Dünya
ictimaiyyəti üçün önəmli
olan müzakirələr keçirildi
Oktyabrın 4-5-də Bakıda
keçirilən Beynəlxalq Humanitar Forum ziddiyyətlərlə
və kataklizmlərlə, iqtisadi və mənəvi
böhranla müşayiət olunan əsrimizdə hər bir
insanın qarşısında duran qlobal problemlərə cavab
axtarmaq, ən mühüm məsələlərə dair
dialoqlar, müzakirələr aparmaq üçün beynəlxalq
miqyasda nüfuzlu elmi-siyasi platformalardan biridir. Forumun
iştirakçıları tanınmış dövlət
xadimləri, Nobel mükafatı laureatları, mötəbər
beynəlxalq təşkilatların rəhbərləri,
dünyanın siyasi, elmi və mədəni elitasının
görkəmli nümayəndələridir.
Forumun əsası 2010-cu ilin
yanvarında Azərbaycan Respublikası və Rusiya
Federasiyası prezidentlərinin təşəbbüsü ilə
Bakıda keçirilmiş Humanitar Əməkdaşlıq
üzrə Birinci Azərbaycan-Rusiya Forumunda qəbul olunmuş
qərarla qoyulub və bunun nəticəsi olaraq 2011-ci il
oktyabrın 10-11-də "XXI əsr: ümidlər və
çağırışlar" şüarı altında
Birinci Bakı Beynəlxalq Humanitar Forumu təşkil olunub.
Azərbaycan Prezidenti forum
iştirakçılarının beynəlxalq miqyasda
qaldırdığı problemlərin
aktuallığını nəzərə alaraq, 2011-ci il
oktyabrın 24-də "Bakı Beynəlxalq Humanitar Forumunun nəticələri
haqqında" sərəncam imzaladı və sərəncama
əsasən, Bakı Beynəlxalq Humanitar Forumunun ənənəvi
olaraq hər il keçirilməsi qərara alındı.
Forumun əsas məqsədi humanitar və inteqrativ
impulsların yaradılması ilə yanaşı, gələcəkdə
beynəlxalq səviyyədə humanitar
çağırışları aktuallaşdırmaqdan ibarətdir.
Forumun vəzifəsi, eyni zamanda, ideyalar mübadiləsi, debat
və müzakirələr üçün nəzəri və
tətbiqi şəraitin yaradılmasıdır.
Bu il keçirilən İkinci Bakı
Beynəlxalq Humanitar Forumunda 70 ölkəni və 7 mötəbər
beynəlxalq təşkilatı təmsil edən 694 nəfər
iştirak edirdi. Onlardan 10 nəfəri sabiq dövlət
başçısı, 11-i Nobel mükafatı laureatı, 5-i
dünyanın nüfuzlu fəxri professoru, 10-u mötəbər
beynəlxalq təşkilatları təmsil edən vəzifəli
şəxs, 55-i şöhrətli ictimai və siyasi xadimdir.
Forumda müxtəlif mövzuları əhatə
edən "dəyirmi masa"ların təşkili onun rəngarəngliyini
bir daha nümayiş etdirdi. İqtisadi inkişaf modellərinin
humanitar aspektləri, konvergensiya edən texnologiyalar və gələcəyin
konturları, müasir KİV-lər və yeni
çağırışlar, postmodernist mədəniyyətdə
ənənəvi dəyərlər sistemi, XXI əsrdə
qloballaşma proseslərinə yeni metodoloji yanaşmalar,
müasir təbabətə və molekulyar biologiyaya
baxışları dəyişən texnologiyalar,
multikulturalizm və mədəni özünüdərk, cəmiyyətin
həyatında multikulturalizm "dəyirmi masa"ların
mövzuları idi.
Forumun vəzifələrindən biri də
hamını narahat edən məsələlərin müzakirə
olunaraq beynəlxalq ictimaiyyətin nəzərinə
çatdırmaqdan ibarət idi. Bu mənada forumun öz ənənələri
də formalaşıb. Heydər Əliyev Mərkəzində
təşkil olunan 2-ci Bakı Beynəlxalq Humanitar Forumunun
açılışında Prezident İlham Əliyev,
xanımı Mehriban Əliyeva və dünyanın bir
çox yerlərindən gəlmiş nüfuzlu ictimai-siyasi və
elm xadimləri iştirak etdilər.
