Moskvada RAGT-nin
illik forumu keçirilmişdir
Leyla Əliyevanın
çıxışı
- RAGT artıq beş ildir ki,
mövcuddur. Bu gün kifayət qədər inamla demək olar
ki, biz gənclərin həyatında yüksək nəticələrə
nail olmuşuq. Təşkilatımız ilbəil qüvvə
toplayır və mən ümid edirəm ki, bugünkü
konfrans ən geniş miqyaslı, maraqlı və mühüm
tədbir olacaqdır. Zalda çoxlu tanış simalar, gənclər
görürəm, bunlar bizim RAGT-nin fəallarıdır. Zalda
regionlardan gəlmiş tələbələr də
çoxdur. Bu gün RAGT-nin 70-dən artıq regional bölməsi
vardır və mən sizə təşəkkür etmək
istəyirəm ki, bu qədər uzun yol qət edərək
konfransda iştirak etmək üçün buraya gəlmisiniz.
Bu gün zalda birinci kurs tələbələri
də çoxdur. Onlar üçün tədris ili yenicə başlanmışdır. Mən
sizi dərs ilinin başlanması münasibətilə təbrik
etmək, bütün təşəbbüslərinizdə və
təhsilinizdə sizə uğur diləmək istəyirəm.
Əminəm ki, RAGT Azərbaycanı Rusiyada ləyaqətlə
təmsil edəcək və ölkələrimiz arasında
münasibətlərin inkişafına töhfəsini verəcəkdir.
Axı, Azərbaycan ilə Rusiyanı tarixən bir-birinə
bağlayan tellər çoxdur - mədəni əlaqələrdən,
ortaq bayramlardan, adət və ənənələrdən
başlamış, sadə, səmimi insani münasibətlərə
qədər. Mənim fikrimcə, insanlar arasında bu cür
canlı əlaqələr, səmimi münasibətlər hər
şeydən üstündür. Azərbaycan həmişə
müxtəlif dinlərin, müxtəlif millətlərin və
mədəniyyətlərin nümayəndələrinin
sülh və həmrəylik şəraitində
yaşadığı ölkə olmuşdur. Bizim
üçün tolerantlıq nailiyyət deyildir, bu, həyat
tərzidir, normadır. Azərbaycan həmişə
açıq və sülhsevər ölkə olmuşdur. Az
adam bunu bilir ki, Azərbaycanda qadınlara hələ 1918-ci ildə,
müsəlman Şərqində Azərbaycanda ilk demokratik
parlament respublikası elan ediləndə səsvermə
hüququ verilmişdi. Müsəlman qızlar
üçün ilk məktəb də Azərbaycanda
tikilmiş, Şərqdə ilk opera da Azərbaycanda
yaradılmışdır. Böyük rus mədəniyyətinə,
rus ədəbiyyatına və
incəsənətinə bizim ölkədə həmişə
hörmət və məhəbbət bəslənmişdir.
Azərbaycan bu gün də postsovet məkanında yeganə
dövlətdir ki, onun məktəblərində rus dilinin
öyrənilməsi tam həcmdə saxlanmışdır. Azərbaycanda
Rus Dram Teatrı, Bakı Slavyan Universiteti, Rus Mədəniyyəti
Mərkəzi, M.V.Lomonosov adına Moskva Dövlət
Universitetinin filialı fəaliyyət göstərir. Bu
gün Azərbaycanda 16 mindən çox tələbə rus
dilində ali təhsil alır. Cənubi Qafqazda ən
böyük rus diasporu da bizim ölkədədir. Mənim
fikrimcə, bu, hər iki tərəf üçün
çox dəyərlidir, çünki heç bir başqa
amil xalqları mədəni müxtəliflik amili qədər
yaxınlaşdırmır, dostluğu onun qədər
möhkəmlətmir. Ümid edirəm ki, RAGT bu dostluğa
öz töhfəsini verə biləcək və Azərbaycanı
Rusiyada ləyaqətlə təmsil edəcək, gənclərin
Rusiya cəmiyyətinə inteqrasiyasına, onların Azərbaycanın
zəngin mədəniyyətini, qədim tarixini və bənzərsiz
incəsənətini təmsil etməsinə kömək
göstərəcəkdir. Sözün düzü, biz RAGT-ni
yaratmağa yenicə başlayanda mən bilirdim ki, hər
şey yaxşı olacaqdır. Lakin bizim gənclərin
intellekti, istedadı, təşəbbüskarlığı,
Vətənimizə məhəbbəti mənim gözlədiklərimdən
də üstün oldu. Buna görə çox sağ olun.
