Ali qonağın şərəfinə
Xəbər verdiyimiz kimi, oktyabrın
12-də Azərbaycan Respublikasında rəsmi səfərdə
olan Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun
şərəfinə rəsmi ziyafət verilmişdir.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan
Respublikasının Prezidenti İslam Kərimov ziyafətdə
çıxış etmişlər.
Prezident İlham
ƏLİYEV mərasim iştirakçılarını
salamlayaraq dedi:
- Hörmətli
İslam Abduqəniyeviç!
Hörmətli qonaqlar!
Əziz dostlar!
İslam Abduqəniyeviç, Sizi bir daha
Azərbaycanda salamlamaq istəyirəm. Dəvətimi
qəbul edib rəsmi səfərə gəldiyinizə
görə minnətdarlığımı bildirirəm. Biz bu səfərə böyük əhəmiyyət veririk. Əminəm ki, bu səfər ölkələrimiz arasında
dostluq və qardaşlıq münasibətlərinin
möhkəmlənməsinə daha güclü təkan verəcəkdir.
Xalqlarımızı ümumi tarix, çoxəsrlik dostluq
və qarşılıqlı dəstək,
qarşılıqlı rəğbət birləşdirir. Biz artıq bu möhkəm
əsas üzərində dostluğumuzu və
əməkdaşlığımızı qurmuşuq.
Münasibətlərimizin
dərin kökləri Azərbaycan ilə Özbəkistan
arasında bugünkü inkişafımız
üçün münbit
mənbədir. Müstəqil dövlətlər kimi ölkələrimiz uğurla
inkişaf edir, öz regionlarında aparıcı rol oynayır. Bu prosesləri
təhlil edərkən görürük ki, münasibətlərimizin bünövrəsini
İslam Abduqəniyeviç, Siz və Azərbaycanın ümummilli
lideri Heydər Əliyev qoymuşdur.
Məhz Sizin müdrikliyiniz,
dostluğunuz, uzaqgörənliyiniz və siyasi məharətiniz Özbəkistan ilə
Azərbaycan arasında bugünkü
gerçəklikləri yaradır. Biz bu ənənələrə sadiqik
və mən öz tərəfimdən əlaqələrimizi
inkişaf etdirmək və möhkəmləndirmək,
qarşılıqlı fəaliyyət zonasını
genişləndirmək üçün əlimdən
gələni edirəm. Bu gün
keçirilən ikitərəfli görüşlər və
dünya siyasəti üzrə aparılan
danışıqlar münasibətlərimizin strateji
xarakterini təsdiq edir.
Ölkələrimiz
arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev
Azərbaycan ilə Özbəkistanın beynəlxalq təşkilatlarda
bir-birinə qarşılıqlı dəstək verdiyini dedi. Dövlətimizin başçısı ölkələrimiz
arasında iqtisadi, nəqliyyat infrastrukturu və digər sahələrdə əməkdaşlığın
dərinləşməsi üçün
yaxşı potensialın olduğunu, bunun Avropa ilə Asiya arasında əlaqələrin
genişlənməsinə də xidmət etdiyini
bildirdi.
Prezident İlham Əliyev
Özbəkistanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı tutduğu
ədalətli mövqeyə toxunaraq dedi:
- Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması
məsələsində şəxsən Sizə və
Özbəkistan xalqına prinsipial
mövqeyə görə minnətdarıq. Azərbaycanda bunu bilirlər və yüksək qiymətləndirirlər.
Münaqişənin ərazi bütövlüyü
prinsipi əsasında həll olunması
ilə bağlı Sizin dəstəyiniz
Azərbaycanda çox müsbət qəbul
olunur. Bu cür münasibətlər ədalətlidir,
beynəlxalq hüququn normalarına əsaslanır,
həmçinin bu münasibət
qardaşlığın sübutudur. Mən əminəm ki, bu münaqişənin ərazi bütövlüyü prinsipi
əsasında nizamlanmasının geniş
beynəlxalq dairələr tərəfindən dəstəklənməsi
Azərbaycan ərazilərində işğala
son qoyulmasının və sülhün bərpa edilməsinin
başlanğıcı olacaqdır.
Prezident İlham Əliyev İslam
Kərimovun rəhbərliyi altında Özbəkistanın siyasi, iqtisadi, sənaye,
ölkənin ixrac imkanlarının
artırılması və digər sahələrdə əsaslı
inkişaf yolu keçdiyini, böyük
uğurlar qazandığını
vurğuladı. Dövlətimizin başçısı
ölkələrimiz arasında
münasibətlərin
möhkəmlənməsində xalqlarımızın milli mənəvi dəyərlərimizə
söykənən əlaqələrinin mühüm
rol oynadığını vurğulayaraq bildirdi:
- Biz, həmçinin çox bəyənirik
ki, Özbəkistanın müasir inkişafı milli mənəvi
dəyərlərə əsaslanır. Siz bu gün bu barədə
çox dəqiq və aydın danışdınız. Mən
əvvəlki görüşlərimizi də
xatırlayıram, biz həmişə bu mövzuya
toxunmuşuq. Ölkələrimizin və
xalqlarımızın dünya xəritəsində rolu və
yeri barədə söhbət açmışıq. Məhz
bizim milli ənənələrimizin qorunması, möhkəmləndirilməsi,
bu ənənələrin gənc nəslə
çatdırılması və xalqlarımızın mənəvi
dəyərlərinin qorunması məsələsini tam
qarşılıqlı anlaşma ruhunda müzakirə
etmişik.