Prezident İlham Əliyev forumda çıxış edərək
dedi ki, "Multikulturalizm bizim həyat tərzimizdir" və
Azərbaycanda heç vaxt milli-dini zəmində
qarşıdurma olmayıb, multukulturalizmin gələcəyinə
inanır. Dövlət başçısı ölkəmizin
20 ildir humanitar fəlakətlə üzləşdiyini,
Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonun
ermənilər tərəfindən işğal olunduğunu,
1 milyondan çox insanın doğma torpaqlarına qayıda
bilmədiyini də diqqətə çatdırıb. - Bizim
bütün planlarımızın təməlində insan
amili dayanır - deyən Prezident İlham Əliyev bu istiqamətdə
ölkəmizdə böyük uğurların əldə
edildiyini, Azərbaycan vətəndaşlarının azad cəmiyyətdə
yaşadığını və ölkənin
inkişafına töhfə verdiklərini bildirib: "Biz qitələr
arasında körpüyük, bununla belə humanitar sahədə
də körpü rolunu oynayırıq".
İkinci Beynəlxalq Humanitar Forum
çərçivəsində "Müasir təbabətə
baxışı dəyişən texnologiyalar və molekulyar
biologiya" adlı "dəyirmi masa" da öz əhəmiyyəti
ilə diqqəti çəkdi. Tədbirin təşkilatçılarından,
ATU-nun Beynəlxalq əlaqələr şöbəsinin
müdiri Rəhimə Qabulova bildirdi ki, dəvət olunan
qonaqlar bir çox ölkəni təmsil edirlər -
İsrail, ABŞ, Cənubi Koreya, Türkiyə, Argentina, Pakistan,
Rusiya, Almaniya, Ukrayna, Böyük Britaniya, Çexiya,
Tacikistan, İordaniya, Gürcüstan. "Dəyirmi
masa"ya rəhbərliyi Azərbaycan Tibb Universitetinin rektoru,
Milli Məclisin deputatı Əhliman Əmiraslanov etdi.
Müzakirələr müxtəlif mövzular ətrafında
aparıldı. Bir sıra yerli və xarici elm nümayəndələri
öz nəzəri bilikləri və təcrübələri
haqqında məlumat verərək müasir tibb elminin
tendensiyaları və tibb sahəsində istifadə olunan
innovativ texnologiyalar mövzusuna toxundular. "Dəyirmi
masa"nın iştirakçıları ilə söhbətlərimizdə
onlar maraqlı fikirlər söylədilər.
Qalib Qarayev,
Tibb Universitetində
elmi-təqdiqat mərkəzinin
rəhbəri, professor:
- İndiki "dəyirmi masa"da müzakirə olunan mövzular son dərəcə
maraqlı və əhəmiyyətlidir. Forum bir ilkə
imza ataraq həm bioloqları, həm də həkimləri bir araya gətirdi. Əlbəttə, xaricilərin də
çıxışları çox maraqlı idi. Bizim alimlərin də
elmi bilikləri heç də xarici alimlərdən geri qalmır. Hətta bəzi məsələlərdə
bizim alimlərin onlardan da artıq
məlumatları var. Onu
da qeyd edim
ki, cənab Prezident tərəfindən
yaradılan Elmin İnkişaf Fondu Azərbaycanda elmin inkişafına çox böyük təkanlar verir. Elmdə olan maliyyə
çətinliklərini aradan
qaldırır.
Surxay Musayev,
Tibb Universiteti, əməkdar elm xadimi,
professor:
- Mən artıq ikinci dəfədir ki, bu forumda iştirak
edirəm. Bu forumların
çox böyük əhəmiyyəti var. Öz
sahəsinin mütəxəssisi
olan insanların Bakıya gəlməsi, mühazirələr
ilə çıxış
etməsi çox təqdirəlayiq haldır.
Hesab edirəm ki, bugünkü çıxışlar
tibb elminə, təbabətə və bizim fəaliyyətimizə
çox müsbət
təsir göstərəcəkdir.
