İnsan hüquqlarının aliliyinə
xidmət edən məhkəmə-hüquq islahatları
Son dərəcə çətin, keşməkeşli
inkişaf mərhələlərindən
keçmiş demokratik
inkişaf təmayülünün əsas
hədəfi dövlətin insanların şəxsi həyatına
müdaxiləsini minimuma endirmək, vətəndaşların
anadangəlmə təbii və sonradan
qazanılmış hüquqlarını dönmədən
qorumaq, qanunların aliliyini
təmin etmək, cəmiyyətin hüquq
mədəniyyətini yüksəltməkdir. Bu
məqsədlərin uğurla gerçəkləşdirilməsi yalnız müstəqil məhkəmə
sisteminin mövcud olduğu, ədalət mühakiməsinin obyektivlik, şəffaflıq və qanunçuluq prinsipləri həyata keçirildiyi sivil cəmiyyətlərdə
mümkündür.
Ədalətin, qanunçuluğun üstün
olduğu dövlətdə yaşamaq arzusu Azərbaycan
xalqının da şanlı mücadilə
salnaməsinin əsas qayəsini təşkil edir.
Xalqımız tarixən formalaşmış demokratik ənənələri əsasında
milli dövlətçilik modeli yarada biləcək böyük sərkərdəyə, liderə
daim ehtiyac duymuş, fəqət bu
istəyi yalnız ulu öndər Heydər
Əliyevin müstəqil Azərbaycana rəhbərliyi
dövründə gerçəkləşmişdir. XX əsrdə xalqımızın yetirdiyi
ən böyük şəxsiyyət, dünya şöhrətli siyasi
xadim Heydər Əliyev özünün
mükəmməl dövlətçilik konsepsiyasında ədalət,
müdriklik və həqiqət kimi üç ali dəyəri bir araya gətirərək çağdaş
tariximizdə əbədiyaşarlığını təmin etmiş, gücün siyasətinə qarşı
çıxaraq siyasətin gücünü
ortaya qoymuşdur.
1995-ci ilin 12 noyabrında qəbul edilmiş müstəqil Azərbaycan
Respublikasının ilk Konstitusiyası
hakimiyyət bölgüsü prinsipini, demokratik hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını,
insan hüquq və
azadlıqlarının qeyd-şərtsiz təmin
olunmasının möhkəm təməlini qoymuşdur.
1996-cı
il fevralın 21-də yaradılmış
Hüquq İslahat
Komissiyası tərəfindən hazırlanan "Konstitusiya Məhkəməsi haqqında",
"Məhkəmələr və hakimlər haqqında" qanunlar ölkədə məhkəmə-hüquq
islahatları sahəsində ilk mühüm addımlar olmaqla,
müstəqil məhkəmə sisteminin
yaradılmasına və fəaliyyət göstərməsinə
imkan yaratmışdır. İnsan
haqlarına dair Deklarasiyanın 8-11-ci maddələrində,
habelə BMT-nin 1985-ci il
29 noyabr tarixli qətnaməsi
ilə təsdiqlənmiş "Məhkəmə
orqanlarının müstəqilliyinin əsas prinsipləri"ndə
və başqa beynəlxalq sənədlərdə
təsbit olunmuş
normaları hüquqi baxımdan
özündə əks etdirən "Məhkəmələr
və hakimlər haqqında" qanunda hakim vəzifəsinə seçkilərin test üsulu ilə, tamamilə
açıq, şəffaf, obyektiv və ədalətli
prosedur əsasında keçirilməsi məsələləri
əksini tapmışdır.
2000-ci
il 17 yanvar tarixli "Azərbaycan Respublikasında hakim vəzifəsinə namizədlərin
seçilməsi qaydalarının təkmilləşdirilməsi
haqqında" fərmanla hakimlərin seçilməsi prosesinin təşkili, məhkəmə fəaliyyətilə
bağlı digər funksiyaların həyata keçirilməsi
məqsədi ilə yüksək məhkəmə sədrlərindən, ədliyyə
nazirindən ibarət tərkibdə Məhkəmə-Hüquq
Şurası təsis edilmişdir. Şura ötən illərdə Azərbaycan
Respublikasında müstəqil məhkəmə sisteminin təmini, vakant hakim vəzifələrinə hakim
olmayan namizədlərin seçilməsinin
təşkili, hakimlərin fəaliyyətinin
qiymətləndirilməsi, onların iş
yerinin dəyişdirilməsi, vəzifədə
irəli çəkilməsi, intizam məsuliyyətinə
cəlb edilməsi, habelə məhkəmə hakimiyyətinin
özünüidarə funksiyalarını həyata
keçirən müstəqil orqan kimi fəaliyyət göstərmişdir.
