Bakıda Xəzəryanı Ölkələrin Dövlət Universitetləri Assosiasiyasının XV Baş Assambleyasının iclası keçirilmişdir

 

 Azərbaycan Texniki Universitetində (AzTU) Xəzəryanı Ölkələrin Dövlət Universitetləri  Assosiasiyasının XV Baş Assambleyasının  iclası keçirilmişdir. AzTU-dan AzərTAc-a bildirmişlər ki, tədbir iştirakçıları  əvvəlcə Fəxri xiyabana gələrək Azərbaycan xalqının ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılmış, məzarı üzərinə gül dəstələri düzülmüşdür.

Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının uyuduqları Şəhidlər xiyabanını ziyarət edən tədbir iştirakçıları məzarların üzərinə güllər qoymuşlar.

Sonra AzTU-da işini davam etdirən tədbirdə universitetin rektoru, professor Havar Məmmədov bildirmişdir ki, hazırda assosiasiyada beş Xəzəryanı ölkənin 51 universiteti təmsil olunur. Bu beynəlxalq qurum əsasən Xəzərin ekoloji problemlərini öyrənir və onların aradan qaldırılması üçün elmi tədqiqatlarla məşğul olur.

Assosiasiyanın başlıca vəzifəsi ekoloji problemlərin həlli ilə yanaşı, elm və təhsil sahəsində əməkdaşlığı genişləndirmək, müxtəlif beynəlxalq layihələrin həyata keçirilməsində fəal iştirak etməkdir.

Təhsil nazirinin müavini Qulu Novruzov təşkilatın ekologiya, elm və təhsil sahəsində regional əməkdaşlığının əhəmiyyətindən danışmışdır.

Sonra assosiasiyanın icraçı direktoru, Həştərxan Dövlət Texniki Universitetinin rektoru, professor Yuri  Pimenovun hesabat məruzəsi dinlənilmişdir. O, assosiasiyanın yaranma tarixi və son ikiillik fəaliyyəti barədə məlumat vermişdir.

Qeyd olunmuşdur ki, bu qurumun tərkibindəki beş elmi mərkəz Xəzərin bioloji müxtəlifliyini və ekologiyasını qorumaq sahəsində səmərəli fəaliyyət göstərir.

Milli Məclisin deputatı Elton Məmmədov Azərbaycanda ekologiyanın sağlamlaşdırılması istiqamətində görülən işlərdən, həyata keçirilən tədbir və  layihələrdən söz açmışdır.

Dağıstan Dövlət Universiteti Tətbiqi Ekologiya İnstitutunun direktoru, professor Qayirbek Əbdülrəhmanov qurumun fəaliyyətindən danışaraq demişdir ki, təkcə Dağıstanda 7 min 500-dən çox termal su mənbəyi aşkar edilmişdir. Tərkibində zərərli elementlər olan bu tullantılar ətraf mühitin tarazlığının pozulmasına səbəb olur. Q.Əbdülrəhmanov  başçılıq etdiyi institutun bu problemlə məşğul olduğunu vurğulamışdır.

İclasda assosiasiyanın digər üzvlərinin də çıxışları dinlənilmişdir.

AzTU-nun rektoru, professor Havar Məmmədov növbəti illər üçün Baş Assambleyanın  prezidenti seçilmişdir.

 

 

Azərbaycan.-2012.- 14 oktyabr.- S.8.