Azərbaycanı bölgənin liderinə, dünyanın isə söz sahibinə çevirən dinamik inkişaf və möhtəşəm quruculuq mərhələsi

 

Azərbaycanın ötən 20 ildə müstəqil dövlət kimi əldə etdiyi çoxşaxəli nailiyyətlər ilk növbədə əsrlərlə davam edən tarixi mübarizənin nəticəsi sayılmalıdır. Taleyin qismətindən xalqımız milli özünəməxsusluğunu səciyyələndirən keyfiyyətləri, milli dövlətçilik ənənələrini yaşatmaq, azadlıq, müstəqillik nemətinə qovuşmaq üçün çətin sınaqlardan çıxmalı olmuşdur. Bu baxımdan azərbaycanlıların milli dövlətçilik şüurunun və ənənələrinin inkişafı prosesi uzun əsrlər boyu davam etmiş, xalqın formalaşma, təşkilatlanma və özünütəsdiqləmə prosesinə əsaslı təkan vermişdir.

Son 9 ildə həyata keçirdiyi çevik və məqsədyönlü siyasətlə özünü təcrübəli dövlət xadimi, bacarıqlı rəhbər kimi təsdiqləməsi, real ideya və proqramlarla insanların inam və etimadını qazanması cənab İlham Əliyevin yüksək liderlik keyfiyyətlərinə malik olduğunu göstərmişdir. Dövlət başçısı siyasi lider olaraq insanları öz ideya və baxışları ətrafında toplamaq, onların iradələrinə, qərarlarına təsir göstərmək iqtidarında olduğunu sübuta yetirmişdir. Məhz bu keyfiyyətləri sayəsində də idarəçilikdə yüksək uğurlara imza atmış, cəmiyyətin əsas və həlledici hissəsini arxasınca apara bilmişdir. Azərbaycanda ictimai-siyasi sabitliyin, vətəndaş sülhü və həmrəyliyinin qorunub saxlanılması naminə ilk gündən nümayiş etdirdiyi yüksək prinsipiallıq, qətiyyət və əzmkarlıq Prezident İlham Əliyevin istənilən ekstremal situasiyada çevik və optimal qərar qəbul edən qətiyyətli lider olduğunu təsdiqləmişdir. Ulu öndər Heydər Əliyevin müəyyyənləşdirdiyi inkişaf strategiyasının davamlılığını təmin edən Prezident İlham Əliyev milli maraqlara əsaslanan diplomatiya, demokratikləşdirmə, hüquqi dövlət quruculuğu istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyəti ilə məhz dövlət müstəqilliyinin praktik olaraq möhkəmləndirilməsini təmin etmişdir. Azərbaycanın ötən 9 ildə sosial-iqtisadi, siyasi, hüquqi və digər sahələrdə əldə etdiyi yüksək nayiliyyətlər Heydər Əliyev siyasi kursuna alternativin olmadığını bir daha təsdiqləmişdir. Milli Məclisin deputatları son 9 ildə bütün sahələrdə qazanılan nailiyyətləri belə xarakterizə edirlər:

 

 

Bahar MURADOVA,

Milli Məclis Sədrinin müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri:

- Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyətə başladığı gündən keçən 9 il ərzində çox böyük, tarixi uğurlara imza atıb. Zamanında ümummilli lider Heydər Əliyev tərəfindən bünövrəsi qoyulmuş siyasət son 9 ildə bütün istiqamətlərdə daha çevik, daha yaradıcı formada həyata keçirilib. Artıq Azərbaycan günbəgün yox, anbaan dəyişir. İqtisadi cəhətdən respublikamız böyük uğurlara imza atır. Siyasi cəhətdən ölkədaxili sabitlik, əmin-amanlıq, vətəndaşların dinc və təhlükəsiz həyatı, hər bir vətəndaşın rifah içərisində yaşaması üçün atılan addımlar, sosial sahədə həyata keçirilən islahatlar, enerji ehtiyatlarından əldə olunan gəlirlərin digər sahələrin inkişafına yönəldilməsi, elmin, mədəniyyətin, səhiyyənin, sosial həyatın bütün sferalarının inkişafı gözümüz qarşısındadır. Hər bir Azərbaycan vətəndaşı bu nailiyyətləri öz həyatında hiss etməkdədir.

Azərbaycanın 9 il ərzində inkişafı təkcə daxildə gedən proseslərlə şərtlənmir. Eyni zamanda, Azərbaycan bu illər ərzində həm regionda, həm də dünyada öz yerini çox ciddi şəkildə möhkəmləndirib. Bu gün Azərbaycan Cənubi Qafqazın daha sürətlə inkişaf edən lider dövlətinə çevrilib. Prezident İlham Əliyev də bunu dəfələrlə vurğulayıb ki, Cənubi Qafqazın ümumi daxili məhsulunun 80 faizi Azərbaycanın payına düşür. Təkcə bu rəqəmin özü çox böyük ifadədir və yüksələn iqtisadi imkanlar ordu quruculuğunun genişlənməsində, ölkənin hərbi qüdrətinin artmasında da özünü göstərir. Bütün bunlar isə bütövlükdə Azərbaycanı dünyada sözü eşidilən nüfuzlu ölkəyə çevirib. Bu gün Azərbaycan aparıcı beynəlxalq təşkilatlarda əsas söz sahiblərindən birinə çevrilməkdədlir. 155 ölkənin dəstəyi ilə Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü seçilib. Gərgin beynəlxalq ictimai-siyasi proseslərdə Azərbaycan öz mövqeyini açıq şəkildə ortaya qoya bilən, bir çox məsələlərdə başqa ölkələrə nümunə gətirilən dövlətə çevrilib. Səslənən bütün müsbət faktların hər biri məhz Azərbaycan Prezidentinin ardıcıl, qətiyyətli, məqsədyönlü fəaliyyətinin nəticəsidir. Təsadüfi deyil ki, əldə olunan bütün bu nailiyyətlər Azərbaycan insanının inkişafına, hüquqlarının qorunmasına, onun yaxşı yaşayışının təmin olunmasına və bir sözlə, insan amilinin əsas gücə, qüvvəyə çevrilməsinə yönəlib. "Hər şey insan üçün!" şüarı bu siyasətin əsas mahiyyətini təşkil edir.

Ən əsas odur ki, cənab İlham Əliyevin yürütdüyü siyasət Azərbaycan vətəndaşlarının mütləq əksəriyyəti tərəfindən dəstəklənir, dəyərləndirilir və bundan sonra da onun bu siyasəti davam etdirməsi arzularını daha da möhkəmləndirir.

