Prezident İlham Əliyev İranın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir

 

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayinin etimadnaməsini qəbul etmişdir.

Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Səfir Möhsün Pakayin etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi. Azərbaycan ilə İran arasında əlaqələrin inkişafına toxunan dövlət başçısı bu əməkdaşlığın gələcəkdə uğurla inkişaf edəcəyinə əminliyini ifadə etdi. İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə toplantısının əhəmiyyətini vurğulayan Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın bu toplantıda iştirakının önəmini qeyd etdi. İkitərəfli münasibətlərimizin çoxşaxəli olduğunu bir çox sahələri əhatə etdiyini vurğulayan dövlət başçısı səfir Möhsün Pakayinin ölkəmizdəki diplomatik fəaliyyəti dövründə əlaqələrimizin daha da genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini bildirdi.

Səfir Möhsün Pakayin İran Prezidenti Mahmud Əhmədinejadın salamlarını dövlət başçısına çatdırdı. Möhsün Pakayin dedi: "Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dostluq münasibətlərinin qurulmasında ulu öndər Heydər Əliyev çox önəmli rol oynamışdır".  Prezident İlham Əliyevə Azərbaycan xalqına uğurlar firavanlıq arzulayan səfir diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında münasibətlərin daha da möhkəmləndirilməsi işində səylərini əsirgəməyəcəyini bildirdi.

Dövlət başçısı Prezident Mahmud Əhmədinejadın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş etdi.

 

 

AzərTAc

 

Azərbaycan.-2012.- 16 oktyabr.- S.1.