Ayrı-ayrı gömrük
əməliyyatı və ya gömrük proseduru ilə bağlı
gömrük orqanının icazəsinin verilməsi
qaydaları
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2012-ci il 12 oktyabr tarixli 228 nömrəli qərarı
ilə təsdiq edilmişdir
1. Ümumi
müddəa
Bu qaydalar Azərbaycan Respublikası
Gömrük Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi)
102.3-cü və 102.4-cü maddələrinə və
Gömrük Məcəlləsinin digər müddəalarına
əsasən hazırlanmışdır və ayrı-ayrı
gömrük əməliyyatı və ya gömrük
proseduru ilə bağlı gömrük orqanları tərəfindən
icazənin verilməsi qaydalarını müəyyən edir.
2. İcazənin
verilməsi şərtləri
2.1. Gömrük orqanları tərəfindən
icazə şəxslər tərəfindən
aşağıdakı şərtlərə əməl
edildikdə verilir:
2.1.1. icazənin verilməsi
üçün əsaslandırılmış müraciət
təqdim olunduqda;
2.1.2. gömrük nəzarətinin həyata
keçirilməsi üçün zəruri imkanlar
yaradıldıqda;
2.1.3. həmin icazənin verilməsi
üçün müəyyən edilmiş bütün tələblər
yerinə yetirildikdə.
2.2. Gömrük orqanı tərəfindən
icazə şifahi, kağız üzərində
yazılı və ya elektron formalarda verilir.
2.3. Malların Gömrük Məcəlləsi
ilə müəyyən edilmiş gömrük proseduru
altında yerləşdirilməsi üçün icazənin
verilməsi tələb olunduqda, həmin icazənin verilməsi
bu prosedura dair qaydalar əsasında tənzimlənir.
2.4. Ayrı-ayrı gömrük əməliyyatının
və gömrük prosedurunun aparılması ilə
bağlı icazənin alınması üçün şəxs
tərəfindən şifahi, kağız üzərində
yazılı və ya elektron formada gömrük orqanına
müraciət edilir.
2.5. İcazənin alınması
üçün mallara dair səlahiyyəti olan şəxs və
ya bəyannaməçi müraciət edə bilər.
3. İcazələrin rəsmiləşdirilməsi
3.1. Gömrük
Məcəlləsinə əsasən ayrı-ayrı gömrük əməliyyatı və gömrük prosedurunun
aparılması ilə bağlı gömrük
orqanının icazəsi tələb olunduğu
hallarda şəxs tərəfindən əvvəlcədən
gömrük orqanına müraciət edilir.
3.2. İcazə
onun alınması üçün
müəyyən edilmiş şərtlərin
yerinə yetirilməsindən dərhal sonra
verilməlidir.
3.3. Yazılı icazənin alınması üçün müraciət edildikdə, gömrük orqanı tərəfindən
müraciətə daxil olduğu
tarixdən 3 (üç) iş
günü müddətində
baxılır və şəxsə kağız üzərində
yazılı və ya elektron
formalarda icazə verilir.
3.4. Yazılı icazənin alınması üçün təqdim edilən sənədlərdə
gömrük məqsədləri üçün kifayət qədər məlumat
olduqda, gömrük
orqanı tərəfindən əməliyyatın xüsusiyyətindən
asılı olaraq həmin əməliyyatın
həyata keçirilməsi üçün
müvafiq qeydiyyat
aparılaraq icazə verilir.
3.5. Gömrük
Məcəlləsinin tələblərinin yerinə yetirilməməsi
barədə əsas olduqda, icazənin
verilməsindən imtina edilir
və bu barədə şəxsə əsaslandırılmış
səbəb göstərilməklə kağız üzərində
yazılı və ya elektron
formalarda məlumat verilir.
3.6. İcazənin
müddəti əməliyyatın faktiki başa çatması müddəti ilə
tamamlanır.
3.7. Gömrük icazəsini
ayrı-ayrı hallarda gömrük bəyannaməsi və ya
digər mal müşayiət sənədləri də əvəz
edə bilər.
Azərbaycan.-2012.-
14 oktyabr.- S.6.