Gələn il Azərbaycanda prezident seçkiləri keçiriləcək. Ötən 9 ilə baxıb ona dəyər verərkən, nəticə çıxararkən gəldiyimiz bir qənaət ondan ibarətdir ki, bütün bu illər ərzində görülən iş növbəti etimad mandatını əldə etməyə imkan verir. Azərbaycan xalqı bu siyasətin davamlı şəkildə məhz cənab İlham Əliyev və onun komandası tərəfindən həyata keçirilməsini istəyir. Çünki bu siyasət Azərbaycanı inkişafa, rifaha, çiçəklənməyə, möhkəmlənməyə və öz sözünü deyə biləcək qüdrətli bir ölkəyə çevrilməyə aparır.

Bu gün cənab İlham Əliyev başda olmaqla Azərbaycan dövlətinin qarşısında duran yeganə problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Görülən işlər, Azərbaycanın dünyada müsbət imicinin formalaşması, çox ardıcıl, etibarlı tərəfdaş ölkə kimi tanınması, dünya birliyinin bərəbərhüquqlu üzvü kimi qymətləndirilməsi Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Azərbaycanın bütün imkanlarını artırır. Gün gələcək ki, bu problemin də həllinə nail olacağıq. Mən inanıram ki, bu proses Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçiriləcək.

 

 

Mübariz Qurbanlı,

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası icra katibinin müavini:

- Cənab İlham Əliyevin Azərbaycanda prezident seçilməsindən keçən dövr ərzində ölkəmiz bütün sahələrdə irəliləyişə nail olub. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu müasir Azərbaycan onun siyasətinin bazası əsasında cənab İlham Əliyev tərəfindən daha yüksək səviyyəyə qaldırılıb. Azərbaycanın sosial-iqtisadi və beynəlxalq uğurları göz önündədir. 9 il ərzində baş verən yenilikləri, uğurları sadalasaq, böyük kitablar alınar.

20 illik müstəqilliyi olan gənc Azərbaycanın 9 il ərzində qazandığı beynəlxalq imic, ona qarşı edilən basqılar və Prezident İlham Əliyevin yürütdüyü siyasətə nəzər saldıqda görərik ki, dövlətimiz öz gücünə böyük nailiyyətlər qazanıb. Azərbaycan regionda iqtisadi cəhətdən daha da güclənib. Avropada Ermənistan diasporunun antiazərbaycan təbliğatına qarşı böyük mücadilə aparılıb. Diplomatik baxımdan Azərbaycan erməni siyasətini ifşa edib. Azərbaycanın bölgədə artan nüfuzundan narahat olan xarici əleyhdarlarımız, xüsusilə Ermənistan, erməni lobbisi və onların maliyyə dəstəyi ilə bu və ya digər ölkələrdə təmsil olan siyasətçilər 3 istiqamətdə üzərimizə basqılar edirlər: beynəlxalq təşkilatlarda Ermənistanın lehinə təbliğat aparanlar, qat-qat bizdən zəif olan Ermənistan və erməni lobbi təşkilatları. Bunlar ABŞ və digər Avropa ölkələrində Azərbaycana qarşı istənilən iyrənc yollara əl atırlar, qara piar kampaniyası aparırlar. Bəzi QHT-lər Azərbaycanı gözdən salmaq üçün əllərindən gələni edirlər. Bizə təzyiqlər göstərmək istəyirlər. Ancaq Prezident İlham Əliyev çıxışlarında dəfələrlə bildirib ki, bizə təzyiqlər edilir, lakin Azərbaycan öz tutduğu yoldan dönən deyil, Azərbaycan öz milli müstəqilliyini hər zaman qoruyacaqdır. Əgər diqqət yetirilsə, ötən 9 il ərzində Prezident İlham Əliyevin daxili və xarici siyasətində bir neçə xətt özünü açıq şəkildə büruzə verir. Bunlar qətiyyətlilik, praqmatiklik, ardıcıllıq, Azərbaycanın milli maraqları olan məsələlərdə mövqeyini qorumaq üçün bütün vasitələrdən istifadədir. Bizim xarici siyasətimiz müstəqil siyasətdir. Biz həmişə ədaləti müdafiə etmişik. Prezidentimiz isə ədalətli siyasət yürütməklə bizə qarşı da belə ədalətli mövqenin nümayiş etdirilməsini istəyir. 

Azərbaycana iqtisadi, siyasi  baxımdan basqılar edilməyə cəhd göstərilib. Ancaq biz bütün bu təzyiqlərə davam gətirmişik. Ona görə davam gətirmişik ki, Azərbaycan hakimiyyəti xalqa arxalanır. Hakimiyyət öz siyasətində xalqın maraqlarını ardıcıl qoruyur. Ona görə də xalqdan dəstək alan hakimiyyətə xarici basqılarla təsir göstərmək asan və mümkün deyil. Tarix bunu sübut edib. Ona görə də Prezident İlham Əliyevin 9 illik fəaliyyətinə toxunsaq, biz bu fəaliyyəti ən yüksək səviyyədə qiymətləndirməliyik və növbəti ildə də prezident seçilməsi məsələsində xalqın ona böyük dəstək verəcəyini tam şəkildə ifadə edə bilərik.      

 

 

Fəttah HEYDƏROV,

Milli Məclisin deputatı:

- Ulu öndər Heydər Əliyevin şəxsiyyət kimi böyüklüyü həm də əsasını qoyduğu siyasəti yeni dövrün tələblərinə uyğun davam etdirə biləcək qüdrətli lider və etibarlı davamçı yetişdirməsindədir. Möhtərəm Prezident İlham Əliyevin müəllifliyi ilə son 9 ildə Azərbaycanın möhtəşəm inkişaf salnaməsinin yeni parlaq səhifələri yazılır. Heydər Əliyevin strateji inkişaf kursunu müasir mərhələyə uyğun zənginləşdirən dövlət rəhbərinin yürütdüyü məqsədyönlü siyasətin uğurları çağdaş Azərbaycanın şanlı tarixinə çevrilir. Cəmiyyət dinamik inkişaf edir, müasir dünyada gedən proseslərə uyğun olaraq Azərbaycanın sosial-iqtisadi həyatında, qanunlarında, insanların həyat tərzində, idarəçilikdə müvafiq dəyişikliklər həyata keçirilir. İnsanların təfəkkür, düşüncə tərzi hazırkı dövrün çağırışlarına uyğun olaraq yeniləşir, müasirləşir. Eyni zamanda milli özünəməxsusluq və adət-ənənələr də qorunub saxlanılır.

Düşünürəm ki, Prezident İlham Əliyevin əldə etdiyi böyük uğurların əsas səbəblərindən biri məhz onun qətiyyətli və prinsipial rəhbər olmasıdır. Prezident qısa müddətdə Azərbaycan dövlətçiliyini hər cür cinayətkar qəsddən qorumağa qadir siyasətçi olduğunu, milli maraqlar naminə cəsarətli qərarlar qəbul etmək bacarığını nümayiş etdirdi. Cənab İlham Əliyev ən mürəkkəb siyasi şəraitdə birləşdiricilik keyfiyyətləri sayəsində xalqı öz ətrafına, Heydər Əliyev ideyalarının cazibəsinə toplaya bildi. Dövlət başçısı müdrik dövlət adamlarına xas olan qabiliyyətlə hər kəslə dil tapmağı, prezident-vətəndaş arasındakı psixoloji səddi aradan götürməyi bacardı. Nəticədə illərdən bəri həllini gözləyən sosial problemlər nizamlandı, xalqın firavan, rahat yaşayışına xidmət edən tədbirlər qətiyyətli liderin iradəsi və təşkilatçılıq qabiliyyəti nəticəsində reallığa çevrildi.

