Yaponiya
Azərbaycanla ikitərəfli əlaqələrin
inkişafına böyük əhəmiyyət verir
Xarici işlər naziri Koiçiro
Qemba: "Dağlıq Qarabağ problemi Azərbaycanın
suverenliyi və ərazi bütövlüyü, beynəlxalq səviyyədə
tanınan sərhədlərinin toxunulmazlığı əsasında
tənzimlənməlidir"
Gündoğar
ölkə. Yaponiyanı belə də adlandırırlar. Azərbaycanla
Uzaq Şərqin bu ölkəsi arasında əlaqələr
tarixi İpək yolu dövründən başlayır.
Dövlətlərarası münasibətlərin əsası
isə 1990-cı illərin əvvəllərində
qoyulmuşdur. Yaponiya 1991-ci ilin dekabrında Azərbaycanın
müstəqilliyini tanıyan ilk ölkələrdən biri
olmuş, növbəti ilin sentyabrında isə iki dövlət
arasında diplomatik münasibətlər qurulmuşdur.
O vaxtdan artıq 20 il ötür. Bu
müddət ərzində qarşılıqlı əlaqələrin
inkişafında əhəmiyyətli məsafə qət
edilmişdir. Yaponiyanın xarici işlər naziri Koiçiro
Qemba qəzetimizə müsahibəsində iki dost ölkə
arasında əməkdaşlığın indiki vəziyyətinə
və perspektivlərinə toxunur.
- Cənab nazir, bu yaxınlarda Yaponiya ilə
Azərbaycan arasında diplomatik münasibətlərin
yaradılmasının 20-ci ildönümünü qeyd etdik.
İki ölkə arasında əlaqələrin
hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?
- Diplomatik münasibətlərin
yaradılmasının 20-ci ildönümü ikitərəfli
əməkdaşlıqda dönüş nöqtəsi
sayıla bilər. Ötən dövr ərzində yüksək
səviyyəli rəsmilərin qarşılıqlı səfərləri
və siyasi məsləhətləşmələr sayəsində
ölkələrimiz arasında etibarlı dostluq münasibətləri
qurulmuşdur. Bundan başqa, təbii ehtiyatların inkişaf
etdirilməsi istiqamətini
üstün tutaraq əlaqələrimizi möhkəmlətmişik.
Yapon şirkətlərinin "Azəri-Çıraq-Günəşli"
neft yatağının istismarında, Bakı-Tbilisi-Ceyhan ixrac
boru kəməri layihəsində iştirakı buna
sübutdur.
Eyni zamanda, ikitərəfli əlaqələri
daha da inkişaf etdirmək üçün geniş potensial
var. Götürək iqtisadiyyat sahəsini. Azərbaycanın əsas
məqsəd kimi irəli sürdüyü sənayenin şaxələndirilməsində
yapon şirkətlərinin iştirakı üçün
bütün imkanların olduğunu düşünürəm.
Həmçinin mədəniyyət, təhsil, bölgələrarası
mübadilələr sahəsində ikitərəfli əlaqələri
möhkəmlətmək vacibdir. Beynəlxalq aləmdə də
iki ölkə arasında sıx əməkdaşlıq
imkanları çox genişdir. Bu ildən etibarən BMT Təhlükəsizlik
Şurasının üzvü kimi fəaliyyət göstərən
Azərbaycanla əməkdaşlığımızın
inkişafına ümid edirəm.
Son illər Azərbaycan iqtisadiyyat sahəsində
xeyli tərəqqiyə nail olmuşdur və hazırda Cənubi
Qafqazda sabit inkişafa şərait yaradır. Ölkəniz həm
də bizim mühüm tərəfdaşımızdır.
Biz ölkələrimiz arasında tərəfdaşlığı
genişlətməyə və möhkəmlətməyə
çalışırıq.
- Bəs ikitərəfli əməkdaşlığı
möhkəmlətmək üçün yaxın gələcəkdə
hansı tədbirləri planlaşdırırsınız?
- Bu il Yaponiya ilə Azərbaycan
arasında diplomatik münasibətlərin
yaradılmasının 20 illik yubileyi qeyd edilir. Yubiley tədbirlərində
istifadə etmək üçün loqotip təqdim etməyi
qərara aldıq.