Dövlətin
iqtisadi imkanlarının daha
da genişləndiyi son
illərdə məhkəmə orqanlarında zamanın tələbi
ilə səsləşən islahatlar geniş vüsət almışdır. Ədalət
mühakiməsinin səmərəliliyinin yüksəldilməsi,
obyektiv və şəffaf şəraitdə
hakim korpusunun
formalaşdırılması, məhkəmə orqanlarının fəaliyyətində
şəffaflığın təmini, bəzi neqativ
halların aradan qaldırılması
istiqamətində qətiyyətli tədbirlər həyata keçirilmişdir. Bunun nəticəsidir ki, hazırda Azərbaycan sosial-iqtisadi
sahədə qazandığı böyük
uğurlarla yanaşı, həm də
mütərəqqi ruhlu hüquqi-siyasi
islahatlarla, insan hüquq və azadlıqlarının təminatına
yönəlmiş kompleks tədbirlər sistemi ilə beynəlxalq ictimaiyyətin diqqət
mərkəzindədir.
2003-cü
ilin oktyabrından ölkəyə inamla rəhbərlik edən dövlət
başçısı İlham Əliyevin
təşəbbüsü ilə ötən 9 ildə respublikada uğurla həyata
keçirilən məhkəmə-hüquq
islahatlarının qayəsində insanpərvərlik, humanizm, şəxsiyyətə hörmət,
vətəndaşa həssas münasibət kimi ali dəyərlər dayanmışdır.
Ümumiyyətlə, 2004-cü ildən Avropa
Şurası ekspertlərinin yaxından iştirakı ilə
məhkəmə orqanlarının fəaliyyətini tənzimləyən
bir sıra normativ-hüquqi
sənədlərin hazırlanması - "Məhkəmələr
və hakimlər haqqında" qanuna dəyişikliklər
və əlavələr edilməsi, "Məhkəmə-Hüquq
Şurası haqqında" qanunun qəbulu,
"Hakimlərin Seçki Komitəsi
haqqında Əsasnamə"nin, "Vakant
hakim vəzifələrinə hakim olmayan namizədlərin
seçilməsi qaydaları"nın təsdiqi, nəhayət,
Hakimlərin Seçki Komitəsinin
yaradılması bütövlükdə ölkədə məhkəmə-hüquq
sisteminin daha da təkmilləşdirilməsi
baxımından siyasi iradə nümayişi kimi dəyərləndirilə
bilər.
Prezidentin 19 yanvar
2006-cı il tarixdə
imzaladığı "Azərbaycan Respublikasında məhkəmə
sisteminin müasirləşdirilməsi və
Azərbaycan Respublikasının bəzi qanunvericilik
aktlarına dəyişikliklər və əlavələr
edilməsi haqqında" qanunun tətbiq
edilməsi barədə fərman son illərdə
həyata keçirilmiş məhkəmə-hüquq islahatları
sırasında xüsusi əhəmiyyətə
malikdir. Bu fərman əsasında qanunvericiliyə edilən bir sıra mühüm dəyişikliklər
regionlarda yeni apelyasiya və iqtisad məhkəmələrinin
yaradılmasına, ümumilikdə məhkəmələrdə
hakimlərin sayının artırılmasına xidmət etməklə
yanaşı, məhkəmə islahatlarının keyfiyyətcə
yeni mərhələsidir
və reallıqdan doğan zərurətdir.
2000-ci ildən Azərbaycan Respublikasında cəmi bir apelyasiya məhkəməsi
fəaliyyət göstərirdisə, sözügedən fərmana
əsasən, Bakı, Gəncə, Şirvan,
Sumqayıt, Şəki apelyasiya məhkəmələri
yaradılmışdır. Fərman əsasında həmçinin
Bakı, Sumqayıt və Şəki şəhərlərində
yerli iqtisad məhkəmələri
formalaşdırılmışdır. Bu
da yerlərdə əhaliyə göstərilən
hüquqi yardımın səviyyəsinin
keyfiyyətcə daha da
yaxşılaşmasını təmin etmişdir.
