Azərbaycanda beynəlxalq
standartlara uyğun yeni sosial müdafiə institutlarının
yaradılması əsas prioritetlərdən biri kimi müəyyənləşdirilmişdir
Müsahibimiz Azərbaycan
Respublikası Dövlət Sosial Müdafiə
Fondunun sədri, iqtisad elmləri doktoru Səlim Müslümovdur
- Səlim müəllim, Dövlət
Sosial Müdafiə Fondunun yaranmasının 20 ili tamam olur. Bu
20 ildə Azərbaycanın sığorta-pensiya sistemində
baş verən dəyişiklikləri ölkəmizin
ümumi inkişafı kontekstində necə xarakterizə edərdiniz?
- Azərbaycanın ötən 20 il ərzində
inkişafı modelinin təməl prinsiplərini ümummilli
lider Heydər Əliyevin milli inkişaf strategiyası və
onun icrası sahəsində Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi
islahatlar təşkil edir.
Azərbaycan
qısa müddət ərzində yeni iqtisadi sistemin
qurulmasına xidmət edən ciddi islahatlar nəticəsində
çoxşaxəli iqtisadiyyatın ahəngdar
inkişafına malik dövlətə çevrilmişdir.
Ölkədə bütün istiqamətlər üzrə
konkret proqramlar icra edilmiş, əhalinin pul gəlirləri əhəmiyyətli
dərəcədə artmışdır. Bütün bunlar
yoxsulluq probleminin həlli istiqamətində təsirli tədbirlərin
həyata keçirilməsinə imkan yaratmış və
yoxsulluğun səviyyəsi əhəmiyyətli dərəcədə
azalmışdır. Nəticədə bu göstərici
2003-cü ildə 44,7 faiz təşkil etdiyi halda, hazırda 7
faizə düşmüşdür. Qeyd olunan nəticələrin
əldə edilməsində əhalinin sosial müdafiəsi
sahəsində sığorta-pensiya sistemində köklü
islahat aparılmasında mühüm rol oynamışdır.
Ümumilikdə
götürdükdə, Azərbaycanın
sığorta-pensiya sisteminin 20 illik inkişafını şərti
olaraq 4 dövrə bölmək mümkündür. Bunlar
1992-1995-ci, 1996-2002-ci, 2003-2005-ci illər və 2006-cı ildən
sonrakı dövrdür.
1992-1994-cü
illər ərzində ölkə iqtisadiyyatındakı
böhranın təsiri nəticəsində adambaşına
pul gəlirlərinin hər il orta hesabla 1,4 dəfə
azalması və inflyasiyanın günbəgün sürətlə
artması sosial-iqtisadi vəziyyəti ciddi şəkildə
pisləşdirmişdi. Digər tərəfdən, pensiya təminatının
qanunvericilik bazası sovet həmrəylik sisteminin prinsiplərinə
əsaslanır və bunun bazar iqtisadiyyatı ilə ciddi
uyğunsuzluğu çoxsaylı problemlər
yaradırdı. İqtisadi tənəzzül pensiya təminatının
yaxşılaşdırılması üçün
imkanları daha da azaldırdı. Həmin dövrdə pensiya
təminatının daha da pisləşməsinin
qarşısının alınması başlıca vəzifə
idi. Yalnız 1995-ci ildən etibarən ölkə
iqtisadiyyatının inkişaf etdirilməsi sahəsində
görülmüş ardıcıl işlər nəticəsində
əhalinin gəlirlərinin, o cümlədən
pensiyaların tədricən bazar təsirlərindən
qorunmasına başlandı.
1996-2002-ci illər
ərzində pensiya sisteminin yeni şəraitə uyğun
qurulmasına, yəni bu sahədə zəruri dəyişikliklərə
ölkədə etibarlı iqtisadi baza yaradıldıqdan və
demoqrafik baxımdan əlverişli vaxt seçildikdən sonra
başlamaq, buna qədər isə əvvəlki həmrəylik
və dövlət təminatı sistemlərinə əsaslanmaq
çox çətinliklə başa gəlsə belə, əsas
taktiki addımlar kimi seçilmişdi. Başqa sözlə
desək, Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevin müəyyən etdiyi prinsiplər ilk növbədə
iqtisadi bazanın yaradılmasına, sonra isə bu baza əsasında
sosial təminat sahəsində islahatların həyata
keçirilməsinə yönəlmişdi. Azərbaycanda
islahatların, digər keçid dövrü ölkələrində
olduğu kimi, "şok" effekti ilə deyil, əvvəlki
sistemlə əhatə olunmuş insanların davamlı sosial
müdafiə tədbirləri vasitəsilə yeni şəraitə
mərhələlərlə tam inteqrasiyası yolu ilə
reallaşdırılması hədəflənmişdi.