Hələ Sovetlər Birliyi dövründə belə mavi yanacaq görməyən bir sıra kəndlərə, ucqar yaşayış məntəqələrinə qaz çəkildi. Ən müasir tələblərə cavab verən yeni məktəblərin, səhiyyə ocaqlarının, körpülərin, yolların və s. tikintisi - bütün bunlar regionlarda mənəvi ab-havanın yaxşılaşmasına səbəb oldu, Azərbaycan insanının dövlətə, onun rəhbərinə etimadını, sevgisini və rəğbətini daha da artırdı. Cənab İlham Əliyevin rəhbərliyi altında son illərdə qazandığımız minlərlə, on minlərlə uğurlu faktı sadalamağa lüzum yoxdur, hər şey göz önündədir! Bu mütərəqqi inkişaf proseslərinə Heydər Əliyev Fondunun əvəzsiz töhfələrini, fondun prezidenti, UNESCO və

ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın misilsiz fəaliyyətini xüsusi vurğulamaq istərdim. Fond ulu öndərin zəngin siyasi irsinin təbliğatçısı olmaqla yanaşı, milli-mənəvi, mədəni dəyərlərimizi, musiqimizi dünya miqyasında tanıdır.

Bir məsələnin də üzərində xüsusi dayanmaq istərdim. Prezident İlham Əliyevin 9 illik fəaliyyəti yalnız yüksək quruculuq, abadlıq, inkişaf, tərəqqi kimi anlayışlarla səciyyələnmir. Dövlət başçısı az müddətdə insan hüquq və azadlıqlarının təmini, ölkədə demokratik proseslərin dərinləşdirilməsi istiqamətində də qətiyyətli addımlar atdı. Bununla da İlham Əliyev demokratiyanın Azərbaycan xalqı üçün qətiyyən yabançı idarəetmə forması olmadığını bütün dünyaya sübuta yetirdi. Demokratiya hayqırtıları ilə bizə təsir göstərmək istəyən dövlətlərə öz yerini göstərərək nümayiş etdirdi ki, əsl demokratiya təkamül yolu ilə, tədricən bərqərar olunur. Azərbaycan iqtisadi cəhətdən inkişaf etdikcə, ölkədə demokratik proseslər də dərinləşir, qanunçuluq möhkəmlənir. Yaşayış səviyyəsi, maddi rifah halı yüksələn insanlar demokratiyanın həqiqi mahiyyətini dərk etməyə başlayırlar.

Bu gün Azərbaycan dünya miqyasında mükəmməl iqtisadi inkişaf modeli olan, heç kəsin vassalı olmayan müstəqil dövlət kimi tanınır. Bu gün Azərbaycanda həyata keçirilən siyasi-hüquqi islahatlar və modernləşmə kursu keçid dövrünü yaşayan ölkələr üçün örnək-nümunə olaraq qəbul edilir. Bu gün Azərbaycan müstəqil siyasət yürüdən dövlət olmaqla yanaşı, BMT Təhlükəsizlik Şurasının üzvü kimi qlobal proseslərə fəal nüfuz edir. Respublikamız dünyanın enerji təhlükəsizliyinə mühüm töhfələrini verir, regionun ən iri layihələrini maliyyələşdirir.

Bu gün Azərbaycanda xalqla hakimiyyət arasında çox güclü mənəvi birlik, həmrəylik var. Bu birlik sayəsində ölkə iqtidarı yaxın illərdə daha böyük iqtisadi-mədəni inqilablara müəlliflik edəcək. Tam əminəm ki, möhtərəm İlham Əliyev gələn il keçiriləcək seçkilərdə Azərbaycan xalqının alternativsiz inam və etimad ünvanı olduğunu növbəti dəfə təsdiqləyəcək.

Bu gün hamımızın, hər bir vətəndaşımızın ancaq bir siyasi fikri var:

 

YALNIZ İLHAM ƏLİYEV!

 

 

Hadi RƏCƏBLİ,

Milli Məclisin Sosial siyasət komitəsinin sədri, siyasət elmləri doktoru, professor:

- İctimai-siyasi sabitlik, bütün sahələr üzrə mükəmməl dövlət siyasətinin həyata keçirilməsi hər bir ölkənin nailiyyətlərini və kompleks inkişafını şərtləndirən əsas amillər olaraq ayrılmaz vəhdət təşkil edir. Belə vəhdətin olmamasının acı nəticəsini Azərbaycan dövləti tarixində bir neçə dəfə yaşayıb. Məsələyə bu prizmadan yanaşdıqda cəmiyyətimiz çox haqlı olaraq bugünkü uğurlarımızın başlanğıcını ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə bağlayır. Heydər Əliyevin əsasını qoyduğu sosial-iqtisadi islahatların nəticəsi olan uğurların miqyası ötən 9 ildə daha da genişlənmiş, ümummilli liderin siyasi kursunun davam etdirilməsinin təntənəsi bütün sferalarda dərindən hiss olunmuşdur. Bunlar göstərir ki, Azərbaycan xalqı 2003-cü ildə ümummilli liderin siyasi varisliyi kimi məsuliyyətli bir vəzifəni öhdəsinə götürən cənab İlham Əliyevi Prezident seçməklə gələcəyə doğru ən düzgün və etibarlı yolla irəliləyir.

İqtisadi inkişaf birbaşa sosial sferada çoxşaxəli islahatlar aparmağa, təcrübədən uğurla çıxmış təkmil mexanizmləri tətbiq etməyə imkan verir. Azad bazar iqtisadiyyatı prinsiplərini tam şəkildə tətbiq etməklə sosial problemlərin tədricən yoluna qoyulmasına nail olan Azərbaycan Prezidentinin sosial siyasəti daha böyük perspektivlərə hesablanıb. Prezident İlham Əliyev qurucusu və memarı Heydər Əliyev olan müasir Azərbaycan dövlətini "Sosial rifah, sosial təhlükəsizlik və sosial müdafiə" modeli ilə idarə edərək aydın gələcəyə doğru istiqamətləndirmişdir.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında qarşıya qoyulan məqsədlərin gerçəkləşməsi ilə işsizliyin aradan qaldırılması Prezident İlham Əliyevin sosial siyasətinin ən böyük uğurlarından hesab oluna bilər. Azərbaycan iqtisadiyyatının indiki dinamik inkişaf tempi yaxın gələcəkdə işsizliklə bağlı problemin tamamilə aradan qaldırılacağını söyləməyə əsas verir. Buradan da göründüyü kimi, Azərbaycan hakimiyyətinin mükəmməl inkişaf konsepsiyası ölkə iqtisadiyyatının inkişaf etdirilməsini sosial problemlərin yoluna qoyulması ilə bir vəhdətdə götürür.