Sözügedən fərmanda, həmçinin
məhkəmələrin maddi-texniki təchizatının
yaxşılaşdırılması, onların yeni bina və zəruri inventar, habelə informasiya
texnologiyaları ilə təminatı, eləcə də Ali Ədliyyə Məktəbinin
yaradılması, Avropa Məhkəməsinin
presedent hüququnun
öyrənilərək tətbiqi və s.
məsələlər geniş əksini
tapmışdır. Bütün bu məsələlər ötən 9 ildə
praktik olaraq uğurla reallaşdırılmış, nəticədə
ədalət mühakiməsinin keyfiyyəti və səmərəliliyi
yüksəlmişdir.
Son illər regionlarda və paytaxtda yeni məhkəmələrin
yaradılması, həmçinin məhkəmələrdə
hakimlərin sayının artırılması istiqamətində
mühüm addımlar
atılmışdır. 2010-2011-ci illərdə əhalinin məhkəmələrə
müraciət imkanlarının asanlaşdırılması məqsədi ilə yeni məhkəmələr - yeni
regional ağır cinayətlər məhkəmələri,
habelə inzibati-iqtisadi məhkəmələr
formalaşdırılmışdır. Bu
islahatlar, şübhəsiz, regional inkişaf
proqramları ilə paralel surətdə
reallaşdırılır. Məqsəd regionlarda
yaşayan əhaliyə göstərilən
hüquqi yardımın keyfiyyətini və
səmərəsini yüksəltməkdir. Yəni bu islahatlar nəticəsində
hansısa imkansız vətəndaşın məhkəməyə
müraciət etmək üçün
Bakı şəhərinə gəlməsinə ehtiyac qalmamışdır.
Məhkəmələrdə
iş yükünün
çoxluğu nəzərə
alınaraq Məhkəmə-Hüquq Şurasının təklifi
ilə hakimlərin sayı son illərdə
50 faiz artırılmışdır. Həmçinin
məhkəmə aparatı işçilərinin sayı 75
faizədək artırılmış, hər bir
hakim üçün
əlavə köməkçi ştatı təsis olunmuşdur. Hakimlərin seçiminə xüsusi diqqət yetirilmiş,
2008-2011-ci illərdə çoxmərhələli, şəffaf
və obyektiv imtahanlar
nəticəsində 2200 namizəd sırasından 235 nəfər
seçilmişdir. Həmin şəxslər
uzunmüddətli nəzəri kurslarda iştirak edərək, məhkəmələrdə
təcrübə keçib xarici ölkələrə tədris səfərlərinə
göndərilmişlər. Beləliklə, çətin hakim vəzifəsi üçün
tam hazırlanaraq müxtəlif məhkəmələrə
təyinat almışlar.
Xatırlatmaq
yerinə düşər ki, məhkəmələrdə
hakimlərin sayca azlığının ədalət
mühakiməsinin keyfiyyətlə və nəzərdə tutulmuş vaxtda həyata
keçirilməsində başlıca çətinliklərdən
biri olduğunu nəzərə
alan Prezident İlham Əliyevin 2006-cı il
17 avqust tarixli "Azərbaycan
Respublikası məhkəmələri
hakimlərinin sayının artırılması və məhkəmələrin
ərazi yurisdiksiyasının müəyyən edilməsi
haqqında" fərmanı ilə respublika
məhkəmələri hakimlərinin sayı 153 ştat vahidi
artırılmışdır.
Prezidentin 2010-cu il 9 avqust tarixli "Azərbaycan
Respublikası apelyasiya instansiyası məhkəmələrinin,
ağır cinayətlər məhkəmələrinin, inzibati-iqtisadi məhkəmələrin və
hərbi məhkəmələrin ərazi yurisdiksiyası
haqqında" fərmanı da məhkəmə-hüquq
islahatlarının uğurlu davamı
sayıla bilər. Fərmanla
Azərbaycan Respublikası apelyasiya
instansiyası məhkəmələrinin, ağır cinayətlər
məhkəmələrinin, inzibati-iqtisadi
məhkəmələrin və hərbi məhkəmələrin
ərazi yurisdiksiyası təsdiq edilmişdir.
Bundan əlavə,
ölkə başçısının 2010-cu il 9 avqust tarixli
"Məhkəmə quruluşunda bəzi
dəyişikliklər, hakimlərin ümumi
sayı və məhkəmələrin ərazi
yurisdiksiyası haqqında" fərmanı da
Azərbaycan Respublikasında məhkəmə quruluşunu
təkmilləşdirmək məqsədi daşıyır.
Fərmanla respublikanın məhkəmə
sisteminə daxil olan məhkəmələrin
hakimlərinin ümumi sayı 600 nəfər
müəyyən olunmuşdur.