Ümummilli liderin böyük müdrikliklə müəyyənləşdirdiyi
həmin istiqamətlər çərçivəsində əhalinin
həyat səviyyəsinin yüksəldilməsi, habelə vətəndaşların
pensiya təminatının
yaxşılaşdırılması istiqamətində ciddi
addımlar atılmış, həm əhaliyə pensiya və
müavinətlərin ödənilməsi, həm də digər
sosial ödənişlər üzrə xərclərin
artımı müşahidə olunmuş, bu sahədə
köklü dəyişikliklər baş vermişdi. Həmin
illər ərzində aztəminatlı əhalinin sosial
müdafiəsinin gücləndirilməsi məqsədi ilə
Azərbaycan Respublikası Prezidentinin 8 fərman və sərəncamı,
Nazirlər Kabinetinin 2 qərarı olmuşdur ki, bunların tətbiqi
nəticəsində, həmçinin ölkədə əməkhaqlarının
artımı hesabına pensiya və müavinətlərin
orta aylıq məbləği 8 dəfə
artmışdı.
Qeyd olunan
davamlı sosial müdafiə tədbirləri nəticəsində
ölkə əhalisinin həssas təbəqəsi olan
pensiyaçılar, keçmiş sovet sisteminin iqtisadi məzmununa
daha çox bağlı olan, qısa vaxt ərzində isə
dəyişdirilməsi çətinliklər törədən
pensiya sisteminin bazar iqtisadiyyatı ilə ciddi
uyğunsuzluğunun təsirini kəskin hiss etməmişdir.
Buna paralel olaraq Avropaya inteqrasiya yolunu seçmiş Azərbaycan
Respublikasında beynəlxalq standartlara uyğun yeni sosial
müdafiə institutlarının yaradılması əsas
prioritetlərdən biri kimi müəyyənləşdirilmişdir.
Azərbaycan
Respublikası Prezidentinin 17 iyul 2001-ci il tarixli sərəncamı
ilə "Azərbaycan Respublikasında Pensiya İslahatı
Konsepsiyası" təsdiq olunmuş və əhalinin sosial
müdafiəsi sistemində köklü dəyişikliklərin
başlanğıcı qoyulmuşdur. Konsepsiya islahatın
mahiyyətini təşkil edən sığorta-pensiya və
sosial yardım sistemlərinin bir-birindən
ayrılmasını, sığorta münasibətlərinə
əsaslanan pensiya sisteminin qurulmasını ifadə edirdi. Həmin
dəyişikliklərin başlıca elementi sosial
sığorta haqlarının fərdi uçotuna əsaslanan
sığorta-pensiya sisteminin yaradılması, bununla da ödənilən
məcburi dövlət sosial sığorta haqqı ilə
pensiya məbləği arasında birbaşa
qarşılıqlı əlaqənin təmini idi. Bu məqsədlə
ilk növbədə "Dövlət sosial sığorta
sistemində fərdi uçot haqqında" Azərbaycan
Respublikası Qanunu qəbul edilməklə 26 dekabr 2001-ci il
tarixdən Dövlət Sosial Müdafiə Fonduna fərdi
uçotu həyata keçirmək səlahiyyəti verildi.
Sonrakı mərhələdə,
yəni 2003-2005-ci illərdə mövcud sosial müdafiə
sisteminin bazar iqtisadiyyatı mühitinə
uyğunlaşdırılaraq keyfiyyətcə yenidən
qurulması, o cümlədən pensiya sisteminin beynəlxalq
normalara əsaslanan islahatının aparılması tam
gerçəkləşdirilmişdir. "Azərbaycan
Respublikasında dövlət pensiya sisteminin təkmilləşdirilməsi
tədbirləri haqqında" Azərbaycan Respublikası
Prezidentinin 4 avqust 2003-cü il tarixli 908 nömrəli Fərmanı
ilə pensiyaların təyini və maliyyələşdirilməsi
funksiyalarının məcburi dövlət sosial
sığortası və fərdi uçot sahəsində
idarəetməni həyata keçirən Dövlət Sosial
Müdafiə Fondu tərəfindən icra olunması qərara
alındı. Bununla da ölkədə vahid
sığorta-pensiya qurumunun yaradılması əsasən
müəyyənləşdirildi.
2004-cü ildən
etibarən "Azərbaycan Respublikası Dövlət Sosial
Müdafiə Fondunun potensialının gücləndirilməsi"
layihəsinə dair BMT-nin İnkişaf Proqramı ilə
imzalanmış sazişə uyğun olaraq fərdi uçot
sisteminin yaradılması üçün əvvəlcə
pilot, sonra isə respublikanın bütün ərazilərində
layihələrin icrasına başlanıldı. Fərdi
uçotun və informasiya texnologiyalarının bütün
ölkə ərazisində tam tətbiqi üçün
hazırlıq işləri 2005-ci ilin sonunadək başa
çatdırıldı, bununla da ölkədə yeni pensiya
sisteminin işləməsi üçün zəruri
infrastruktur hazırlanmış oldu.