Bütün bu uğurlar həm də ölkədə həyata keçirilən siyasi kursun alternativsiz olduğunu ortaya qoyur. Bu mənada cənab İlham Əliyevin 2003-cü və 2008-ci illərdə Prezident seçilməsi bütün Azərbaycan xalqının siyasi iradəsinin təcəssümü idi. Ölkəmizin qazandığı uğurların davamlı olmasını arzu edən xalqımızın 2013-cü ildəki seçiminin də məhz cənab İlham Əliyevin olacağı şübhəsizdir.

 

 

Gövhər BAXŞƏLİYEVA,

Milli Məclisin deputatı, AMEA-nın Akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor:

- Azərbaycan Respublikası bu gün öz inkişaf tempinə görə dünyada birincilər sırasında yer alıb. Ölkəmizin müxtəlif sahələrdə əldə etdiyi böyük uğurlar dünya ictimaiyyəti tərəfindən heyranlıqla qarşılanır. Respublikanın belə yüksəlişlərə nail olması ötən 9 ildə dövlətimizə başçılıq edən, ümummilli lider Heydər Əliyevin qoyduğu siyasi xətti uğurla davam etdirən cənab İlham Əliyevin düşünülmüş, uzaqgörən daxili və xarici siyasəti sayəsində mümkün olub.

Daxili siyasətin uğurları ölkəmizdə bir sıra mühüm iqtisadi layihələrin müvəffəqiyyətlə həyata keçirilməsi, əhalinin sosial rifahının yaxşılaşdırılması, işsizlıyin aradan qaldırılması, maaşların ötən dövr ərzində dəfələrlə artırılması, məcburi köçkünlərin problemlərinin həll olunması, ölkəmizdə böyük quruculuq işlərinin aparılması, regionların sosial-iqtisadi inkişafı proqramı əsasında görülən işlər və s. sahələrdə əks olunur.

Ölkəmiz sosial həyatın bütün sahələrində sürətli inkişaf yolunu tutub. Bir alim və elm təşkilatçısı kimi möhtərəm Prezident İlham Əliyevin elmə böyük himayəsindən və bu qayğının nəticəsində elmimizin sürətli inkişaf xəttini tutmasından söz açmaq istərdim.

Möhtərəm Prezident dəfələrlə vurğulayıb ki, hazırda müstəqil ölkəmizin qarşısında duran ən ümdə vəzifə "neft kapitalını insan kapitalına" çevirməkdir. Aydındır ki, məhz Milli Elmlər Akademiyasının böyük elmi potensialı bu işdə həlledici rol oynayacaq.

Prezident İlham Əliyevin ötən il AMEA-nın illik hesabat yığıncağında söylədiyi proqram səciyyəli nitqində deyilir: "Akademiyada Azərbaycanın intellektual elitası cəmlənib. Akademiyanın inkişafı Azərbaycanda elmin inkişafına birbaşa təsir göstərir. Əgər inkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, həmin ölkələrin uğurlarının təməlində ideya, fikir, innovasiya, elmi-texniki tərəqqi dayanır. Biz də ölkəmizdə müxtəlif istiqamətlərdə islahatlar apararkən müasirləşməyə üstünlük veririk. Müasir dövlətin qurulması elmin inkişafı olmadan mümkün deyildir".

Möhtərəm Prezidentin elmdə islahatlar, elmin inkişaf strategiyası, Elmin İnkişafı Fondunun yaradılması ilə bağlı bu və digər sərəncamları Azərbaycan elminin günün tələbləri səviyyəsinə yüksəlməsi istiqamətində atılmış mühüm addımlardır.

Xarici siyasətdə də ölkəmizin dünya dövlətləri sırasında nüfuzunun artması, dövlətimizin siyasi xəttinin dünya ölkələri tərəfindən dəstəklənməsi, dünya ictimaiyyətinin Azərbaycanı daha yaxından tanıması, Azərbaycan həqiqətlərinin dünyaya daha çevik və ətraflı çatdırılması kimi faktorlar bu sahədə görülən işlərin səmərəliliyindən və Qarabağ məsələsinin tezliklə öz müsbət həllini tapacağından xəbər verir.

 

 

Aydın MİRZƏZADƏ,

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini:

- Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyəti tariximizdə çox parlaq bir səhifə tutur. Dahi lider Heydər Əliyevin siyasi kursunu davam etdirəcəyini elan etməsi və bu istiqamətdə fəaliyyətini qurması Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Prezident seçilənə qədər də Azərbaycan cəmiyyətinə özünün dövlət qulluğunda ciddi fəaliyyətini təqdim edən cənab İlham Əliyev Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti olaraq "Əsrin müqaviləsi"nin bağlanmasında fəal iştirak etmişdir. Onun Azərbaycanda yeni neft strategiyasının həyata keçirilməsində aktiv iştirakı və ən əsası, dövlətimizin beynəlxalq aləmdə müsbət imicinin formalaşmasında kifayət qədər böyük xidmətləri vardır. 1997-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra Olimpiya hərəkatının inkişafı üçün atdığı bir çox addımlar öz müsbət nəticəsini olimpiadadan-olimpiadaya artırmaqdadır. 1999-cu ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə ikinci qurultayda isə sədrin birinci müavini seçilməsi ilə cənab İlham Əliyev Azərbaycanın daxili siyasətində aktiv rol oynamaq istəyini ortaya qoydu və ona olan ümidləri doğrultdu. Onun Azərbaycanın inkişafı ilə bağlı verdiyi təkliflər, ideyalar və ölkədə həyata keçiriləcək layihələrin gələcəyə istiqamətlənməsi zaman-zaman öz nəticəsini verməkdədir. Prezident seçildiyi vaxtdan bu günə qədər Azərbaycanın bütün sahələr üzrə inkişafı tək ölkədə deyil, kənarda da öz layiqli qiymətini alıb. 2003-cü illə müqayisədə Azərbaycanın dövlət büdcəsi 22 dəfə artdı. Orta aylıq əməkhaqqı yüksəldi. Ümumdaxili məhsul artdı. Qeyri-neft sektoru intensiv surətdə inkişaf etməyə başladı. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı cənab İlham Əliyevin 2003-cü və 2008-ci illərdə təsdiq etdiyi dövlət proqramları layiqincə yerinə yetirilməyə başlandı və birmənalı şəkildə demək olar ki, Azərbaycanda inkişafın mərkəzi paytaxtdan regionlara keçirildi.