Şübhəsiz, hakim korpusunun
sayının artırılması respublikamızda ədalət
mühakiməsinin demokratikliyinin, şəffaflığının,
obyektivliyinin təmini istiqamətində mühüm addımdır.
Son illər Prezident İlham
Əlıyevin xüsusi diqqət və
qayğısı ilə məhkəmələrin yeni bina və inventarla təmin olunması, onların iş şəraitinin
yaxşılaşdırılması, hakimlərin sosial müdafiəsinin gücləndirilməsi
istıqamətində mühüm
addımlar atılır. Bu qəbildən olan məsələlər
dövlət başçısının hələ 2009-cu il 6 fevral tarixli
sərəncamı ilə təsdiq edilmiş
"Azərbaycan ədliyyəsinin inkışafına dair 2009-2013-cü illər üçün
Dövlət Proqramı"nda da geniş əksini tapmışdır.
Prezidentin 2011-ci il 27 dekabr tarixli sərəncamı
ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasında İnsan Hüquqları
sahəsində Milli Fəaliyyət
Proqramı" da sosial-iqtisadi
inkişaf prosesinin
keyfiyyətcə yeni mərhələsində
hüquqi-siyasi islahatların uğurla davam etdirilməsi
məqsədini ön pana
çəkir. Milli Fəaliyyət
Proqramının həyata keçirilməsi ilə əlaqədar
məhkəmə hakimiyyəti qarşısında da müəyyən vəzifələr
dayanır. İnsan hüquq
və azadlıqlarının müdafiəsinin səmərəliliyinin
artırılması, cəmiyyətdə hüquq
mədəniyyətinin inkişaf
etdirilməsi bilavasitə, normativ-hüquqi
bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi isə
müəyyən cəhətləri ilə məhkəmə
hakimiyyətiylə əlaqədardır. Milli Fəaliyyət
Proqramının öyrənilməsi, onun
ayrı-ayrı müddəalarının yerinə yetirilməsi
ilə bağlı tədbirlərin müəyyənləşdirilməsi,
gündəlik fəaliyyətdə insan hüquq və azadlıqlarının səmərəli
müdafiəsinə nail olunması, pozulmuş hüquqların bərpası, qanuna əsaslanan, obyektiv, qərəzsiz, ədalətli qərarlar
qəbul edilməsi və hüquqi təbliğatda
fəal iştirakla cəmiyyətdə hüquq mədəniyyətinin
inkişafına yardım göstərmək məhkəmə
orqanları qarşısında duran vəzifələr
kimi qiymətləndirilməlidir.
Milli Fəaliyyət Proqramında əksini
tapmış vacib məsələlərdən
biri də "Həbs yerlərində
saxlanılan şəxslərin hüquq və
azadlıqlarının təmin edilməsi haqqında" qanunun qəbulu ilə bağlıdır. Qanun layihəsi
şübhəli və təqsirləndirilən şəxslərin
həbs yerlərində saxlanılmasının qanunçuluq, təqsirsizlik prezumpsiyası, qanun qarşısında bərabərlik, humanizm, şərəf və ləyaqətə
hörmət edilməsini, beynəlxalq müqavilələrə
əməl olunması prinsipinin müvafiq qaydada həyata
keçirilməsini nəzərdə tutur.
Dövlət başçısı
İlham Əliyev hələ 2009-cu ilin may ayında Ali Məhkəmənin
binasının açılış mərasimində
çıxış edərkən ölkədə
hüquqi, siyasi və iqtisadi islahatların bundan sonra da paralel
şəkildə aparılacağını, o cümlədən
ədliyyə və məhkəmə orqanlarına dövlət
səviyyəsində lazımi diqqət və
qayğının göstəriləcəyini xüsusi
vurğulamışdır. Şübhə etmədən demək
olar ki, dövlət başçısının uğurla həyata
keçirdiyi bu islahatlar nəticəsində Azərbaycanda ədliyyə
və məhkəmə orqanlarının fəaliyyəti daha
da müasirləşəcək, əhaliyə göstərilən
hüquqi yardımın səviyyəsi yüksələcək,
ədalət mühakiməsinin daha çevik, işlək və
obyektiv qanunverici mexanizmlər əsasında həyata
keçirilməsi mümkün olacaqdır.
İlyas
MAHMUDOV,
Sumqayıt
Şəhər Məhkəməsinin hakimi
Azərbaycan.-2012.-
14 oktyabr.- S.3.