Yubiley tədbirləri çərçivəsində
fevral ayında Azərbaycanda Yaponiya Fondunun "Budo ruhu" səyyar
sərgisi keçirildi, oktyabrda yapon dili müsabiqəsi təşkil
olundu. Eləcə də yaponların ənənəvi musiqi
aləti olan şakuhaçi konserti, yapon aliminin yaponların
davranış tərzi barədə mühazirəsi
planlaşdırılır.
Yaponiyada isə Azərbaycan tarixi və incəsənətindən
bəhs edən "İrs" jurnalının yaponca nəşrinin
təqdimatı keçirilmişdir.
Ümidvaram ki, diplomatik münasibətlərin
20 illik yubileyi çərçivəsində keçirilən
tədbirlər qarşılıqlı anlaşmanın bundan
sonra da möhkəmlənməsinə kömək edəcək.
- İki ölkə arasında iqtisadi əlaqələri
necə səciyyələndirərsiniz?
Qarşılıqlı ticarət döriyyəsinin,
investisiyaların hazırkı səviyyəsi qaneedicidirmi?
- Təbii ehtiyatları az olduğu Yaponiya
üçün Azərbaycanla iqtisadi əlaqələr
böyük əhəmiyyət kəsb edir. Bu vaxta qədər
iki ölkənin iqtisadi əməkdaşlığında,
xüsusən yapon şirkətlərinin "Azəri-Çıraq-Günəşli"
neft yatağının istismarında və
Bakı-Tbilisi-Ceyhan boru kəməri layihəsində
iştirakı, enerji ehtiyatları layihələrinin səmərəli
şəkildə inkişaf etdirilməsi önəmli rol
oynayır.
Digər tərəfdən, Yaponiya ilə
Azərbaycan arasında ticarət dövriyyəsinın həcmi ötən il 86 milyon ABŞ
dolları (Azərbaycan ümumi ticarət dövriyyəsinin təqribən
0,18 faizi) təşkil etmişdir ki, bu da olduqca azdır.
Son vaxtlar Azərbaycan sənayesinin şaxələndirilməsi
və infrastrukturun inkişafı da daxil olmaqla, müəyyən
sahələrdə ikitərəfli iqtisadi əlaqələri
inkişaf etdirmək imkanının olduğunu
düşünürəm. Yapon şirkətləri Azərbaycanda
xüsusən neft-kimya sənayesi və infrastruktur layihələrinə
böyük maraq göstərir. Əməkdaşlığımızı
ən yeni yapon texnologiyalarından istifadə etməklə
gerçəkləşdirsək, iki ölkə arasında
ticarət dövriyyəsini və investisiyaları
artırmaqla iqtisadi əlaqələrimizi möhkəmlətmək
imkanımız olar.
Hesab edirəm ki, ikitərəfli iqtisadi əlaqələrin
genişlənməsinə və dərinləşməsinə
imkan yaradan layihələr, həmçinin əlverişli
investisiya mühitin yaradılması barədə Azərbaycandan
mütəmadi olaraq məlumat və təkliflər almaq bizim
üçün çox vacibdir.
- Hazırda kənd təsərrüfatı,
turizm, alternativ enerji və s. Azərbaycan üçün
prioritet sahələrdəndir. Sizcə, Yaponiya bu sahələrin
inkişafına hansı töhfə verə bilər?
- Son illər Azərbaycan sənayeni
şaxələndirməyə çalışır. Ölkəmiz
də göstərilən sənaye sahələrinin
inkişafı naminə Azərbaycanla əməkdaşlıq
edir.
Uzun illərdir ki, kənd təsərrüfatı
sahəsində İnkişafa Rəsmi Yardım proqramı
çərçivəsində irriqasiya, meliorasiya və
şoranlaşma ilə mübarizə tədbirləri həyata
keçirir, fermerləri kənd təsərrüfatı
texnikası ilə təmin edirik.
Turizm sahəsində "GUAM+Yaponiya"
layihəsi çərçivəsində 2009-cu ildə
turizmin inkişafı məsələlərinə dair seminar
keçirmişik. Onun davamı olaraq Yaponiyanın turizm
şirkətləri, turizm jurnalistləri və məsləhətçiləri
GUAM ölkələrinə səfərə dəvət
olunmuş, iştirakçıların hər birindən bu
ölkələrin turizm infrastrukturunun gələcək
inkişafına dair tövsiyələr
alınmışdır.
