İqtisadi Əməkdaşlıq
Təşkilatının Xarici İşlər
Nazirləri Şurasında sədrlik Türkiyədən Azərbaycana
keçmişdir
Oktyabrın
15-də Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının
(İƏT) Xarici İşlər Nazirləri (XİN)
Şurasının 20-ci iclası keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbirin
açılış mərasimində iştirak edən
Türkiyənin xarici işlər naziri, İƏT XİN
Şurasının hazırkı sədri Əhməd
Davudoğlu sədrliyin Türkiyədən Azərbaycana
keçdiyini alqışlamışdır.
Ə.Davudoğlu bildirmişdir ki,
Türkiyə sədrlik təcrübəsini Azərbaycan ilə
yaxından bölüşəcəkdir. Azərbaycanın
xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizin İƏT XİN Şurasında sədrlik
dövründə fəaliyyətinin əsas prioritetlərini
açıqlamışdır. Nazir bildirmişdir ki, bu
prioritetlər sırasında nəqliyyat, informasiya texnologiyaları,
ətraf mühit sahələrində dialoqun genişləndirilməsi
də vardır.
Azərbaycanın Əfqanıstanda
sülhyaratma prosesinə dəstəyinin davam edəcəyini
vurğulayan E.Məmmədyarov İƏT məkanında həlli
uzadılmış münaqişələrin hələ də
mövcud olduğunu qeyd etmişdir. Nazir bildirmişdir ki, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi
bütövlüyü, beynəlxalq hüququn normalarına və
prinsiplərinə əsasən həll olunmalıdır. Bunun
başqa alternativi yoxdur. O, münaqişənin nizamlanması
ilə bağlı Azərbaycanın ədalətli
mövqeyini dəstəklədiyinə görə İƏT-in
üzvü olan ölkələrə təşəkkür
etmişdir.
Qeyd edək ki, iclasda İƏT-in
üzvü olan ölkələrin xarici siyasət idarələrinin
rəhbərləri, beynəlxalq təşkilatların təmsilçiləri,
ekspertlər iştirak etmişlər.
İclasın gündəliyinə bir
sıra məsələlər daxil edilmişdir. Belə ki,
iclasda regional, iqtisadi və digər sahələrdə ölkələr
arasında əməkdaşlıq məsələləri
müzakirə olunmuşdur.
Sonda Xarici İşlər Nazirləri
(XİN) Şurasının 20-ci iclasının bəyannaməsi
qəbul olunmuşdur.
Toplantı iştirakçıları
Bakıda keçirilən İƏT Xarici İşlər
Nazirləri Şurasının iclasının yüksək səviyyədə
təşkilinə və səmimi qonaqpərvərliyə
görə Azərbaycan xalqına və hökumətinə
minnətdarlıqlarını bildirmişlər.
Azərbaycan.-2012.-
16 oktyabr.- S. 3.