2006-cı ildə
hər bir sığortaolunan üçün ödənilən
sosial sığorta haqları ilə onun pensiya təminatı
arasında birbaşa əlaqəni təmin edəcək
pensiya sisteminin yaradılması üçün "Əmək
pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunu qəbul
edilərək tətbiqinə başlanıldı, bununla da əhalinin
sosial müdafiəsi və pensiya təminatı sahəsində
yeni sistemə keçid təmin olundu. Ölkədə
pensiyaçıların sosial müdafiəsinin dövlət
tənzimləməsi və bazar münasibətləri əsasında
təminatının müasir forması təşəkkül
tapdı.
- Artıq demək
olarmı ki, bu islahatlar nəticəsində Azərbaycanın
özünəməxsus sığorta-pensiya modeli
formalaşıb?
- Bəli. Bu
gün Azərbaycanın beynəlxalq standartlara tam cavab verən
sığorta-pensiya modeli formalaşıb. Bu model müasir
dünyada sığorta-pensiya sistemləri üzrə ən
mühüm elementləri özündə birləşdirir.
Bu sırada
aparılan islahatlarda sosial sığortaya mahiyyətinə
uyğun daha düzgün yanaşılması xüsusi qeyd
olunmalıdır. Beynəlxalq təcrübə göstərir
ki, bazar iqtisadiyyatı şəraitində vətəndaşlar
sosial risklərlə üzləşdikdə onların sosial
müdafiəsinin birinci elementi kimi sosial sığorta sistemi
çıxış edir. Həmin sistem iqtisadi aktivliyi daha
çox təşviq etməklə şəxslər işlədikləri
zaman özləri və işəgötürənlər tərəfindən
edilən sığorta ödənişlərinə əsaslanır.
Qeyd edilən sistemə qoşulmaq iqtidarında olmayan
insanların isə dövlət büdcəsi hesabına
sosial müavinət və sosial yardımlarla əhatə
olunması düzgün addım sayılır. Ölkəmizdə
təyin edilmiş islahat istiqamətlərinə uyğun
olaraq, sığorta-pensiya sistemi və dövlət sosial
yardımı sistemlərinin ayrı-ayrılıqda beynəlxalq
standartlar əsasında fəaliyyət göstərmələri
təmin olunmuşdur.
Azərbaycanın
sığorta-pensiya sistemində baza və sığorta hissələrindən
ibarət birinci pillə, yığım komponentindən ibarət
ikinci pillə və könüllü sığortalanmaya
(qeyri-dövlət pensiya fondları və s. vasitəsilə) əsaslanan
üçüncü pillə olmaqla üçpilləli
pensiya təminatı müəyyənləşdirilmişdir
ki, bu da onun çevikliyini şərtləndirən əsas
amil və əhalinin sosial müdafiəsinin dövlət siyasətində
daim ön plana çəkilməsi prinsipinin əyani təzahürüdür.
Dünya maliyyə böhranının nəticələri Azərbaycanda
məhz üçpilləli sistemin tətbiqinin, dövlətin
sosial müdafiədə aktiv rolunun saxlanılmasının və
real yığım elementinin tətbiqi məsələsində
ehtiyatlı davranmanın nə dərəcədə doğru
olduğunu da sübut etdi. Bu modelin uğurlu tətbiqi, eləcə
də Azərbaycan Respublikası Prezidenti tərəfindən
sığorta-pensiya sistemində maliyyə
dayanıqlığının qorunması və
islahatların davam etdirilməsinin diqqət mərkəzində
saxlanılması dünyadakı iqtisadi böhran şəraitində
belə ölkəmizdə pensiya proqramlarının
vaxtında və tam icra edilməsinin başlıca təminatçısı
olmuşdur.
Sığorta-pensiya sisteminin Azərbaycan
modelinin digər mühüm bir cəhəti onun əhatəliliyidir.
Bu, ilk növbədə özünü onda göstərir ki,
əvvəlki sistemlə pensiyaya çıxmış
insanların da bu sistemlə əhatə olunması, onların
pensiya hüquqlarının qorunmasında sosial ədalətin
gözlənilməsi və heç bir məhdudiyyət
qoyulmadan yeni şəraitə inteqrasiyası
tamamlanmışdır. Bununla yanaşı, işləyənlərə
pensiya və sosial sığorta müavinətlərinin verilməsi
də yeni qaydalarla əhatə olunmuşdur. 2007-ci il
yanvarın 1-dən hərbi qulluqçular və xüsusi
rütbəli şəxslərin məcburi dövlət sosial
sığortasına cəlb edilməsi və fərdi
uçotla əhatə olunmasına, həmin şəxslərin
və dövlət qulluqçularının əmək
pensiyaları ilə təminatına keçilmişdir.
