüsxələri paylanmışdır. Bu nəşrlərdə, diplomatik münasibətlərin qurulmasının 20 illik yubileyi münasibətilə Azərbaycan Prezidentinin Pakistan dövlətinin başçısına və Pakistanın Baş nazirinin azərbaycanlı həmkarına müraciətləri, ölkələrimiz arasında əlaqələrin xronologiyası, Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın dinamik inkişafı istiqamətində aparılan islahatlar, Heydər Əliyev Fondunun fəaliyyəti, ölkəmizin müstəqil dövlətçilik tarixi, siyasəti, mədəniyyəti, turizmi və iqtisadiyyatı geniş işıqlandırılmışdır.

Pakistanın nüfuzlu PTV, DRY News, CNBC, Dünya TV və digər yerli kanallarında, həmçinin aparıcı mətbu orqanlarında bu tədbir ilə bağlı reportajlara, eləcə də Senat sədrinin, nazirlərin ölkələrimiz arasında dostluq və əməkdaşlığın inkişafı ilə bağlı müsahibələrinə geniş yer ayrılmışdır.

Pakistanlı jurnalistlər tədbir barədə təəssüratlarını bölüşərək Azərbaycanın zəngin mədəniyyətinin, mətbəxinin, musiqisinin, incəsənətinin mərasimdə nümayiş olunduğunu, çoxsaylı qonaqların müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış olduqlarını qeyd etmişlər.

Mərasimdə Azərbaycanın milli musiqi nümunələri səsləndirilmiş, Pakistanın Pəncab əyalətinin məşhur "Aamir Xan" vokal-instrumental qrupu folklor musiqi ifa etmişdir.

 

 

Azərbaycan.-2012.- 13 oktyabr.- S.5.