İLHAM ƏLIYEV- Azərbaycan xalqının alternativsiz seçimi

 

 Siyasi baxışlarından asılı olmayaraq hər kəsin birmənalı olaraq qəbul etdiyi reallıq ondan ibarətdir ki, Azərbaycanın müstəqilliyinin ilk illərində üzləşdiyi problemlərin həlli və bütün sahələrdə vüsət alan inkişaf ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı və ölkəyə rəhbərliyi sayəsində mümkün olub. Ulu öndərin fəaliyyəti bütünlükdə Azərbaycanın dövlətçilik maraqlarının təmin edilməsinin üzərində qurulduğundan bu siyasi kursun davam etdirilməsi bütün prezident seçkiləri zamanı cəmiyyətdən gələn sosial sifariş kimi meydana çıxıb. Elə bunun nəticəsidir ki, Azərbaycan xalqı hələ 2003-cü ildə keçirilən prezident seçkilərində Heydər Əliyev siyasi məktəbinin ən layiqli yetirməsi olan İlham Əliyevin namizədliyini dəstəkləməklə ulu öndərin siyasi xəttinin davam etdirilməsinə tərəfdar olduğunu birmənalı şəkildə ortaya qoydu.

Azərbaycan xalqı 2003-cü ildə ümummilli liderin siyasi varisi kimi məsuliyyətli bir missiyanı öhdəsinə götürən cənab İlham Əliyevə səs verməklə gələcəyə doğru ən düzgün və etibarlı yolla istiqamət götürdü. Prezident İlham Əliyev fəaliyyətinin birinci dövründə verdiyi bütün vədləri yerinə yetirməklə, ölkənin sosial-iqtisadi inkişafında mühüm irəliləyişlərə nail olmaqla ulu öndərin siyasi kursunu layiqincə davam etdirdiyini təsdiqlədi. Prezident İlham Əliyevin ulu öndərin iqtisadi konsepiyasını uğurla həyata keçirməsi Azərbaycanda müşahidə edilən dinamik yüksəlişlə bahəm, onun keyfiyyətcə yeni mərhələyə qədəm qoyması üçün geniş imkanlar açdı. Ölkənin iqtisadi həyatında ciddi uğurlar əldə edildi və cəmiyyət keyfiyyətcə yeni bir mərhələyə qədəm qoydu. Prezident İlham Əliyevin 2003-cü ildə elan etdiyi kimi, Azərbaycanın yeni dövrünün iqtisadi inkişaf strategiyası çevik və işlək mexanizmlər üzərində həyata keçirildi, proqressiv islahatlara əsaslandı. İqtisadiyyatda müşahidə olunan müsbət meyilləri möhkəmləndirmək və daha da inkişaf etdirmək, həmçinin sosial sahədə qarşıda duran problemlərin həllini sürətləndirmək məqsədi ilə Prezident İlham Əliyevin təsdiq etdiyi regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramı qısa zaman kəsiyində Azərbaycan iqtisadiyyatının tam hərəkətə gətirilməsi üçün münbit zəmin yaratdı. Regionların tarazlı sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı dövlət siyasətinin və dəstəyinin əsas istiqamətlərinin müəyyən edildiyi proqramın icrası bütövlükdə Azərbaycanın iqtisadi həyatında yeni bir dövr oldu. Bir sözlə, ölkənin iqtisadi həyatı ilə bağlı problemlərin həllinə sistemlikompleks yanaşmanın təmin edilməsinin və çoxşaxəli islahatların real nəticəsi olaraq nəzərdə tutulmuş bütün iqtisadi proqnozlar gerçəklikdə öz əksini tapdı və beləliklə, davamlı inkişafın təməli qoyuldu.

Bu dövrdə ölkədəki inkişafbaş verən yeniliklər təsdiqlədi ki, prinsipləri  Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş bütün konsepsiyalar uğurla davam etdirilməklə yanaşı, müasir dövrün tələbləri qarşısında bəzi keyfiyyət dəyişiklikləri ilə zənginləşib.