Göstərilənlərlə
yanaşı, Azərbaycan Respublikası mənbələrindən
əmək ödənişi və məcburi dövlət
sosial sığortasına cəlb olunan digər gəlirləri
əldə edən əcnəbilərin məcburi dövlət
sosial sığortası ilə əhatə olunması və
Azərbaycan Respublikası vətəndaşları ilə bərabər
əsaslarla əmək pensiyası təminatı hüququ
müəyyənləşdirilmişdir.
Vahid sığorta-pensiya sisteminin kifayət
qədər əhatəliliyinin təmin edilməsi hesabına
hazırda fondun mərkəzi məlumat bazasında ölkə
əhalisinin üçdə biri, yəni 1 273 000 nəfər
pensiyaçı və 2 105 000 nəfər sığortaolunan
barədə müvafiq məlumatlar toplanmışdır.
- Təbii ki, əhalinin pensiya təminatı
kimi ağır bir sahədə islahatlarla əldə
edilmiş hər bir nəticə qiymətlidir.
Maraqlıdır, Siz Dövlət Sosial Müdafiə Fondunun sədri
kimi hansı nəticəni nisbətən daha əhəmiyyətli
hesab edirsiniz?
- Qeyd etdiyiniz kimi, burada nəyi isə
ayırmaq doğru olmazdı. Çünki
sığorta-pensiya sistemi canlı orqanizm kimidir və
islahatlar nəticəsində əldə olunan hər bir nəticənin
bu orqanizmdə öz əvəzolunmaz yeri, rolu var. Amma bir
reallıq da mövcuddur ki, əhalini ən çox
maraqlandıran məsələ son nəticə, yəni
pensiyanın hansı miqdarda təyin olunması ilə
bağlıdır. Məsələyə belə yanaşsaq,
həmin istiqamətdə əldə olunan nəticələri
daha çox fərqləndirmək olar.
Azərbaycanın keçmiş sovet
dönəmindən qalmış pensiya sisteminin mürəkkəbliyi,
pensiya məbləğinin üzərinə çoxlu sayda
müavinət və əlavələrin hesablanması,
müxtəlif dövrlər üçün fərqli
hesablama qaydasının tətbiqi və s. subyektiv amillərə
şərait yaradırdı. Bu halda bütün fəaliyyəti
dövrü aşağı məbləğli əməkhaqqı
almış və az məbləğdə sosial
sığorta haqqı ödəmiş şəxs son 24 ay
üzrə yüksək əməkhaqqı barədə
arayış təqdim etməklə başqalarından
yuxarı pensiya ala bilərdi. Pensiya sistemi çoxsaylı
güzəştlər prinsipinə əsaslanır, yəni bu
sistemdə vətəndaşlar fəaliyyətinə və
sığorta ödəmələrinə görə deyil,
hansı güzəştli kateqoriyaya aid olmasına görə
fərqləndirilirdi.
Yeni sığorta-pensiya sisteminin fəaliyyəti
dövründə isə vəziyyət tamamilə fərqlidir.
Burada ödənilmiş məcburi dövlət sosial
sığorta haqlarının fərdi uçotu qurulmaqla vətəndaşların
pensiya hüquqlarının həmin uçotun məlumatları
əsasında müəyyənləşdirilməsi və
beləliklə də pensiya təminatında sığorta
prinsiplərinə keçid təmin edilmişdir. Bu sistemdə
ölkə iqtisadiyyatının inkişafına uyğun əməkhaqqı
fondu, bundan formalaşan sosial sığorta haqları və həmin
haqlara görə təyin olunan pensiyalar halqası
qurulmuşdur ki, bu şəraitdə sosial sığortaya cəlb
olunan əməkhaqlarının artımı pensiya
artımlarını da şərtləndirir. Əgər siz
35-40 il iş stajı ilə hazırkı orta aylıq əməkhaqqı
və sosial sığorta normativlərini şərti olaraq
sabit saxlamaqla aparılan hesablamaya diqqət etsəniz, sistemin
65 faizdən yuxarı əvəzetmə əmsalına malik
olduğunu görərsiniz. Bu o deməkdir ki, hər bir şəxs
işlədiyi dövrdə sosial sığorta
haqlarının tam ödənilməsinə nail olarsa, sistem
ona aldığı əməkhaqqının 65 faizini
qaytaracaqdır. Özü də fərdi hesaba toplanan məbləğlər
hər il inflyasiyaya uyğun indeksləşdirilir ki, bu da
sistemin sosial sığorta haqqı ödəyiciləri
qarşısında etibarlılığının nümunəsidir.
