Azərbaycan ədəbi
dilinin qorunmasında medianın üzərinə mühüm
vəzifələr düşür
Oktyabrın 15-də Azərbaycan
Mətbuat Şurasında (MŞ) bu qurumun Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) maliyyə yardımı ilə
reallaşdırdığı "Media və
ana dilindən istifadə xüsusiyyətləri"
layihəsi çərçivəsində "Media və Azərbaycan ədəbi dilinin qorunması" mövzusunda
"dəyirmi masa" keçirilmişdir.
Tədbirdə Mətbuat
Şurası idarə heyətinin üzvləri, ölkəmizdə
müntəzəm yayımlanan, ictimai fikrə
təsir göstərən KİV-lərin rəhbərləri,
dilçi alimlər və media
ekspertləri iştirak etmişlər.
Azərbaycan Mətbuat
Şurasının sədri Əflatun Amaşov
layihəni zəruriləşdirən məqamlardan söz açmışdır. Bildirmişdir ki, rəhbərlik
etdiyi qurum ötən
il də KİVDF-nin
maliyyə dəstəyi ilə mediada ana dilimizin normalarına əməl
edilməsi ilə bağlı layihə
reallaşdırmışdır. Həmin layihə
KİV-lərdə işıqlandırılmış, eyni zamanda, layihə
çərçivəsində keçirilən tədbirlərdə
müzakirə olunan nöqsanların aradan qaldırılması istiqamətində
ayrı-ayrı mətbu orqanlar tərəfindən
təşəbbüslər irəli sürülmüşdür.
Tədbirdə
diqqətə çatdırılmışdır ki, şuranın sonrakı monitorinqlərinin nəticələri
də mövcud sahədə bəzi
müsbət meyillərin yarandığını deməyə
əsas verir. Bununla
belə, mediamızın ana dilindən
istifadəsində meydana çıxan
problemlər hələ də aktuallığını
qorumaqdadır və Mətbuat Şurası bunu
nəzərə alaraq bu
il ötənilki prosesin
davamı olaraq layihəni
reallaşdırmaq qərarına gəlmişdir.
Vurğulanmışdır
ki, burada əsas xətt
ölkənin media orqanlarının Azərbaycan
ədəbi dilinin normalarının
qorunmasına nə dərəcədə riayət etdiklərini
müəyyənləşdirməkdən, konkret
meyilləri izləməkdən, qarşıya çıxan
problemləri qruplaşdırmaqdan, bu kimi məsələlər barədə ictimaiyyətin məlumatlandırılmasını
təmin etməkdən ibarətdir. Mövcud
istiqamətdəki başlıca fəaliyyət isə
aylıq monitorinqin keçirilməsi olmuşdur.
Bildirilmişdir ki, üç aylıq monitorinqin
nəticələrinə əsasən, 30 qəzetdə
ümumilikdə 2993 pozuntu faktı qeydə
alınmışdır. Bunların 437-si alınma sözlərin,
208-i terminlərin işlədilməsi ilə əlaqədardır.
Dialekt və şivə sözlərinin
işlədilməsinə dair 96, neologizmlərin
yaradılması və işlədilməsi ilə
bağlı 278 pozuntu halına yol verilmişdir. Üslubi pozuntuların ümumi
sayı isə 1323-dür.
Layihə üzrə
yaradılmış monitorinq qrupunun rəhbəri, "Xalq
qəzeti"nin şöbə müdiri İlham Abbasov monitorinq zamanı aşkarlanmış konkret meyillərdən
danışmışdır.
Ümumi nəzərə çarpan
cəhət kimi rəsmi qəzetlərdə
dil və üslub səhvlərinin
nisbətən azlığına diqqəti cəlb edən İ.Abbasov səbəb kimi
peşəkarlıq amilini deyil,
ümumən, qəzetçilik texnologiyasına
yanaşmanı göstərərək, aşkara
çıxarılmış nöqsanların bir çoxunun
həmin texnologiyanın işləməməsi ilə əlaqəli
olduğunu demişdir.
Monitorinq zamanı daha
çox qrammatik və
üslub pozuntularına yol
verildiyi
müəyyənləşdirilmişdir.
Milli Məclisin deputatı, Mətbuat Şurasının dil komissiyasının sədri Bəxtiyar
Sadıqov, MŞ idarə heyətinin üzvü,
"İki sahil"
qəzetinin baş redaktoru
Vüqar Rəhimzadə, İctimai
Televiziya və Radio Yayımları
Şirkəti Yayım Şurasının sədri, professor Cahangir Məmmədli,
"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu,
"Ədalət" qəzetinin baş redaktoru İradə Tuncay,
BDU-nun jurnalistika
fakültəsinin professoru Nəsir Əhmədli
və başqaları Azərbaycan ədəbi dilinin
qorunması məsələsinin daim
gündəmdə saxlanılmasının vacibliyini
vurğulamışlar.
Ədəbi dilimizin ayrı-ayrı
problemlərinə toxunulan çıxışlarda layihənin
cari ilin son üç ayını əhatə edəcək
ikinci mərhələsində "dəyirmi masa"da səslənən
fikirlərlə bağlı əməli işlərin
görülməsinin vacibliyi tövsiyə olunmuşdur.
AzərTAc
Azərbaycan.-2012.-
16 oktyabr.- S. 7.