Cənab İlham Əliyevin həyata keçirdiyi siyasi kursun cəmi bir neçə aspektinə diqqət yetirməklə onun dövlətçiliyin inkişafına, milli maraqların müdafiəsinə, xalqın sosial rifahının yaxşılaşmasına, iqtisadiyyatın inkişaf etdirilməsinə nə kimi töhfələr verdiyini görmək olar. İlk növbədə Prezident İlham Əliyev ulu öndərin başladığı yeni neft strategiyasını uğurla davam etdirdi. Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərlərinin inşasının başa çatdırılması ilə cənab İlham Əliyev Azərbaycanın bölgədəki lider mövqeyini daha da möhkəmləndirdi, regionun digər dövlətlərindən fərqli olaraq, müstəqil xariciiqtisadi siyasət yeritdiyini bütün dünyaya sübut etdi. Son olaraq Bakı-Tbilisi-Qars yeni dəmir yolu xəttinin çəkilişinə qərar verilməsi isə göstərdi ki, artıq regionun lider dövləti olan Azərbaycan xarici maddi və mənəvi dəstək olmadan da iri maliyyə tutumlu layihələri reallaşdırmağa qadirdir. Bu layihələrin ölkəmiz üçün iqtisadi tərəfindən daha çox əhəmiyyət kəsb edən siyasi çəkisi Prezident İlham Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə və milli maraqların müdafiəsinə yönələn bir siyasi kursun daşıyıcısı olduğunu təsdiqləyir.

Prezident İlham Əliyev 2003-cü ildə verdiyi vədə sadiq qalaraq Azərbaycanı bütün sahələrdə inkişaf etdirdi. İlk 5 ildə ölkənin kompleks inkişafı ilə bağlı əldə edilən uğurlar cənab İlham Əliyevin 2008-ci ilin prezident seçkilərində qələbə qazanmasına münbit zəmin yaratdı. Bu mənada 2008-ci ildə qazanılan qələbənin kökündə Azərbaycanda həyata keçirilən genişmiqyaslı layihələr, ölkəmizin iqtisadiyyatında, sosial sahədə əldə olunan nailiyyətlər dayanırdı. Çünki bütün bunların sayəsində Azərbaycan seçicilərində cənab İlham Əliyevə olan böyük inam və etimad daha da artmış və güclənmişdi. Vətəndaşlar bu inamı  seçkilərdə  İlham Əliyevi dəstəkləyərək birmənalı şəkildə ifadə etdilər. Bütün bunlar hamısı 2008-ci il oktyabrın 15-də keçirilən prezident seçkilərində seçicilərin seçimlərini müəyyənləşdirmələrinin əsasında dayandı.

Prezident İlham Əliyevin ikinci müddətə prezidentliyi dövründə öz bəhrəsini vermiş kompleks  inkişaf strategiyasının yeni mərhələsi başladı. Ötən 4 ildə cənab İlham Əliyevin seçki proqramında deyildiyi kimi, qazanılan uğurların davamı olaraq ölkəmizin iqtisadi təhlükəsizliyi və makroiqtisadi sabitlik təmin edilib, yeni yerlərinin açılmasına yönəlmiş sahibkarlıq fəaliyyəti stimullaşdırılıb, neft gəlirlərindən istifadə etməklə hər bir ailənin həyatının yaxşılaşdırılmasına yönəlmiş dövlət proqramları həyata keçirilib, əhalinin enerjiyə olan tələbatı tam yoluna qoyulub, qeyri-neft sektorunun davamlı inkişafı təmin edilib. Regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramının icrası da uğurla davam edir. Proqramın icra olunduğu ötən 3 il yarım müddətində iqtisadiyyatın neftdən asılılığının aradan qaldırılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi və bütövlükdə regionların tarazlı inkişafının təmin olunması istiqamətində son dərəcə mühüm işlər görülüb. Ölkə rəhbərliyinin uğurlu siyasətinin nəticəsidir ki, Azərbaycanın strateji valyuta ehtiyatları ilin əvvəlindən təxminən 5 milyard dollar artıb və hazırda 45 milyard dollar səviyyəsindədir. İndi Azərbaycan o ölkələrdəndir ki, böyük valyuta ehtiyatlarına malikdir.

