VI Beynəlxalq Xəzər neft-qaz, ticarət-nəqliyyat konfransı işə başlamışdır

 

 Oktyabrın 15-də Bakıda "Kempinski Badamdar" hotelində ənənəvi VI Beynəlxalq Xəzər neft-qaz, ticarət-nəqliyyat konfransı işə başlamışdır.

AzərTAc xəbər verir ki, konfransın məqsədi iştirakçılara Xəzər regionunun neft-qaz sənayesi barədə ən son məlumatları vermək, enerji layihələrinin inkişaf meyilləri və ssenarilərini, Xəzərdə neft emalı və neft-kimya sənayesinin inkişaf perspektivlərini təhlil etməkdən ibarətdir.

Azərbaycan Dövlət Neft Akademiyasının rektoru, akademik Siyavuş Qarayev və konfransın təşkilatçısı olan Böyük Britaniyanın "Confidence Capital" şirkətinin icraçı direktoru Andrey Rudenko dünyada enerjiyə artan tələbat fonunda ticarət-nəqliyyat siyasətinin mühüm rol oynadığını vurğulamış və bu mövzuda diskussiya aparmaq baxımından tədbirin əhəmiyyətini diqqətə çatdırmışlar. Sonra konfrans plenar sessiyalarda işini davam etdirmişdir.

Birinci plenar sessiyada çıxış edən Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev Xəzər dənizi regionu ölkələrinin neft-qaz ehtiyatları barədə məlumat verərək, təbii ehtiyatların dünya enerji siyasətində oynadığı roldan danışmışdır. XXI əsrdə beynəlxalq maliyyə böhranının törətdiyi fəsadlardan bəhs edən N.Əliyev Avropanın qaz təchizatında mühüm rol oynayacaq layihələr, o cümlədən ölkəmizin tranzit potensialı barədə iştirakçılara ətraflı məlumat vermişdir.

Sonra "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev, ARDNŞ-in Strateji inkişaf şöbəsinin rəisi Ramiz Əliyev və Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia çıxış etmişlər. Çıxışlarda ölkəmizin neft-kimya məhsulları istehsalı sənayesində əldə etdiyi uğurlar və perspektivlər, ARDNŞ-in həyata keçirəcəyi layihələr, eləcə də Şərq-Qərb enerji layihələrinin inkişafında Azərbaycanın neft-qaz layihələrinin rolu, neft emalında yeni texnologiyaların tətbiqi, Xəzərdə və Orta Asiyada neft emalı zavodlarının modernləşdirilməsi və tikintisi üzrə layihələrin reallaşması, Xəzər regionunda neft tədarüklərinə qiymət qoyulması, tarifləri və hüquqi aspektləri və digər mövzulara toxunulmuş, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

Konfrans işini ikinci plenar sessiya ilə davam etdirmişdir.

İki gün davam edəcək beynəlxalq konfransda qazın satış bazarları (Türkiyə, Cənub-Şərqi Avropa), "Cənub qaz dəhlizi"nin nəqliyyat layihələrinin formalaşmasında Azərbaycanın rolu və qazın yeni nəql və ixrac yolları müzakirə olunacaqdır.

 

 

Azərbaycan.-2012.- 16 oktyabr.- S. 3.