Bu gün Rusiyada altı minə yaxın
Azərbaycan vətəndaşı təhsil alır.
Rusiyanın bir sıra ali məktəblərində Azərbaycan
gənclik qrupları yaradılmışdır və bizim gənclər
mütəmadi olaraq müxtəlif müsabiqələr, sərgilər,
konfranslar təşkil edir, humanitar və xeyriyyə layihələrində
fəal iştirak edir, öz təşəbbüsləri ilə
uşaq evlərinə baş çəkir, "Qanın milləti
yoxdur" devizi altında pulsuz qanvermə aksiyalarında
iştirak edirlər.
RAGT bizim gənclərin idmanla
bağlı bütün təşəbbüslərini dəstəkləyir,
klublar və ali məktəblər arasında müxtəlif
müsabiqələr və yarışlar təşkil edir.
RAGT ətraf mühitin qorunması məsələsinə də
böyük diqqət yetirir və beynəlxalq IDEA hərəkatının
bütün layihələrini dəstəkləyir. Buraya
ağac əkmək, quşlar üçün yuvalar düzəldilməsi,
müsabiqələr, seminarlar təşkil edilməsi kimi tədbirlər
aiddir. Zənnimizcə, nəsli kəsilmək təhlükəsi
ilə üzləşmiş heyvanların müdafiə edilməsi
çox vacibdir.
Bu günlərdə biz "Neyşnl
ceoqrafik"in fotoqrafı Rza Diqqəti ilə birlikdə
IDEA-nın növbəti müştərək layihəsini
uğurla başa çatdırmışıq. Bu layihə
sayəsində dünyanın 90 ölkəsindən olan
uşaq və gənclər ətraf mühitin qorunması barədə
öz təsəvvürlərini bölüşmək
imkanı əldə etmişlər. Mən sevinc hissi ilə
elan etmək istəyirəm ki, həmin layihədə birinci
yeri səkkiz yaşlı rusiyalı Anastasiya Vorobko
tutmuşdur. Anastasiya bu gün bu zaldadır. Onun cəmi səkkiz
yaşı var. Bu yaşında, həqiqətən, çox
gözəl şəkillər çəkməyə nail
olmuşdur. Əlbəttə, bütün ekoloji layihələrin
dövlət sərhədləri çərçivəsində
qapanıb qalmaması çox vacibdir. Cəmi bir saat bundan əvvəl
biz Rusiyanın Ümumdünya Vəhşi Təbiət Fondu
ilə əməkdaşlıq haqqında saziş
imzalamışıq və güman edirəm ki, qarşıda
bizi çox maraqlı işlər gözləyir.
Bizim maraqlı planlarımız, layihələrimiz
və ideyalarımız çoxdur. Bu beş ildə çox
iş gördüyümüzə baxmayaraq, əldə
edilmiş nailiyyətlə kifayətlənmək fikrində
deyiliksə, qarşıda çox mühüm vəzifələrimiz
vardır. Bu gün Azərbaycan çox böyük sürətlə
inkişaf edən müasir, müstəqil dövlətdir:
yeni yollar çəkilir, binalar tikilir, parklar, körpülər
salınır, memarlıq abidələri, muzeylər, teatrlar bərpa
olunur. Hətta mən özüm də hər dəfə
şəhərimizə gələndə onun necə sürətlə
dəyişməsinə və gözəlləşməsinə
heyrətlənirəm. Dövlətimiz mədəniyyətin,
elmin, texnologiyaların və təhsilin inkişafına
çox böyük diqqət yetirir. Ərazilərimizin iyirmi
faizinin işğal altında olmasına, ölkədə bir
milyona yaxın qaçqın və məcburi
köçkün olmasına baxmayaraq biz inanırıq ki, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi tezliklə öz ədalətli
həllini tapacaq və bütün qaçqınlar öz
doğma yurdlarına, evlərinə qayıdacaqlar.