Dövlətin qüdrətlənməsi onun regional və beynəlxalq miqyasda söz sahibi olan ölkəyə çevrilməsini şərtləndirən əsas meyarlardan sayılır. Prezident İlham Əliyevin uğurlu siyasi xəttinin nəticəsi olaraq Cənubi Qafqazın qüdrətli dövləti kimi mövqelərini daha da möhkəmləndirən Azərbaycan bir çox imkanlardan uğurla bəhrələnərək həm də dünya miqyasında söz sahibi olan dövlətə çevrilib. Dünyanın siyasi çəkisində nüfuz sahibi olan ölkələrin Azərbaycana artan marağı fonunda Prezident İlham Əliyevin adı ətrafında dünya miqyasında qəbul edilən bir siyasətci imicinin formalaşması da artıq sübuta ehtiyacı olmayan bir aksiomdur. Prezidentin adı ilə birbaşa bağlı olan və ölkəmizin inkişafına xidmət edən bu nailiyyətlər həm də dövlətimizin başçısının reytinqinə təsir edən əsas amillərdir. Son illərdə Azərbaycan Silahlı Qüvvələrinin daha da modernləşməsi istiqamətində aparılan işlər, demokratik dəyərlərin cəmiyyətdə öz yerini möhkəmləndirməsi, respublikamızın mədəni yüksəlişi də Prezident İlham Əliyevin ölkəyə layiqli rəhbərliyinin nümunələridir.

Azərbaycanda növbəti prezident seçkiləri gələn il keçiriləcək. Seçki məsələsi hələlik gündəmdə olmasa da, sosioloji sorğuların nəticələri göstərir ki,  Azərbaycan əhalisinin böyük əksəriyyəti Prezident İlham Əliyevi dəstəkləyir. Belə ki, "Rəy" Monitorinq Mərkəzinin sentyabrın 26-30-da keçirdiyi ictimai sorğunun nəticələrinə əsasən, əgər qarşıdan gələn bazar günü prezident seçkiləri keçirilsəydi, əhalinin mütləq əksəriyyəti (87 faizə yaxını) öz səsini Prezident İlham Əliyevə verərdi.

"Reallıq ondan ibarətdir ki, Azərbaycan cəmiyyəti qarşıdan gələn prezident seçkilərində özünün namizədi kimi İlham Əliyevi görür". Bunu isə mətbuata açıqlamasında Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov deyib. Onun sözlərinə görə, YAP Azərbaycan xalqının iradəsini ifadə edərək qarşıdan gələn qurultayda partiyanın namizədi kimi Prezident İlham Əliyevin namizədliyini irəli sürəcək. "Başqa bir fikir mahiyyət etibarilə mövcud ola bilməz. Çünki İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi bu illər ərzində ölkəmiz çox sürətlə inkişaf edib, iqtisadiyyatı yüksəlib, beynəlxalq aləmdə öz mövqelərini əhəmiyyətli dərəcədə gücləndirib, dünyada nüfuzlu bir dövlət kimi qəbul olunur. Bu, həyatımızda baş verən keyfiyyət dəyişikliyi kimi qiymətləndirilir", - deyə YAP-ın sədr müavini bildirib.

Cənab İlham Əliyev hər bir azərbaycanlının Prezidenti olduğunu əməli işi, misilsiz fəaliyyəti ilə tam təsdiqləyib. Bu baxımdan YAP-ın rəsmi namizədi olan cənab İlham Əliyev əslində bütün Azərbaycan vətəndaşlarının alternativsiz seçimidir! Cənab İlham Əliyev prezident seçkilərinə bütün xalqımızın namizədi kimi gedir!

Bütövlükdə Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi ötən 9 il ərzində Azərbaycan çox mühüm keyfiyyət dəyişiklikləri yaşayıb: ölkə kompleks inkişaf edib, beynəlxalq nüfuzu yüksəlib, maliyyə imkanları çoxalıb, insanların sosial rifahı yüksəlib. Bu yüksəlişin davamlı olması isə hər bir azərbaycanlının ümdə istəyidir. Eyni zamanda, Əli Əhmədovun da qeyd etdiyi kimi, Azərbaycan vətəndaşları bu sürətli inkişaf tempini saxlamağın həlledici şərtinin növbəti beş ildə İlham Əliyevin Prezident seçilməsindən ibarət olduğunu görür. Buna görə Azərbaycan xalqı əvvəlki dövrlərdə olduğu kimi, 2013-cü ildə də çox düzgün addım ataraq cənab İlham Əliyevi özünə rəhbər seçəcək!

 

 

Eldar QULİYEV,

Milli Məclisin deputatı

 

Azərbaycan.-2012.- 14 oktyabr.- S.3.