Bu gün Azərbaycanda bütün sahələrdə inkişaf var. Uğurlarımız getdikcə çoxalır. Azərbaycan kredit alan ölkədən kredit verən ölkəyə çevrilib. 9 il ərzində Prezident Azərbaycanın inkişafı ilə bağlı bütün ideyalarının həyta keçməsi üçün var gücü ilə işlədi. Bu baxımdan da Azərbaycan ictimaiyyəti gələn il keçiriləcək prezident seçikilərində yenidən dövlət başçısı postunda cənab İlham Əliyevi görmək arzusundadır. Heç bir şübhə yoxdur ki, cənab İlham Əliyev bu seçkilərdə də uğur qazanacaq və Azərbaycanın nailiyyətlərinin daha da artmasına əvəzsiz töhfə verəcəkdir.

 

 

Rafiq MƏMMƏDHƏSƏNOV,

Milli Məclisin deputatı, tibb elmləri doktoru, professor:

- Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi iqtisadi siyasətin mahiyyətindən irəli gələrək ötən 9 ildə qarşıya qoyulmuş başlıca vəzifələr əhalinin sosial rifah halının yaxşılaşdırılması, abadlıq-quruculuq işlərinin daha sürətlə aparılması, xidmət və infrastruktur sahələrində işin müasir dövrün tələblərinə uyğunlaşdırılmasıdır. Bu illərdə həyata keçirilmiş çoxşaxəli tədbirlər sistemi həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinə görə miqyaslı, konkret və ünvanlı olması ilə diqqət çəkir. Ölkə başçısı yeni dövrün tələblərinə uyğun olaraq Azərbaycanın bütün regionlarının sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün konktet vəzifələr müəyyənləşdirmişdir.

2008-ci ilin 15 oktyabrında mövcud siyasi kursun ictimaiyyət tərəfindən növbəti dəfə birmənalı dəstəklənməsini təmin edən ən başlıca amillərdən biri də müstəqil Azərbaycanın ötən illərdə əldə etdiyi yüksək sosial-iqtisadi nailiyyətləridir. Respublikamızın sosial dövlət quruculuğu sahəsində əldə etdiyi zəngin təcrübə analoji inkişaf yoluna yeni qədəm qoymuş digər ölkələr üçün model rolunu oynaya bilər. Neft gəlirlərinin iqtisadiyyatın vacib sahələrinə, xüsusən də, qeyri-neft sektoruna, istehsal sahibkarlığına yönəldilməsi, yeni müəssisələrin açılması yolu ilə işsizlik probleminin aradan qaldırılması, bir sözlə, əhalinin sosial müdafiə tədbirlərinin gücləndirilməsi Azərbaycanda həyata keçirilən sosialyönümlü iqtisadi siyasətin ana xəttini təşkil edir. Dövlət başçısı iqtisadi inkişafa yalnız neft amili hesabına nail olmağı məqbul saymayaraq tarazlı və davamlı tərəqqi naminə qeyri-neft sektoruna xüsusi diqqət yetirilməsinin vacibliyini önə çəkir. Bu siyasət neftdən asılılığı azaltmaqla ölkədəki dinamik iqtisadi inkişaf tempini sabit saxlamağa imkan verən fundamental əsasların yaradılmasını nəzərdə tutur.

 

 

İlham MƏMMƏDOV,

Milli Məclisin deputatı:

- Ulu öndər Heydər Əliyevin zəngin siyasi irsinə istinad edən Azərbaycan Prezidenti İlham Əliyevin son 9 ildə uğurla həyata keçirdiyi inkişaf strategiyasının təhlili onun üç fundamental prinsipə istinad etdiyini söyləməyə əsas verir. Bunlar - güclü dövlət, səmərəli iqtisadiyyat və azad insandır. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın qazandığı nailiyyətlər hər üç başlanğıcın qarşılıqlı ahəngdar fəaliyyətinin ölkənin yüksək inkişafına, hərtərəfli tərəqqisinə xidmət edən əzəmətli vasitəyə çevrilmək gücündə olduğunu sübuta yetirir. Əminliklə demək olar ki, Azərbaycanda hər bir fərdin mənafeyinə xidmət edən bu siyasət daim cəmiyyətin yüksək dəstəyini və etimadını alacaqdır.

2003-cü ildə "Əsl siyasət konkret, real iş görməkdən ibarətdir" deyərək prezident səlahiyyətlərinin icrasına başlayan cənab İlham Əliyev bazar iqtisadiyyatı şəraitində "sosial dövlət" konsepsiyasından çıxış edərək insan və vətəndaş mənafeyinə xidmət edən çoxşaxəli islahatlar həyata keçirmişdir. Azərbaycan Prezidenti ötən 9 ildə respublikada dinamik sosial-iqtisadi tərəqqini təmin edən ictimai-siyasi sabitliyin, vətəndaş həmrəyliyinin qorunub saxlanması, ölkənin beynəlxalq arenada nüfuz və mövqelərinin möhkəmləndirilməsi, ictimai həyatın bütün sahələrində proqressiv islahatların aparılması istiqamətində mühüm addımlar atmışdır. Ötən müddətdə həyata keçirilən siyasət, ölkənin demokratik inkişafı, sosial-iqtisadi, mədəni tərəqqisi yolunda atılan bütün addımlar məhz vətəndaşların rifahına, firavanlığına hesablanmışdır.

 

 

Musa QASIMLI,

Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor:

- Prezident İlham Əliyevin ötən 9 ildəki fəaliyyəti əlamətdar hadisələrlə zəngindir və zənnimcə, bu nailiyyətlər daim tariximizdə şanlı səhifə kimi qalacaq. Ölkə ərazisinin 20 faizinin işğal altında olmasına, 1 milyondan çox qaçqın və məcburi köçkünün mövcudluğuna baxmayaraq, Azərbaycan tikilən, qurulan bir məmləkətdir. Ötən 9 ildə Azərbaycan daha müasir, çağdaş dövlətə çevrilib. Ölkə daxilində sabitlik davam edir və Prezident qurucu dövlət başçısı kimi qəbul edilir. Xalqın həyat səviyyəsi gündən-günə yüksəlir.

Xarici siyasətə gəlincə isə deyə bilərəm ki, cənab İlham Əliyev tariximizdə bir sıra ilklərə imza atıb. Hələ prezident seçilməmişdən əvvəl baş nazir olarkən, BMT Baş məclisində çıxış edən ilk baş nazirimiz olub. Ruhumuzun şəhəri olan Təbrizə ilk rəsmi səfər edən Azərbaycanın dövlət başçısı da məhz İlham Əliyevdir. Digər uğurlardan biri isə İlham Əliyevin BMT Təhlükəsizlik Şurasına sədrlik etməsidir. Onun dünya müdiriyyətinə sədrlik edərək orda nitq söyləməsi tariximizə qızıl hərflərlə yazılıb.