Yusif Hacıyev,
Tibb Universiteti,
professor:
- 2-ci Beynəlxalq Humanitar Forumun iştirakçısı olmaqdan
məmnunluq duyuram. Bu qədər Nobel mükafatçısının bir yerdə olması çox nadir haldır. Azərbaycanın mövqeyindən çıxış edərək
deyə bilərəm
ki, hazırkı müzakirələr tibb sahəsində olan yeni innovasiyalar və texnologiyalar haqqında məlumat əldə etmək baxımından hədsiz əhəmiyyətlidir. İnanıram ki, yaxın gələcəkdə dünyanın
aktiv olan araşdırma laboratoriyaları
Azərbaycanda da qurulmağa başlanacaqdır.
Le Gyun Mın,
Koreya Respublikasından
olan iştirakcı:
- Bu mənim Azərbaycana birinci səfərimdir. Bakı çox gözəl
şəhərdir. Burada olan müasir tikililər ölkənizin çox sürətli inkişaf etməsinə işarə
edir. Bakı Beynəlxalq Humanitar
Forumunun böyük əhəmiyyəti var. Azərbaycan
müxtəlif ölkərdən
olan elm nümayəndələrinin
və siyasətçilərin
bir araya toplaşmasına şərait
yaradıb. Forumda baş
tuta biləcək müxtəlif əməkdaşlıqlar
isə hər bir cəmiyyətin inkisafina böyük töhfələr verə
bilər.
Alfredo May,
Beynəlxalq Səhiyyə Xidmətləri Mərkəzinin
sədri, Argentina nümayəndəsi:
- Bu foruma Azərbaycanın Argentinadakı
səfirliyi tərəfindən
dəvət olunduğum
üçün cox sevinirəm. Mən Buenos-Ayresdə yerləşən
Beynəlxalq Səhiyyə
Xidmətləri Mərkəzinin
sədriyəm. Deyə bilərəm
ki, sizin səfirliyiniz Argentinada çox önəmli işlər görür.
Çox qısa müddət - iki il öncə
fəaliyyətə başlamasına
baxmayaraq səfirliyiniz
argentinalılara Azərbaycanı
layiqincə tanıtmağa
müvəffəq olmuşdur.
Bundan öncə argentinalıların
Azərbaycan haqqında,
hətta onun harada yerləşməsi haqqında məlumatları
yox idi. Bu forumda mən
səhiyyə ilə bağli "dəyirmi masa"da istirak edirəm və müzakirə əsnasında
Azərbaycandan və digər ölkələrdən
olan həmkarlarımdan
dəyərli məlumatlar
əldə etməkdəyəm.
Adel Mahmoud,
Princeton Universitetinin professoru, Amerika Birləşmiş Ştatları:
- Belə bir forumun təşkili
çox vacib bir hadisədir. Çünki müxtəlif
peşəyə sahib insanlar
bir araya gələrək təkcə
Azərbaycanın gələcəyi
üçün deyil,
həm də dünya ictimaiyyəti üçun önəmli
ola biləcək
müzakirələrdə iştirak
edirlər.
Vidadi Yusifov (ABŞ),
professor:
- Mən əslən Azərbaycandanam.
ABŞ-da yaşayıram
və neçə ildir orada elmi
fəaliyyət göstərirəm.
Bu gün ana
Vətəndə olmaqdan
və belə möhtəşəm bir forumda iştirak etməkdən qürur duyuram.
Qərib Mürşüdov
(Böyük
Britaniya), professor:
- Mən bir neçə ildir Böyük Britaniyada yaşayıram və Kembric Universitetində dərs deyirəm, elmi araşdırmalarla məşğul
oluram. Forumda iştirak eləməklə
həm də öz doğmalarımla görüşmək, Vətənimizdəki
dəyişiklikləri öz
gözlərimizlə görmək
imkanı qazandıq.
Bu forumu təşkil
edənlərə minnətdaram.
İsmayıl Zülfüqarov
(Cənubi
Koreya), professor:
- On ildən artıqdır ki, Cənubi Koreyanın aparıcı ali
məktəblərindən birində çalışıram.
Bu gün köhnə
həmkarlarımla görüşməkdən
və fikir mübadiləsi aparmaqdan məmnunam. Elmimiz və iqtisadiyyatımız
çox dəyişib.
Bunu xarici qonaqların dilindən eşitmək çox xoşdur.
Bəxtiyar QARACA
Azərbaycan.-2012.-
13 oktyabr.- S.7.