Biz, xaricdə yaşayan Azərbaycan gəncləri
bu münaqişə haqqında həqiqəti dünya birliyinə
çatdırmalı və Vətənimizi, dilimizi, mədəniyyətimizi,
ənənələrimizi heç vaxt unutmamalıyıq. Mən
inanıram ki, əgər biz, Rusiyada yaşayan Azərbaycan gəncləri
həmişə əlbir olsaq, bir-birimizi eşitsək,
bir-birimizə kömək etsək, bir-birimizə məhəbbətlə
yanaşsaq, onda istənilən çətinlikləri dəf
edə biləcəyik və həmişə
üzüağ, alnıaçıq olacağıq. RAGT-nin
qapıları isə həmişə açıqdır. Biz
sizin ideyalarınızı, təşəbbüslərinizi dəstəkləməyə
həmişə hazırıq. Biz Rusiyanın digər gənclər
təşkilatları ilə də əməkdaşlıq etməyə
hazırıq. İnanıram ki, biz bir-birimizdən çox
şey öyrənə bilərik. Beş il ərzində
görülmüş bütün işlərə görə
sizə bir daha təşəkkür edirəm və əminliklə
deyə bilərəm ki, RAGT bir təşkilat kimi
özünü təsdiq etmişdir. Son olaraq, Azərbaycana və
Rusiyaya sülh və firavanlıq arzulamaq istərdim.
Gənclər və idman naziri Azad Rəhimov
qeyd etmişdir ki, bu gün RAGT gəncləri təşəkkül
və cəmiyyətdə özünütəsdiq yolu ilə
savadlı və etibarlı şəkildə irəli aparan bir
təşkilatdır. O, xüsusi vurğulamışdır
ki, artıq bu gün Rusiyanın 70-dən çox regionunda
RAGT-nin bölmələri fəaliyyət göstərir.
Özünün belə böyük coğrafi əhatə
dairəsi və geniş maraqları sayəsində haqlı
olaraq ümumrusiya təşkilatına çevrilmiş RAGT
Rusiyada yaşayan minlərlə azərbaycanlı gənci
ictimai fəaliyyətə cəlb etməyə nail olmuşdur
və bunu davam etdirir.
RF Dövlət Dumasının MDB
İşləri və Həmvətənlərlə Əlaqələr
Komitəsinin sədri, Rusiya Sülh Fondunun idarə heyətinin
sədri Leonid Slutski RAGT-nin çoxşaxəli fəaliyyətini
və onun rəhbəri Leyla Əliyevanın şəxsi
töhfəsini yüksək qiymətləndirmişdir.
Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının siyasi təhlil və informasiya təminatı
şöbəsinin müdiri Elnur Aslanov demişdir ki, görkəmli
filosoflar dünyanı dəyişdirməyə, novator ideyalar
irəli sürməyə və heç vaxt, xüsusən
öz ideyalarının müdafiəsi məsələsində
heç kəsə güzəştə getməməyə
çağırmışlar.
RF Təhsil və Elm Nazirliyinin
uşaqların əlavə təhsili, tərbiyəsi və gənclər
siyasəti departamentinin direktoru Aleksandr Stradze, "Yedinaya
Rossiya" Partiyasının
"Molodaya qvardiya" Rusiya Gənclər Təşkilatının
sədri Alla Buçkova , RF Federal Məclisinin Federasiya
Şurasının üzvü Ruslan Qattarov Leyla Əliyevanı
RAGT-nin sədri vəzifəsinə yenidən seçilməsi
münasibətilə təbrik etmiş və gənclər hərəkatının
lideri Leyla Əliyevanın Rusiyanın gənclər təşkilatları
ilə əməkdaşlığa, Rusiya-Azərbaycan humanitar
əlaqələrinin möhkəmlənməsinə yönəlmiş
fəaliyyətini yüksək qiymətləndirmişlər.
ÜAK-nın prezidenti Məmməd Əliyev,
"Böyük İpək Yolu" Beynəlxalq gənclər
təşkilatının sədri Fuad Muradov qeyd etmişlər
ki, RAGT-nin genişmiqyaslı fəaliyyəti xalqlarımız
arasında dostluğun, etimadın və
qarşılıqlı anlaşmanın möhkəmlənməsinə,
Azərbaycan gənclərinin birləşməsinə və
cəmiyyətə inteqrasiyasına şərait yaradır.
Tədbirdə RF Dövlət
Dumasının sədri Sergey Narışkinin forum
iştirakçılarına ünvanlanmış təbrik məktubu
oxunmuşdur.
Tədbirin sonunda əlaçı
birinci kurs tələbələrinin təltif edilməsi mərasimi
keçirilmişdir. Leyla Əliyeva Rusiyanın ali məktəblərində
əla qiymətlərlə oxuyan azərbaycanlı tələbələrə
"RAGT əlaçısı" diplomlarını təqdim
etmişdir.
Konfransdan sonra Leyla Əliyeva və
forumun bütün iştirakçıları Rusiya və Azərbaycan
incəsənət ulduzlarının möhtəşəm
konsertinə tamaşa etmişlər.
Azərbaycan.-2012.- 14 oktyabr.-
S.7.