Təbii ki, bütün bunlar sistemdə hazırda
sığortaolunan kimi qeydiyyatda olan
iştirakçıların gələcəkdə əldə
edəcəyi üstünlüklərdir və olduqca
böyük göstəricidir. Bəzi ölkələrdə
olan əvəzetmə əmsallarına diqqət etdikdə
bunun heç də təsadüfi fikir
olmadığını görərik. Bir sıra Qərbi
Avropa ölkələrində əvəzetmə əmsalı
55%, İsveç və Almaniyada 65%, Fransa, Yaponiya və
ABŞ-da 50% təşkil edir.
Lakin mən əvvəlki sistemlə pensiyaya
çıxmış və yaxud əmək fəaliyyətinin
əksər hissəsinin həmin sistemin tətbiqi
dövrünə aid insanların təminatı üzərində
dayanmaq istərdim. Azərbaycanda yeni sığorta-pensiya
sisteminə keçidin ən mühüm xüsusiyyətlərindən
biri əvvəlki sistemlə əhatə olunmuş
insanların da bu sistemə inteqrasiyası məsələsidir.
Hələ yeni sistemin tətbiqinin ilk
günündən etibarən əvvəlki pensiya sistemi ilə
əhatə olunmuş şəxslərin pensiya təminatı
yeni normalara uyğunlaşdırılmış və
onların yeni sistemin iştirakçısına çevrilməsi,
o cümlədən pensiyaların artımı və indeksləşdirilməsinin
yeni qaydaları ilə əhatə olunmaları təmin
edilmiş, onlara pensiyaya çıxdıqdan sonrakı əmək
fəaliyyətlərinin nəticələrinə görə
pensiya kapitalını artırmaq imkanları da verilmişdir.
Bununla yanaşı, 100 min nəfərdən çox işləyən
pensiyaçıya yaşa görə əmək
pensiyasının 50 faizi həcmində ödənilməsi
kimi mənfi praktika aradan qaldırılmış və onlar
öz pensiyalarını tam məbləğdə almağa
başlamışlar.
Bunun davamı olaraq 2007-ci ildən etibarən
çox mühüm bir addım atılmış və
pensiya hesablanmasında əməkhaqqına qoyulan məhdudiyyət
aradan qaldırılmışdır. Bu tədbir ilkin mərhələdə
yeni sistemdə pensiya təyinatı üçün müraciət
edən şəxslərə şamil olunmuşdur. 2008-ci ildən
isə bu qayda əvvəllər pensiyaya
çıxmış bütün şəxslərə də
aid edilmişdir.
Daha sonra 2010-cu ildən pensiya təyinatı
üçün müraciət edən şəxslərin əvvəlki
sistemin tətbiqi dövründə qazanılmış pensiya
hüquqlarının vahid prinsiplə əmək stajına əsasən
müəyyənləşdirilməsi qərara
alınmışdır. Bu o deməkdir ki, 2004-2005-ci illərdən
əvvəlki dövrün orta aylıq əməkhaqqı məbləğləri
xeyli aşağı olsa və sosial sığorta 1992-ci ildən
tətbiq edilsə də, vətəndaşa ölkə
üzrə ən yüksək orta aylıq əməkhaqqı
nisbəti ilə bütün işlədiyi dövrə
sığorta kapitalı hesablanır ki, bu da əvvəlki
dövrdə qazanılmış hüquqların
sığorta-pensiya sisteminə tam inteqrasiyası deməkdir.
2011-ci ildən isə bu qaydalar əsasında 2006-cı ilə
qədər qazanılmış bütün pensiya
hüquqlarının yenidən hesablanması
reallaşdırılmışdır.
Bu gün ölkə üzrə əmək
pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının
orta aylıq məbləğinə nisbəti 40 faiz, yaşa
görə əmək pensiyalarının orta aylıq məbləğinin
əməkhaqlarının orta aylıq məbləğinə
nisbəti isə 45 faiz təşkil edir.
Həyata keçirilən davamlı sosial
müdafiə tədbirləri nəticəsində
pensiyaçılarımızın 97 faizinin pensiya məbləği
yoxsulluq həddinin üzərinə
çıxmışdır.
- Pensiya təyinatının yeni əsaslarla
qurulması ilə yanaşı, onun artırılması məsələsi
də pensiyaçıların daim diqqət mərkəzindədir...
