ABŞ-ın «Environment & Energy Daily» saytında TANAP layihəsi haqqında məqalə yerləşdirilmişdir

 

 Vaşinqtonda fəaliyyət göstərən, ətraf mühit və enerji məsələləri ilə bağlı xəbərlərin yayımlandığı "Environment & Energy Daily" saytında Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsi haqqında məqalə yerləşdirilmişdir.

Məqalədə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanova istinadən bildirilir ki, Avrasiyanın yeni böyük təbii qaz kəməri layihəsinin - Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) reallaşması məsələsində Birləşmiş Ştatların rəhbərliyinin dəstəyi mühüm əhəmiyyətə malikdir.

Məqalədə qeyd edilir ki, Avropa İttifaqı ölkələrinin rəhbərləri enerji təchizatının şaxələndirilməsi istiqamətində alternativ yolları nəzərdən keçirirlər. Azərbaycan və Türkiyə hökumətləri isə TANAP-ın reallaşmasına sadiq qaldıqlarını bildirirlər.

Qeyd olunur ki, TANAP-ın reallaşması 7 milyard ABŞ dollarına başa gələcəkdir. TANAP Azərbaycanın "Şahdəniz" yatağının işlənilməsinin ikinci mərhələsində hasil olunacaq təbii qazı Gürcüstandan keçərək Türkiyə vasitəsilə Avropaya nəql edəcəkdir.

Yazıda qeyd olunur ki, Azərbaycandan Avropaya neft kəmərinin çəkilməsi prosesinin tam reallaşmasında ABŞ-ın sabiq Prezidenti Bill Klinton fəal səy göstərmişdir. Bu gün də ABŞ rəhbərliyi TANAP-ın reallaşması üçün eyni səyləri göstərməlidir. Çünki ABŞ rəhbərliyinin bu məsələdə dəstəyi vacibdir.

Səfir E.Süleymanov TANAP kəmərinin kürd separatçılarının  məskunlaşdıqları ərazilərə yaxın yerlərdən keçməsi ilə bağlı problemlərin yaranacağına dair yayılan xəbərlərə etiraz edərək demişdir ki, son illərdə Türkiyədə təhlükəsizliklə bağlı vəziyyət xeyli yaxşılaşmış, PKK-nın fəaliyyəti isə zəifləmişdir. Türkiyə TANAP-ın tam təhlükəsiz şəraitdə fəaliyyət göstərməsini təmin etməyi öhdəyə götürmüşdür.

Səfir vurğulamışdır ki, təbii qazın kömürlə müqayisədə alternativ yanacaq kimi getdikcə artan əhəmiyyəti TANAP-ın perspektivlərini daha da artırır. Qaz neftdən təmizdir və istənilən alternativ enerji növündən daha qənaətlidir.

Diplomat TANAP layihəsinin reallaşması məsələsində Azərbaycanın və Türkiyənin mövqeyinin qəti olduğunu bildirmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.-2012.- 14 oktyabr.- S.2.