Alternativ enerji mənbələrinə gəldikdə
isə, "GUAM+Yaponiya" layihəsi çərçivəsində
həmçinin enerji təhlükəsizliyi məsələlərinə
dair seminar keçirilmiş, burada maye qaz və alternativ enerji
texnologiyaları təqdim edilmiş, bu məsələlər
ətrafında fikir mübadiləsi
aparılmışdır. Əlavə olaraq, dəstəyin
bir növü kimi, Mərkəzi və Şərqi Avropa
Regional Ekoloji Mərkəzinin iştirakı ilə GUAM ölkələrində
alternativ enerjinin tətbiqi imkanlarına dair tədqiqatlar
aparılır.
Gələcəkdə bu cür əməkdaşlıq
yolu ilə iki ölkə arasında iqtisadi əlaqələri
daha da genişləndirmək niyyətindəyik.
- Eşitdiyimizə görə, ölkəmizin
ibtidai, orta və ali təhsil müəssisələrində
yapon dilinin tədrisini daha da genişləndirmək
planlaşdırılır. Yaponiya hökuməti ölkəmizdə
yapon dilinin tədrisinə nə dərəcədə dəstək
verəcək?
- Hər hansı ölkənin dilini
öyrənmək həmin ölkənin mədəniyyət
və tarixi, insanlarının düşüncə tərzi də
daxil olmaqla, onunla bağlı hər şeyi öyrənmək
deməkdir. Odur ki, Azərbaycanda yapon dilinin tədrisinin
genişləndirilməsi sevindirici haldır. Ölkəmiz də
Azərbaycanda yapon dilinin tədrisinin inkişafına müxtəlif
cür kömək göstərir. İlk növbədə,
Yaponiya Fondunun yapon dili mütəxəssislərini ölkəyə
ezam etməsi, Azərbaycanın təhsil müəssisələrinə
yapon dili dərsliklərini göndərməsi, azərbaycanlı
yapon dili müəllimləri və tələbələri
üçün Yaponiyada təlimlər keçməsi və
digər bu kimi tədbirlər qeyd olunmalıdır. İndiyədək
40 nəfərdən artıq azərbaycanlı tələbə
Yaponiyada dövlət hesabına təhsil almışdır.
Bundan əlavə, Yaponiyanın Azərbaycandakı
səfirliyi hər il Bakı Dövlət Universiteti ilə
birgə yapon dili müsabiqəsi keçirir. Bu, yapon dilini
öyrənən tələbələrə gündəlik məşğələlər
zamanı əldə etdikləri bilikləri nümayiş
etdirmək üçün gözəl imkandır. Ötən
ay keçirilmiş 11-ci müsabiqə diplomatik münasibətlərin
yaradılmasının 20-ci ildönümünə təsadüf
etdiyindən digər illərlə müqayisədə
xüsusi möhtəşəmliyi ilə yadda
qalmışdır.
- Keçən ilin martında Yaponiya misli
görünməmiş təbii fəlakətlə üzləşdi.
Bütün dünya yapon xalqının
dağıdıcı zəlzələnin və dəhşətli
sunaminin doğurduğu ağır nəticələrlə
mübarizədə göstərdiyi fədakarlığın
şahidi oldu. Hazırda bərpa işləri necə gedir?
- Böyük Şərqi Yaponiya zəlzələsindən
sonra başda Prezident İlham Əliyev olmaqla, ölkənizin
vətəndaşlarına səmimi
başsağlığına və ianələrə görə
bir daha minnətdarlığımı bildirirəm. Zəlzələnin
vurduğu ziyan həqiqətən böyük idi: 19 min nəfər
həlak olmuş və ya itkin düşmüş, 130 min ev
tamamilə dağılmış, 470 min nəfər fəlakətdən
dərhal sonra köçürülmüşdü.
Amma bu fəlakət Yaponiyaya Azərbaycan
da daxil olmaqla, dünya birliyi ilə dostluq əlaqələrini
möhkəmlətmək imkanı verdi. Yaponiya dostluq əlaqələrini
qoruyub saxlamaqla bərpa işlərini inamla aparır.
İlk növbədə, zərərçəkənlərin
qısa müddətdə mənzillə təminatı problemi həll olundu: 53 min müvəqqəti
yaşayış yeri inşa edildi, şəxsi ev kirayəsi
sisteminə dəstək verildi. Bundan başqa, fəlakət bölgəsində
elektrik, qaz, su təchizatı kimi həyati əhəmiyyətli
sahələr, həmçinin informasiya, poçt, məktəb
kimi ictimai xidmətlər zəlzələdən dərhal
sonra bərpa olundu. Hazırda sosial-iqtisadi infrastrukturun bərpası
ölkəmizin sənaye planları əsasında həyata
keçirilir.
