Malların təkrar idxal gömrük proseduru altında yerləşdirilməsi qaydaları

 

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 12 oktyabr tarixli 229 nömrəli qərarı ilə təsdiq edilmişdir                                                                                         

 

1. Ümumi müddəalar

 

1.1. Bu qaydalar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi) 165.6-cı maddəsinə əsasən hazırlanmışdır və malların təkrar idxal gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müəyyən edir.

1.2. Təkrar idxal ixrac olunmuş malların ixrac edildiyi vaxtdan 3 (üç) il ərzində eyni vəziyyətdə, yəni, xarici ölkədə heç bir emala məruz qalmadan gömrük ərazisinə tam və bir hissəsi qaytarıldıqda, onların idxal gömrük rüsumlarından və vergilərdən tamamilə azad edilməklə və ticarət siyasəti tədbirləri tətbiq edilmədən, sərbəst dövriyyəyə buraxılışıdır.

1.3. Malların təkrar idxal gömrük proseduru altında yerləşdirilməsinə onların ixracı zamanı geri qaytarılması ehtimalı barədə gömrük orqanlarına bildirilib-bildirilməməsindən asılı olmayaraq icazə verilir.

 

2. Malların təkrar idxal gömrük proseduru altında yerləşdirilməsi şərtləri

2.1. Təkrar idxal gömrük proseduru altında yerləşdirilməsi üçün mallar aşağıdakı şərtlərə cavab verməlidir:

2.1.1. Azərbaycan Respublikasının ərazisindən ixrac olunan daxili mallar olmalıdır;

2.1.2. mallar ixrac edildiyi andan 3 (üç) il müddətində gömrük ərazisinə qaytarılmalıdır;

2.1.3. təbii aşınma nəticəsində dəyişikliklər, normal şəraitdə daşınma saxlanc itkiləri, həmçinin bu qaydaların 2.7-ci bəndi ilə müəyyən edilən digər hallar istisna edilməklə, mallar aparıldığı vəziyyətdə olmalıdır.

2.2. İxrac olunmuş malların gətirilmə tarixi gömrük rəsmiləşdirilməsi üçün tələb olunan sənədlərin qəbul olunduğu gündən hesablanmalıdır.

2.3. Təbii aşınma nəticəsində dəyişikliklər, normal şəraitdə daşınma saxlanc itkiləri standartlarla həmin kateqoriya mallara aid normativ aktlarla müəyyən edilməlidir.

2.4. Azərbaycan Respublikasının ərazisindən ixrac olunaraq aparılmış mallar təkrar idxal gömrük proseduru altında yerləşdirilərkən malların eyniləşdirilməsi, onların aparılma vaxtı faktı, eləcə həmin malların daxili mallar olması gömrük orqanının vəzifəli şəxsinə sübut edilməlidir. Göstərilən halların sübut edilməsi bəyannaməçiyə həvalə olunur.

2.5. Azərbaycan Respublikasının hüdudlarından kənarda mallardan istifadə edilməsi həmin malların təkrar idxal gömrük proseduru altında yerləşdirilməsinə mane ola bilməz.

2.6. Malların təkrar idxalı zamanı gömrük orqanları malların geriyə gətirilməsinin onları aparmış şəxs tərəfindən deyil, malların təkrar idxalına müvafiq səlahiyyətə malik olan malların eyniləşdirilməsini sübut dəlillərlə təmin edə bilən başqa şəxs tərəfindən həyata keçirilməsinə icazə verirlər.

2.7. Azərbaycan Respublikasının hüdudlarından kənarda olduqda, malların saxlanmasını təmin etmək üçün kiçik təmir sahmana salma işləri daxil olmaqla, digər əməliyyatlar da aparıla bilər. Belə əməliyyatlar nəticəsində həmin malların dəyəri aparılma anında müəyyən edilmiş dəyərindən artıq olmamalıdır.

2.8. Malların aparılması gətirilməsi zamanı dəyər münasibətləri milli valyuta əsasında müəyyən edilir. Müqavilədə ya digər sənədlərdə istənilən başqa valyutada göstərilən dəyərin hesablanması, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həmin günə müəyyən edilmiş rəsmi məzənnəyə uyğun milli valyuta ilə həyata keçirilir.

2.9. Malların təkrar idxal gömrük proseduru altında yerləşdirilməsinə nəzarətin təmin edilməsi məqsədi ilə gömrük orqanlarının təkrar idxal olunan malların gömrük ərazisindən aparıldığı gömrük orqanına təqdim olunmasını tələb etmək hüququ vardır.

2.10. Sərbəst dövriyyədə olmuş ya daxildə emal edilmiş mallar da təkrar idxal gömrük proseduru altında yerləşdirilə bilər.

 

3. Təkrar idxal gömrük proseduru altında yerləşdirilmiş malların gömrük rəsmiləşdirilməsi

3.1. Təkrar idxal olunan malların gömrük rəsmiləşdirilməsi idxalçının yaxud onun struktur bölməsinin fəaliyyət zonasında yerləşən gömrük orqanlarında həyata keçirilir.

3.2. Mallar təkrar idxal gömrük proseduru altında yerləşdirildikdə, bəyannaməçi gömrük orqanlarına aşağıdakı sənədləri təqdim etməlidir:

3.2.1.  bu qaydaların əlavəsi ilə müəyyən olunmuş formada müraciət ərizəsi gömrük bəyannaməsi;

3.2.2. təkrar idxal olunan mallara tələb olunduqda qanunvericilikdə nəzərdə tutulmuş dövlət orqanlarının icazəsi;

3.2.3. təkrar idxal olunan malların ixrac zamanı rəsmiləşdirildiyi gömrük bəyannaməsinin nüsxəsi.

3.3. Təsdiqedici məlumatlar və ya sənədlər olmadığı təqdirdə, malların təkrar idxal proseduru altında yerləşdirilməsinə icazə verilmir.

 

 

Azərbaycan.-2012.- 14 oktyabr.- S.6.