Prezident İlham Əliyevin hakimiyyəti illərində qeydə alınan ən yüksək nailiyyətlərdən biri də "Eurovision" beynəlxalq mahnı müsabiqəsinin Azərbaycanda keçirilməsidir. "Eurovision" müsabiqəsi bir daha Azərbaycanı dünyaya tanıtdı. Tariximizdə heç bir zaman maddi və mədəni sərvətlərimiz belə təlbiğ edilməmişdi.

Cənab İlham Əliyevin apardığı uğurlu, qətiyyətli siyasət nəticəsində artıq Azərbaycanın dünyanın bir çox ölkələrində xəritə üzərində axtarılması məsələsi aradan qalxdı. Hesab edirəm ki, bu uğurlu siyasət Azərbacan xalqının və dövlətinin tam maraqlarına cavab verdiyi üçün hökmən davam etdirilməlidir.

 

 

Rafael CƏBRAYILOV,

Milli Məclisin deputatı:

- Son 9 ildə ölkədə həyata keçirilən effektiv iqtisadi islahatlar kursunu uğurla davam etdirərək dövrün tələblərinə uyğun yeni çalarlarla zənginləşdirən dövlət başçısı İlham Əliyev xalq qarşısında verdiyi bütün vədləri səylə, ardıcıl və sistemli şəkildə yerinə yetirib. Azərbaycanın sosial-iqtisadi yüksəlişi bu gün, ilk növbədə, insanların gündəlik həyatında özünü qabarıq büruzə verir. Azərbaycan Prezidenti yürütdüyü siyasətin məqsədyönlülüyü, ardıcıllığı, obyektiv gerçəkliyə adekvatlığı, bu siyasətin ölkənin milli mənafelərini əks etdirməsi respublikanın hər bir vətəndaşında gələcəyə böyük inam və əminlik yaradır. Cənab İlham Əliyev qısa dövr ərzində imzaladığı məqsədyönlü fərman və sərəncamlarla, qəbul etdiyi praqmatik qərarlarla, habelə obyektiv reallıqdan irəli gələn addımları ilə ölkəmizin dinamik yüksəlişini təmin edib, dövrün tələbi kimi qarşıda duran vəzifələri düzgün müəyyənləşdirib, həyata keçirdiyi islahatlarla inkişaf mexanizminin daha da çevikliyinə, işləkliyinə nail olub.

"Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm. Mənim borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru irəliləyişi görsün və onu hiss eləsin..." - deyən cənab İlham Əliyev ulu öndərin dövlətçilik irsinə sədaqətini bir daha nümayiş etdirir. Son 9 ilin yekunlarının təhlili deməyə əsas verir ki, dövlət başçısı irəli sürdüyü bu prinsipləri gerçəkliyə çevirmək üçün ardıcıl, məqsədyönlü və uğurlu fəaliyyət göstərib, bütün məsələlərdə məhz xalqın mənafeyini əsas götürüb. Azərbaycan Prezidentinin fəaliyyətinin təhlili göstərir ki, ötən illərdə konturları hələ böyük strateq Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş bütün konsepsiyalar uğurla davam etdirilir, zəruri hallarda məhz onun təşəbbüsü ilə dövrün tələblərinə uyğun olaraq keyfiyyət dəyişikliklərini özündə əks etdirir.

 

 

Zahid ORUC,

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini:

 - Cənab İlham Əliyevin prezidentliyi dövrü Azərbaycanın uğurlu inkişafı, beynəlxalq əlaqələrinin güclənməsi, regional proseslərdə önəmli yer alması ilə xarakterizə oluna bilər. Lakin İlham Əliyevin siyasi xarakterinə diqqət etdikdə demək olar ki, onda ən mühüm keyfiyyət prinsipiallığı, iradəliliyi və hər hansı bir siyasi xəttin seçimində sistemliliyidir. Daha artıq dərəcədə sadə bir xarizmanı ifadə edən şəxsiyyət kimi vətəndaşlarla münasibətdə orta zolaq tanımır və bufer zona yaratmır. İnsanlarla təmaslarda birbaşadır.

Digər bir tərəfdən Prezident İlham Əliyev kifayət qədər uzaq hədəfləri seçərək ölkəmizin bütövlükdə yeniləşməsinə nail oldu və bununla da demək mümkündür ki, o, hadisələrin fövqündə dayanmağı bacardı və bunu da davam etdirir.

Bu dövr ərzində məlum dövlətlərin, qüvvələrin Azərbaycan uğrunda savaşı heç də azalmadı. İstər neft uğrundakı çarpışmalar, istərsə də bölgəni ümumi dairəsində aktiv tərəfə çevirmək istəyənlər Azərbaycan Prezidentini məhz öz tərəflərində görmək istədilər. Amma bizim liderimiz idarə edən bir şəxsiyyət kimi bu dövr ərzində siyasi portretinin başqa bir cizgisini də göstərdi. Bu da ondan ibarətdir ki, dövlət başçımız Azərbaycanın maraqlarını güzəştsiz formada yerinə yetirmiş oldu. Bu zaman cənab İlham Əliyev hər bir ölkə vətəndaşının prezdenti olacağı ilə bağlı verdiyi vədə sadiq qaldı. İranda həbs olunan şairlərimizin, yaxud xaricdə həbsdə olan zabitimizin vətənə dönməsilə Prezidentimizin mövqeyi sübut etdi ki, o, dövlətimiz üzərində siyasi bazarlaşma açmaq istəyən dairələrə "vətəndaşdan güzəşt olmaz" kimi bir prinsipial xətti təqdim etmiş oldu.

Bütövlükdə onu deyə bilərəm ki, cənab İlham Əliyev sadəcə ümummilli lider Heydər Əliyevin genetik varlığının daşıyıcısı deyil, eyni zamanda, onun özünəməxsus siyasi fəhmi, liderlik keyfiyyəti, manerası, yürütdüyü taktika və strategiyası var. Möhtərəm İlham Əliyev dahi lider Heydər Əliyevdən sonrakı dövrdə birinci şəxs amilinin nə qədər çətin olması fonunda onun siyasi xarakterik cizgilərini özündə mükəmməl formada daşıyıb. Ona görə də hesab edirəm ki, cənab İlham Əliyevin liderliyi bundan sonrakı dövrdə də mütləq davam edəcək, Azərbaycan xalqı öz taleyini ona bağlamaqda haqlı olub və o da özünün xarizmasını, siyasi istedadını, liderlik keyfiyyətlərini bu millətin mənafeyinin daha ləyaqətlə qorunmasına sərf edəcəkdir.