Digər tərəfdən, sunamidən zərərçəkmiş
ərazilərdə sənayenin bərpası və əhalinin
məşğulluğu ilə bağlı bir sıra problemlər
var. Hökumətimiz həmin problemləri həll etmək
üçün maksimum səy göstərir.
Keçən ilin iyulunda tərtib
edilmiş "Böyük Şərqi Yaponiya zəlzələsindən
sonra dirçəlişin əsas istiqamətləri"ndə
beynəlxalq ictimaiyyətlə əlaqələri möhkəmlətmək
və bütün xarici ölkələrin bu sahədə
müxtəlif təcrübələrini mənimsəməklə
dünyaya açıq dirçəliş məqsəd kimi
qarşıya qoyulmuşdur. Yaponiyaya dəstək vermiş
ölkələrin xeyirxahlığı müqabilində
ölkəmiz zəlzələdən aldığı dərsləri
beynəlxalq ictimaiyyətlə bölüşmək istəyir,
həmçinin fəlakətlərin qarşısının
alınması səhəsində Azərbaycanla əməkdaşlıq
etmək niyyətindədir.
- Bildiyiniz kimi, Azərbaycanın ən
ağrılı problemi Dağlıq Qarabağ münaqişəsi,
Ermənistanın hərbi təcavüzünün
doğurduğu ağır nəticələrdir.
Yaponiyanın ərazi bütövlüyümüzü birmənalı
şəkildə tanıması və haqq işimizə dəstək
verməsi ölkəmizdə razılıqla
qarşılanır. Sizcə, bu problemin ədalətlə
nizamlanması imkanları nə qədər realdır?
- Dağlıq Qarabağ münaqişəsinin
birdəfəlik həlli Cənubi Qafqaz regionunda sülh və
sabitlik üçün olduqca vacibdir. Dövlətimiz bu
problemin Azərbaycanın suverenliyi və ərazi
bütövlüyü, beynəlxalq səviyyədə
tanınan sərhədlərinin toxunulmazlığı əsasında
sülh yolu ilə tənzimlənməsinin vacib olduğunu
düşünür.
Dövlətimiz ümid edir ki, müxtəlif
danışıq mexanizmləri, o cümlədən ATƏT-in
Minsk qrupunun həmsədrlərinin vasitəçilik səyləri
gələcəkdə bəhrəsini verəcək.
- Sonda qəzetimizin
oxucularına nə demək istərdiniz?
- Yaponiya və Azərbaycan ilk
baxışda bir-birindən uzaq görünsə də, hər
iki ölkə tarixən bir-biri ilə bağlı olmuş və
bəşər sivilizasiyasının inkişafında rol
oynamışdır. Azərbaycan İpək yolu ilə Şərqlə
Qərb arasında ticarətdə
mühüm Qərb nöqtəsi idi. Yaponiya isə
Şərqdə İpək yolunun son nöqtəsi idi. Ola
bilsin ki, xalqımızın vaxtilə mənimsədiyi bu
ekzotik mədəniyyət nümunələrinin bir hissəsi
buraya Azərbaycandan gəlmişdir.
Azərbaycan müstəqilliyini bərpa
etdikdən sonra keçən 20 il ərzində davamlı
olaraq tərəqqi etmiş, beynəlxalq aləmdə
mövqeyini gücləndirmişdir. Bu səbəbdən
Yaponiyada Azərbaycana maraq artmaqdadır.
Cari ilin mayında futbol üzrə
yığmalarımız Yaponiyada görüş
keçirmiş, iyun ayında isə Bakıda 16 yaşadək
oğlanlar arasında II Caspian Cup beynəlxalq turnirində
Yaponiyanı təmsil edən komanda iştirak etmişdir.
Azərbaycanda keçirilən 17
yaşlı qızlar arasında futbol üzrə dünya
çempionatında Yaponiya komandası da iştirak edir. İdman
vasitəsilə qurulan bu cür əməkdaşlıq ölkəmizdə
Azərbaycana marağı artırmaq imkanı yaradır.
İstərdik ki, gələcəkdə Azərbaycanla ölkəmiz
arasında dövlətlərarası əlaqələrin dərinləşməsi
ilə yanaşı, insanların gediş-gəlişi, ticarət
dövriyyəsi də genişlənsin.
Allahverdi
MEHDİYEV
Azərbaycan.-2012.-
13 oktyabr.- S.6.