- Bu sahədə də çox ciddi dəyişikliklər
baş vermişdir. Əvvəlki sistemlə pensiyaların
artımı prosesində mövcud imkanların bütün
pensiyaçılar arasında bərabər bölgüsü
mexanizmi mövcud deyildi. Belə ki, pensiyaların artımı
2 qayda əsasında - pensiya hesablanması üçün nəzərə
alınan əməkhaqlarının indeksləşdirilməsi
və pensiya-müavinətlərin ümumi məbləğinin
minimum həddinin artırılması yolu ilə
aparılırdı. Birinci qayda əsasında artımlar
müxtəlif dövrlərə uyğun fərqli indeksləşdirmə
metodları ilə və müxtəlif vaxtlarda
aparılırdı ki, bu da müvafiq tədbirlərdən kənarda
qalan bu və ya digər pensiyaçılar
kateqoriyasının haqlı narazılığına səbəb
olurdu. Xüsusilə pensiya və pensiyalara əlavə olunan
müavinətlərin ümumi məbləğinin minimum həddinin
artırılması praktikasının, yəni ikinci
qaydanın tətbiqi ilə ayrı-ayrı
pensiyaçılar üzrə pensiya-müavinətlərin
hesablanmasında əmək stajı və ödənilmiş
sosial sığorta haqqı məbləği əhəmiyyətini
itirirdi ki, bu da həmin pensiyaçılar tərəfindən
sosial ədalətsizlik kimi qiymətləndirilirdi.
Pensiya-müavinətlərin aşağı məbləğlərlə
ifadə olunduğu və daha az kontingenti əhatə etdiyi əvvəlki
dövrlərdə bu hal qabarıq şəkildə
özünü büruzə verməsə də, sonrakı mərhələdə
xüsusilə hiss olunurdu. Başqa sözlə, çoxillik əmək
və sığorta stajına malik şəxslərlə
minimum əmək və sığorta stajına malik şəxslərin
pensiya-müavinətlərinin məbləğinin bərabərləşdirilməsinə
əsaslanan artım mexanizminin tətbiqi çox ciddi əks-effektə
səbəb olurdu.
Sadalanan mürəkkəbliklər pensiya
sisteminin optimal və dinamik idarə olunmasına, maliyyə nəticələrinin
əsas makroiqtisadi göstəricilərə təsirinin
proqnozlaşdırılmasına imkan vermirdi.
Bu gün pensiyaların artımı
mexanizmləri bazar iqtisadiyyatının tələblərinə
tam uyğunlaşdırılmışdır və bu da
mövcud maliyyə imkanlarının pensiyaçılar
arasında daha ədalətli bölgüsünə şərait
yaradır. Sığorta-pensiya sistemi əmək
pensiyalarının baza hissəsinin istehlak qiymətləri
indeksi nəzərə alınmaqla bütün
pensiyaçılar üzrə bərabər məbləğdə
artırılmasını, sığorta hissəsinin isə
indeksləşdirilməsini nəzərdə tutur ki, bu da
bazar iqtisadiyyatı mühitində vətəndaşların
pensiya təminatı hüququnun etibarlı müdafiəsini
ifadə edir. Ölkəmizdə yeni sığorta-pensiya
sisteminin fəaliyyət göstərdiyi 2006-cı ildən
hazıradək Azərbaycan Respublikası Prezidenti tərəfindən
yaşa görə əmək pensiyasının baza hissəsinin
artırılması ilə bağlı 7, sığorta hissəsinin
artırılması ilə bağlı 6 sərəncam
verilmiş, bununla yanaşı, əvvəlki sistemlə əhatə
olunmuş şəxslərin yeni şəraitə
inteqrasiyasının tamamlanması üçün
ardıcıl qərarlar qəbul edilmişdir. Nəticədə
yeni sistem fəaliyyətə başladığı dövrdən
hazıradək əmək pensiyalarının minimum məbləği
3,4 dəfə, orta aylıq məbləği isə 5,2 dəfə
artmışdır.
- Dövlət Sosial Müdafiə Fondu Beynəlxalq
Sosial Təminat Assosiasiyasının üzvüdür. Bu
baxımdan Azərbaycanın sığorta-pensiya sisteminin təkcə
ölkə daxilində deyil, beynəlxalq uğurlarına da
toxunmağınızı istərdik.
- Ölkəmiz 2004-cü ildə Beynəlxalq
Sosial Təminat Assosiasiyasının büro üzvü,
2007-ci ildə isə assosiasiyanın Avropa Şəbəkəsinin
Rəhbər Komitəsinin üzvü seçilib. Əlbəttə,
Azərbaycanın assosiasiyanın Avropa Şəbəkəsinin
Rəhbər Komitəsinə 2007-ci ildə seçilən
Almaniya, Fransa, İtaliya, Hollandiya və Polşa ilə bir
sırada olması çox qürurvericidir. Bu ölkələr
dünyada sığorta-pensiya sahəsində böyük təcrübəyə
malikdir. Komitənin ilk iclasının 2008-ci ilin 2 iyul tarixində
Bakı şəhərində keçirilməsi də Azərbaycanın
Avropaya inteqrasiyası istiqamətində gerçəkləşdirilən
mühüm tədbirlərdəndir.