 

 

Çingiz QƏNİZADƏ,

Milli Məclisin deputatı:

- Bu gün Azərbaycan dövlətinin yüksək sürətli inkişafı, əldə edilən uğurlar ölkəmizi beynəlxalq arenalarda söz sahibinə çevirib. Bu baxımdan deyə bilərəm ki, cənab İlham Əliyevin prezidentliyinin 9 ili ərzində apardığı məqsədyönlü siyasət təqdirəlayiqdir. Təbii ki, bütün bunlar əməli siyasətin və bütün dünyanın gözü qarşısında görülən tədbirlərin, islahatların nəticəsində əldə olunub. Cənab Prezidentin 9 illik fəaliyyəti dövrünə nəzər saldıqda deyə bilərəm ki, Azərbaycanda bütün sahələr üzrə islahatlar aparılıb.

Hüquqi islahatlara gəlincə, insan hüquq və azadlıqlarının müdafiəsi, demokratik prinsiplərin inkişafı, əhalinin həyat şəraitinin yüksəldilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsasını təşkil edir. Bütün siyasi fəaliyyəti humanizm prinsiplərinə əsaslanan ümummilli lider Heydər Əliyev 1995-ci ildə Azərbaycanda əfv və amnistiya institutu yaradıb. Ulu öndərin qanunvericilik təşəbbüsü əsasında Milli Məclisdə 1995-2003-cü illərdə amnistiya haqqında 7 qanun imzalanıb, 21325 məhkum azadlığa buraxılıb, ümumilikdə, 78 mindən artıq məhkuma bu amnistiya aktları şamil edilib.

Ümummilli liderin bu xoşməramlı missiyasını davam etdirən Prezident İlham Əliyev isə 2003-cü ildən 2012-ci ilədək, yəni, fəaliyyətinin 9 ili ərzində 20 əfv sərəncamı imzalayıb. Bu sərəncamlarla 2340 məhkum azadlığa qovuşub. Bu isə onu deməyə əsas verir ki, ümumbəşəri dəyərlərə, hər bir fərdin mənafeyinin əsas götürüldüyü hüquqi dövlət quruculuğu prinsiplərinə həssas münasibətin əyani təcəssümü olaraq Azərbaycanda məhkumların əfv edilməsi - bağışlanması təqdirəlayiq ənənəyə çevrilib. Prezidentin əfv siyasəti beynəlxalq birliklər tərəfindən də dəstəklənir. Bu qətiyyətli addımı ilə cənab İlham Əliyev bir daha təsdiqləyir ki, Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi dövlətin daim diqqət mərkəzində saxladığı zəruri məsələlərdəndir və bu istiqamətdə görülən işlər beynəlxalq aləmdə yüksək dəyərləndirilir.

 

 

Fərəc QULİYEV,

Milli Məclisin deputatı, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri:

- Mən Milli Məclisdə, ictimai-siyasi həyatda müxalifəti təmsil edirəm. Amma buna rəğmən Azərbaycanın milli maraqları naminə iqtidarın atdığı bütün addımları dəstəkləyirəm, milli maraqlara zidd olan siyasi hadisələrə isə qarşı çıxıram. Hesab edirəm ki, dövlət başçısı İlham Əliyev 9 il ərzində olduqca təşəbbüskar fəaliyyət göstərib və həm də təşəbbüskarı qəbul edən tərəfdə olubdur. Bu isə Prezident üçün çox əhəmiyyətli xarakterdir.

Bu müddət ərzində ölkədə barışa söykənən ciddi addımlar atıldı. Azərbaycanda siyasi partiyaların dövlət tərəfindən maliyyələşməsi məsələsi cənab İlham Əliyevin prezidentliyi dönəmində reallaşdı. Onu deyə bilərəm ki, Prezident Azərbaycan xalqının sosial rifahının yüksəldilməsi ilə bağlı çoxsaylı ciddi addımlar atıb. Çox modern, islahatçı baxışlı davranışa sahib olan dövlət başçısının milli maraqlar naminə atdığı addımlara biz hər zaman dəstək verəcəyik. Azərbaycanda çox millətin nümayəndələri yaşayır. Ölkəmizdə dinlərə, millətlərə olan tolerant münasibətdən əksər dünya dövlətləri xəbərdardır. Torpaqlarımızın 20 faizini işğal edən Ermənistan daim haqqımızda mənfi imic formalaşdırmağa çalışır. Amma belə bir məqamda Azərbaycanda bütün etnosların bərabər şəkildə yaşaması, kilsələrin, sineqoqların təmir olunaraq istifadəyə verilməsi və bütün bunların dünyaya göstərilməsi Azərbaycan üçün müsbət imic formalaşdırır. Bütün bunlar Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində həyata keçirilir. Bu isə Azərbaycanın artıq dünyəvi bir dövlət olduğunu nümayiş etdirir.

İdmana olan dövlət qayğısı da göz qabağındadır. Cənab İlham Əliyevin şəxsən idmançılarla görüşü, onlara dəstək verməsi vətənpərvərlik ruhunu artırır. Azərbaycanın bayrağının yüksəklərə qaldırılmasında prezidentin böyük xidmətləri var. Həm vətəndaş, həm də bir prezident kimi bayrağımızın yüksəklərə qalxmasından qürur duyması sağlam cəmiyyətin yaranması üçün bir stimul verir.

Prezident İlham Əliyev bütün bunlarla yanaşı, kənar tənqidlərə qarşı çox dözümlü davranış nümayiş etdirir. Bu səbəbdən də Prezidentə ciddi dəstək lazımdır. Çünki bütün işləri təkbaşına prezidentin üzərinə atmaq olmaz. Cəmiyyətdəki siyasi qüvvələr dövlət başçısına daha fəal dəstək olmalı və indiki mürəkkəb dönəmdə bütün səylərimizi Prezidentin siyasəti ilə uzlaşdırmalıyıq.

 

 

Tahir RZAYEV,

Milli Məclisin deputatı:

- Prezident İlham Əliyevin fəaliyyəti hər bir Azərbaycan vətəndaşı tərəfindən yüksək qiymətləndirilir. Çünki prezidentlik fəaliyyəti dövründə cənab İlham Əliyev Azərbaycanın milli maraqları, yüksəlişi, inkişafı naminə böyük işlər görüb. Ölkədəki sosial-iqtisadi inkişaf, beynəlxalq aləmdə qazanılan uğurlar, insanların rifah halının yaxşılaşdırılması istiqamətində atılan bütün addımlar Azərbaycanın bu müddət ərzində daha da qüdrətlənməsinə gətirib çıxarıb.

Cənab İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanı dünyada seçilən dövlətə çevirib. Artıq dünya Azərbaycanla hesablaşır. Dövlətimiz demək olar ki, bütün mötəbər təşkilatlarda yer alır, eyni zamanda, Azərbaycanda beynəlxalq toplantılar, forumlar, yarışmalar keçirilir. Beynəlxalq maliyyə qurumlarının hesabatları və rəylər, onu göstərir ki, Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. Azərbaycan Cənubi Qafqazda lider dövlət hesab olunmaqla yanaşı, iqtisadi göstəricilərinə görə bəzi böyük dövlətləri qabaqlayır. Bu gün bölgədə Azərbaycanın iştirakı olmadan heç bir iqtisadi layihə gerçəkləşə bilməz. Məhz Prezident İlham Əliyevin qətiyyətli, məqsədyönlü siyasəti nəticəsində bu uğurlar qazanılıb. Düşmən Ermənistan bütün bu layihələrdən məhrum olub. Bu gün ordumuzun büdcəsi Ermənistanın dövlət büdcəsindən çoxdur.

