İstanbulda
«Dövlətlərarası əməkdaşlığın
inkişafı prosesində gənc liderlərin rolu» mövzusunda Beynəlxalq
Forum keçirilir
Türkdilli
Ölkələrin Parlament Assambleyasının (TürkPA) Beynəlxalq
Katibliyi Türkiyə Böyük Millət Məclisi (TBMM),
Türk Əməkdaşlıq və Əlaqələndirmə
Agentliyi (TİKA), Azərbaycan Gənclər Fondu, Türk
Dünyası Bələdiyyələr Birliyi və Xəzər
Strateji İnstitutunun dəstəyi ilə İstanbuldakı
"Renaissanse Bosphorus" hotelində "Dövlətlərarası
əməkdaşlığın inkişafı prosesində gənc
liderlərin rolu" mövzusunda Beynəlxalq Forum
keçirir.
Tədbirdə Azərbaycan,
Qazaxıstan, Qırğızıstan, Türkiyə, Rusiya,
Moldova, Gürcüstan, Ukrayna, Serbiya, Monteneqro, Makedoniya,
Latviya, Litva, Xorvatiya, Macarıstan, Rumıniya, Bosniya və
Herseqovina, Misir, Pakistan, İraq və Mərakeş daxil olmaqla
25 ölkədən deputatlar, diplomatlar, Avropa Parlamentinin
üzvləri, beynəlxalq və qeyri-hökumət təşkilatların
təmsilçiləri iştirak edirlər.
Forumun keçirilməsində məqsəd
şəxsi münasibətlər və dialoqun
yaradılması məqsədi ilə müxtəlif ölkələrdən
gənc liderləri bir araya gətirmək, fərqli mədəniyyət,
dil və ənənələrə sahib olan region ölkələri
arasında əməkdaşlığı inkişaf etdirmək,
ortaq gələcəyi birlikdə qurmaq, tarixi, mədəni,
coğrafi dəyərləri həmrəylik içərisində
irəliyə aparmaq və bu işdə gənclərin rolunu
artırmaqdır.
Forumun açılışında
çıxış edən TürkPA-nın baş katibi
Ramil Həsənov bildirmişdir ki,
"Günümüzün regiondakı gənc liderləri
gələcəyin liderləridir" devizi ilə təşkil
olunan forum TürkPA-nın qardaş xalqlar arasında əlaqə
və əməkdaşlığı inkişaf etdirməsi
istiqamətində mühüm addımlarından biri
olacaqdır. Bu tədbirdə iştirak edən gənclərin
bir çoxu yaxın gələcəkdə dövlət idarəetmə
orqanlarında işləyəcəkdir ki, bu da onların həmkarları
ilə daha yaxından əməkdaşlıq etməsinə
şərait yaradacaqdır.
Açılış
mərasimində çıxış edən TBMM-in
birinci vitse-spikeri Mehmet Sağlam bildirmişdir ki,
Dağlıq Qarabağ problemi
və qardaş Azərbaycanın
torpaqlarının Ermənistan tərəfindən
işğalı Türkiyənin gündəmdə olan ən mühüm məsələlərindən
biridir. Ankara bu
münaqişənin Azərbaycanın torpaq
bütövlüyü çərçivəsində
həlli üçün səylərini davam etdirəcəkdir.
Azərbaycanın
gənclər və idman naziri
Azad Rəhimov
çıxışında ölkəmizdə gənclər
siyasəti, dövlətimizin gənclərə diqqət və
qayğısından ətraflı bəhs etmiş,
türk dünyası gənclərinin daha sıx əməkdaşlığının
zəruriliyini vurğulamışdır.
Prezident Administrasiyasının Siyasi təhlil və informasiya
təminatı şöbəsinin müdiri
Elnur Aslanov da çıxışında Azərbaycan-Ermənistan,
Dağlıq Qarabağ problemindən bəhs
etmişdir. Onun sözlərinə görə, Ermənistanın
işğalı davam etdirməsi, etnik təmizləmə siyasəti və ASALA kimi terror təşkilatının
fəaliyyətinin davam etməsi bu münaqişənin həllinə mane olmaqla yanaşı, regionda inkişaf prosesinə
də əngəl törədir. Prezident
Administrasiyası adından forumun işinə
uğurlar diləyən E.Aslanov
vurğulamışdır ki, müasir texnologiyalar
dövründə gənclər bu məsələlərdə
daha fəal olmalıdırlar.
Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsinin sədri Elşad İsgəndərov,
Qırğız Respublikası parlamentinin vitse-spikeri Torobay
Zulpukarov və digər rəsmilər də
çıxışlarında gənclərin fəaliyyətinin
gücləndirilməsi ilə bağlı məsələlərdən
bəhs etmiş, forumun işinə uğurlar diləmişlər.
Açılış mərasimindən
sonra forum iştirakçıları müzakirələri
"Perspektivlər və gənc liderlər", "Təcrübə
mübadiləsi və dialoqun inkişafında müasir
texnologiyaların rolu" bölmələrində davam
etdirmişlər. Müzakirələrdə Türkiyə və
Azərbaycan parlamentlərinin deputatları Məhmət
Tuş, Qənirə
Paşayeva, Ceyhun Osmanlı, Fuad Muradov çıxış
etmişlər. Litva, Serbiya, Bosniya-Herseqovina
parlamentlərinin deputatları da
müzakirələrə qatılmışlar.
Beynəlxalq
Forum davam edir. Tədbirin sonunda
gənc liderlər tərəfindən ənənəvi və
parlament diplomatiyasının ortaq fəaliyyəti ilə regionda
sülhün və sabitliyin
təmin edilməsi, münaqişələrin dinc
yolla həlli, regionun dostluq və qardaşlıq evi
olması ilə bağlı ortaq
müraciətin qəbul edilməsi nəzərdə tutulmuşdur.
Oqtay BAYRAMOV,
AzərTAc-ın xüsusi
müxbiri
İstanbul
Azərbaycan.-2012.-
16 oktyabr.- S. 8.