Beynəlxalq Sosial Təminat
Assosiasiyasının təşkilatçılığı
ilə ölkəmizdə keçirilən ilk beynəlxalq tədbir
2005-ci ilin sentyabr ayında "Qloballaşma şəraitində
əmək miqrantlarının sosial müdafiəsi"
mövzusundakı konfransdır. Həmin beynəlxalq
konfransın yekunu kimi qəbul olunan "Bakı bəyannaməsi"
qloballaşmanın doğura biləcəyi neqativ meyillərin
yumşaldılması və tədricən aradan
qaldırılması istiqamətində çox mühüm
sənəd hesab olunur. Bunun davamı olaraq 2008-ci ilin
oktyabrında "Sosial sığorta sahəsində informasiya
və kommunikasiya texnologiyaları" mövzusunda, 2010-cu ilin
aprelində "Bədbəxt hadisələrdən
sığortalanma: inkişaf tarixi, islahatlar, mövcud problemlər"
mövzusunda, 2011-ci ilin iyununda "Əmək
miqrantlarının sosial müdafiəsi və
qloballaşma" mövzusunda beynəlxalq tədbirlər
keçirilmişdir.
2011-ci ilin iyun ayında isə Bakı
şəhərində Beynəlxalq Sosial Təminat
Assosiasiyasının Avrasiya regionu üzrə Əlaqələndirmə
Mərkəzi açılmışdır. Bu, Azərbaycanın
sığorta-pensiya sisteminin inkişafına verilən
çox böyük qiymətdir. Bundan bir il öncə,
2010-cu ilin martında Polşa Respublikasının Varşava
şəhərində keçirilən Avropa Sosial Təminat
Forumunda Azərbaycan Respublikasının Dövlət Sosial
Müdafiə Fondu "Avropanın uğurlu təcrübəsi"
müsabiqəsinin "İnformasiya-kommunikasiya
texnologiyalarının tətbiqi ilə effektiv idarəetmə"
nominasiyası üzrə Avropa qalibi elan edilmişdir.
2009-cu ildə Dünya Bankı
missiyasının rəsmi məlumatında Azərbaycanın
sığorta-pensiya sisteminin beynəlxalq model olaraq
çıxış etdiyi əks etdirilmişdir. 2010-cu ilin
dekabr ayında BMT İnkişaf Proqramının Avropa və
MDB üzrə Regional Bürosu Azərbaycan Respublikasında
sığorta-pensiya sisteminin islahatları üzrə layihənin,
həmin büronun xətti ilə gerçəkləşdirilən
layihələr arasında birinci yerə layiq
görüldüyünü açıqlamışdır.
2012-ci ilin yanvarında Dövlət Sosial Müdafiə Fondu
2011-ci ilin nəticələri üzrə BMT İnkişaf
Proqramının illik dərgisində "Yaxşı və
səmərəli idarəetmə" nominasiyasının
qalibi elan edilmişdir.
Bütün bunlar beynəlxalq sahədə
qazanılmış böyük uğurlardır. Bu
uğurları şərtləndirən başlıca amil isə
sığorta-pensiya islahatlarını ölkə Prezidenti cənab
İlham Əliyevin daim diqqət mərkəzində
saxlamasıdır.
- Perspektivdə sığorta-pensiya
sisteminin hansı inkişaf istiqamətləri təyin
olunmuşdur?
- Azərbaycan Respublikasında
sığorta-pensiya sisteminin inkişafı beynəlxalq
standartlar üzrə həyata keçirilən aktuar
hesablamalara əsaslanaraq aparılır. Bütün baş verən
dəyişikliklərin arxasında hesablamalar, proqnozlar durur.
Bu tədqiqatlar özündə 3 blok üzrə parametrlərin
qarşılıqlı təsirini birləşdirir: birinci
blok makroiqtisadi inkişaf göstəriciləridir ki, bura
ölkə iqtisadiyyatında məşğul olanların
sayı, orta aylıq əməkhaqqının məbləği
və onun artım sürəti, inflyasiyanın sürəti və
digər bu kimi göstəricilər daxildir. İkinci demoqrafik
göstəricilər blokudur və bura pensiya sisteminə daxil
olan və sistemdən xaric olanların sayının dəyişməsi,
pensiyada olmanın orta müddəti və s. aid edilir.