Sonra Özbəkistan Prezidenti İslam KƏRİMOV
çıxış edərək dedi:
- Hörmətli İlham Heydər
oğlu!
Hörmətli azərbaycanlı
dostlarımız!
Mən
nümayəndə heyəti adından, burada
iştirak edənlərin adından Sizə
dediyiniz xoş
sözlərə görə, ilk növbədə
bizim, hansı ki, bir il deyil,
bir əsr deyil davam edən əməkdaşlığımıza,
səmimi dostluğumuza verdiyiniz
qiymətə görə ürəkdən təşəkkür etmək istəyirəm.
2008-ci ildə
ölkəmizə səfərini məmnunluqla xatırlayan Prezident İslam Kərimov
respublikamıza indiki səfəri
zamanı Azərbaycanda daha böyük inkişafın şahidi
olduğunu dedi.
Özbəkistan
dövlətinin başçısı respublikamızın
paytaxtında sürətli inkişafın getdiyini,
nəhəng tikinti, yenidənqurma və
abadlıq işlərinin aparıldığını,
Bakının daha da
gözəlləşdiyini vurğulayaraq bildirdi:
-
Mən Sizi, Azərbaycanın liderini, bütün Azərbaycan
rəhbərliyini və hamınızı, əziz dostlar, - Siz bu cür müraciəti qəbul
edirsinizsə, Sizə başqa cür müraciət edə bilmirəm, - məncə,
hələ Heydər Əliyev dövründə başlayan quruculuq prosesinin nəinki davam etməsi, artıq həm də yeni mərhələyə qədəm qoymuş inkişaf
dinamikası münasibətilə təbrik etmək istəyirəm.
Prezident İslam Kərimov
Özbəkistanda yaşayan azərbaycanlıların
da bu ölkənin
müstəqilliyinin möhkəmləndirilməsi işinə
töhfələrini verdiklərini vurğulayaraq
dedi:
- Mən ötən
əsrin 30-cu illərini xatırlamaq istəyirəm. Həmin dövrdə kütləvi repressiyalar,
terror, ədalətsizlik vaxtı 10 minlərlə
azərbaycanlı Özbəkistanda sığınacaq
tapdı. Qonaqpərvər və dost
özbək xalqı deportasiya
olunanları özlərinin doğmaları kimi
qəbul etdilər, bir tikə
çörəklərini onlarla
bölüşdülər. Bu gün onların övladları olan 40 mindən çox azərbaycanlı
ölkəmizin bir çox
xalqları və millətləri ilə dinc
yanaşı yaşayır, suveren Özbəkistanın
inkişafına layiqli töhfələrini
verirlər. Bu gün təkcə son illər ölkəmizin 27 azərbaycanlı
nümayəndəsinin - alimlərin, müəllimlərin,
inşaatçıların, hərbi xidmətçilərin,
ümumxalq məhəbbəti
qazanmış mədəniyyət və incəsənət
xadimlərinin yüksək dövlət mükafatlarına və
adlarına layiq görülməsi
onların bizim cəmiyyətdə layiqli rol
oynadıqlarına əyani sübutdur.
Özbəkistan
dövlətinin başçısı Azərbaycanın müasir tarixində ulu
öndər Heydər Əliyevin müstəsna xidmətlərini
xüsusi vurğulayaraq
bildirdi:
- Bu gün ildən-ilə yeni görkəm alan
gözəl, bənzərsiz Bakını gəzərkən mən
Azərbaycan xalqının görkəmli oğlu
Heydər Əliyevə onun, sadəcə,
insani keyfiyyətlərinə,
müdrikliyinə, uzaqgörənliyinə və güclü siyasi iradəsinə
görə dərin ehtiramımı bildirmək istəyirəm. O, böyük həyat yolu keçmiş insan idi.
Prezident İslam Kərimov Azərbaycan
ilə Özbəkistan arasında iqtisadi və ticari əlaqələrin
genişləndirilməsi üçün hər iki ölkənin
böyük potensial imkanlara malik olduğunu dedi. Özbəkistan
dövlətinin başçısı ölkələrimiz
arasında ikitərəfli münasibətlərin
inkişafı üçün yaxşı perspektivin
olduğunu bildirdi və bundan sonra da əlaqələrimizin
daha da möhkəmlənəcəyinə əminliyini ifadə
etdi.
AzərTAc
Azərbaycan.-2012.-
14 oktyabr.- S.1.