Ölkədaxili proseslərə gəlincə, onu deyə bilərəm ki, valyuta ehtiyatlarımız 40 milyard dollardan artıqdır. Bölgələrdə yüz minlərlə yeni iş yerləri açılıb. Bir neçə il öncə kəndi xatırladan rayon mərkəzləri artıq sürətli inkişaf yolundadır. Qaz, su, işıq, yol problemi demək olar ki, aradan qaldırılır. Bu sahədə çox böyük işlər görülür. Əhalinin sağlamlığı, təhsili, məişət şəraitinin yaxşılaşdırılması istiqamətində atılan addımlar da uğurludur. Bu günlərdə bölgələrə səfər edən Prezident İlham Əliyev dedi ki, son zamanlar ölkədə 2000-dən artıq məktəb tikilib.

Təkcə deputat seçildiyim Ağcabədi şəhərində 35 məktəb binası tikilib, 204 yerlik yeni xəstəxana binası tikilməkdədir. İki böyük yağ-pendir zavodları istifadəyə verilib. Digər rayonlarda da belə zavodlar, fabriklər açılıb və bu da təsdiq edir ki, prezident əhaliyə böyük qayğı göstərir. Dünyada elə bir dövlət rəhbəri tanımıram ki, Azərbaycan Prezidenti qədər rayonlara səfər etsin, əhali ilə görüşsün, xalqın problemləri ilə maraqlansın. Bu, düşünülmüş siyasətdir və Azərbaycanı yalnız irəliyə aparır.

 

 

Fazil MUSTAFA,

Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının başqanı:

- Mən müxalifəti təmsil etməyimə, müxalifət partiyasının rəhbəri olmağıma baxmayaraq, bəziləri kimi ağa qara demək niyyətində deyiləm. Uğuru uğur, problemi isə məhz problem kimi deməliyik. Azərbaycan Prezidenti bizim siyasi rəqibimizdir - bu faktdır. Amma Prezident İlham Əliyevin fəaliyyəti dövründə qazanılan nailiyyətləri necə danmaq olar?!

Prezident İlham Əliyevin 9 il ərzində Azərbaycana rəhbərliyi dövründə ölkəmizin ən böyük uğurlarından biri də xarici siyasətdə bəlli tarazlığın qorunub saxlanmasıdır. Çünki Azərbaycan elə bir təhlükəli mövqedə yerləşir ki, istənilən vaxt azacıq bu tarazlığın pozulması ölkə üçün ciddi problemlər yarada bilər. Ona görə də bu müddət ərzində xarici siyasət sahəsində görülən işləri müsbət qiymətləndirirəm.

Daxildə də kifayət qədər quruculuq prosesləri gedib. Azərbaycan cəmiyyətində iqtisadi inkişafın əsasları qoyulub və xüsusilə, ölkənin təbii sərvətlərinin müəyyən dərəcədə sərmayə potensialının yaradılmasına gətirib çıxaran uğurlu siyasət yürüdülüb. Neft siyasəti də kifayət qədər nailiyyətli olub. Türkiyənin tranzit yolu seçilməsi və qardaş ölkə ilə əlaqələrin yüksək səviyyədə qurulması təqdirəlayiq hallardır.

9 il ərzində ölkədə demokratik institutların formalaşması prosesi gedib. Azərbaycan dünya siyasi sistemində yeni bir ölkə olsa da, layiqli yerini tutub. Tək həll olunmayan məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Bu isə hələ ki, daxili imkanlarımızla həlli mümkün olmayan məsələdir. Çünki beynəlxalq güclər hələ də Ermənistanı ciddi şəkildə dəstəkləyirlər. Ümid edirəm ki, gələcək fəaliyyətlərdə bu məsələ öz həllini tapacaq, Dağlıq Qarabağla bağlı ciddi addımların atılmasını müşahidə edəcəyik.

Ordumuzun maddi texniki bazasının güclənməsi istiqamətində böyük işlər görülüb. Hesab edirəm ki, bəzi məsələləri nəzərə almasaq, bütövlükdə 9 ili Azərbaycanın inkişaf dövrü kimi qiymətləndirmək olar.

 

 

Rasim Musabəyov,

Milli Məclisin deputatı:

- Prezident İlham Əliyevin fəaliyyətinin 9 ilinə nəzər saldıqda Azərbaycanda yeniləşmə, modernləşmə dövrünün reallaşdığını görərik. Bu dövrdə Azərbaycan iqtisadiyyatı 3 dəfə artıb. Dövlətimiz bir sıra strateji layihələri həyata keçirib. Bir sıra layihələr də başa çatmaq üzrədir. 9 ildə paytaxt Bakı demək olar ki, tamamilə dəyişib və dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib. Bunu şəhərə gələn bütün xarici qonaqlar təsdiqləyirlər. Azərbaycan bu müddət ərzində beynəlxalq mövqeyini möhkəmləndirib. Bu, təkcə BMT Təhlükəsizlik Şurasının üzvü seçilməmizlə əlaqələndirilməməlidir. Ölkəmizə gələn prezidentlərin, baş nazirlərin və digər dövlət xadimlərinin çıxışları, xarici mətbuatda Azərbaycanla bağlı dərc edilən məlumatlar, diasporumuzun fəaliyyəti onu deməyə əsas verir ki, respublikamız artıq inkişaf etmiş ölkələr sırasına daxil olmaqdadır. Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin sayı qonşu Gürcüstanla Ermənistanda keçirilən tədbirlərdən 5 dəfə çoxdur. Yəni, fakt Azərbaycanın Cənubi Qafqaz bölgəsində lider dövlət olduğunu göstərir.

Azərbaycan öz siyasətində kifayət qədər müstəqil xətt tutub. Ölkədə mədəniyyət, təhsil, səhiyyə sahəsində xeyli irəliləyişlər var. Eləcə də onu cənab İlham Əliyevin prezidentliyi dönəmində ölkədə kütləvi informasiya vasitələrinin və qeyri-hökumət təşkilatlarının dövlət tərəfindən maliyyələşdirilməsi məsələsi öz həllini tapıb, mətbuata dövlət qayğısı artıb.

Bütün bunlar onu göstərir ki, 9 il ərzində Azərbacan iqtisadiyyatı çox sürətli inkişaf edib və dövlətimizin beynəlxalq aləmdə nüfuzu daha da güclənib.

 

 

Azərbaycan.-2012.- 14 oktyabr.- S.4-5.