Üçüncü blok isə bilavasitə
sığorta-pensiya sistemində baş verən dəyişikliklər
üzrə, yəni pensiya yaşı, sosial sığorta dərəcələri,
güzəştlər və s. məsələlərə
aid göstəricilərdir. Sığorta-pensiya sistemində qəbul
olunan istənilən qərar bu 3 göstərici blokunun
qarşılıqlı təsiri nəticələrinə
görə təyin olunur.
Bu əsasda perspektiv dövrdə də
pensiyaların baza hissəsinin ölkə üzrə
yaşayış minimumu səviyyəsinə
uyğunlaşdırılması, orta aylıq pensiya məbləğinin
orta aylıq əməkhaqqına nisbətinin
artırılması istiqamətində tədbirlərin həyata
keçirilməsi, pensiya təminatına yönəldilən
vəsaitlərin ÜDM-ə nisbəti üzrə beynəlxalq
təcrübədə qəbul olunmuş normaların gözlənilməsi
əsas vəzifələrdəndir. Bunun üçün isə
sığorta-pensiya sisteminin maliyyə
dayanıqlığının təmin olunması əsas
şərtdir. Mən bir daha vurğulamağı zəruri
hesab edirəm ki, bazar iqtisadiyyatı şəraitində sosial
ödənişlərə yönəldilən vəsaitlər
öz mənbəyini real iqtisadiyyatdan, daha konkret desək, əməkhaqlarının
sosial sığortaya cəlb olunmasından götürməlidir.
Bu məqsədlə həm iqtisadiyyatdakı əməkhaqqı
məbləğlərinin tam uçota alınması, həm
də sosial sığortalanmadan yayınmanın aradan
qaldırılması vacib şərtdir. Məsələyə
makroiqtisadi səviyyədə yanaşdıqda, bu,
iqtisadiyyatdan sosial sığorta haqları şəklində
toplanan vəsaitlərin yenidən pensiya ödənişləri
kimi geri qaytarılması, yəni əlavə mənfi fiskal təsirlər
yaratmadan maliyyələşmələrin aparılması kimi
özünü göstərir. Fərdi pensiyaçı səviyyəsində
yanaşdıqda isə, bu, hər bir şəxsin pensiya şəklində
alacağı vəsaitlərin ödənilən sosial
sığorta haqları ilə əlaqələndirilməsidir
ki, həmin mexanizm sığortaolunanların fərdi
uçotu sisteminin təşkilində ifadə olunur. Ona
görə də əsas hədəf işləyənlərin
iş yerlərində rəsmiləşdirilməsinə və
əməkhaqqının tam leqallaşmasına nail olmaq, bu
yolla sosial sığorta haqları kimi ödənən və
fərdi hesablarda qeydə alınan pensiya kapitallarını
artırmaqdır.
Maliyyə dayanıqlığının
artırılmasına yönəldilmiş istiqamətlərdən
biri də sığorta-pensiya sistemində yığım
komponentinin tətbiqidir. Yəni müəyyən
stimullaşdırıcı vasitələr daxil edilməklə
yığım komponenti vasitəsilə məşğul əhalinin
sığorta-pensiya sistemində daha aktiv iştiraka cəlb
olunmasıdır. Hazırda yığım komponentinin tətbiqi
məqsədi ilə beynəlxalq təcrübənin öyrənilməsi
və müvafiq təhlillərin aparılması işi davam
etdirilir. Bu sahədə ABŞ TİA ilə birgə layihəmiz
artıq uğurla yekunlaşmışdır. Buna paralel olaraq
isə təkmil qanunvericiliyin hazırlanması məqsədi
ilə Avropa Tərəfdaşlıq və Əməkdaşlıq
Aləti çərçivəsində tvinninq layihəsi
üzrə tədbirlər həyata keçirilir. Qeyd edim ki,
yığım komponentinin tətbiqi daha mürəkkəb mərhələ
olmaqla, ölkədə investisiya mühitindən, maliyyə və
qiymətli kağızlar bazarının inkişafından və
sığorta-pensiya sistemindən kənar digər amillərdən
daha çox asılıdır.
Daha bir istiqamət qeyri-dövlət
pensiya fondlarının yaradılması ilə
bağlıdır. "2009-2015-ci illərdə Azərbaycan
Respublikasında sığorta-pensiya sisteminin inkişafına
dair Dövlət Proqramı" ilə müəyyən
olunmuş tədbirlər planına uyğun olaraq
qarşıdakı illər ərzində Azərbaycanda
qeyri-dövlət pensiya fondlarının yaradılması
üçün qanunvericilik bazasının
formalaşdırılması istiqamətində əsas
addımların atılacağı nəzərdə tutulur.
Azərbaycan.-2012.-
16 oktyabr.- S. 5.